Məhkəmə qərarları › İş №1(003)-284/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-284/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-284/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonunun Ləj kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “İmam Həsən” məscidinin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında heç bir əsaslı səbəb olmadan yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib üzərində olan, silah qismində istifadə edilən və insanın sağlamlığına zərər yetirə bilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vurub sonuncuya qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz etməyən, 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Şahid2 onun sinif yoldaşıdır. O Muradı uşaqlıqdan tanıyır. 05 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Muradla birlikdə Binə qəsəbəsində yerləşən “Lux” kafesində oturub yeyib içmişlər. Xeyli miqdarda spirtli içki qəbul etdikləri üçün sərxoş vəziyyətdə olmuşlar. Kafedən çıxıb evə gedərkən saat 01 radələri olmuş və artıq ayın 6-na keçmişdir. “İmam Həsən” məscidinin yaxınlığında piyada hərəkət edərkən iki nəfər piyadanın gəldiyini görmüşlər. Onlardan biri böyük, biri isə azyaşlı olmuşdur. Böyük olan şəxs onlara tərəf baxa-baxa hərəkətini davam etdirmişdir. Bu vaxt dəqiq xatırlamır ya o, ya da Murad həmin şəxslərdən niyə onlara baxmasını soruşmuş, Həmin şəxs isə üstlərinə gələrək “mənim baxışım belədir” ifadəsini işlətmiş və onlarla kobud danışmağa başlamışdır. Daha sonra aralarında sözlü mübahisə yaranmışdır. Həmin şəxs əynindəki gödəkçəsini çıxarıb yanındakı azyaşlı uşağa verərək Muradı kənara söhbət etməyə çağırmışdır. Daha sonra o, Muradı kənara aparmaq istəyərkən fikrindən dönüb bir dəqiqə gözləməyini bildirmiş və geri qayıdıb gödəkcəsini götürmək isəyərkən onun gödəkcədən nəsə götürüb Muradı vurma istəməsini zənn edib dərhal əynindəki şalvarın arxa sağ cibindən bıçağı çıxarıb bıçaqla həmin şəxsin qarın nahiyəsindən bir ədəd bıçaq zərbəsi vurmuşdur. Bundan sonra oradan qaçmış, Murada da qaçmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt qeyd olunan şəxslərdən heç birinin əlində bıçaq görmədiyini, əsəbləşdiyi üçün bıçaqla vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadə də Təqsirləndirilən şəxs göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Muradla birlikdə Binə qəsəbəsində yerləşən “Lux” kafesində oturub yeyib içmişlər. Kafedən çıxıb evə gedərkən saat 01 radələri olmuş və artıq ayın 6-na keçmişdi. “İmam Həsən” məscidinin yaxınlığında piyada hərəkət edərkən iki nəfər şəxsin qarşıdan piyada gəldiyini görmüşlər. Onlardan biri böyük, biri isə azyaşlı olmuşdur. Böyük olan şəxs onlara tərəf baxa-baxa hərəkətini davam etdirmişdir. Həmin şəxsin bu cür baxmağı Muradda təəccüb yaratmış və Murad maraq üçün soruşmuşdur ki, nə üçün onlara elə baxır. Həmin şəxs isə əsəbi şəkildə üstlərinə gələrək “mənim baxışım belədir” ifadəsini işlətmiş və onlarla kobud danışmağa başlamışdır. Daha sonra aralarında sözlü mübahisə yaranmışdır. Həmin şəxs əynindəki gödəkçəsini çıxarıb yanındakı azyaşlı uşağa verərək Muradı kənara söhbət etməyə çağırmışdır. Həmin şəxs Muradı kənara aparmaq istəyərkən fikrindən dönüb bir dəqiqə gözləməyini bildirmiş və yanındakı azyaşlı uşağa yaxınlaşaraq verdiyi gödəkçəsinin cibindən bir ədəd bıçağı çıxarıb Muradın üzərinə gəlmək istəyərkən o bıçağı görüb duyuq düşmüş və dərhal əynindəki şalvarın arxa sağ cibindən bıçağı çıxarıb bıçaqla həmin şəxsin qarın nahiyəsindən bir ədəd bıçaq zərbəsi vurmuşdur. Bıçağı vurduqdan sonra o qaçmışdır və Murada da qaçmasını bildirmişdir. Bıçaqlanan həmin şəxs də onun arxasınca əlində bıçaqla qaçmağa başlamışdır. Lakin həmin şəxs ona çata bilməmişdir. Daha sonra həmin şəxs ona çata bilmədiyi üçün geri dönüb Muradın üzərinə gələrkən Murad da qorxub oradan qaçaraq uzaqlaşmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin vaxt qeyd olunan şəxslərdən heç birinin əlində bıçaq görmədiyini, əsəbləşdiyi üçün bıçaqla vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Binə qəsəbəsində Rəvan adlı şəxslə Binə qəsəbəsinin mərkəzində yerləşən BAĞ kafesində spirtli içki qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 01:10 radələrində Rəvan adlı dostunu öz evinə ötürmüşdür. Binə qəsəbəsində yerləşən “İmam Həsən” məscidinin yanında olan zaman iki nəfər cavan oğlan Məscidin yanında dayandıqlarını görmüş, onlar həmin şəxslərin yanından keçəndə həmin şəxslər onları öz yanına çağırmışlar. Onlar həmin şəxslərə yaxınlaşanda həmin şəxslərdən biri ona, “mənə niyə belə baxırsan” demiş və onunla mübahisə etmiş, həmin şəxsin yanında olan digər şəxs isə onun qarın nahiyəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. O onu bıçaqla vuran və onu yanında olan şəxsi əvəllər tanımamış, onlarla heç bir ədavəti olmamışdır. Həmin şəxs onu heç bir səbəb olmadan qəsdən bıçaqla vuraraq bədən xəsarəti yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx.xx.2023cü il tarixdə, günorta saatlarında söhbət etmək üçün Laçınla Binədə mərkəzdə görüşmüşlər. Oradan taksi ilə Binə sovxoza gedib Bağda restoranında çay içmək üçün əyləşmişlər. Daha sonra spirtli içki içmişlər. Daha sonra restorandan çıxıb “İmam Həsən” Məscidinin yaxınlığında yoldan keçən zaman orada dayanan 2 nəfər şəxsdən biri ilə Laçın arasında mübahisə yaranmışdır. Belə ki, həmin şəxslər onlara niyə elə baxdıqlarını demiş, bundan sonra onlar həmin şəxslərin yanına yaxınlaşanda mübahisə düşmüşdür. O isə onları ayırmağa və mübahisəni sakitləşdirməyə çalışmışdır. Laçın gödəkçəsini çıxarıb saxlamaq üçün ona verəndə həmin şəxslərdən biri, hansı ki Laçınla mübahisə etməyən digər şəxs Laçına heç bir səbəb olmadan bıçaqla vuraraq xəsarət yetirmiş və daha sonra qaçıb getmişdir. Laçın arxasınca qaçsa da tuta bilməmişdir. Daha sonra Laçınla ilk əvvəl sözlü mübahisə edən digəri də qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra isə o, Laçını Təcili yardım avtomobili ilə 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır. O Samidi uşaqlıqdan tanıyır. 05 oktyabr 2023cü il tarixdə saat 23 radələrində Samidlə birlikdə Binə qəsəbəsində yerləşən “Lux” kafesində oturub yeyib içmişlər. Kafedən çıxıb evə gedərkən saat 01 radələri olmuş və artıq ayın 6-na keçmişdir. “İmam Həsən” məscidinin yaxınlığında piyada hərəkət edərkən iki nəfər şəxsin qarşıdan piyada gəldiyini görmüşlər. Onlardan biri böyük biri isə azyaşlı olmuşdur. Böyük olan şəxs onlara tərəf baxa-baxa hərəkətini davam etdirmişdir. Həmin şəxsin bu cür baxmağı onda təəccüb yaratmış və maraq üçün soruşmuşdur ki, nə üçün onlara elə baxır. Həmin şəxs isə əsəbi şəkildə üstünə gələrək “mənim baxışım belədir” ifadəsini işlətmiş və onlarla kobud danışmağa başlamışdır. Daha sonra aralarında sözlü mübahisə yaranmışdır. Həmin şəxs əynindəki gödəkçəsini çıxarıb yanındakı azyaşlı uşağa verərək onu kənara söhbət etməyə çağırmışdır. Həmin şəxs onu kənara aparmaq istəyərkən fikrindən dönüb bir dəqiqə gözləməyini bildirmiş və gödəkcəsinə tərəf geri qayıdanda Samid dərhal üzərindəki bıçaqla həmin şəxsin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Bıçağı vurduqdan sonra Samid qaçmış və ona da qaçmağını bildirmişdir. O, həmin vaxt Samid vurduğu şəxsin əlində bıçaq görməmiş, Samirin isə həmin şəxsi hansı səbəbdən vurmasını bilmir. Ola bilər ki, Samid həmin şəxsin onu vurmaq üçün gödəkcəsindən bıçaq çıxardacağını zənn etdiyi üçün onu vurmuşdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-ci il tarixli, 1212 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya(alət(ola bilsin bıçaq)) təsirindən törənmiş törənmə müddəti onun “ X7” X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, LE.Nuralının bədənində aşkar olunmuş xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, xx.xx.2017-ci il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 07 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Orxan Hüseynzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis- kapitanı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər rayon məhkəməsinin 4 (003)-486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu andan, yəni 07 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2ci maddəsinə əsasən törətdiyi əməli etiraf edərək səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 07 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 78 manat, ümümilikdə 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar