Məhkəmə qərarları › İş №1(003)-293/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-293/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-293/2020 26.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2020-ci ilin may ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib yetişdirməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Bu barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ 1-ci Polis Şöbəsinin və NMB-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə, saat 14:35 radələrində Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həmin ünvanda yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsindən ümumi sayı 03 ədəd, yəni xeyli miqdarda yaş vəziyyətdə ümumi təmiz çəkisi 45,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, bundan başqa həyətdəki qarajdan bir ədəd karton qutuda tərkiblərinə görə eyni növə aid 02 ədəd quru vəziyyətdə ümumi çəkisi 90,0 qram olan bitki numunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan 1 ilə yaxındır ki, istifadə edir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuananı tanımadığı şəxslərdən əldə edirmiş. Lakin son vaxtlar qurudulmuş marixuananın əldə edilməsi ona çətinlik yaratdığından, qərara gəlmişdir ki, özündə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətyanı sahədə əkib özü üçün qurudulmuş marixuana hazırlasın. 2020-ci ilin may ayının əvvəllərində həyətyanı sahəsində evinin qarşısında toxumları səpmiş, onlara qulluq etməyə, yəni suyunu, dərmanı və peyinini verməyə başlamışdır. Orada 05 ədəd çətənə kolu yetişmişdir. Həmin kollardan 02 ədədini kökündən çıxararaq şəxsi istifadəsi üçün qurudub həyətyanı sahəsində yerləşən qarajda quyunun içərisindəki qutunun içərisində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yolun kənarında olduğu zaman mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və vəsiqələrini təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda, o, onlara özünü təqdim etmişdir. Bundan sonra onlar onu Xəzər RPİ 1-ci PŞ-nə dəvət etmiş, o da könüllü olaraq onlarla birlikdə PŞ-nə gəlmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübhəli bilindiyi üçün PŞ-nə gətirilmişdir. PŞ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə X5 üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini təklif etmişlər. O, üzərində qeyriqanuni heç bir əşya olmadığını bildirmişdir. Buna baxmayaraq, X5 onun razılığı ilə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirtmiş, lakin üzərindən qeyri-qanuni heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, yaşadığı həyətyanı sahədə narkotik təbiətli çətənə bitkiləri əkib yetişdirmişdir. Bundan sonra o, könüllü olaraq Şüvəlan qəsəbəsi Nizami küçəsi ev14 ünvanındakı fərdi evin həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq ərizəsi vermişdir. Həmin tarixdə saat 14:35 radələrində yaşadığı həyətyanı sahəyə polis əməkdaşlarının, dəvət olunmuş aqronomun və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə videogörüntü vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı onun həyətyanı sahəsində yerləşən evinin qarşısındakı torpaq sahəsindən 03 ədəd narkotik tərkibli çətənə bitkisini və həyətyanı sahədə olan qarajın içərisindəki qutuda saxladığı 02 ədəd qurutduğu çətənə bitkisini göstərmişdir. Ümumilikdə 05 ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanmışdır. Bundan sonra onun, dəvət olunmuş müdafiəçinin və aqronomun iştirakı ilə aşkar olunmuş narkotik tərkibli bitkilər qablaşdırılmış və protokol tərtib olunaraq o və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli səmimi etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, “Fərhad” adlı şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Şüvəlan qəsəbəsi Nizami küçəsində yerləşən yaşadığı evin yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Fərhad” adlı şəxs xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Şüvəlan qəsəbəsi Nizami küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Bununla bağlı dərhal tərəflərindən əməliyyat qrupu yaradılmış və digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və onu ifşa etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 13:10 radələrində Şüvəlan qəsəbəsi Nizami küçəsinə yollanmışdır. Orada Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edib Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və onu 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla birlikdə PŞ-nə getmişdir. PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla rəisə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ 1-ci PŞnin təhqiqatçısı Vasif Həsənova həvalə edilmişdir. X5 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Fərhadı şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X5 Təqsirləndirilən şəxs və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşya olmadığını bildirdikdən sonra ona hüquq-vəzifələrini izah edib üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı həqiqətən də onun üzərində qanunsuz heç bir əşya olmadığı müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs Şüvəlan qəsəbəsi Nizami küçəsi ev 14 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün narkotik təbiətli çətənə bitkisi əkdiyini və həmin bitkilərdən bir hissəsini yığaraq həyətindəki qarajda karton qutuda saxladığını bildirmişdir. Bundan sonra həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı onun razılıq ərizəsini alıb özünün, müdafiəçinin və dəvət olunmuş aqronom-mütəxəssisin iştirakı ilə dərhal yaşadığı Şüvəlan qəsəbəsi Nizami küçəsi ev 14 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsinə yollanmışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində giriş hissəsindən sağ tərəfində yerləşən qarajdakı karton qutudan yaşıl rəngli, spesifik iyə malik narkotik tərkibli bitkilərə bənzər 02 ədəd bitki, həyətdə olan fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsindən 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunaraq dərilib götürülmüşdür. Aqronom-mütəxəssis həmin kollara və qutuda olan bitkilərə baxaraq onların çətənə kolları olduğunu və aqrotexniki qulluq göstərilməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kolların çətənə bitkisi kolu olduğunu və onlara qulluq edərək yetişdirdiyini, qarajdakı qutudan aşkar olunmuş 02 ədəd bitkini isə həmin kollarla birlikdə yetişdirdiyini və həmin kolların yanından çıxarıb qurutmaq üçün qutuya yığdığını bildirmişdir. Həmin 03 ədəd çətənə bitkisi və karton qutuda olan narkotik tərkibli bitkilərə oxşar 02 ədəd bitki qablaşdırılıqdan sonra möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ NMB-nin baş əməliyyat müvəkkili X3 elan olunmuş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/316 saylı məhkəmə-bioloji rəyindən görünür ki:

1. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “iştirak etdilər … imza 5) Təqsirləndirilən şəxs Tərtib etdi…” sözləri yazılmış sellofan torbada bir ədəd göy rəngli polietilen torbada 03 (üç) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 45,0 qram və bir ədəd karton qutuda 02 (iki) ədəd, quru vəziyyətdə, ümumi çəkisi 90,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir.

2. Təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eyni növə aiddirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Milli Elmlər X1 xx xxxx 2020-ci il tarixli, 103-77 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən götürülmüş 03 (üç) ədəd narkotik xassəli bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasınınxx xxxx 2020-ci il tarixli, 1652 saylırəyindən görünürki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/364 saylı məhkəmə-bioloji rəyindən görünür ki, təqdim olunmuş aqronomun rəyinə əsasən 03 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həyətindən götürülmüş 03 (üç) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 45,0 qram və 02 (iki) ədəd, quru vəziyyətdə, ümumi çəkisi 90,0 qram olan narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və hazırkı ümumi çəkisi 134,75 qram olan 03 (üç) ədəd yaş vəziyyətdə və 02 (iki) ədəd quru vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan – 03 (üç) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 45,0 qram və 02 (iki) ədəd quru vəziyyətdə, ümumi çəkisi 90,0 qram olan narkotik tərkibli çətənə bitkisi və hazırkı ümumi çəkisi 134,75 qram olan 03 (üç) ədəd yaş vəziyyətdə və 02 (iki) ədəd quru vəziyyətdə narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 178,00 (bir yüz yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər 02 (iki) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Xəzər rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 134,75 qram olan 03 (üç) ədəd yaş vəziyyətdə və 02 (iki) ədəd quru vəziyyətdə narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 178,00 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

ədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar