Məhkəmə qərarları › İş №1(003)-285/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-285/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-285/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxslər X7 və X2 iştirakı ilə, X10 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X15 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şikayətini onunla əsaslandırmışdır ki, X7 və X8 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 117 saylı orta məktəbdə xadimə işləyirlər. Şikayətçi isə həmin məktəbdə 18 ildir ki, ibtidai sinif müəlliməsi işləyir. Digər bir işçi X11 da həmçinin xadimə işləyir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, 05.04.2022-ci il tarixdə saat 16:00 radələrində X9 məxsus içərisində 37 manat nəğd pul, şəxsiyyət vəsiqəsi və uşaqlarına məxsus şəxsiyyət vəsiqələri olan pul kisəsi əşyaları ilə birlikdə məktəbin xadimələr otağından naməlum şəraitdə oğurlanmış, daha sonra həmin pul kisəsi əşyaları ilə birlikdə məktəbin xadimələri tərəfindən tapılaraq, X9 geri qaytarılmış, ona heç bir maddi ziyan dəyməmişdir. A.Əliyeva qeyd edir ki, umumiyyətlə onlar həmin otağa su üçün girib çıxırlar. Həmin gün o, məktəbin xadimələr otağına getmiş, lakin həmin vaxt X11 özü orada olmuş və o, heç bir pul kisəsi görməmişdir. Şikayətçi olduğu şəxslər isə X7 və X5, bilə-bilə ona şər- böhtan ataraq, onun sinif otağına guya baxış keçirmişdirlər, baxış zamanı salafanın içərisində Süsən Həsənovaya məxsus pul kisəsini və əşyalarını gördükdə həmin əşyaları götürərək S.Həsənovaya vermişdirlər. Məktəbin kamera çəkilişi olsa da həmin kamera görüntüləri A.Əliyevaya sübut olaraq göstərilməmişdir, həmin əşyaların ona aid salafanın içərisindən götürüldüyü qeyd edilsə də bu barədə onun özünə heç bir şey deməmişdirlər. 05.04.2022-ci il tarixdə saat 18:00 radələrində A.Əliyeva şagirdlərini yola salıb sinif otağına qayıdanda qapıda X7 və X5 ilə rastlaşmış, onlar A.Əliyevadan bu hadisə ilə bağlı məlumatın olmasını soruşmuşdurlar. A.Əliyeva da bu barədə məlumatının olmadığını bildirmişdir. 06.04.2022-ci il tarixdə A.X1 ilə məktəbdə rastlaşan zaman Həsənova Süsən özünə məxsus olan pul qabını tapdığını demişdir. 07.04.2022-ci il tarixdə 117 saylı tam orta məktəbin direktoru A.Əliyevanı öz xidməti otağına dəvət edərək, X9 məxsus olan pul qabının onun çantasında aşkar olunması ilə bağlı suallar vemiş, o, isə cavabında X6 pul qabını tapdığını bildirmişdir. Həmin vaxt direktor X4 və X3 xidməti otağına çağırmış, pul qabını haradan tapdıqlarını onlardan soruşmuşdur. Onlar isə pul qabını A.Əliyevanın çantasından tapdıqlarını demişdirlər. A.Əliyeva onlara niyə məktəbin rəhbərliyinə həmin dəqiqə məlumat vermədikləri barədə sual vermişdir. Bu anda direktor ona rus dilində onun həmin şəxslərə təzyiq göstərdiyini bildirmişdir. A.Əliyeva niyə bu məsələnin 2 gün sonra araşdırıldığını soruşmuş, halbuki məktəbin kamera çəkilişi olduğunu qeyd etmişdir. Onlar bu barədə ona deyilməsinə direktor imkan vermədiyini bildirmişdirlər. A.Əliyeva qeyd edir ki, onun barəsində deyilənlər şər və böhtan xarakterlidir, o, heç kimin əşyasını oğurlamamışır,heç kimə maddi ziyan vurmamışdır. Göründüyü kimi alçaldıcı,təhqiredici böhtan xarakterli şərəf və ləyaqəti alçaldan ifadələr işlətməklə X7 və X5 A.Əliyevanı nəlayiq formada alçaltmaq və nüfuzdan salmaq niyyəti güdmüşlər. Onları bu işə yönəldən vardır. A.Əliyeva həmçinin qeyd edir ki, bu xəbər 17 saylı məktəbin müəllimləri-şagirdləri və texniki işçiləri arasında yayılmaqdadır. O, 18 ilin müəlliməsidir, şagirdlər və onların valideyinləri, iş kollektivi tərəfindən hörmətlə anılır və sevilir. Yuxarıda qeyd edilənlərə əsasən A.Əliyeva hesab edir ki, X7 və X5 onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymış və nəlayiq formada qəsdən A.Əliyevanın şərəf və ləyaqətini alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan dedikdə “yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma" başa düşülür. Göründüyü kimi X7 və X2 əməlində bu madənin cinayət tərkibi vardır. Qeyd edilənlərə əsasən X7 və X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyası həddində onlara cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X7 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ış materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlamaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər Lakin, CM-nin 147 və 148-cı maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri).Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) qeyd edilməlidir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd edilməlidir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası CPM-in qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, xüsusi ittihamçı şikayətində X7 və X2 onun şərəf və ləyaqətini alçaldan məlumatları yaymasını göstərərək, onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, şikayətində barələrində xüsusi ittiham qaydasında şikayət verilən hər bir şəxsin konkret olaraq nə vaxt, harada, konkret hansı hərəkətləri ilə onu şərəf və ləyaqətini alçaltmalarını ümumiyyətlə göstərməmiş, həmçinin şikayətdə şikayət verilən şəxslərin anket məlumatları natamam göstərilmişdir. Həmçinin xüsusi ittihamçı şərəf və ləyaqətini alçaldan məlumatların nədən ibarət olmasını konkret qeyd etməmiş, həmin məlumatların məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər tərəfindən yayılmasını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, işin Xəzər Rayon Məhkəməsinə aidiyyətini əsaslandırmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 və X2 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X15 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 43, 299, 300 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X15 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar