Məhkəmə qərarları › İş №1(003)-277/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-277/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-277/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, döngə 1, ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, ********* saylı cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 yanvar 2025-ci il tarixdə, gecə saat 01:00-da Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən yaşayış sahəsi olan yeni tikili evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 20 manat təşkil edən 01 ədəd “Саndan” markalı plastik boru yapışdırıcı ütünü, dəyəri 15 manat təşkil edən 01 ədəd üzərində markalanma yazısı olmayan göy rəngli kiçik ölçülü laqondanı, dəyəri 60 manat təşkil edən 01 ədəd “1050 BT Phiolent” markalı göy rəngli orta ölçülü perefaratoru, dəyəri 15 manat təşkil edən 01 ədəd “550 K Zubr” markalı göy rəngli kiçik ölçülü dreli, hər bağlamasının dəyəri 50 manat təşkil edən 100 manat dəyərində 2 bağlama 2,5 mm-lik elektrik naqilini, hər qutusunun dəyəri 4 manat təşkil edən 20 manat dəyərində 5 qutu şurupu, dəyəri 20 manat təşkil edən şurup üçün tıxacları (propka) və dəyəri 200 manat təşkil edən müxtəlif ölçülü elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 13 yanvar 2025-ci il tarixdə saat 01 radələrində Binə qəsəbəsində gəzən zaman yaxınlıqda olan bir evin işıqlarının yanmadığını görüb evdə adam olmadığını bilmiş və ona görə də həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə evin hasarından həyətə düşüb, daha sonra evin yan tərəfində olan plastik pəncərəni əli ilə sıxaraq itələyib açmış və oradan evə daxil olmuşdur. Evdən apara biləcəyi alətlər və kabel olduğunu görmüşdür. Başqa heçnə olmadığından orada olan 1 ədəd boru yapışdırıcı ütünü, 1 ədəd laqondanı, 1 ədəd prefaratoru, 1 ədəd direli, müxtəlif ölçülü elektrik naqili və kabeli götürüb pəncərədən çıxaraq yaşadığı evə aparıb həyətdə gizlətmişdir. Səhəri gün saat oğurladığı kabelləri yandırmış, Binə qəsəbəsində 40 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Digər əşyaları isə polislər onu tutarkən həyətdən götürüb onlara təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə ona məxsus yeni tikili həyət evi var və hal hazırda orada təmir tikinti işləri gedir. Evin içərisində olan bəzi işləri özü görürmüş. Ona görə də özünə məxsus alətləri həmin ünvana aparmış, gündüzlər orada işləmiş, axşamlar isə yaşadığı evə getmişdir. Sonuncu dəfə 12 yanvar 2025-ci tarixdə axşam saat 19:00-da işini bitirib həmişəki kimi özünə məxsus iş alətlərini bir kənara qoyub, yaşadığı evə getmişdir. Səhəri gün yəni 13 yanvar 2025-ci il saat 11:00 radələrində işləmək üçün həmin ünvana gəlmişdir. Evə daxil olarkən evin yan tərəfində mətbəxə aid olan plastik pəncərənin açıq olduğunu görüb evdən oğurluq olduğunu bilmişdir. Evdən ona məxsus dəyəri 20 manat olan 01 ədəd plastik boru yapışdırıcı ütünün, dəyəri 15 manat olan 01 ədəd laqondanın, dəyəri 60 manat olan 01 ədəd prefaratorun, dəyəri 15 manat olan 01 ədəd direlin, hər topunun dəyəri 50 manat olan 100 manat dəyərində 2 top 2,5 mm-lik elektrik naqilinin, hər qutusunun dəyəri 4 manat olan 20 manat dəyərində 5 qutu şurupun, dəyəri 20 manat olan olan şurup üçün tıxacların (propka) və dəyəri 200 manat təşkil edən ölçülərini açıqlaya bilmədiyi elektrik naqillərinin oğurlandığını müəyyən etmişdir. Hadisə nəticəsində ümumilikdə ona 450 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə verən Şahid qeyd etmişdir ki, 2 ilə yaxın olar ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən metal qəbulu sexi işlədir. Təxminən yanvar ayının ortalarında adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq mis satdığını demişdir. O da, yanmış mis naqillərə baxıb, Xəlil ilə 40 manata razılaşaraq almışdır. Yanmış yararsız vəziyyətdə olduğundan Xəlildən heç bir sənəd götürməmişdir. Çünki Xəlil həmin misi müxtəlif yerlərdən yığdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edilməsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək əlavə edilmişdir; - Maddi sübutun götürülməsi barədə 22 yanvar 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Candan” markalı plastik boru yapışdıran ütü, 01 ədəd laqonda, 01 ədəd pereferator, 01 ədəd drel götürülmüşdür; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olduğuna görə tutulmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi N.Şirinov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.1, 234.1 maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixində cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 mart 2025-ci il tarixli, 9/888 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 1. 01 ədəd üzərində Made in Turkey 1500 VV yazılar olan, “Candan” markalı, plastik boru yapışdıran ütü - 20,00 manat, 2. 01 ədəd göy rəngli, kiçik ölçülü, üzərində markalanma yazıları olmayan (gövdəsinin orta hissəsi göy rəngli izolentlə sarınmış) laqonda - 15,00 manat, 3. 01 ədəd göy rəngli, orta ölçülü, üzərində “1050 BT Phiolent” yazılar olan perefarator - 60,00 manat, 4. 01 ədəd göy rəngli, kiçik ölçülü, üzərində “550 K Zubr” yazılar olan drel -15,00 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi təxminən 110,00 manat müəyyən olunur. - Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, 01 ədəd “Candan” markalı plastik boru yapışdıran ütü, 01 ədəd laqonda, 01 ədəd “1050 BT Phiolent” markalı prefarator və 01 ədəd “550 K Zubr” markalı drel maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai sitintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-nin 59.1.4), törətdiyi əməli etiraf etməsini, oğurladığı əşyaların bir qismini qaytarmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2024-cü il tarixində cəzadan azad edilib) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli (CPM-198), maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Maddi sübut olan 01 ədəd “Candan” markalı plastik boru yapışdıran ütü, 01 ədəd laqonda, 01 ədəd “1050 BT Phiolent” markalı prefarator və 01 ədəd “550 K Zubr” markalı drelin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar