Məhkəmə qərarları › İş №1(003)-272/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-272/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-272/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 (Xəzər RPİ) ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsi fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-116/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-173/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən yandıraraq məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Feyzulla Qasımzadə küçəsində yerləşən X2 məxsus, lakin Zərərçəkmiş şəxs1 Allah şükür oğlunun icarə müqaviləsi əsasında işlətdiyi sahəsi 16 m2 olan “Məhəbbət” adlı mağazanı sonuncu ilə hadisədən bir qədər öncə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 ona xəsarət yetirməsi səbəbindən qisas almaq məqsədi ilə mağazanın pəncərəsinin şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb həmin yerdən əvvəlcədən düzəltdiyi yandırıcı maddə benzin ilə dolu olan 2 litrlik plasmas butulkanı qəsdən əmlakı məhv etmək məqsədilə yanar vəziyyətdə marketin içərisinə atıb mağazanın içərisindəki əmlakı yandırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 7500 manat məbləğində, mağazanın 3665 manat məbləğində yanar konstruksiyalarını və həmin mağazaya birləşik ət mağazasına quraşdırılmış dəyəri 600 manat olan “LG” markalı kondisioneri yandırmaqla zərərçəkmiş X2 4265 manat məbləğində, mağazaya quraşdırılmış dəyəri 2847 manat olan 14073 saylı ödəmə aparatını yandırmaqla zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxx” MMC-yə 2847 manat, yəni ümumilikdə xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şahid3 onunla bir məhəllədə yaşayır, onunla dost münasibətindədir. xx xxxxx 2020-ci il tarixdə, saat 23 radələrində onun yaşadığı evdə Rza ilə birlikdə bir şüşə “Xırdalan pivəsi” içmişlər. Bundan sonra birlikdə onun yaşadığı evdən çıxıb “Go” içkisi almaq məqsədi ilə yaşadığı Mərdəkan qəsəbəsində yerləşən “Məhəbbət” marketə getmişlər. Həmin zaman artıq saat 23:30 radələri olarmış. Rza mağazanın qarşısında gözləmiş, o isə mağazaya daxil olmuşdur. Pulu evdə qaldığı üçün yenidən evə qaytmamaq məqsədi ilə mağazada olan satıcıdan, yəni Zərərçəkmiş şəxs1 oğlundan nisyə 2 ədəd “Go” içkisi almaq istəmişdir. Lakin satıcı həmin içkiləri nisyə verə bilməyəcəyini demişdir. Bir qədər keçmiş Rza da mağazaya daxil olmuşdur. Hətta satıcıya bildirmişdir ki, həmişə gəlib dükandan nisyə mal almış, pulunu da vaxtında vermişdir, indi isə pulu evdə qalmışdır. Satıcı atasının dükanda olmadığını və bir daha nisyə mal verə bilməyəcəyini bildirmişdir. O, satıcıdan atasına zəng vurmasını xahiş etmişdir. Satıcı atasına zəng etdiyni, lakin atasının zəngi açmadığını bildirmişdir. Bundan sonra orada meyvə hissəsində satıcı işləyən satıcı gəlib Rzanı çölə çıxartmış, o da Rzanın arxasınca çölə çıxırmış ki, elə bu an Seyfəddin ora yaxınlaşmışdır. Seyfəddindən nə üçün nisyə “Go” içkisi istədiyi halda vermədiyini soruşduqda Seyfəddin ona qarşı söyüş söyməyə başlamış və o da Seyfədinin söyüş söydüyündən, aralarında mübahisə yaranmışdır. Seyfəddinin onun üstünə gəldiyini gördükdə onu itələmişdir. Seyfəddin yumruqla onun sol gözündən bir zərbə vurmuşdur. Həmin vaxt orada tanımadığı başqa adamlar, eləcə də meyvə satan satıcı olmuşdur. Orada olan şəxslər, eləcə də Rza onu ayırmağa çalışmışlar və o, Rza ilə birlikdə oradan uzaqlaşmışdır. Seyfəddini vurmamış və Seyfəddinə heç bir xəsarət yetirməmişdir. O, həmin an artıq əsəbi vəziyyətdə olmuşdur. Rza ilə birlikdə onun yaşadığı evə getmişlər. Onun fikri Seyfəddindən hər hansı bir heyf çıxmaq olmuşdur. Qərara gəlmişdir ki, Seyfəddinin mağazasını yandırsın. Buna görə də Rzaya bu fikrini bildirmiş və onlar razılaşmışlar. Bu məqsədlə avtomaşının yük yerində olan 2 litrlik plasmas qabda olan benzin yanacağını özü ilə götürmüş və birlikdə “Məhəbbət” marketin yaxınlığına getmişlər. Yolda bir əski parçası tapmış, həmin əski parçasını kapron butulkanın ağzına salmış və qapağını yenidən bağlamışdır. Mağazanın yaxınlığına çatdıqda artıq xx xxxxx 2020-ci il tarixdə saat 00:30 radələri olmuşdur. Həmin zaman mağaza artıq bağlamış, yaxın ətrafda kimsə olmamışdır. O, yerdən daş parçası götürüb mağazanın plastik pəncərəsinə ataraq şüşəni sındırmışdır. Həmin vaxt Rza ilə əvvəlcədən planlaşdırdığı və rolları bölüşdürdüyü kimi, Rza plasmas butulkanın ağzında olan əskini yandırıb həmin şüşəni sındırdığı yerdən içəri atmaq istədikdə butulka içəri düşməmişdir. Onlara məlum olmuşdur ki, şüşənin bir qatı sınıb, məhz ona görə də butulka içəri düşməmişdir. O, təkrar olaraq yerdən götürdüyü daş parçası ilə yenidən mağazanın şüşəsinin həmin sınmış yerinə ataraq şüşənin növbəti qatını da sındırmış, təkrar olaraq yanar vəziyyətdə olan və mağazanın sınmamış şüşəsinə dəyərək mağazadan çölə düşmüş həmin plasmas butulkanı o, yana-yana götürüb mağazadan içəri tullamışdır. Dərhal oradan qaçaraq uzaqlaşmış, daha sonra nə baş verməsindən heç bir məlumatı olmamışdır. Onlar sağollaşmış və hər kəs öz evinə getmişdir. Təxminən gecə saat 04 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş və onun etdiyi əmələ görə Rza ilə birlikdə Xəzr RPİ-nin 1-ci Polis Şöbəsinə getmişlər. O, Polis Şöbəsində hər bir şeyi olduğu kimi danışmışdır. Ona məlum olmuşdur ki, mağazanın ərzaq məhsulları olan hissəsi onlar, yəni Rza ilə birlikdə plasmas butulkanı yandırıb atmaqları nəticəsində yanmış və yararsız hala düşmüşdür. İlk dəfə törətdiyi əməlindən səmimi peşman olaraq zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, yaşadığı qəsəbədə Feyzulla Qasımzadə küçəsində yerləşən “Məhəbbət” mağazasını onun sahibi Bahadur adlı şəxsdən icrəyə götürüb işlədir. Həmin mağaza ümumi binadan ibarət olub dörd hissədən ibarətdir. Həmin dörd hissənin bir hissəsində onun icarədə işlətdiyi ərzaq mağazası yerləşir. Ərzaq mağazanın ümumi sahəsi 60 kv.mdən ibarətdir. Təqsirləndirilən şəxs və Şahid3 qəsəbə sakini kimi tanımış və onlar mağazadan bir neçə dəfə alış-veriş ediblərmiş. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 23:30 radələrində o, şəxsi işi ilə bağlı bir neçə dəqiqəlik mağazadan çıxaraq yaxınlıqda kirayədə qaldığı evə getmiş, mağazada müvəqqəti olaraq oğlu Rəvan oturmuşdur. Bundan təqribən bir neçə dəqiqə sonra Rəvan onunla telefon əlaqəsi saxlayaraq adlarını sonradan bildiyi Samir və Rza adlı şəxslərin mağazaya gələrək orada səs-küy saldıqlarını bildirmişdir. Belə ki, Samir mağazaya daxil olaraq oğlundan nisyə 2 ədəd “Go” içkisi istəmiş lakin oğlu nisyə mal verilmədiyini Samir adlı şəxsə bildirmiş, Samir kobud formada ona zəng etməyini bildirsə də, oğlu ona zəng vurduqda o, mağazaya çatdığı üçün telefonu açmamışdır. Samir nisyə mal verməsini bir daha tələb etmişdir. Bundan sonra o, mağazaya tərəf gəlməyə başlamışdır. Bu zaman Samirlə həmin Rza adlı şəxslərin mağazada kobud səslə danışa-danışa söyüşlər söyərək çölə çıxdıqlarını görmüşdür. O, dərhal Samirə yaxınlaşmışdır ki, nə üçün söyüş söydüyünü soruşsun, lakin Samir ona məhəl qoymayaraq əməlinə davam etmişdir. Bu zaman Samirlə aralarında mübahisə baş vermişdir. Samir onun üstünə gələrək sol əlini onun çiyninə qoyub onu acılamış və təhqir etmişdir. O, Samirə uzağ durmağı və mübahisə yaratmamağı bildirmişdir. Mal ona məxsus olduğundan nisyə vermədyini demiş, lakin buna baxmayaraq, Samir üstünə gələrək sağ əli ilə üzünə sillə vurmaq istəyəndə o, özünü sillədən yan keçirdib sağ yumuruğu ilə Samirin sağ gözündən bir zərbə vurmuşdur. Həmin anda orada olan şəxslər və eləcə də Rza onları ayırmağa çalışmışlar. Bundan sonra onlar oradan uzaqlaşmışlar. O da mağazanı bağlayıb evə getmişdir. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 01:30 radələrində o, evdə olan zaman pəncərədən icarəyə işlətdiyi mağaza istiqamətindən alov qalxdığını görmüşdür. Mağaza istiqamətə getdikdə mağazanın yandığını görmüş, ora çatdıqda artıq mağazanın yanında Fövqəladə Hallar Nazirliyinin əmkdaşlarının və polis əmkdaşlarının olduqlarını görmüşdür. Bundan sonra mağazanın hansı səbəbdən, nə üçün yandığını öyrənməkdən ötrü video kameraya baxmış və ona məlum olmuşdur ki, yanğından bir neçə saat öncə onun ilə mübahisə edən şəxs Samir və onun yanında olan Rza adlı şəxs, ikisi birlikdə əvvəlcə mağazanın qapısının şüşəsini daşla sındırmış və daha sonra isə plasmas butulkanı yandıraraq mağazanın sındırılmış şüşəsindən içəri atmışlar. Həmin yanğın hadisəsi nəticəsində ona ümumilikdə 7500 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, hadisə zamanı malların siyahısı olan dəftər də yandığından, o, hansı malların hansı miqdarda yanmağı barədə hesablama aparıb heç bir söz deyə bilməmişdir. Onun icarəyə işlətdiyi mağazanın yan tərəfində tərəvəz mağazası işlədən Elxan, onun qardaşı Asiman və tanımadığı şəxslər olmuşdur. Mağazada olan malları şirkətlərdən alır, onların da pullarını qabaqcadan ödəyir, odur ki, mağazanın yanan hissəsində olan mallar ona məxsus olmuşdur, yanmayan malları hesabladıqda 7500 manat əskiyi gəldiyi üçün ona dəymiş maddi ziyanın məbləğini dəqiqləşdirmişdir. Bundan başqa, mağazada olan “Milliön” aparatı yanmışdır ki, o da şirkətə məxsus olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun Samirdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 göstərdi ki, xx xxxxxxx 2012-ci ildə Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşadığı evin yaxınlığında Xəzər rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 60 km2 ərazidə mağaza kimi istifadə etmək üçün iaşə obyekti tikdirmişdir. Həmin ərazidə obyekti işlətmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə çıxartdıraraq VÖEN açdırmışdır. Həmin obyekt 4 hissəyə ayrılmışdır. Bir hissəsini anbar kimi meyvə-tərəvəz işinə baxan Elxan adlı şəxsə iki ay olar ki, 100 manata icarəyə vermiş, bir hissəsində olan gözəllik solonunu adını bilmədiyi qadına 100 manata 6 aydır ki, icarəyə vermişdir. Təqribən 4 ay olar ki, ərzaq mağazasını da Seyfəddin adlı şəxsə ayı 500 manata icarəyə vermişdir. Bir hissəsini ət dükanı kimi özü işlədir. xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində o, mağazanın özü işlətdiyi hissəsini bağlayaraq evə getmişdir. xx xxxxx 2020-ci il tarixdə gecə saat 01:30 radələrində o, evdə olan zaman yanğın söndürən avtomaşınların siren səslərini eşitmiş, bayıra baxanda mağazanın istiqamətində yanğın olduğunu görmüşdür. O, yanğının olduğunu görüb mağaza istiqamətində getmiş, çatanda ona məxsus mağazanın ərzaq satılan hissəsində 16 m2 hissəsinin yandığının şahidi olmuşdur. Yanğın zaman sahibi olduğu “Məhəbbət” marketdə lambir örtüyünün yanması nəticəsində ona 200 manat, marketə bitişik olan ət mağazasında quraşdırılmış 3 il əvvəl 600 manata aldığı “LG” markalı kondisonerin yanaraq kül olması nəticəsində ziyan dəymişdir. Bundan başqa, ərzaq mağazasının yanmış hissəsində təmir-tikinti işlərində, yəni onun əmlakına 2000 manat maddi ziyan dəymişdir. Həmin yanğın nəticəsində əmlakına ümumilikdə təqribən 2800 manat maddi ziyan dəymişdir. Mağazanın içərisində olan mallarla əlaqədar isə maddi ziyan Seyfəddinə dəymişdir, həmin ziyanın məbləği barədə heç nə deyə bilməmişdir. Mağazanı yandıran şəxsləri isə kənd adamları kimi tanıyır. Mağazanın içərisində kameralar olmuş, həmin kameralardan çıxarılan görüntüləri də təqdim edmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmişdir, buna görə də onun Samirdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndəsi Şahid1 göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında Mərdəkan qəsəbəsində yerləşən “Məhəbbət” marketdə baş vermiş yanğın nəticəsində orada qurlaşdırılmış “xxxxxxxxxx” MMC-yə məxsus şəxsi əmlak olan 14073 saylı ödəmə aparatı qismən yanaraq zədələnmişdir. Həmin gün şirkətin əməkdaşları ödəmə aparatını inkasassiya edərək, aparatın daxilində pul kasetinin içərisində olan 1035 manat pul vəsaiti götürmüşlər. Alovun təsiri nəticəsində aparatın 1. 1 ədədi 130 manat olan cəmi 260 manat dəyərində 02 ədəd monitor, 2. 01 ədəd 130 manat dəyərində “Gen Touch” sensor, 3. 01 ədəd 80 manat dəyərində “NFC reader”, 4. 01 ədəd 600 manat dəyərində “Custom VP 80 İİ” printer, 5. 01 ədəd 816 manat dəyərində “MEİ SC Advance” əskinas qəbuledici, 6. 01 ədəd 40 manat dəyərində 24 volt qida bloku, 7. 01 ədəd 96 manat dəyərində “GPRS” modem MC52İT datacard, 8. 01 ədəd 598 manat dəyərində terminalın kompyuter keysi (ram, ana plata, prosessor, kuller, psi plata, HDD), 9. 01 ədəd 15 manat dəyərində rozetkalı uzadıcı, 10. 01 ədəd 102 manat dəyərində UPS və 11. 01 dəst 30 manat dəyərində kabellər (com to usb, qida kabelləri) yanmış, ərimiş, bərpası mümkün olmayan halda zədələnmişdir. Eyni zamanda ödəmə aparatının korpusunun boyanmasının 80 manat xərci olmuşdur. Bununla da yanğın nəticəsində “xxxxxxxxxx” MMC şirkətinə 2847 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs “xxxxxxxxxx” MMC şirkətinə dəymiş maddi ziyanı tamamilə ödəyərək şirkətlə barışıq əldə etmişdir, buna görə də şirkətin Samirdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onunla bir məhəllədə yaşayır, aralarında dost münasibəti vardır. xx xxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Samirin yaşadığı evdə onlar birlikdə bir şüşə “Xırdalan pivəsi” içmişlər. Bundan sonra birlikdə evdən çıxıb “Go” içkisi almaq məqsədi ilə Mərdəkan qəsəbəsində yerləşən “Məhəbbət” marketə getmişlər. Həmin zaman artıq saat 23:30 radələri olarmış. O, mağazanın qarşısında gözləmiş, Samir isə mağazaya daxil olmuşdur. Mağazanın qarşısında Samiri bir qədər gözləsə də, onun çölə çıxmadığını görüb mağazaya daxil olmuş, həmin vaxt Samir ilə satıcının danışığından ona məlum olmuşdur ki, Samirə satıcı nisyə olaraq “Go” içkisi vermir. Samir satıcıya bildirmişdir ki, həmişə gəlib dükandan nisyə mal alıb, pulunu da vaxtında verir, indi isə pulu evdə qalıb. Satıcı isə atasının dükanda olmadığını və bir daha nisyə mal verə bilməyəcəyini bildirmişdir. Samir satıcıdan atasına zəng vurmasını xahiş etmiş, satıcı da atasına zəng etdiyni, lakin atasının zəngi açmadığını bildirmişdir. Bundan sonra orada meyvə hissəsində işləyən satıcı gəlib onu çölə çıxartmış, Samir də onun arxasınca çölə çıxırmışdır. Bu zaman Seyfəddin ora yaxınlaşmış, Samir ondan nə üçün nisyə “Go” içkisi istədiyi halda vermədiyini soruşduqda Seyfəddin Samirə qarşı söyüş söyməyə başlamış və Samir də onu söydüyündən, aralarında mübahisə yaranmışdır. Həmin mübahisə marketin qarşısında olmuşdur. Samir Seyfəddinin üstünə gəldiyini gördükdə ondan aralı durması üçün onu itələmişdir. Bu zaman ani bir məqamda Seyfəddin Samirin sol gözündən yumruqla bir zərbə vurmuşdur. Həmin vaxt orada tanımadıqları başqa şəxslər, eləcə də meyvə satan satıcı olmuşdur. Orada olan şəxslər, eləcə də o, Samiri ayırmış və Samirlə birlikdə oradan uzaqlaşmışlar. Samir həmin an çox əsəbi vəziyyətdə olmuşdur. Onlar birlikdə Samirin yaşadığı evə getmişlər. Samirin fikri o olmuşdur ki, Seyfəddindən hər hansı bir hayıf çıxsın, mağazasını yandırsın. Samir ona bu fikrini bildirmiş və onlar razılaşmışlar. Bu məqsədlə Samirin avtomaşınının yük yerində olan 2 litrlik plasmas qabda olan benzin yanacağını özü ilə götürmüş və birlikdə “Məhəbbət” marketin yaxınlığına getmişlər. Samir yolda bir əski parçası tapmış, həmin əski parçasını içərisində benzin yanacağı olan kapron butulkanın ağzına salmış və qapağını yenidən bağlamışdır. Mağazanın yaxınlığına çatdıqda artıq xx xxxxx 2020-ci il tarixdə saat 00:30 radələri olmuşdur. Həmin zaman mağaza artıq bağlanıbmış və yaxın ətrafda kimsə olmamışdır. Samir yerdən daş parçası götürüb mağazanın plastik pəncərəsinə ataraq şüşəni sındırmışdır. Həmin vaxt Samir ilə əvvəlcədən planlaşdırdığı və rolları bölüşdürdükləri kimi, o, plasmas butulkanın ağzında olan əskini yandırıb şüşəni sındırdıqları yerdən içəri atmaq istədikdə butulka içəri düşməmişdir. Məlum olmuşdur ki, şüşənin bir qatı sınıb, məhz ona görə də butulka içəri düşməmişdir. Samir təkrar olaraq yerdən götürdüyü daş parçasını yenidən şüşənin sınmış yerinə ataraq onun növbəti qatını da qırmış, təkrar olaraq yanar vəziyyətdə olan və mağazanın sınmamış şüşəsinə dəyərək yerə düşmüş həmin plasmas butulkanı yana-yana götürüb mağazadan içəri tullamışdır. O, dərhal oradan qaçaraq uzaqlaşmış, sonra nə baş verməsindən heç bir məlumatı olmamışdır. Onlar sağollaşmışlar və hər kəs öz evinə getmişdir. Təxminən gecə saat 04 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər və onu Xəzər RPİ 1-ci Polis Şöbəsinə aparmışlar. Həmin zaman Samiri də polis əmkdaşları evdən götürmüşlər. O, PŞ-də hər bir şeyi olduğu kimi danışmışdır. Ona məlum olmuşdur ki, mağazanın ərzaq məhsulları olan hissəsi Samir ilə birlikdə plasmas butulkanı atmaqları nəticəsində yanaraq yararsız hala düşmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki,o, xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhərindən gəlib Mərdəkan qəsəbəsindəki evinə gələrkən yolda “Məhəbbət” marketin qarşısında və içərisində yanğın baş verdiyini görmüşdür. Dərhal baş vermiş hadisə barədə DİN 102 xidmətinə məlumat vermişdir. O, həmin yerə çatarkən marketin qarşısında bir nəfər şəxs görmüşdür, lakin aralarında olan məsafə uzaq, hava isə qaranlıq olduğundan, nə onun əlamətlərini, nə də əynində olan paltarlarını görməmişdir. İşmateriallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, istintaq orqanına verdiyi ifadəsini birdaha təsdiq edərək əl işarələri ilə göstərmişdir. Bu barədə protokol tərtib olunmuş, fotoşəkilllər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan məhkəmətikinti-texnikiekspertizasının xx xxx 2020-ci il tarixli 10/746 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Feyzulla Qasımzadə küçəsində yerləşən tikiliyə (“Məhəbbət” mağazası) yanğın hadisəsi nəticəsində dəymiş ziyanın dəyəri təqribən 3665,0 manat məbləğində müəyyən olunmuşdur.

1. Yararsız vəziyyətə düşmüş materialların sökülməsi - kv.m 54. 2 man. 108 man

2. Dam örtüyünün vurulması - kv.m 54. 5 man. 270 man Taxta - kub.m 0,3 84 man. 280 man Şifer - ədəd 40 9 man. 360 man Reyka - p/m 120 1 man. 120 man şüşəli pambıq - kv.m 54 1 man. 54 man

3. Tavana lambrin vurulması - kv.m 54 5 man. 270 man Reyka - p/m 120 1 man. 120 man Lambrin - kv.m 54 6 man. 324 man

4. Divarlardan köhnə boya qatının qaşınması - kv.m 60 2 man. 120 man

5. Divarlara şpaklovka çəkilməsi və rənglənməsi - kv.m 60 5 man. 300 man Şpaklyovka - kisə 5 6 man. 30 man Emulsiya - qutu 1 45 man. 45 man

6. Elektrik xəttinin çəkilməsi razılaşma qiyməti 300 man Spot - ədəd 30 5 man. 150 man

7. Plastikqapıvəpəncərəbloku kv.m 9 90 man. 810 man

8. Əlavəxərclər 200 man Cəmi 3665 man Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat təşkil edir. İş materiallarında olan kompleks məhkəmə-yanğın, texniki və fiziki-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/600 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, polietilen torbada qablaşdırılmış yanğından sonrakı qalıqların (kül-kömür qarışığı) üzərində neft məhsullarına məxsus izlər vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat təşkil edir. İş materiallarında olan kompleks məhkəmə-yanğın, texniki və fiziki-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 10/747 saylı rəyindən görünür ki, yanğının mənbəyi, mağaza binasının ikinci, yəni ərzaq satılan sahəsinin giriş hissəsində döşəmə səviyyəsində olmuşdur və yanğın mənbə zonasından digər sahələrə geniş yayılmamışdır. Yanğın neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirlmiş alışdırma mənbəyinin təsirindən baş vermişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102,00 (bir yüz iki) manat təşkil edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ramiz oğlunun himayəsində 2014-cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən yandıraraq məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurması cinayətini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokollar və fotocədvəllər, məhkəmə-yanğın texniki ekspertizasının və məhkəmə-tikinti texniki ekspertizasının rəyləri, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsnın ilk dəfə törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-116/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-173/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə, xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 282,00 (iki yüz səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 55 iş saatına görə (ibtidai istintaq zamanı 45 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 330,00 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə, xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri – 282,00 (iki yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 330,00 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar