Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-296/2021 14.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittihamçı X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 iştrakları ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Şahnaz Fəxrəddin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi və barəsində 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə 11 iyun 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 3 uşaqları olmuşdur. Onlardan biri yetkinlik yaşına çatmışdır. 13.10.2004-cü il təvəllüdlü X6 və 14.05.2013-cü il təvəllüdlü X7 onun yanında qalırlar. Cavabdeh X8 ilə münasibətləri korlanmışdır və Xəzər Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Uşaqların saxlanılmaları üçün Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh aliment ödəyir. Qeyd edir ki, alimentin tutulmasına dair məhkəmə qətnaməsi qəbul olunduqdan sonra X9 polis orqanlarına şikayət ərizələr ilə müraciət edərək yalan olduğunu bilə-bilə onun haqqında böhtan xarakterli, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymışdır və hazırda da belə məlumatları yaymaqda davam edir. Belə ki, 04.11.2019-cu il tarixdə Xəzər RPİ 1-ci Polis bölməsinə ərizə ilə müraciət edərək onu narahat etdiyini, küçədə izləyib nalayiq sözlərlə təhqir etdiyini barədə yalan məlumat vermişdir. 28.02.2020-c il tarixdə Xəzər RPİ 2-ci Polis bölməsinə ərizə ilə müraciət edərək güya o, onu təqib etmiş, o, isə qorxaraq yıxılmış və ayağını sındırmışdır. O, İran İslam Respublikasının vətəndaşıdır və həmin ərəfədə İranda olulmuşdur. 24.03.2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinə böhtan xarakterli şikayət verərək onu şərləmişdir. 27.04.2021-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsinə yalan və böhtan xarakterli şikayət vermişdir, güya onu narahat edir, küçədə nalayiq sözlərlə təhqir edir. X5 bütün ərizələri araşdırılmış və şikayətlərində göstərilənlər öz təstiqini tapmamışdır. Xəzər RPİ 1-ci Polis bölməsinin 04.11.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, polis əməkdaşları onunla profilaktik söhbətlər aparmış və bir daha belə hallara yol verilməməsi məqsədilə xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da X8 onu şərləməkdə davam etmişdir. Buna görə də, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilib cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 yeni ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir; 293.3.3-cü maddəsinə əsasən şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə xüsusi ittihamçının şikayətindən imtina etməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-296/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-296/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver