Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-275/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİİ qrup əlil, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri, o cümlədən CM-nin 234.1 və 234.2-ci maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 11 (on bir) ay şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 massivi nömrəsiz fərdi tikilidə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-90/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsiyyəti istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq təmiz çəkisi 0,760 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində Xəzər RPİ NMB-nin və Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,760 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı əvvəlcə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 20 ildir narkotik vasitə heroin istifadə edir, narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. Adətən narkotik vasitə heroini şəxsi istifadəsi üçün “Sovetski” adlanan ərazidən əvvəllər tanımadığı şəxslərdən almışdır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında o, “Sovetski” adlanan ərazidə olarkən əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs ona yaxınlaşaraq bir ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin göstərib, həmin bükümü ona sata biləcəyini bildirmişdir. O da narkotik vasitə heroin istifadəçisi olduğundan həmin 01 ədəd sellofan bükümü “Əli” adlı şəxsdən 20 manata alıb əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ad, soyad və ata adını soruşmuşlar. O, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə dəvət edilmişdir. O, polis əməkdaşlarına heç bir etiraz etməyib onlarla birlikdə 1-ci Polis şöbəsinə getmişdir. Orada polis əməkdaşları hüquq və vəzifələrini izah etməklə dövlət hesabına vəkil dəvət edərək ona təqdim etmişlər. Bundan sonra oradakı xidməti otaqların birində polis əməkdaşları ona üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirəcəklərini bildirmişlər və o, buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qeyri-qanuni maddə, vasitə və ya əşya olub-olmaması soruşulmuş, o da polis əməkdaşlarına əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan bükümün olduğunu bildirib həmin bükümü təqdim etmişdir. Bundan sonra həmin büküm götürülmüş, zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına həmin bükümü xx xxxx 2020-ci il tarixdə səhər saatlarında “Sovetski” adlanan ərazidə olarkən əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümdən başqa yaşadığı evdə narkotik vasitə gizlətmiş, həmin narkotik vasitələri də öz istifadəsi üçün əldə edib evində gizlətmişdir. Polis şöbəsində polis əməkdaşları tərəfindən zor və ya təzyiqə məruz qalmamışdır. Hazırkı açıq məhkəmə iclasında isə ibtidai istintaq zamanı vermiş olduğu həmin ifadəsindən imtina edərək həqiqəti söyləmək qərarına gəlmişdir. Belə ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri, o cümlədən CM-nin 234.1 və 234.2-ci maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 11 (on bir) ay şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırda ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham tam əsassızdır və bu dəfə onu haqsız yerə tutmuşlar. Cünki, azadlığa çıxandan sonra heç bir cinayət törətməmiş, hər gün fərdi əməklə məşğul olaraq 30-40 manat qazanıb özünün və xəstə anasının dərmanlarını almışdır, o, tutulandan sonra isə anasının vəziyyəti ağırlaşmışdır. Etiraf edir ki, həbs edilməmişdən bir gün əvvəl şəxsi istehlak miqdarında narkotik vasitə istifadə etmişdir, çünki 2005-ci ildən Respublika Narkoloji Mərkəzində rəsmi qeydiyyatdadır və narkomaniya xəstəliyindən əziyyət çəkir. xx xxxx 2020-ci il tarixdə evindən çıxarılıb Xəzər RPİ 1-ci PŞ-nə gətirilərkən üzərində narkotik vasitə heroin olmamış, üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən baxışdan əvvəl narkotik vasitəni onun cibinə zahiri əlamətləri yadında qalmayan bir polis əməkdaşı qoymuşdur. İbtidai istintaq zamanı ona fiziki və psixoloji təzyiqlər edilərək narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. O, saxlandıqdan sonra evinin qarşısında dövlət qeydiyyat nişanı və markasını bilmədiyi nəqliyyat vasitəsində saxlanılmış, evinə polis əməkdaşları girib-çıxmış, evinə polis əməkdaşları tərəfindən kisə aparılmış, 1-ci PŞ-də olarkən ona hədə-qorxu gəlinmiş, qardaşı Ramili və onun övladlarını narkotiklə həbs edəcəkləri, anası Nisəxanımı və qardaşı arvadı Nuranəni isə polisə gətirəcəkləri ilə qorxudulmuşdur. Polisdə ona edilmiş təzyiqlər barəsində o, əvvəlcə heç kimə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə də heç nə bildirməmişdir, sonradan etdiyi şikayətlərin isə hələlik heç bir nəticəsi yoxdur. Özünü tamamilə günahsız hesab edir, bundan başqa, İİİ qrup əlil olmaqla ailəsinin yeganə qazanc gətirənidir, himayəsində 1945-ci il təvəllüdlü qoca və xəstə anası vardır. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmış, eyni zamanda həmin şəxsin Şüvəlan qəsəbəsində olduğu bildirilmişdir. O və Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradıldıqdan sonra daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə həmin gün saat 15 radələrində Şüvəlan qəsəbəsinə yollanmışlar. Orada əlamətləri Təqsirləndirilən şəxs oxşar şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsi xahiş edilmiş, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə tərəflərindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xəzər RPİ 1-ci PŞ-nə dəvət etmişlər və o, etiraz etməyib onlarla birlikdə PŞ-nə gəlmişdir. PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, onun hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət hesabın vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə səhər saatlarında “Sovetski” adlanan ərazidən əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən XəzərRPİNMB-nin əməliyyat müvəkkili Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 elan olunmuş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/270 nömrəli xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “İştirak etdi:1. (imza Təqsirləndirilən şəxs...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi 0, 760 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 0,760 qram; tədqiqata sərf edildi: 0,080 qram; qalıq: 0,680 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108,46 (bir yüz səkkiz, qırx altı) manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 1085 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,760 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,680 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və Xəzər RİH Başçısının Şüvəlan İƏD üzrə nümayəndəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan və Xəzər RİH Başçısının Şüvəlan İƏD üzrə nümayəndəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş ailə tərkibi haqqında Arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1945-ci il təvəllüdlü anası - X2 vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən xx xxxx 2020-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri, o cümlədən CM-nin 234.1 və 234.2ci maddələri ilə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 11 (on bir) ay şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki və psixoloji təsir göstərilməsi, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığı üçün ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Polis şöbəsinə gətirildikdən sonra ona fiziki və psixoloji təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, saxlandıqdan sonra evinin qarşısında dövlət qeydiyyat nişanı və markası istintaqa məlum olmayan nəqliyyat vasitəsində saxlanılması, evinə polis əməkdaşlarının girib-çıxması, evinə polis əməkdaşları tərəfindən kisə aparılması, 1-ci PŞdə olarkən ona hədə-qorxu gəlinməsi, qardaşının övladları ilə birlikdə narkotik vasitə ilə tutulacaqları, qoca və xəstə anasının və qardaşı arvadının polisə aparılacağı ilə qorxudulması barədə isə sonradan şikayətlər etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs İİİ qrup əlil olmaqla ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini və himayəsində 1945-ci il təvəllüdlü qoca və xəstə anasının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,680 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 108,46 (bir yüz səkkiz, qırx altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 40 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,680qram maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 108,46 (bir yüz səkkiz, qırx altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-275/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-275/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver