Məhkəmə qərarları › İş №1(003)-286/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-286/2022

04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-286/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1ddin qızının, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 iyun 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış olmayan yeni inşa edilmiş fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evdən 01 ədəd 800 manat dəyərində taxta kəsən mişarı, 01 ədəd 250 manat dəyərində kompressoru, 01 ədəd 150 manat dəyərində «Maketa» markalı laqondanı, 01 ədəd 150 manat dəyərində «Boch» markalı preparatoru, 01 ədəd 80 manat dəyərində direli, 10 ədəd 30 manat dəyərində sverlonu, 60 manat dəyərində elektrik naqillərini və 60 manat dəyərində montaj naqillərini gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1580 (min beş yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 iyul 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan yeni inşa edilmiş fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan 500 (beş yüz) manat dəyərində 1 kub taxtanı, 300 (üç yüz) manat dəyərində 60 metr uzunluğunda 4 mm diametrli elektrik naqilini, 100 (yüz) manat dəyərində 50 metr uzunluğunda 3 xətli elektrik naqilini, 100 (yüz) manat dəyərində 100 metr uzunluğundan 4 mm diametrli elektrik naqilini, 21 (iyirmi) manat dəyərində 3 kissə «Norm 400» markalı sementi gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1021 (min iyirmi bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 dekabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna yaşayış massivində yerləşən X1 məxsus evin qapısını açıb qanunsuz evə daxil olaraq sonuncuya məxsus qara rəngli əl çantasının içərisindən 500 manat pulu və sonuncuya məxsus gödəkçənin cibindən 60 manat pulu gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 560 (beş yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 yanvar 2022-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yeni tikilmiş yaşayış olmayan evin həyətinə qanunsuz daxil olaraq evin küçədən gələn elektrik naqilini özü ilə götürdüyü kəlbətinlə kəsərək pəncərədən evə daxil olaraq oradan ümumilikdə 01 ədəd 1200 manat dəyərində qaynaq aparatı, 01 ədəd 150 manat dəyərində mis samovarı, 01 ədəd 70 manat dəyərində Boch laqondanı, 01 ədəd 25 manat dəyərində direli və 400 manat dəyərində 200 metr uzunluğunda elektrik naqillərini gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1845 (min səkkiz yüz qırx beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şəfər bağları massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış olmayan yeni inşa edilmiş fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyətədə olan 200 manat dəyərində armaturları, evin birinci mərtəbəsindən 01 ədəd 50 manat dəyərində daş qalxızmaq üçün nəzərdə tutulmuş roliki, evin 2-ci mərtəbəsindən 01 ədəd 200 manat dəyərində latun materiallı samovarı və 250 manat dəyərində dəmir katinkaları gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 700 (yeddi yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 7 və 9 yaşlarında iki azyaşlı uşağı vardır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İttiham aktında qeyd edilən bütün cinayətləri özü tək törətmiş və oğurladıqları əşyaları satmış, bəzilərini isə metal qəbulu məntəqəsinə təhvil vermişdir. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1ddin qızı ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağlar massivində fərdi yaşayış evində yaşayır. Yaşadığı ev yeni inşa olunduğundan evin giriş darvazası yoxdur. 18 dekabr 2021-ci il tarixdə, səhər saat 06 radələrində yuxudan oyanandan sonra qara rəngli əl çantasına baxarkən orada olan 500 manat pulun və qonaq otağında olan qış gödəkçəsinin sağ yan cibindən 60 manat pulun yerində olmadığını aşkar etmişdir. O, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək evinə baxış keçirmişlər. Oğurluq nəticəsində ona 560 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 25 iyul 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağlar massivində yerləşən bağ evinə gələrkən oradan 500 manat dəyərində 1 kub taxta, 300 manat dəyərində 60 metr uzunluğunda 4 mm diametrli elektrik naqili, 100 manat dəyərində 50 metr uzunluğunda 3 xətli elektrik naqili, 100 manat dəyərində 100 metr uzunluğundan 4 mm diametrli elektrik naqili, 21 manat dəyərində 3 kissə «Norm 400» markalı sementin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1021 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 02 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayış massivində yerləşən fərdi yaşayış evinə baş çəkərkən hər şey qaydasında olmuşdur. 03 yanvar 2022ci il tarixdə, saat 10 radələrində evə gedərkən 1200 manat dəyərində 1 ədəd qaynaq aparatının, 150 manat dəyərində 01 ədəd samovarın, 70 manat dəyərində 01 ədəd «Bosch» markalı laqondanın, 25 manat dəyərində 01 ədəd direlin və 400 manat dəyərində 250 metr 4 mm diametrli elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 845 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 25 iyun 2021-ci il tarixdə təmir işləri başa çatmamış Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evinə gələrkən oradan 800 manat dəyərində 1 ədəd taxta kəsək mişar, 250 manat dəyərində 1 ədəd kompressor, 1 ədəd 150 manat dəyərində “Maketa” markalı laqonda, 1 ədəd 150 manat dəyərində “Bosch” markalı perferator, 1 ədəd 80 manat dəyərində drel, 10 ədəd 30 manat dəyərində sverlo, 60 manat dəyərində elektrik naqilləri və 60 manat dəyərində montaj naqillərinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1580 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi, ona layiqli cəza təyin edilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Hövsan qəsəbəsi ərazisində özünə məxsus «Zil» markalı yük maşını ilə mişar daşlarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə uşaqlıqdan bir məhəllədə böyümüşdür. Təxminən 3-4 ay əvvəl Sədaif özünə məxsus laqondanı və direli pula ehtiyacı olduğu üçün 100 manata satdığını bildirdiyi üçün ondan almışdır. Sonra özü pula ehtiyacı olduğu üçün aldığı 01 ədəd direli və laqondanı tanımadığı şəxsə satmışdır. Sədaif usta işlədiyi üçün əşyalar ona məxsus olduğunu fikirləşmiş, oğurluq olduğunu düşünməmişdir. Sədaif oğurluq etdiyinə görə tutulduqdan sonra ona satdığı 01 ədəd «Bosch» markalı laqonda və 01 ədəd direlin oğurluq olduğunu bilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Namiq adlı şəxsə məxsus metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə onun işlədiyi metal qəbulu məntəqəsinə 2 kq çəkidə yanmış mis gətirib 22 manata, 09 yanvar 2022-ci il tarixdə isə əzilmiş latun materialdan hazırlanmış 5 kq çəkidə samovar gətirib 30 manata satmışdır. Sədaif həmin metalları öz həyətindən gətirdiyini bildirdiyi üçün aldığı metalların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şəfər bağlar massivində 5 sot torpaq sahəsi alaraq orada iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Təmir işləri başa çatmadığından orada yaşayış olmamışdır. 08 yanvar 2022-ci il tarixdə evə gedərkən hər şey yerində olmuşdur. 09 yanvar 2022-ci il tarixdə evə gedərkən isə həyətdəki 200 manat dəyərində 200 metr uzunluğunda 14-lük armatur, birinci mərtəbədə olan 50 manat dəyərində 01 ədəd daş qaldırmaq üçün rolik, 2-ci mərtəbədən 200 manat dəyərində 01 ədəd latun samovar və 250 manat dəyərində dəmir katinkaların yerində olmadığını müəyyən etmişdir. Oğurluq nəticəsndə ona 700 manat dəyərində ziyan dəymişdir. 04 avqust 2022-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək Salyan rayonunda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini və ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmiş, ziyan ödənildiyi halda yüngül cəzanın təyin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 26 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 05 mart 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 05 mart 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1ddin qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1ddin qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, 300 (üç yüz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 05 mart 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 300 (üç yüz) məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar