Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-277/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 nömrəli yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə, təxminən saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 saylı yataqxanada yerləşən arvadı Zərərçəkmiş şəxs yaşadığı evdə orta dərəcəli sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncunu bıçaqla qəsdən vuraraq sağ saidin, sağ əlin, sol bazunun kəsilmiş, sağ süd vəzisinin, sağ saidin, sol bazunun, sağ qalça nahiyəsinin səthi kəsilmiş yaraları, sağ bazunun, sol sarğı nahiyəsinin, sol dizin qançırları xəsarətləri yetirib Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, onunla 2015-ci ildə rəsmi nikah bağlamış və birgə nikahdan 6 yaşlı oğlan və 7 yaşlı qız övladları vardır. Birgə yaşadıqları müddət ərzində Təranə ilə aralarında mütəmadi olaraq münaqişələr baş vermişdir. Bunun səbəbi isə Təranənin getdiyi yerlər barədə ona məlumat verməməsi, ona dəfələrlə yalan danışması, mobil telefonunda başqa şəxslərin nömrələrinin olması olmuşdur. Təranə aralarında baş vermiş münaqişələr barədə bir neçə dəfə polisə şikayət etmiş və onlar münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Eyni yataqxanada yaşasalar da, Təranə uşaqlarla birlikdə 9 ay olar ki, ayrı otaqda yaşamış və onlar qeyri-rəsmi olaraq ayrılmışlar. Övladları onun yaşadığı otağa gəlib onunla görüşsələr də, onların qaldığı otağa getməmişdir. 17 dekabr 2022-ci il tarixdə yaşadıqları yataqxananın dəhlizində dayandığı zaman Zərərçəkmiş şəxs onu görüb nalayiq ifadələrlə söyərək təhqir etməyə başlamış və niyə dəhlizdə dayandığını soruşmuşdur. O da Təranəyə “dədənin koridorudur? Dayanmışam özüm bilərəm” demiş, bundan sonra Təranə onu davamlı olaraq söyüb heç bir səbəb olmadan onun barəsində polisə şikayət edəcəyini demiş və növbəti gün, yəni 18 dekabr 2022-ci il tarixdə onun barəsində şikayət etmişdir. O, bundan əsəbləşmiş və əsəblərini sakitləşdirmək üçün kafelərdən birində 2 bakal pivə içib yaşadığı yataqxanaya qayıtmışdır. 18 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində Təranənin yaşadığı otağa yaxınlaşıb otağın yanında olan dolabdan mətbəx bıçağını götürmüş və Təranənin yaşadığı otağa girmişdir. Həmin vaxt uşaqlar da evdə olmuş, onlar onun əlində bıçağı görüb otaqdan bayıra çıxmışlar. Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün, eyni zamanda həmin vaxt sərxoş olduğu üçün o, bıçaqla onu qorxutmaq istəmişdir. Təranə onu söyməyə davam etdiyi üçün onu qorxutmaq məqsədi ilə gətirdiyi bıçağı sağa-sola hərəkət etdirməyə başlamışdır. Bu zaman onun sağ əlinə, sinə və hər iki qol nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt Təranə qışqırıb kömək istəmiş və o gətirdiyi bıçağı sındırıb cibinə qoymuş, bundan sonra həmin sınmış vəziyyətdə olan bıçağı yataqxananın zibilxana qabına atmış və öz yaşadığı otağa getmişdir. Daha sonra polis əməkdaşları gəlib onu 3-cü Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə rəsmi nikah bağlamışlar və birgə nikahdan 6 yaşlı oğlan və 7 yaşlı qız övladları vardır. Son vaxtlar Təqsirləndirilən şəxsla münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Şirazi sərxoş vəziyyətdə evə gəlib heç bir səbəb olmadan onu və övladlarını döymüşdür. Buna görə də rəsmi olaraq boşanmaq üçün Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Artıq 7-8 aydır ki, o, yaşadığı yataqxanada övladları ilə birlikdə Şirazidən ayrı yaşayır. Buna baxmayaraq Şirazi gecələr onun yaşadığı evə gələrək onu narahat etdiyi üçün Şirazinin barəsində Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə şikayət etmişdir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 18 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində Şirazi yenidən sərxoş vəziyyətdə onun yaşadığı evə gəlib, barəsində şikayət etdiyini bəhanə edərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şirazi şalvarının bel hissəsindən bıçaq çıxararaq onun sağ əlinə, sinə və hər iki qol nahiyəsinə xəsarət yetirmişdir. Həmin vaxt o, qışqırıb kömək istəmişdir. Bundan sonra təcili yardım gəlmiş və ona evdə tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 29 dekabr 2022-ci il tarixli, 1699 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ saidin, sağ əlin, sol bazunun kəsilmiş; sağ süd vəzisinin, sağ saidin, sol bazunun, sağ qalça nahiyəsinin isə səthi kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)); sağ bazunun, sol sarğı nahiyəsinin, sol dizin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X6” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Füzuli şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində olan cinayət işinin icraatına AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin QEYD hissəsində göstərilmişdir ki, “Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər.” Göründüyü kimi Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində olan cinayət işinin icraatına AR CM-nin 73.2-ci maddəsinə əsasən (yəni zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən) xitam verilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmış olsa da, həmçinin zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmiş olsa da Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 nömrəli yataqxana ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-277/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-277/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver