Məhkəmə qərarları › İş №1(003)-294/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-294/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-294/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində sürücü işləyən, məhkumluğu olmayan, Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olmaqla ünvan 1də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrində Xəzər rayonu Zirə qəsəbəsi Südçülük-Tərəvəzçilik sovxozunda yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs qızı ilə evi səbəbsiz olaraq tərk edib getmək istəməsilə əlaqədar aralarında yaranmış mübahisə zəminində ağac parçası ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq sol və sağ bazunun, sol saidin, sol və sağ kürəyin, hər iki kürəkaltı nahiyənin, qarnın, sağ budun geniş ölçüdə qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Südçülük-Tərəvəzçilik sovxozunda nömrəsiz fərdi evdə yaşayır. Əvvəllər evli olmuş, sonra boşanmışdır, həmin nikahdan yetkinlik yaşına çatmayan bir qız uşağı vardır. Zərərçəkmiş şəxs qızı ilə 2016-cı ildə ailə qurmuşdur. Onların birgə nikahlarından 08 oktyabr 2016-cı il tarixdə Əli, 01 iyun 2018-ci il tarixdə isə Məhəmməd adlı övladları dünyaya gəlmişdir. Ailəli olduqları dövrdə bəzən hər hansı səbəbdən mübahisələri olmuş və bu günə kimi Sevinci üç dəfə döymüşdür. Sevinci döyməsi ilə əlaqədar toplanmış material bir dəfə məhkəməyə göndərilmiş, qalan hallarda isə onlar barışmışlar və cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə 20 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrində Xəzər rayonu Zirə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşadıqları evdə Sevinci aldıqları südün pulunu verməsi üçün qonşuya göndərmiş, lakin Sevinc evə geri qayıtmadığına görə, o, onun arxasınca getmiş və görmüşdür ki, Sevinc küçədə oturub ağlayır. Nə üçün ağlamasının səbəbini soruşanda Sevinc ürəyinin sıxıldığını və çıxıb getmək istədiyini bildirmişdir. Bundan sonra birlikdə yaşadıqları evə gəlmişlər və evdə olarkən evi səbəbsiz olaraq tərk edib getmək istəməsilə əlaqədar aralarında yaranmış mübahisə zəminində ağac parçası ilə Sevincin bədəninin müxtəlif nahiyələrinə 3-4 dəfə zərbə vuraraq onu döyüb xəsarət yetirmişdir. Həmin vaxt Sevinc bir də evdən səbəbsiz olaraq qaçıb getməyəcini deyəndən sonra, o, ondan əl çəkmişdir. Buna baxmayaraq, Sevinc həmin gün yenə evi tərk edib getmişdir. Bundan 2 gün sonra xəbər tutmuşdur ki, Sevinc onun barəsində Polisə şikayət etmişdir. Törətdiyi əməldən peşman olaraq Sevinc ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Sevincin ondan heç bir şikayəti və ya tələbi yoxdur, bundan başqa, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs qızı göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi evdə yaşayır. 22 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə verilən məlumatı, eləcə də 22 mart 2021-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə verilən ərizəni o, yazmış, məzmunu doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs nənəsinin bacısı oğlu olmaqla onlar 2015-ci ilin sentyabr ayında Yeni Suraxanı qəsəbəsində nənəsigilə qonaq gedərkən tanış olmuşlar və Füzulinin ondan 20 yaş böyük olmasını və birgə nikahlarından bir qız övladı olan ailəsindən ayrıldığını bilmişdir. Həmin ərəfədə Füzulinin xalası Füzulinin onunla ailə qurmaq istədiyini demiş, o, isə Füzuli ilə aralarında olan yaş fərqinin böyük olduğunu əsas gətirərək onunla ailə qurmaq istəmədiyini bildirmişdir. Buna baxmayaraq, Füzulinin xalası bir neçə dəfə ona Füzuli ilə ailə qurmağı təklif etmiş, Füzulinin çox yaxşı insan olduğunu, qazancının yaxşı olduğunu, onu çox sevdiyini, ona ailə kimi yaxşı baxacağını demiş, o da çox götür-qoy etmiş və sonda Füzuli ilə evlənmək qərarına gəlmişdir. Bundan sonra 01 yanvar 2016-cı il tarixdə ailə qurmaq məqsdədilə könüllü olaraq Füzuliyə qoşulub qaçmışdır. Həmin vaxt Zirə qəsəbəsi Südçülük sovxozunda yaşamağa başlamışlar. Birgə nikahlarından 08 oktyabr 2016-cı il tarixdə Əli, 01 iyun 2018-ci il tarixdə isə Məhəmməd adlı övladları olmuşdur. Ailəli olduqları ilk vaxtlarda Füzuli onunla normal davranmış, həm onun, həm də övladlarının bütün ehtiyaclarını ödəmişdir. Buna baxmayaraq, Füzulinin ona qarşı olan yaxşı münasibəti getdikcə pisləşmiş, bunun nəticəsində isə Füzuli birinci dəfə 2019-cu ilin avqust ayının sonunda təxminən saat 21 radələrində həyət quyularının dolmasını bəhanə gətirərək əvvəlcə bıçağı boynuna dirəyərək onu öldürəcəyi ilə hədələmiş, ardınca isə yumruqla sifət nahiyəsinə çoxsaylı zərbələr vuraraq ona xəsarət yetirmişdir. Həmin hadisə ilə əlaqədar o, şikayət etmiş, araşdırma aparılmış və toplanmış material Xəzər Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə araşdırması zamanı o, Füzuli ilə barışmışdır. Buna görə də cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra onlar yenidən birlikdə yaşamağa davam etmişlər. Bir müddət Füzuli onunla normal davransa da, 2020-ci ilin dekabr ayının 3-də təxminən saat 21 radələrində həyət darvazalarına ziyan vurmağını bəhanə gətirərək yenidən yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüş, eyni zamanda əlləri ilə boğaz nahiyəsindən yapışaraq boğmağa çalışmışdır. Həmin vaxt o, məcbur qalaraq Füzuli iə barışmış və bu dəfə də cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, azyaşlı övladlarını düşünərək bundan əvvəl iki dəfə Füzulini bağışlamışdır. Buna baxmayaraq, Füzuli ona qarşı olan pis münasibətindən uzaqlaşmamış və sonuncu dəfə 20 mart 2021-ci il tarixdə saat 14:00 radələrində Zirə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşadıqları evdə süd almağa gedib qayıtdıqdan sonra evi səbəbsiz olaraq tərk edib getmək istəməsini bəhanə gətirib qalın ağac parçası ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyüb xəsarət yetirmişdir. Artıq bununla üçüncü dəfədir ki, Füzuli bir bəhanə gətirərək heç bir günahı olmadığı halda onu döyüb xəsarət yetirmişdir. Buna görə də o, qərara gəlmişdir ki, bu dəfə onu bağışlamasın və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəzasını çəksin. Onu da bildirir ki, bu günə kimi Füzuli onunla rəsmi nikaha girməyinə də müxtəlif əngəllər törətmiş və bunun da nəticəsində böyük oğlunun 5, kiçik oğlunun isə 3 yaşı olmasına baxmayaraq, hələ də onlar üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. O, Füzulinin son zamanlarda onunla bir kölə kimi davranmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda uşaqlarının xətrinə Füzuli ilə yenə barışmış və o, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də hazırda onun Füzulidən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Füzuli barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 mart 2021-ci il tarixli 259 saylı rəyindən görünür ki, rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər – sol və sağ bazunun, sol saidin, sol və sağ kürəyin, hər iki kürəkaltı nahiyyənin, qarının, sağ budun geniş ölçüdə qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 4-5 gün əvvəl olmaqla, qərarda göstərilən 20 mart 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, X1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan və 12 may 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% miqdarda pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2019cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20% miqdarda pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasını 25 fevral 2019-cu il tarixdə çəkib qurtardığı üçün Saatlı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, hazırda isə zərərçəkmiş şəxs – həyat yoldaşı Zərərçəkmiş şəxs qızı ilə barışdığına görə onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən,şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilk dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 avqust 2016-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% miqdarda pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin cəzanı 25 fevral 2019-cu il tarixdə çəkib qurtardığı üçün Saatlı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, ikinci dəfə isə zərərçəkmiş şəxs – həyat yoldaşı Zərərçəkmiş şəxs qızı ilə barışdığına görə onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərarı ilə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasına və ona dəymiş ziyanı tamamilə ödəməsinə baxmayaraq, hazırda onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilə və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilə bilməz. Ona görə də məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutlmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 30,00 (otuz) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 30,00 (otuz) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar