Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-274/2024 27.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il saat 21:00 radələrində keçmiş arvadı X1 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış massivində yaşadığı evin həyətində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun üzərinə hücum çəkib sifət nahiyəsinə qəsdən iki dəfə yumruqla vurub yerə yıxmaqla sürüyərək ona alının, sağ və sol gözaltı nahiyənin, hər iki bazunun, sol dirsəyin, sağ əlin qançırları, sol göz almasının ağlı qişasının qansızması, bel nahiyəsinin, sağ dizin əzilmiş yaraları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki dirsək və sağ diz oynaqlarının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016cı il tarixdə Kəmalə Nəsirova ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən bir övladları vardır. Əvvəllər münbasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmiş və onlar boşanma həddinə çatmışlar. Təxminən 2 il bundan əvvəl Kəmalə ilə boşanmışdır. Boşanmış olsalar da uşağa görə onun Kəmalə ilə əlaqəsi olmuşdur. 2023-cü ilin fevral ayında qulağına belə bir söhbət çatmışdır ki, Kəmalə qohumlarına yalandan demişdir ki, guya hələ də onunla yaşayır. O, bu xəbəri eşidəndə çox əsəbləşmişdir. Belə ki, gələcəkdə başına pis bir iş gələcəyi təqdirdə qohumlarının ondan hesab soracağını düşünüb Kəmalə ilə bu məsələni görüşüb həll etmək qərarına gəlmişdir. 26 mart 2023- cü il tarixdə, saat 19 radələrində Zirə qəsəbəsində kafedə oturub bir qədər spirtli içki qəbul etdikdən sonra Kəmalənin hazırda yaşadığı Zirə qəsəbəsindəki evinə yollanmışdır. Ora gələndə saat 21 radələri olmuşdur. Qapını döyüb Kəmaləni bayıra çağırmışdır. Kəmalə bayıra çıxanda nə üçün qohumlarına yalan danışdığını soruşanda Kəmalə heçnə deməmişdir. Əvəzində ona nalayiq ifadələr işlədib onun oradan uzaqlaşmağını tələb etmişdir. Kəmalənin bu hərəkəti onu əsəbləşdirmiş və o, Kəmaləni dartıb bayıra çıxarmaq istəyəndə Kəmalə yerə yıxılmışdır. Kəmaləni yerdən qaldırmaq istəyəndə Kəmalə qalxmamış və o, məcbur Kəmaləni dartıb qaldıranda istər- istəməz Kəmalə yerdə bir qədər sürünmüşdür. Daha sonra o, Kəmaləni yerdən qaldırıb birinci dəfə sillə ilə Kəmalənin sifət nahiyəsindən, ikinci dəfə də sillə ilə başının arxa nahiyəsindən zərbə ilə vurmuşdur. Daha sonra səs küyə Kəmalə ilə bir yerdə yaşayan Soltan adlı şəxs gəlmiş və aralıda dayanıb polisə zəng etmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Nikahları olmamışdır, lakin Niyazidən bir oğlu dünyaya gəlmişdir. Niyazi ilə ailə qurandan sonra münasibətləri yaxşı olmuşdur, lakin sonralar Niyazi tez-tez evə sərxoş halda gəldiyinə görə aralarında səbəbsiz mütəmadi mübahisələr olmuşdur və Niyazi onu dəfələrlə döymüşdür. Buna baxmayaraq o, Niyazinin barəsində polisə məlumat verməmişdir ki, ailəsi dağılmasın. 2019-cu ilədək Niyazi ilə birlikdə yaşamışdır. Lakin 2019-cu ildə Niyazidən ayrılmışdır, hazırda Niyazi ilə yaşamır. O Niyazidən ayrılandan sonra bir müddət xəstə oğluyla bilikdə kirayədə yaşamışdır. Təxminən 7 aydır ki, Soltan adlı şəxslə ailə qurmuş, hazırda Soltanla birlikdə yaşayır. Niyazi ilə ayrıldıqdan sonra heç bir əlaqəsi və münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində həyat yoldaşı və oğluyla birlikdə evdə olduğu zaman həyətdən səs gəldiyini eşitmiş, bayıra çıxmış və görmüşdür ki, Niyazi sərxoş halda ora gəlmişdir. O, Niyazini həyətdən qovmaq istəmişdir, Lakin, Niyazi onun üstünə hücum etmiş və iki dəfə onun sifət nahiyyəsinə yumruqla vuraraq ona xəsarət yetirmiş və o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra yenə də onu qollarından tutub sıxaraq yerdə sürüyərək küçəyə çıxarmaq istəmişdir. Bu zaman o qollarından və sağ diz nahiyəsindən xəsarətlər almışdır. Sonradan həyat yoldaşı Soltan gəlmiş və onu Niyazinin əlindən güclə almış və Niyazi onun yoldaşını nalayiq ifadələrlə təhqir edikdən sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid İbrahim oğlu verdiyi ifadəsində göstərmişdir ki, Kəmalə Nəsirova onun həyat yoldaşıdır. Kəmalə 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin evlilikdən bir oğlu dünyaya gəlmişdir. 2019cu ilədək Kəmalə Niyazi ilə birlikdə yaşamışdır. Lakin, 2019-cu ildə Niyazidən ayrılmış və təxminən 7 aydır ki, onunla ailə qurmuşdur. Onunla evləndikdən sonra Kəmalənin Niyazi ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, Kəmalə və Kəmalənin oğluyla birlikdə evdə olduğu zaman həyətdən səs gəldiyini eşitmişdir. Kəmalə bayıra çıxmış və Niyazinin sərxoş halda gəldiyini görmüşdür. Kəmalə Niyazini həyətdən qovmaq istəyən zaman, Niyazi onun üstünə hücum etmiş və iki dəfə Kəmalənin sifət nahiyyəsinə yumruqla vuraraq Kəmaləyə xəsarət yetirmiş və zərbənin təsirindən Kəmalə yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Niyazi yenə də Kəmaləni qollarından tutub sıxaraq yerdə sürüyərək küçəyə çıxarmaq istəmişdir. Bu zaman o, yaşlı və xəstə olmağına baxmayaraq birtəhər müdaxilə edib Kəmaləni Niyazinin əlindən xilas etmişdir. Bundan sonra Niyazi onu da nalayiq ifadələrlə təhqir edikdən sonra çıxıb getmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 283 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- alının, sağ və sol gözaltı nahiyyənin, hər iki bazunun, sol dirsəyin, sağ əlin qançırları, sol göz almasının ağlı qişasının qansızması, bel nahiyəsinin, sağ dizin əzilmiş yaraları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki dirsək və sağ diz oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədinində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirl bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş ittiham elan etmək üçün şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutulduqda Xəzər RPİ-in X5 təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tutularaq Xəzər RPİ-in 1-ci PŞ-nə gətirilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 25 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin qətimkan tədbərlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərarddan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmış, həmçinin tutulduğu andan 48 saat saxlanılması üçün Xəzər RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tutularaq Xəzər RPİ-in MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin istintaqının təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirinin dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs RPİin MSY-dən azad olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirlərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar kimi müəyyən etmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir) və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 240 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-274/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-274/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver