Məhkəmə qərarları › İş №1(003)-271/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-271/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-271/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi mək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 185-də qeydiyytada olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06.12.2020-ci il tarixdə gecə saat 23 radələrində, Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən evinin həyətindəki hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq emalatxanasının qıfılını sındıraraq açıb içəri oradan 1 kiloqramı 22 manat olmaqla ümumilikdə 800 manat dəyərində 36,36 kiloqram mis tərkibli naqillərdən hazırlanmş sarğılarını götürməklə gizli olaraq talayıb, zərərçəkimiş şəxsə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28.01.2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən mənzilinə pəncərəni sındararaq qanunsuz daxil olub, həmin mənzildə olan 1 ədədinin dəyəri 1000 manat, 1 ədədinin dəyəri 800 manat olan 2 ədəd “Samsung” markalı televizoru, 250 manata dəyərində 1 ədəd ət çəkən maşını, hər birinin dəyəri 50 manat olan 3 ədəd yataq dəstini, hər birinin dəyəri 450 manat olan 2 ədəd, hər birninin dəyəri 120 manat olan 2 ədəd ümumlikdə 4 ədəd xalçaları, hər birinin dəyəri 400 manat olan 4 ədəd qazan və qablar dəstini götürməklə gizli olaraq talayıb, zərərçəkmiş şəxsə cəmi 4940 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 31.01.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binə qəsəbəsi, Ə. İsazadə küçəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “Man” markalı yük avtomobilinin üzərindən hər biri 350 manat dəyərində olmaqla ümumilikdə 700 manat dəyərində 02 ədəd akkumulyatoru açıb götürərək gizli olaraq talayıb, zərərçəkmiş şəxsə cəmi 700 manat məqləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 fevral 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən təmir işləri başa çatdırılmamış yaşayış sahəsinə qapısı olmayan giriş hissəsindən qanunsuz daxil olaraq orada, divarların səthinə birləşdirilmiş 1 metrinin dəyəri 1,5 manat olmaqla ümumilkdə 450 manat dəyərində olan 300 metr naqilləri götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlaknı ələ keçirmək məqsədi ilə 04.02.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən təmiri başa çatdırılmamış yaşaşyış sahəsinə pəncərəni özü ilə gətirdiyi dəmir ling vasitəsi ilə sındırma yolu ilə qanunsuz daxil olaraq orada olan 1 metrinin qiyməti 1,5 manat olan 540 manat dəyərində 360 metr uzunluğunda naqil, 640 manat dəyərində komplekt halında 06 ədəd yeddi gözlü kollektor, 06 ədəd kollektor vintlərini və 70 metr uzunluğunda rezin borunu götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə cəmi 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 06.12.2020-ci il tarixdə axşam saatlarında yaşadığı, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsində yerləşən evinin yaxınlığında olan 32 nömrəli evin həyətindəki emalatxanadan mis tərkibli naqillərdən ibarət olan sarğıları ələ keçirmək məqsədi ilə həmin həyətin qapısını açaraq içəri daxil olmuş sonra həyətdəki emaltxananın qapısının asma qıfılını yerdən tapdığı dəmir parçası ilə sındıraraq içəri daxil olub orada topalanmış misi naqildən olan sarğıları torbaya yığaraq gəldiyi kimi də, həyətdən çıxıb getmişdir. Növbəti gün oğurladığı mis sarğıları Binə qəsəbəsində Zavod yolunda yerləşən metal qəbulu məntəqəsinə aparıb orada Tural adlı şəxsə sarğıları özünə məxsus olduğu kim təqdim edərək 48 manata satmışdır. Əldə etdiyi pulları özü xərcləmişdir. Bundan sonra 27.01.2021-ci il tarixdə axşam saatlarında Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu deyilən ərazidə piyada gəzərkən evlərdən birinin işığının yanmadığını görmüş və oradan oğurluq etmək qərarına gələrək 28.01.2021-ci il tarixdə saat 11 radələrində həmin evin yanına gəlmiş, bir daha evin işıqlarının yanmadığını görüb içəridə heç kimin olmamasından əmin oduqdan sonra daş hasardan aşaraq həyətə daxil olmuş, sonra evin plastik pəncərənin tor çərçivəsini sındırmış, dəmir parçası ilə pəncərəni açaraq evə daxil olmuş, içəridə olan 01 ədəd ət çəkən maşını, 02 ədəd televizoru, 04 ədəd xalça və 04 ədəd kardon bağlamada olan qabqacağı götürərək evin arxa tərəfindəki boş sahəyə yığmışdır. Hava qaralandan sonra isə həmin əşyaları evə aparmaq üçün yol kənarına çıxartmış və yoldan tanımadığı bir taksi çağıraraq süürücüyə onların özünə məxsus olduğunu və yaşadığı evə aparmaq istədiyini bildirərək həmin taksiyə yükləyib öz evinə gətirmişdir. Növbəti gün isə oğurladığı əşyaları başqa tanımadığı taksi ilə Sabunçu rayonu ərazisində yerləşən “rus bazarı” deyilən bazara aparıb müxtəlif şəxslərə özünə məxsus olduğu kimi təqdim edib satmışdır. Bundan başqa 31.01.2021-ci il tarixdə saat 13 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsi ilə piyada hərəkətdə olan zaman yol kənarında uzun qoşqulu “Man” markalı yük avtomobilinin dayandığını görüb bir qədər kənardan müşahidə edərək avtomobilə nəzarət edən olmadığını yoxlayaraq eyni zamanda özünü kənardan müşahidə edilmədiyini görüb özünü həmin avtomobilin sahibi kimi apararaq avtomobilə yaxınlaşmış, əli ilə akkumulyatorlar yerləşən qutunun qapağını açaraq və içində olan iki ədəd akkumulyatorların naqillərindən ayırıb qutudan çıxartmış və onları avtomobilin altına qoymuşdur. Daha sonra yoldan keçən tanımadığı “Opel” markalı taksi saxladaraq akkumlyatorları həmin maşina yükləyib hadisə yerindən aparan zaman “Hərbi şəhərcik” deyilən ərazidə köhnə əşyaları alan “VAZ 2102” markalı avtomobili görüb taksini orada saxlatdırmış, akkumulyatorları düşürüb taksini buraxmış, akkumulyatorları həmin metal və köhnə əşyalar yığan “VAZ 2102” markalı avtomobilin sürücüsünə cəmi 80 manata sataraq, ona da bildirmişdir ki, guya bu akkumulyatorlar özünə məxsusdur. Bundan başqa 03 fevral 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən təmir işləri başa çatdırılmamış yaşayış sahəsinə qapısı olmayan giriş hissəsindən qanunsuz daxil olaraq orada, divarların səthinə birləşdirilmiş 1 metrinin dəyəri 1,5 manat olmaqla ümumilikdə 450 manat dəyərində olan 300 metr naqilləri götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa 03.02.2021-ci il tarixdə saat 22 radələrində Binə qəsəbəsi, Xaqani küçəsi yaxınlığında yerləşən inşası başa çatdırılmayan ev görmüş, oradan tikinti materialı oğurlamaq qərarına gələrək qapısı olmayn giriş hissəsindən daxil olaraq pilləkənlərlə ikinci mərtəbəyə qalxmış, oradan da yerdə, döşəmədə topdan və pəraknədə halda, həmçinin divarın səthinə birləşdirilmiş vəziyyətdə olan elektrik naqillərini görmüş, divarda olan elektrik naqillərini sökərək, yerdə olanlarla birlikdə götürərək binadan çıxmış evinə gətirərək orada gizlətmişdir. Ertəsi gün yəni 04.02.2021-ci il tarixdə saat 23 radələrində yenə də oğurluq etmək üçün Binə qəsəbəsi, Bolluq yaşayış massivi ərazisinə gəlib ara küçələrlə gəzərkən orada həyətin girişinə darvaza əvəzinə taxta paçası qoyulmuş yarımtikilini görüb taxta parçasını aralayaraq həyətə keçib, üzərində olan kiçik ling vasitəsi ilə evin pəncərəsini açaraq oradan içəriyə daxil olmuş, orada olan təqribən 360 metr uzunluğunda naqilləri, 6 ədəd kollektoru, 6 ədəd kollektor vintlərini, təqribən 70 metr uzunluğunda rezin borunu götürərək həyətin çıxış qapısının yanına yığmış, daha sonra yola çıxıb sürücüsünü və dövlət qediyyat nişanını bilmədiyi taksi saxladaraq onları həmin taksiyə yükləyərək evinə gətirmiş, taksi sürücüsünə isə bu əşyların özünə məxsus olduğunu bildirmişdir. Ertəsi gün isə həmin əşyaları və bir gün əvvəl oğurladığı əşyalarla birlikdə tanımadığı digər taksiyə yükləyərək Sabunçu rayonu ərazisində olan “rus bazarı" deyilən bazara aparıb tanımadığı ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs3 ziyanı ödədiyini, Zərərçəkmiş şəxs3lə barışdığını, Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozunda yerləşən nörməsiz fərdi yaşayı evinə arada bir gedib baş çəkmək imkanı olur. 03.02.2021-ci il tarixdə 14:00 radələrində həmin evinə gedərkən pəncərənin açıq olduğunu görmüş, evə baxış keçirərkən əşyaların dağınıq olduğunu, mənzildən birinin dəyəri 1000 manat, digərinin dəyəri isə 800 manat olan 02 ədəd “Samsung” markalı televizorunun, iki ədəd böyük ölçüdə, iki ədədi nisbətən kiçik ölçüdə olan, böyüklərin hər birinin qiyməti 450 manat, kiçiklərin hər birinin qiyməti 120 manat olan xalçalarının, hər birinin içərisində 400 manat dəyərində qazan və digər qablar dəsti olan 4 ədəd bağlamaların, dəyəri 250 manat olan 1 ədəd ət çəkən maşının, hər birinin dəyəri 50 manat olan 03 ədəd yataq dəstinin oğurlandığını görmüşdür. Sonuncu dəfə o, həmin evdə 27.01.2021-ci il tarixdə olarkən bütün əşyaları yerində olmuş, oğurluq hadisəsi həmin tarixdən 04.02.2021-ci il tarixədək olan müddət ərzində baş vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, 2002-ci ilin noyabr ayında Bakı şəhəri Binə qəsəbəsində yeni yaşayış sahəsində torpaq sahəsi almış, bir müddət bundan əvvəl orada fərdi yaşayış evi inşa etdirmiş, hazırda inşaat işləri davam etdirilir. Belə ki, iki mərtəbəli binanın elektkrik xəttinin naqilləri divar səthinə bərkidilmişdir. Demək olar hər gün və ya günaşırı həmin evə gəlib inşaat işlərinin vəziyyətinə nəzarət etmişdir. 04 fevral 2021-ci il tarixdə saat 09 radələrində növbəti dəfə həmin evə gələrkən görmüşdür ki, elektrik naqillərin hamısı çıxarılıb aparılmış yəni oğurlanmışdır. O, evdə işləyən ustaların bir neçə alətlərinin də yerində olmadığını görüb onların da oğurlandığını güman etmiş və DİN-nin 102 xidmətinə zəng edərək evindən elektrik naqillərinin və ustaların alətlərinin oğurlandığı barədə məlumat vermişdir. Sonra ustalar gəlmiş və ona oğurlanmasını güman etdiyi alətlərini onlar özləri götürdüklərini bildirmişlər. Evindən 300 metr mis metal tərkibli kabel oğurlanmış və həmin kabeli özü 1 metrini 1,5 manatdan olmaqla cəmi 450 manata almışdır. Onların oğurlanması nəticəsində ona 450 manat dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ondan şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 bildirdi ki, Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə texniki işçi işləməklə yanaşı yaşadığı Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 32 ünvanda yerləşən evin həyətindəki emalatxanada mis tərkibli kiçk və iri ölçülü sarğılar tədarük və təmir edir. Adətən kiçik ölçülü sarğıları sayla deyil çəki ilə alıb-satır. 07.12.2021-ci il tarixdə səhər saatlarında emalatxanasına gələrkən içəri daxil olduqda əvvəlcədən oraya yığdığı sarğıların yerində olmadığını görüb onların oğurlandığını başa düşmüşdür. Sonra həyətinin və evinin müşahidə kamerasına baxdıqda qonşusu Təqsirləndirilən şəxs hasardan keçmə yolu ilə həyətə daxil olaraq mis sarğıları oğurladığını görmüşdür. Sonra emalatxanadan oğurlanmış sarğıların çəkisini müəyyən edərək onların təxminən 36,36 kiloqram olduğunu müəyyən etmiş, həmin sarğıların bir kiloqramı 22 manatdan olduğu halda bu oğurluq nəticəsində ona 800 manat maddi ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 bildirdi ki, o, Binə qəsəbəsi, Bolluq YYS-də özünə ev inşa etdirir. 03.02.2021-ci il tarixdən 05.02.2021-ci il tarixədək Bakı şəhərində olduğuna görə həmin evinə nəzarət edə bilməmiş və 05.02.2021ci il tarixdə saat 12:00 radələrində evinə gələrkən görmüşdür ki, evin pəncərəsi açılmış oradan 360 metr uzunluğunda naqil, 6 ədəd 7 gözlü kombi kollektoru, 6 ədəd kombi kollektor vinti və 70 metr uzunluqda kombi şlanqı oğurlanmışdır. Oğurlanmış 360 metr uzunluqda kabeli bir metrini 1,5 manatdan olmaqla 540 manata, hər birininn dəyəri, 75 manat olan ümumi dəyəri 450 manat olan 6 ədəd 7 gözlü kombi kollektorunu, hər birinin dəyəri 20 manat olan ümumilikdə, 120 manat olan 6 ədəd kombi kollektor vintini və dəyəri, 90 manat olan 70 metr uzunluqda rezin borusunu ümumilikdə 660 manata almış və onların oğurlanması nəticəsində ona cəmi 1200 manat dəyərində maddi ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 bildirdi ki, o, özünə məxsus “Man” markalı **-JC- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımaqla məşğul olur. 31.01.2021-ci il tarixdə axşam saatlarında həmin avtomaşını Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yol kənarında saxlayıb evinə getmiş, ertəsi gün yəni 01.02.2021-ci il tarixdə 12:00 radələrində avtomobilinin yanına gəlmiş, mühərriki işə salmaq istəyərkən işə düşmədiyini görmüşdür. Avtomaşından düşüb akkumulyator olan yerə baxdıqda hər iki akkumulyatorun oğurlandığını görmüşdür. O, avtomobili təxminən bir ay əvvəl almış, aldığı zaman üzərinə yeni akkumulyatorlar qoyulmuş, həmin akkumulyatorların hər birinin qiyməti 350 manatdır. Odur ki, akkymulyatorların oğurlanması nəticəsində ona 700 manat dəyərinə maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, əvvəldən tanıdığı, tez-tez onun işlədiyi Binə qəsəbəsində Zavod yolu deyilən ərazidə yerləşən metal qəbulu məntəqəsinə tullantı metallar gətirib satan Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində növbəti dəfə həmin məntəqəyə mis məftillər gətirmişdir. O, Talehdən təklif etdiyi misləri haradan əldə etdiyini soruşduqda sonuncu, onları da həmişəki kimi küçələrdən yığıb topladığını bildirmişdir. Odur ki, bu dəfə də, Talehin sözlərinə inanaraq təklif etdiyi misləri Talehdən almışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 22.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.02.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 29,120.2.11, 234.1, 234.2, 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qərarı ilə AR CM-nin 181.3.2 maddəsi AR CM-nin 181.2.2, 181.2.4 və 181.2.5 maddəsinə tövsif edilmiş, cəzası 12 il 11 aya endirilmişdir. 04.06.2019-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qərarı ilə AR CMnin 237.1-ci maddəsi hökmdən xaric edilmiş, cəzası 12 il 10 aya endirilmişdir. 04.06.2019-cu il tarixdə cəza müddəti başa çatdığından azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməsini, Zərərçəkmiş şəxs3 ilə barışmasını, Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 09.02.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar