Məhkəmə qərarları › İş №1(003)-280/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-280/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-280/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixinə cəzasının 01 il 21 gün hissəsi çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Aida” parkın yaxınlığında yerləşən “Laçın Pub” kafesinin qarşısında olduğu vaxt orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan tanışı Zərərçəkmiş şəxs Hacı oğlunun həmin kafedən ünvansız söyüşlər işlətməklə kafenin qarşısına çıxdığını görüb onu intizama dəvət etdikdə qanunsuz hərəkətlərini davam etdirib sakitləşməyərək onu da söyüb təhqir edərək üzərinə hücum çəkdiyini görüb şəxsi münasibətlərinin pozulması zəminində Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən qisas alıb sakitləşdirmək məqsədilə əli ilə ani olaraq bir dəfə vuraraq ona sağ və sol gözaltı nahiyyənin qançırları, burunun sıyrığı ilə müşayət olunan istər birlikdə, istərsə də ayrı- ayrılıqda sağlamlığına zərərvurmaya aid olduqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri, sol qaşın, sol gözaltı nahiyyənin, üst dodağın selikli qişasının əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, istər birlikdə istərsə də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs Hacı oğluna həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan “Laçın Pub” kafesinə getmişdir. Gecə saat 03 radələrində evə getmək üçün həyətə çıxmışdır. Bir neçə dəqiqədən sonra əvvəllər tanıdığı İsmayıl və yanında olan 2 nəfər şəxs də kafedən həyətə çıxmışlar. Onlar kafedən çıxan zaman İsmayıl nalayiq söyüşlər işlətmişdir. İsmayılı sakitçiliyə dəvət edərək söyüş söyməməsini istəmişdir. Bu zaman İsmayıl onu da söyməyə başlamışdır. O, da İsmayılı sakitləşdirmək üçün əli ilə sifət nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Bu zaman İsmayıl yerə yıxılmış və onun burnundan qan gəlməyə başlamışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Hacı oğlu qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə qonşuları Qasım və Sübhanla yaşadığı evə yaxın olan “Qarabağ” kafesinə getmişlər. Orada çörək yeyib spirtli içki olan araq qəbul etdikdən sonra təxminən saat 01 radələrində kafedən çıxaraq yaxınlıqda yerləşən tanışı Xəyalın işlətdiyi “Laçın” kafesinə getmişlər. Həmin kafedə pivə içmişlər. Hesabı ödəyən zaman pulu olmadığından Xəyal ilə mübahisəsi yaranmışdır. Bu zaman Xəyal onları çölə çıxartmışdır. Həyətdə olan zaman tanışı Tural yaxınlaşaraq və nə baş verdiyini soruşmuşdur. Bu zaman o, içili olduğundan Turalı və Xəyalı söymüşdür. Bu zaman Tural onu əli ilə bir dəfə sifət nahiyyəsindən vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sarı oğlu qeyd etdi ki, . xx.xx.2024-cü il tarixdə qonşuları İsmayıl və Sübhanla birlikdə Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən “Qarabağ” kafesində yeyib-içmişlər. Sonra gecə saat 01 radələrində həmin kafedən çıxıb “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən “Laçın Pub” kafesinə getmişlər. Həmin kafedə də pivə içmişlər. Bir müddətdən sonra kafeni işlədən Xəyal adlı şəxs yaxınlaşaraq kafeni bağlamaq istədiyini və hesablarını ödəmələrini demişdir. Bu zaman İsmayıl pulu olmadığını, hesabı verməyəcəyini demişdir. Daha sonra İsmayıl heç bir səbəb olmadan söyüşlər söyməyə başlamışdır. O, Sübhan və Xəyal köməkləşib İsmayılı kafedən çölə çıxartmışlar. Həyətdə olan zaman Tural adlı şəxs yaxınlaşaraq İsmayılı sakitliyə dəvət etmişdir. Lakin İsmayıl onu da söydüyündən Tural əli ilə İsmayılın üzündən vurmuşdur. Bundan sonra İsmayılın burnundan qan açılmışdır. Sonra İsmayıl özü Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edrək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında digər Şahid3 Sarı oğlu verdiyi ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində Şahid1 göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən “Laçın Pub” kafesini icarə əsasında işlədir. xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində kafedə olan zaman 3 nəfər tanımadığı müştəri gələrək pivə sifariş verərək zalda sağ tərəfdə stolların birində əyləşmişlər. Onlar kafedə olan zaman Tural adlı müştəri də var idi. Həmin 3 nəfər şəxs bir qədər kafedə oturub verdikləri sifarişləri istifadə etdikdən sonra, onlardan biri əvvəllər tanıdığı İsmayıl əyləşdikləri masanın arxasında olan masada əyləşmiş qadın müştərinin yanına getmiş və orada masadan bir sıra sifarişlər vermişdir. Bir müddətdən sonra həmin müştəri qadın kafedən getmişdir. O, da kafeni bağlamaq vaxtı olduğundan İsmayıl və onunla gələn müştərilərə hesabı ödəyib getmələrini demişdir. Onların hesablarının 52 manat olduğunu demişdir. Bu zaman İsmayıl əlini 4 dəfə cibinə salaraq çıxardıb pullarının olmadığını demişdir. O, da, onların sərxoş olduqlarını görüb onlardan kafeni tərk etmələrini istəmişdir. Bu zaman İsmayıl onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamışdır. Onun çox sərxoş olduğunu, həddindən artıq spirtli içki içdiyini görüb qolundan tutub kafenin çölünə çıxartmışdır. Tural isə onlardan əvvəl çölə çıxmışdı. Onlar çölə çıxdıqdan sonra İsmayıl Turalı nalayiq küçə söyüşləri ilə söyməyə başladı. Tural onu sakitliyə dəvət etsədə də, İsmayıl etdiyi hərəkətlərini davam etdirirdi. O, kafeyə daxil olmuş və stolun üzərində olan bakalları yığan zaman həmin İsmayılın burnundan qan axa-axa kafeyə daxil olmuş və onu Turalın yumruqla vuraraq burnunu sındırdığını demişdir. O, İsmayılı kafedə su krantının qarşısına gətirərək orada əl-üzünü yumuş və kafedən çölə çıxardaraq kafeni bağlayıb evə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, maştağa yolunun kənarında yerləşən “Laçın Pub” adlı kafedir. Hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 06 dekabr 2024-cü il tarixli 1465 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs Hacı oğlunun bədən səthində aşkar olunan xəsarətlər- sol qaşın, sol gözaltı nahiyyənin, üst dodağın selikli qişasının əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyələrinin qançırları, burunun sıyrığı, burun tənəfiisünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişən sınığı küt əşya təsirtindən törənmişlər, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ və sol gözaltı nahiyyələrinin qançırları, burunun sıyrığı istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; sol qaşın, sol gözaltı nahiyyənin, üst dodağın selikli qişasının əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya; burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa az ağır zərərvurmaya aiddir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Hacı oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi evi və yerləri dəqiqliklə göstərmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzadan azad olunmuşdur. Bundan başqa onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə o, CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-21-1/2-22525/2025 nömrəli məktubundan məlum olur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixinə 01 il 02 ay 17 gün hissəsini çəkmiş, 01 il 03 ay 09 gün hissəsini çəkməmişdir. Həmin hökm üzrə o, xx.xx.2024-cü il tarixində qeydiyyata düşmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına görə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etsə də, o, daha əvvəl CM-nin 73-cü maddəsinə əsasən bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl onun cinayət törətməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyini cəzanın məqsədlərini təmin edə bilməməsi kimi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-767/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) günü hesabı ilə hesablanmaqla 06 (altı) ay 10 (on) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 77 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar