Məhkəmə qərarları › İş №1(003)-280/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-280/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-280/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqala yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 00 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi nömrəsiz evdə qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı sillə və yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya sağ göz almasının ağlı qişasının qansızması, sağ göz orbitinin qançırı, sağ gözün iç bucağının sıyrığı ilə müşayət olunan qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadədə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 1 il müddətdir ki, qeyri rəsmi münasibətdə yaşayır. xx.xx.2023-cü il tarixə saat təxminən 00 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi nömrəsiz evdə Zərərçəkmiş şəxs nəyə görə ona məxsus olan mobil telefonu işdə qoyduğunu soruşmuş, bu vaxt sonuncu ona kobud cavab vermişdir. Həmin vaxt onlar arasında mübahisə düşmüş, o, yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, nömrəsiz evdə qısqanclıq zəminində Zərərçəkmiş şəxs sillə ilə sifət nahiyəsindən bir dəfə qəsdən vuraraq xəsarət yetirmişdir. Hadisə vaxtı yaşadıqları evdə ikisindən başqa heç kimin olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan polis şöbəsinə şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, təxminən 1 il müddət olar ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi münasibətdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 00 radələrində o, kirayədə yaşadığı Xəzər rayon, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi nömrəsiz evdə olan zaman Təqsirləndirilən şəxs ilə aralarında qısqanclıq zəminində mübahisə düşmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs yaşadıqları Xəzər rayon, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi nömrəsiz evdə qısqanclıq zəminində sillə, yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirmişdir. Sonra o, döyülərək xəsarət alması barədə polis şöbəsinə ərizə yazmışdır. Hadisə vaxtı yaşadıqları evdə ikisindən başqa heç kimin olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. Həmin halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2023-cü il tarixli, 90 saylı rəydə göstərilmişdir ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinir: 1.Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz almasının ağlı qişasının qansızması, sağ göz orbitinin qançırı, sağ gözün iç bucağının sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. 2.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.2.4, 66.5-ci maddəsi ilə təqsirli bilinmiş və 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 05 ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 04 il 09 aya endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 73-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizələrdən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 06 (altı) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18,00 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 06 (altı) manat məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18,00 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar