Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-274/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Astara rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,məhkum olunmayan, ünvan 1 ünvanda yaşayır Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 04:00 radələrində ünvan 2 ünvanında yerləşən kirayə yaşadıqları fərdi evdə qeyri-rəsmi yaşadığı arvadı ilə qeyd edilən ünvanda yaranmış mübahisə zamanı qısqanclıq zəmnində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruq ilə qəsdən vuraraq xəsarət yetirmişdir. Nəticədə Zərərçəkmiş şəxs sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin, burunun, sağ çiyinin, hər iki bazunun, hər iki dirsəyin, sağ saidin, sol baldırın qançırları, sağ baldırın sıyrığı xəsarətlərini yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadədə bildirmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda yaşayır, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs onun arvadırdır. Onlar 2014-cü ildə ailə qurmuşlar və birgə nikahdan iki azyaşlı övladları vardır. xx.xx.2023-cü il tarixdə işdən evə gəlmiş və yorğun olduğuna görə yatağına uzanmış, arvadı Zərərçəkmiş şəxs məxsus olan mobil telefon onda olmuş və bir neçə dəqiqə onunla məşğul olmuşdur. Zərərçəkmiş şəxs israrla mobil telefonunun qaytarmasını tələb etmişdir. O, isə bir neçə dəqiqə sonra telefonu qaytaracağını bildirsə də, arvadı öz fikrinin üzərində qalmışdır. Bu zaman aralarında yaranan münaqişə zamanı o, uzanıqlı vəziyyətdə arvadına bir neçə dəfə təpik vurmuş, daha sonra arvadı Zərərçəkmiş şəxs onun üzərinə hücum çəkmişdir. O, yerində qalxaraq onu özündən uzaqlaşdırmaq üçün baş nahiyyəsindən tutararq aşağı əymiş və bir neçə dəfə sifət nahiyyəsindən sillə vurmuşdur. Daha sonra hər ikisi sakitləşmişlər. Aralarında baş verən münaqişə fasilələrlə bir neçə saat davam etmiş, hadisə baş verən zaman yanlarında heç kim olmamışdır. Etdiyi əmələ görə çox peşmandır və bir daha bu kimi hallara yol verməyəcəkdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, ailəlidir. Təqsirləndirilən şəxs ilə 2014-cü il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahdan 2 övladı var. Mütəmadi olaraq əri Təqsirləndirilən şəxs ailə daxili yersiz münaqişələr yaradır. Bir müddət öncə Təqsirləndirilən şəxs özünə mağazadan kreditə mobil telefon almış və əlaqə nömrəsi kimi onun mobil nömrəsini qeyd etdirmişdir. Hər ay kreditə götürdüyü mobil telefonun ödənişini vaxtında etmədiyi üçün mağazanın əməkdaşı ona zəng vuraraq ödəniş etməyini xahiş edir. Sonuncu dəfə mağazadan zəng edən əməkdaş oğlan olduğu üçün qısqanaraq münaqişə yaratmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 04:00 radələrində yaşadıqları ünvan 2 ünvanda olan zaman aralarında yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs onu qəsdən yumuruqla bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsarət yetirmişdir. Aralarında baş verən münaqişə fasilələrlə təxminən 3 saat davam etmiş, hadisə baş verən zaman yanlarında heç kim olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. Həmin halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2023-cü il tarixli, 68 saylı rəydə göstərilmişdir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin, burunun, sağ çiyinin, hər iki bazunun, hər iki dirsəyin, sağ saldın, sol baldırın qançırları, sağ baldırın sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. 2.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizələrdən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 06 (altı) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12,00 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 06 (altı) manat məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12,00 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-274/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-274/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver