Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-289/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, qanuni nümayəndə X1, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1982-ci il tarixdə Lerik rayonunun Tikəband kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Tikəband kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Lələtəpə massivində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 fevral 2022-ci il tarixli, 4(003)-71/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.2, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə güclü fiziki ağrılar və psixi iztirablar verib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə ona əzab və işgəncə vermiş, köməksiz vəziyyətindən istifadə edib sağlamlığına qəsdən az ağır zərər vurmuş, habelə aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə edərək mütəmadi olaraq döyüb müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə güclü fiziki ağrılar və psixi iztirablar verib, ona əzab və işgəncə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı əmisi qızı Zərərçəkmiş şəxs1 ayrı-ayrı vaxtlarda mütəmadi olaraq döyüb, sair zorakı hərəkətlərlə güclü fiziki ağrılar və psixi iztirablar verib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə ona əzab və işgəncə vermiş, o cümlədən 26 dekabr 2021-ci il tarixdə təxminən axşam saatlarında yaşadığı Binə qəsəbəsi Lələtəpə massivində yerləşən nömrəsiz evdə sərxoş vəziyyətdə yataq xəstəsi olmaqla köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ağır iztirab verməklə onu döyüb sağ bazunun qançırları ilə müşayiət olunan dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş, sonuncu dəfə 28 dekabr 2021-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı Binə qəsəbəsi Lələtəpə massivində yerləşən nömrəsiz evdə sərxoş vəziyyətdə yataq xəstəsi olmaqla köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ağır iztirab verməklə, üzərinə qaynar su töküb xüsusi amansızlıqla qəsdən sonuncuya sol bazunun, sol budun infeksiyalaşmış İİ-İİİ dərəcəli termiki yanıq yaraları (təxminən 9-10%) ilə müşayiət olunan, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa, o, 30 mart 2017-ci il təvəllüdlü, aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı övladı Zərərçəkmiş şəxs2 ayrı-ayrı vaxtlarda mütəmadi olaraq döyüb, eyni zamanda ona sair zorakı hərəkətlərlə güclü fiziki ağrılar və psixi iztirablar verib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, o cümlədən 2022-ci ilin fevral ayının əvvəllərində yaşadığı evdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub sifətin sağ və sol yarısında, döş qəfəsinin sol yarısının ön səthində döş giləsi nahiyəsində qançırlar ilə müşayiət olunan dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş, sonuncu dəfə 2022-ci ilin fevral ayının ortalarında yaşadığı evdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub sol bazunun yuxarı 1/3-nin ön səthində qançırlar ilə müşayiət olunan dərəcələri təyin olunmayan xəsarətlər yetirib mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə iki və ya daha çox şəxsə güclü fiziki ağrı və psixi iztirablarla işgəncə vermişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2002-ci ildə əmisi qızı Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi şəkildə ailə həyatı qurmuşdur. Evliliyinin ilk illərində Lerik rayonunun Tikəband kəndində yaşasalar da, təxminən 2003-2004-cü illərdə Bakı şəhəri Binə qəsəbəsinə köçüb birlikdə orada kirayə yaşamışlar. Birgə nikahdan Rəna, Ramal, Ramilə və Ruqayya adlı uşaqları doğulmuşdur. Təxminən 6-7 il olar ki, televiziyada veriliş aparan “Tolik” adı ilə tanınan məşhur şəxsə müraciət etmiş və Tolik Binə qəsəbəsində 2 sot torpaq içərisində tikilmiş 3 otaqlı ev alınmasına ona köməklik etmişdir. O, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evləndiyi gündən etibarən çobanlıq və fəhləlik etməklə ailəni maddi cəhətdən dolandırmağa çalışır. Xanımnaz sinir xəstəsi olduğu üçün təxminən 7 il olar ki, yeriməkdə çətinlik çəkir və yataq xəstəsidir. O spirtli içkilərin aludəçisi olduğundan, hərdən evdə dava-dalaş edir. Spirtli içkiləri hər gün içdiyinə görə Xanımnaz ona irad bildirdiyi üçün, həmçinin, sərxoş olanda özündən asılı olmayaraq çox əsəbi olduğu üçün evdə dalaşır. Dəfələrlə aralarında olan mübahisələr zamanı Xanımnazı döymüş, lakin hər dəfə spirtli içkinin təsiri getdikdən sonra polisə şikayət etməməsi barədə xahiş etmiş, Xanımnaz da sözündən çıxmayaraq polisə əvvəlki davaları zamanı şikayət etməmişdir. Həmçinin azyaşlı qızı Ruqayyə dəcəl olduğundan, onu əsəbiləşdirməsi səbəbindən hərdən onu döyür. Ruqayyəni əsasən sillə ilə vurmuşdur. Təxminən 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayının ortalarınadək olan müddət ərzində mütəmadi olaraq sərxoş olduğundan, Ruqayyəni sillələrlə vurmuşdur. Həmçinin, əsəbiləşəndə qolunu və unutduğu nahiyələrin çimdikləyirmiş. 28 dekabr 2021-ci il tarixdə həmişə olduğu kimi, evə sərxoş vəziyyətdə gəlmişdir. Unutduğu səbəbdən Xanımnaz ilə aralarında mübahisə yaranmışdır. Xanımnaz yataq xəstəsi olduğu üçün yerdə uzanmış vəziyyətdə imiş. Əvvəlcə sözlə mübahisə olsa da, sonra əsəbiləşərək sobanın üzərində olan qaynar qəfədanı əli ilə Xanımnaza tərəf itələmiş və üzərinə aşırmışdır. Qaynar su Xanımnazın üzərinə aşmışdır. Dərhal təcili yardım çağırmışlar. Lakin təcili yardıma yalandan bildirmişlər ki, guya təsadüfən qəfədan üzərinə aşmışdır. Xanımnaz yenə də ondan şikayət etməmiş, lakin çoxlu yanıq xəsarətləri almış və bir neçə gün xəstəxanada yatmışdır. Bundan bir neçə gün keçdikdən sonra içkili vəziyyətdə yenidən evdə dava salanda Xanımnaz DİN “102” xidmətinə zəng vuraraq qaynar suyu onun üzərinə atması barədə məlumat vermişdir. İlk dəfə törətdiyi bu əməllərdən peşman olmuşdur, zərərçəkmiş şəxslərdən bağışlanmasını xahiş edir. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2002-ci ildə əmisi oğlu Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi şəkildə ailə həyatı qurub evliliklərinin ilk illərində Lerik rayonunun Tikəband kəndində yaşasalar da, təxminən 2003-2004-cü illərdə Bakı şəhəri Binə qəsəbəsinə köçüb birlikdə orada kirayə yaşamışlar. Birgə nikahdan Rəna, Ramal, Ramilə və Ruqayya adlı uşaqları doğulmuşdur. Təxminən 6- 7 il olar ki, televiziyada veriliş aparan “Tolik” adı ilə tanınan məşhur şəxsə müraciət etmişlər və Tolik Binə qəsəbəsində 2 sot torpaq içərisində tikilmiş 3 otaqlı ev alınmasına köməklik etmişdir. Ailəvi olaraq birlikdə həmin evdə yaşayırlar. Evləndiyi gündən Mail çobanlıq və fəhləlik etməklə məşğuldur. O, sinir xəstəsi olduğu üçün təxminən 7 il olar ki, yeriməkdə çətinlik çəkir və yataq xəstəsidir. Mail isə spirtli içkilərin aludəçisi olduğundan, mütəmadi olaraq evdə dava-dalaş edir, onu və azyaşlı uşağı Ruqayyəni doyür. Belə ki, spirtli içkiləri hər gün içdiyinə görə ona irad bildirdiyi üçün, eləcə də heç bir səbəb olmadan sərxoş olanda əsəbi olduğu üçün evdə dalaşır. Mail dəfələrlə onu döymüş, lakin o, polisə əvvəlki davalar zamanı şikayət etməmişdir. Həmçinin azyaşlı qızı Ruqayyə uşaq olduğu üçün evdə oynayanda, heç bir əsaslı səbəb olmadan dəcəl olduğunu əsas gətirib içkili vəziyyətdə uşağı mütəmadi döyüb, çimdikləyib xəsarətlər yetirirmiş. 26 dekabr 2021-ci il tarixdə axşam saatlarında Mail evə sərxoş vəziyyətdə gəlib onu döymüşdür. 28 dekabr 2021-ci il tarixdə axşam saat 20 radələrində Mail yenə evə sərxoş vəziyyətdə gəlmiş və heç bir səbəb olmadan onunla mübahisə etmişdir. Həmin vaxt qəfədan sobanın üstündə qaynayırmış. O isə yataq xəstəsi olduğundan, yerdə uzanmışdır. Əvvəlcə sözlə mübahisə olsa da, sonra qəflətən Mail sobanın üzərində olan qaynar qəfədanı əli ilə ona tərəf itələmiş və üzərinə aşırmışdır. Dərhal təcili yardım çağırmışlar. Lakin təcili yardıma yalandan bildirmişlər ki, guya təsadüfən qəfədan üzərinə aşmışdır. Yenə də Maildən şikayət etməmişdir. Lakin çoxlu yanıq xəsarətləri almış və bir neçə gün xəstəxanada yatmışdır. Bir neçə gün sonra Mail içkili vəziyyətdə yenidən evdə dava salanda, o, DİN “102” xidmətinə zəng vuraraq qaynar suyu Mailin onun üzərinə atması barədə məlumat vermişdir. Hazırda əri Mail ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq Mailə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 göstərdi ki, bədənində olan qara ləkələr və göyərti izlərini ona atası yetirmişdir. Atası onu döymüşdür. Həmin vaxt anası yanında olmuşdur. Atası anası ilə tez-tez dalaşır, onu da döyür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Şahid1 göstərdi ki, o, valideynləri, atası Mail və anası Xanımnaz, kiçik bacısı Ruqayyə ilə birlikdə Binə qəsəbəsində yaşayır. Qardaşı Ramal isə Neftçala rayonunda yaşayır, orada çobanlıq edir. Anası Xanımnaz təxminən 4-5 il əvvəl insult keçirib və həmin vaxtdan yataq xəstəsidir. Bacısı Rəna isə el adəti ilə Binə qəsəbəsində yaşayan Eloğlu ilə ailə həyatı qurmuşdur. Rəna ailə qurmamışdan əvvəl anaları Xanımnaza qulluq edirmiş. Rəna ailə həyatı qurduqdan sonra isə anasına o özü qulluq etməyə başlamışdır. Atası günəmuzd fəhləlik edərək ailəsinin maddi tələbatını ödəyir. Həmçinin anasına dövlət tərəfindən 180 manat məbləğində pensiya verilir. Atası mütəmadi olaraq spirtli içki qəbul edir, spirtli içki aludəçisidir. Sərxoş olduqda atası Mail öz hərəkətlərini idarə edə bilmir. Belə ki, mütəmadi olaraq sərxoş vəziyyətdə yaşadığı evə gəlib anasını döyür. Həmçinin atası Mail mütəmadi olaraq azyaşlı bacısı Rüqayyəni döyür. Anası yataq xəstəsi olduğu üçün əvvəllər atasından şikayət etməmişdir. 2022-ci ilin fevral ayının ortalarında atası sərxoş vəziyyətdə evə gəlib azyaşlı bacısı Ruqayyənı vurub döymüşdür. Həmçinin dişləyib və çimdikləyib xəsarətlər yetirmişdir. Həmçinin 2021-ci ilin dekabr ayında atası sərxoş olduğundan, heç bir səbəb olmadan əsəbiləşərək anası Xanımnazın üstünə sobanın üstündə olan qaynar qəfədanı aşırmışdır. Daha sonra anasını tanışlar xəstəxanaya aparmışlar və anasına tibbi yardım edilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Şahid2 göstərdi ki, o, 26 fevral 2006-cı ildə Lerik rayonunun Tikəband kəndində doğulmuşdur. Bir neçə ildir ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayırmış. Eloğlu Abdullayevlə 2021-ci ilin sentyabr ayında Binə qəsəbəsində yerləşən marketdə tanış olmuşdur. Eloğlu ilə atası da tanış imiş. Eloğlu qonşu kənddəndir. Eloğlu əvvəllər ailə həyatı qurmuş, daha sonra isə boşanmışdır. 2021-ci ilin dekabr ayında Eloğlunun valideynləri ona elçi gəlmişlər, ailəsinin və onun razılığı olduğundan Eloğlu ilə kiçik ailədaxili mərasimlə el adəti ilə evlənmişdir. Həmin vaxtdan Eloğlu ilə birlikdə onun Binə qəsəbəsi Lələtəpə adlanan ərazidə yerləşən evində yaşamağa başlamışlar. Ər-arvad münasibətində olduqları üçün könüllü razılığı əsasında Eloğlu ilə cinsi münasibətdə olmuşdur. Lakin həmin münasibət nəticəsində hamilə qalmamışdır. Eloğlu fərdi əməklə məşğul olur, günəmuzd fəhləlik edərək maddi ehtiyacları qarşılayır. İş olmayanda isə Eloğlunun Lerik rayonunda yaşayan valideynləri pul göndərirlər. Valideynləri atası Mail və anası Xanımnaz yaşca kiçik bacıları Ramilə və Ruqayyə ilə birlikdə yaşadığı evdən bir qədər kənarda yerləşən evdə yaşayırlar. Qardaşı Ramal isə Neftçala rayonunda yaşayır, orada çobanlıq edir. Anası Xanımnaz təxminən 4-5 il əvvəl insult keçirib və həmin vaxtdan yataq xəstəsidir. O, ailə qurmamışdan əvvəl anasına özü qulluq edirmiş. Ailə həyatı qurduqdan sonra isə anasına bacısı Ramilə qulluq etməyə başlamışdır. Atası günəmuzd fəhləlik edərək ailəsinin maddi tələbatını ödəyir, həmçinin anasına dövlət tərəfindən 180 manat məbləğində pensiya verilir. Atası mütəmadi olaraq spirtli içki qəbul edir. Spirtli içki aludəçisidir. Sərxoş olduqda atası öz hərəkətlərini idarə edə bilmir. Belə ki, mütəmadi olaraq sərxoş vəziyyətdə yaşadığı evə gəlib anasını döyür. Həmçinin atası mütəmadi olaraq azyaşlı bacısı Ruqayyəni döyür. Anası yataq xəstəsi olduğu üçün əvvəllər atasından şikayət etməmişdir. 2022-ci ilin fevral ayının ortalarında atası sərxoş vəziyyətdə evə gəlib azyaşlı bacısı Ruqayyənı yenə vurub döymüşdür. 2021-ci ilin dekabr ayında atası yenə sərxoş olduğundan heç bir səbəb olmadan əsəbiləşərək anası Xanımnazın üstünə qaynar suyu tökmüşdür. Daha sonra anasını tanışlar xəstəxanaya aparmış və anasına tibbi yardım edilmişdir. Həmin hadisə ilə bağlı sonradan məlumat almışlar. Hadisə barədə anasının dediyindən bilmişdir. Hadisənin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 17 mart 2022-ci il tarixli, 254 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sağ bazunun qançırları küt əşya (əşyalar); sol bazunun, sol budun infeksiyalaşmış İİ-İİİ dərəcəli termiki yanıq yaraları (təxminən 9-10%) yüksək hərarətin (ola bilsin qaynar su) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlərdən sağ bazunun qançırları törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 15-17 gün əvvəl olmaqla, müayinə olunanın göstərdiyi 26 dekabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; sol bazunun, sol budun infeksiyalaşmış İİ-İİİ dərəcəli termiki yanıq yaralarının (təxminən 9-10%) törənmə müddətləri isə onun 10 saylı Təcili və X2 Stansiyasına müraciətindən əvvəl olmaqla, qərarda göstərilən 28 dekabr 2021-ci il tarixə uyğün gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa Az ağır zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin müayinə olunanın göstərmiş olduğu şəraitdə törənməsi inkar olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 17 mart 2022-ci il tarixli, 254 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sifətin sağ və sol yarısında, sol bazunun yuxarı 1/3-nin ön səthində, döş qəfəsinin sol yarısının ön səthində döş giləsi nahiyəsində qançırlar aşkar olundu. Həmin qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, onlardan sifətin hər iki yarısında, döş qəfəsinin sol yarısının ön səthində olan solğun sarımtıl rəngdə olanların törənmə müddətləri 12-16 günə, sol bazunun yuxarı 1/3-də yerləşən qançırın müddəti isə təxminən 8-12 günə uyğun gəlir və istər ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrin təyin edilmədi. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs2 qızlıq pərdənin tamlığı pozulmadığından spermatozoidlərin təyini üçün nümunə götürülmədi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilən məhkəmə-psixoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli 925 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yonəlməsi). Yaddaş, qavrama, diqqət kimi idrak prosesləri normaya uyğundur. Ünsiyyətçilik, tez həyəcanlanmaq, emosionallıq kimi xüsusiyyətlərə malikdir. Əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Hadisələri düzgün qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs2 atası Təqsirləndirilən şəxs tərəfindən ona və ailə üzvlərinə qarşı edilən hərəkətləri zamanı psixi emosional vəziyyətində qorxu, həyəcan, gərginlik, stress yaratmışdır. Hazırki psixi emosional vəziyyətində hər hansı dəyişiklik müşahidə olunmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə güclü fiziki ağrılar və psixi iztirablar verib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə ona əzab və işgəncə verməsi, köməksiz vəziyyətindən istifadə edib sağlamlığına qəsdən az ağır zərər vurması, habelə aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə edərək mütəmadi olaraq döyüb müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə güclü fiziki ağrılar və psixi iztirablar verib, ona əzab və işgəncə verməsi faktı özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin və şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməllərini qismən etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 18 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.2, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 18 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istinqaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-289/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-289/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver