Məhkəmə qərarları › İş №1(003)-296/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-296/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-296/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid1 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Quşçu kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Musayev küçəsi nömrəsiz fərdi evdə yaşayan, yetkinlik yaşına çatmayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs onunla eyni məktəbdə, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Ələsgər İsaxanov adına tam orta məktəbdə oxuyan tanışı Şahid2 ilə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbdə oxuyan X3 arasında bir gün əvvəl yaranmış mübahisəli məsələni həll etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində 26 nömtəli orta məktəbin yaxınlığındakı parkda görüşərək daha sonra söhbəti davam etdirmək üçün yaxınlıqdakı qəbristanlığa getmiş, orada Təqsirləndirilən şəxs Kamal Mustafazadə ilə birlikdə gəlmiş Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan aralarında baş vermiş mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir etmiş, bundan sonra onun üzərində zor tətbiq etməklə üstündə gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək sonuncunu qəsdən vuraraq ona sol bazunun bir əbəd, sol budun iki ədəd deşilmişkəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, onunla bir məktəbdə oxuyan Cavidan ilə münasibəti yaxşıdır, demək olar ki, dostdurlar. xx.xx.2022-ci il tarixdə məktəbdə olduğu zaman Cavidan ona bildirmişdir ki, Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbdə oxuyan Kamal adlı oğlanla söhbəti olacaq, vaxtı varsa onunla birlikdə getsin, onunla eyni zamanda Vəli və Əli də gələcək. O, buna etiraz etməmiş, sadəcə söhbətin nə olduğunu soruşmuşdur və Cavidan ona bildirmişdir ki, “sevdiyi qız Sevda ilə birlikdə məktəbin qarşısından keçəndə Kamal mənə qəribə baxışla baxdı və mən ona iradımı bildirəndə o, məndən nömrəmi aldı ki, səninlə sonra başqa yerdə görüşüb söhbət edərik, mən də ona nömrəmi vermişəm və bu gün, 26 nömrəli məktəbin yaxınlığında olan parkda görüşərik”. O, Cavidana demişdir ki, onlarla görüşsələr dava düşəcək, lazım deyil, getməyək. Cavidan isə demişdir ki, yox, biz getməliyik. Beləliklə, onlar, yəni Cavidan, Əli və Vəli həmin gün dərsdən sonra gorüşüb birlikdə Buzovna qəsəbəsindəki 26 nömrəli məktəbin yaxınlığında yerləşən parka getmişlər. Ora çatdıqdan neçə dəqiqə sonra görmüşlər ki, Kamal və yanında 9 nəfər gəlir. O, getdiyi uşaqların içərisində ən böyüyü olduğuna görə Kamala yaxınlaşıb salamlaşmış və yığışmalarının səbəbini soruşmuşdur. Onların içərisində adını sonradan bildiyi Nihad ona qayıdıb demişdir ki, “buradan adamlar keçir, gedək başqa yerdə söhbət edək”. Nizami də demişdir ki, “onda gedək sakit bir yerə, yəni yaxınlıqda qəbristanlıq var, gedək orada söhbət edərik”. O, Cavidan, Əli və Vəli ilə birlikdə, Kamal isə yanında gələn Nihad ilə arxalarınca qəbristanlığa tərəf getmişlər, qalan uşaqlar isə qəbristanlığın bayır hissəsində qalmışlar. Qəbirstanlıqda Nihad ona demişdir ki, aranızda böyük kimdirsə onunla söhbət etsin. O, “bizim içərimizdə böyük olan mənəm” demiş, Nihad da ona demişdir ki, “mən də Kamalın böyüyüyəm”. Nizami Nihaddan soruşmuşdur ki, “biz bura nəyə görə gəlmişik, bəlkə gedək bir normal yerdə və yaxud çayxanada oturaq söhbətimizi edək və söhbəti yoluna qoyaq”, Nihad isə ona demişdir ki, “çayxanaya ehtiyac yoxdur, elə burda söhbətimizi edərik”. Bu zaman Nihad danışanda səsinin tonunu qaldırdığına görə ona demişdir ki, “mənimlə belə tonda danışma”. Bu söhbətdə aralarında mübahisə yaranmış və Nihad yumruqla onun sifət nahiyəsinə vuraraq onu nalayiq ifadələrlə söymüş, əlini şalvarının sol cibinə salıb cibindən bıçağı çıxartmış, onu vurmaq istəyəndə o da cibində apardığı mətbəx bıçağını çıxardıb Nihadı qorxutmaq istəmişdir ki, onun üstünə gəlməsin. Nihad ona təpiklə vurmaq istəyəndə Nihadın təpiyi onun sol qoluna dəymiş, həmin vaxt bıçaq da onun sol əlində olmuşdur, bu zaman o, özünü müdafiə etmək üçün əlindəki bıçaqla Nihadın sol bud nahiyəsinə vurmuşdur. Bundan sonra görmüşdür ki, Nihad yenə də onun üstünə gəlir və ona təpik atır, o da təkrar onun sol ayağının arxa nahiyəsinə bıçaqla vurmuşdur. Bundan sonra görmüşdür ki, Nihad əl çəkmir, təkrar üstünə üstünə gəlir, bu zaman da bıçaqla onun sol çiyin nahiyyəsinə vurmuşdur, vurduqdan sonra Cavidan, Əli və Vəli qorxmuşlar və ona demişlər ki, “gəlin qaçaq” və onlar qaçmışlar. Nihad və Kamal da qaçıb getmişlər. O və tanışları qaçıb qəbirstanlıqdan çıxmış və ara məhəllədə bıçağı əlində sındırıb ağaclıq olan yerə tullamışdır Hadisə təxminən 20 dəqiqə davam etmiş, hadisənin şahidi kimi onunla birlikdə olan Vəli, Cavidan və Əli olmuş, qarşı tərəfdə isə Kamal və Nihad olmuşdur. Bundan başqa, qəbirstanlıqda ölülərini ziyarət etməyə gələn şəxslər də olmuşdur, lakin onları tanımır, buna baxmayaraq, həmin şəxslər onların yanında olmasalar da, uzaqdan səsküyü eşitmişlər. Bundan sonra evə getmiş, sonradan nə baş verdiyini bilməmişdir. Məhkəmə iclasının sonunda yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərdi ki, məhkəmə iclasının əvvəlində özünü təqsirli bilməsə də, hazırda özünü təqsirli bilir, törətdiyi əməli etiraf edir və ilk dəfə törətdiyi bu əməlindən peşmandır, yetkinlik yaşına çatmamışdır. Laçın rayonundan məcburi köçkündür, Kikboksinq və Kinq-Fu idman növləri ilə müntəzəm məşğuldur, dəfələrlə öz çəki dairəsində müxtəlif səviyyəli yarışlarda iştirak etmiş və diplomlarla təltif edilmişdir. Anası Şahid1 uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və mütəmadi müalicə olunur. Hazırda Nihad ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və Nihadın ondan heç bir şikayəti yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərdi ki, o, hal-hazrda Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi, dalan 5, nömrəsiz fərdi evdə nənəsi ilə birlikdə yaşayır. Buzovna qəsəbəsində yerləşən İftixar Tağıyev adına tam orta məktəbdə oxuyur. Onunla bir məktəbdə oxuyan Kamal ilə münasibəti yaxşıdır, demək olar ki, dostdurlar. xx.xx.2022-ci il tarixdə dərsdən çıxanda Kamal ilə rastlaşmış və Kamal ona demişdir ki, Laçın məktəbində oxuyan bir nəfərlə söhbəti düşüb, vaxtı varsa onunla məktəbin yaxınlığındakı parka getsin. O, ondan söhbətin nə olduğunu soruşmuş, Kamal ona bildirmişdir ki, “dünən mənə həmin adam məktəbin qarşısında rast gəldi, mən də bir nəfər qız tanışımla gedirdim, o, mənə bir təhər baxışla baxdı və mən ondan mənə niyə belə baxmağını soruşanda aramızda mübahisə yarandı, başqa yerdə görüşüb söhbət etməyi razılaşdıq”. Bundan sonra o, həmin söhbəti danışmağa Kamalla parka getməyə razılıq vermiş və birlikdə həmin parka getmişlər. Yolda oxuduğu məktəbin digər uşaqları, yəni təxminən 7-8 nəfər onları görmüş və hara getdiklərini soruşanda o, cavab vermişdir ki, “Kamalın bir nəfərlə söhbəti düşüb, indi həmin adamla görüşməyə gedirik”. Bunu deyən kimi həmin uşaqlar da onlara qoşulub birlikdə getmişlər. Parka çatdıqdan sonra görmüşlər ki, orada dörd nəfər onları gözləyir. Yaxınlaşıb onlarla görüşmüş və onlara demişdir ki, “buradan adamlar keçir, gedək başqa yerdə söhbət edək”. Onlardan bir nəfər sonradan adını bildiyi Nizami adlı şəxs demişdir ki, onda gedib yaxınlıqda qəbirstanlıq var, orada söhbət etsinlər. Onlar da etiraz etməmiş və birlikdə yaxınlıqdakı qəbirstanlığa getmişlər. Onlar qabaqda, o, Kamal onlara qoşulan uşaqlar isə arxada getmişlər. Qəbirstanlığa çatanda uşaqlar qəbirstanlıqdan bayırda qalmışlar, o və Kamal isə içəri girmiş, bir qəbir daşının yanında dayanıb söhbət etməyə başlamışlar. Əvvəlcə onların içərisində olan adını sonradan bildiyi Əli adlı şəxslə söhbət etmiş, sonra Əli kənara çəkilmiş və adını sonradan bildiyi Nizami adlı şəxs ona yaxınlaşıb bildirmişdir ki, “nə sözün varsa mənimlə danış, bunlar uşaqdırlar”. Bunu deyəndə Nizami ona qarşı nalayiq söz işlətmiş və üstünə gəlmişdir, o da özünü müdafiə etmək üçün yumruqla onun sifət nahiyəsinə bir dəfə vurmuşdur. Onun üzərində bıçaq olmamışdır. O, Nizamini yumruqla vurduqdan sonra Nizami birdən sağ yan tərəfindən bıçağı çıxarmışdır. O da bıçağı görən kimi özünü müdafiə üçün ona təpiklə vurmaq istəyəndə Nizami bıçaqla onun sol budunun üst nahiyəsinə vurub xəsarət yetirmişdir. Təkrar ona təpiklə vurmaq istəyəndə Nizami yenə də ona bıçaqla sol budunun arxa nahiyəsinə vurmuşdur. Bu zaman özünü itirmiş, sonradan necə olmuşdursa Nizami birdən bıçaqla onun sol çiyin nahiyəsinə vurub xəsarət yetirmişdir. Bu zaman Kamal bıçağı görüb qorxmuş, onlara yaxınlaşmamış, qarşı tərəfdəkilərdən isə Əli adlı şəxs Nizaminin yanında olmuşdur, lakin qalan iki nəfər isə bir az aralıda dayanmışlar. Nizami ona üçüncü dəfə bıçaq zərbəsi vuduqdan sonra onlar hamısı qaçıb qəbirstanlqdan çıxmışlar. O da Kamalla qəbirstanlıqdan bayıra çıxmışdır, bayırda onlarla gələn uşaqlar qəbirstanlığın qarşısında gözləmişlər. Bu zaman uşaqlar onun bədənində qanı görüb nə baş vediyini soruşanda o, cavab vermişdir ki, söhbət etdiyi zaman onlardan biri bıçaqla onu vurub xəsarət yetirmişdir. Uşaqlar tez ona yardım etməyə başlamışlar, o da əlacsız qalıb köynəyini və maykasını çıxardıb ayağına bağlamışdır. Uşaqlardan biri TTYS-na zəng edib məlumat vermiş və TTYS-nın həkimləri qəbirstanlığın qarşısına gəlib orada köynəyi və maykanı onun ayağından açıb ilkin tibbi yardım etmişlər, sonra da X10 aparmışlar. Orada həkimlər tərəfindən tibbi yardım olunduqdan sonra onu evə buraxmışlar. Hadisə təxminən 20-25 dəqiqə davam etmiş, hadisənin şahidi yanında yalnız Kamal olmuşdur, onlarla gələn uşaqlar isə qəbirstanlığın bayır hissəsində gözləmişlər. Nizaminin də yanında onunla birlikdə gələn üç nəfər olmuşdur. Bundan başqa, qəbirstanlıqda ölülərini ziyarət etməyə gələn şəxslər də olmuşdur, lakin onları tanımır, buna baxmayaraq, həmin şəxslər onların yanında olmasalar da, uzaqdan səsküyü eşitmişlər. Hazırda səhhəti yaxşıdır, Nizami onunla barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Nizamiyə cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən Şahid2 göstərdi ki, hal-hazrda Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Buzovna qəsəbəsində yerləşən Ələsgər İsaxanov adına tam orta məktəbdə oxuyur. Onunla bir məktəbdə oxuyan Nizami, Vəli və Əli ilə münasibəti yaxşıdır, demək olar ki, dostdurlar. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində oxuduğu məktəbin qarşısından sevgilisi ilə keçərkən bir nəfər onunla üz-üzə gələrkən onun baxışları ona xoş gəlmədiyinə görə ondan niyə elə baxdığını soruşmuş, həmin şəxs isə ona demişdir ki, yanında qız var, yaxşı deyil, nömlərini bir-birinə versinlər və sabah görüşüb söhbət etsinlər. O, nömrəsini həmin şəxsə vermiş, həmin şəxs də öz nömrəsini ona verərək demişdir ki, adı Kamaldır. Həmin gün Kamal saat 18 radələrində ona Whatsapp vasitəsi ilə yazıb bildirmişdir ki, “sabah 26 nömrəli məktəbin yaxınlıqdakı parkda görüşərik”. O da Nizami, Vəli və Əli adlı dostlarına bu barədə demiş və onlar da etiraz etməmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə oxuduğu məktəbdə birlikdə görüşmüşlər və birlikdə əvvəlcədən təyin olunmuş görüşəcəkləri yerə, yəni 26 nömrəli məktəbin yaxınlıqdakı parka getmişlər. Ora çatdıqdan bir neçə dəqiqədən sonra görmüşlər ki, Kamal adlı şəxs və yanında 9 nəfər də gəlirlər. Bu zaman Nizami Kamala yaxınlaşıb görüşmüş və yığışmalarının səbəbini soruşmuş və bu zaman onların içərisində adını sonradan bildiyi Nihad adlı şəxs yaxınlaşıb Nizamiyə bildirmişdir ki, buradan adamlar keçir, gedib başqa yerdə söhbət etsinlər. Nizami isə demişdir ki, onda gedək yaxınlıqda qəbirstanlıq var orada söhbətlərini etsinlər. Beləliklə, Nizami, Cavidan, Əli və Vəli qarşı tərəfdən isə Kamal və Nihad qəbristanlığa getmişlər. Orada Nizami ilə Nihad söhbət etməyə başlamışlar, Nihad demişdir ki, o, Kamalın böyüyüdür, nə sözü varsa, ona desin, Nizami də demişdir ki, “Kamal Cavidanı söhbətə çağırıb, indi de görüm nə məsələdir”. Bu zaman Nizami ilə Nihad arasında mübahisə yaranmış və Nihad Nizamini söyərək yumruqla onun sifət nahiyəsinə vurmuşdur. Bu anda Nizami qəfildən sağ yan cibindən bıçaq çıxarmış, Nihad ona təpik vuranda Nizami onu əlindəki bıçaqla sol bud nahiyəsinə vurmuş, sonra Nizaminin üstünə gedəndə Nizami təkrar onun sol ayağına bıçaqla vurmuş, bir dəfə də təkrar üstünə gedəndə Nizami bu dəfə bıçaqla onun sol çıyın nahiyəsinə vurub xəsarət yetirmişdir. Qorxduqlarına görə qaçıb qəbirstanlıqdan çıxmışlar. Qəbirstanlıqdan çıxdıqdan sonra hərəsi bir tərəfə getmişlər, Nihad və Kamal da çıxıb getmişlər. Oradan da evə getmiş və sonradan nə baş verdiyi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən X3 göstərdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvanı küçəsi, ev 104-də ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbdə oxuyur. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində oxuduğu məktəbin yaxınlığında dayanıb tanışını gözləyərkən, bir nəfər adını sonradan bildiyi Cavidan adlı şəxs bir nəfər qız ilə onunla üzbəüz gəlmişdir. Cavidan ona yaxınlaşıb qızla birlikdə yanından keçmişdir, bundan sonra geriyə baxıb görmüşdür ki, Cavidan onun arxasınca baxır. Bu zaman Cavidan onu çağırıb demişdir ki, “mənə niyə elə baxırsan”. O da Cavidana demişdir ki, indi yanında qız var, sonra görüşüb onunla söhbət edəcək. Onlar bir-birinə nömrə vermiş və xx.xx.2022-ci il tarixdə dərsdən sonra oxuduğu məktəbin yaxınlığında olan parkda görüşməyi razılaşmışlar. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə dərsdən çıxıb həmin parka gedəndə, yolda tanışı Nihad adlı şəxslə rastlaşmışdır. Nihad ondan hara getdiyini soruşmuş və o da məsələni Nihada danışmışdır, Nihad da ona demişdir ki, “mən də səninlə gəlirəm”. Beləliklə, birlikdə həmin parka getmiş, parka çatdıqda görmüşdür ki, dörd nəfər orda gözləyir. Parkda onlarla görüşmüş və Nihad onlara demişdir ki, buradan adamlar keçir, gedib bir az aralıda söhbət etsinlər, Nizami isə demişdir ki, onra yaxınlıqda qəbirstanlıq var, gedib orada nə sözləri varsa etsinlər. Parka gedəndə onunla bir məktəbdə oxuyan təxminən 7-8 nəfərlə rastlaşmışlar. Onlar nə baş verdiyini soruşanda Nihad və Kamal məsələni onlara da demiş, onlar da demişlər ki, “onda biz də gəlirik, aralıda dayanırıq, nəsə problem olsa, biz burdayıq”. Bu zaman Kamal Nihadla və Cavidan da özü ilə gətirdiyi üç nəfər uşaqla birlikdə qəbirstanlığa tərəf getmişlər. Qəbirstanlıqda Cavidanın yanında gələn, sonradan adını bildiyi Əli adlı şəxslə söhbət etməyə başlamış, sonra aralarında olan adını sonradan bildiyi Nizami adlı şəxs ona demişdir ki, “sən uşaqsan, bura bizi niyə yığmısan”, bu zaman Nihad qabağa keçib onunla söhbət etməyə başlamışdır. Onlar söhbətə başlayandan sonra aralarında mübahisə yaranmış və Nizami nalayıq ifadələrlə Nihadı təhqir etmiş, ona görə də Nihad ona yumruq atmışdır. Bundan sonra Nizami əlini atıb sağ yan tərəfindən bıçaq çıxarmış, bunu Nihad görəndə qorxmuş və özünü müdafiə etmək üçün ona təpik atmışdır. Nizami də əlində olan bıçaqla vurub onun sol bud nahiyəsinə xəsarət yetirmişdir. Nihad yenə də ona təpik vuranda Nizami bir dəfə də onun sol ayağına bıçaqla vuraraq xəsarət yetirmişdir. Bundan sonra Nizami əlindəki bıçaqla Nihadın sol çiyin nahiyəsinə vurub xəsarət yetirmiş və sonra qaçmışlar. O. Nihadın yanında qalmış və birlikdə qəbirstanlıqdan bayıra çıxmışlar. Bayırda onları gözləyən uşaqlar Nihadı qanlı vəziyyətdə gördükdə nə baş verdiyini soruşmuşlar, Nihad da cavab vermişdir ki, söhbət etdiyi zaman onlardan biri bıçaqla onu vurub xəsarət yetirmişdir. Uşaqlar ona köməklik etməyə başlamışlar. Bu zaman Kamal TTYS-na zəng edib məlumat vermiş və həkimlər gəlmişlər. Həkimlər gələnə kimi Nihad əynindəki köynəyi və maykasını çıxarmış və həmin köynəyi və maykanı onun ayağına bağlamışdır. Həkimlər gəldikdən sonra həmin köynəyi və maykanı açmışlar və orada ona ilkin tibbi yardım etmiş və Nihadı TTYS-nın avtomobili ilə X10 aparmışlar, o da Nihadın ayağından açılan köynək və maykanı zibilliyə tullamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən Şahid4 göstərdi ki, hal-hazrda Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Buzovna qəsəbəsində yerləşən Ələsgər İsaxanov adına tam orta məktəbdə oxuyur. 24.11,2022-ci il tarixdə məktəbdə olduğu zaman Cavidan ona bildirmişdir ki, Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbdə oxuyan Kamal adlı oğlanla söhbəti olacaq, vaxtı varsa onunla birlikdə getsin, bildirmişdir ki, onunla Nizami və Vəli də gələcək. O, etiraz etməmiş, sadəcə söhbətin nə olduğunu soruşmuş və Cavidan ona bildirmişdir ki, “sevdiyi qız Sevda ilə birlikdə məktəbin qarşısından keçəndə Kamal mənə qəribə baxışla baxdı və mən ona iradımı bildirəndə o, məndən nömrəmi aldı ki, səninlə sonra başqa yerdə görüşüb söhbət edərik, mən də ona nömrəmi vermişəm və bu gün, 26 nömrəli məktəbin yaxınlığında olan parkda görüşərik”. Beləliklə, həmin gün saat təxminən 13 radələrində dərsdən çıxmış və Nizami ilə birlikdə Cavidanla məktəbdə görüşmüşdür, sonra Vəli də gəlmişdir, birlikdə görüş təyin olunmuş parka getmişlər. Onlar həmin parka çatandan bir neçə dəqiqə sonra görmüşlər ki, Kamal və yanında da 9 nəfər gəlirlər. Nizami Kamala yaxınlaşıb bura yığışmağımızın səbəbini soruşmuş və bu zaman onların içərisində Nihad adlı şəxs yaxınlaşıb Nizamiyə bildirmişdir ki, buradan adamlar keçir, gedib başqa yerdə söhbət etsinlər. Nizami də demişdir ki, onda yaxınlıqda qəbirstanlıq var, gedib orada söhbətlərini etsinlər. Onlar dörd nəfər qarşı tərəfdən də Kamal və Nihad birlikdə qəbirstanlığa getmişlər, qalan uşaqlar isə arxadan gəlmişlər, həmin uşaqlar onlarla birlikdə qəbirstanlığa girməmişlər, bayırda qalmışlar. Qəbirstanlıqda Nizami ilə Nihad söhbət etməyə başlamışlar, Nihad demişdir ki, “mən Kamalın böyüyüyəm, nə sözün varsa, mənə de”, Nizami də Nihada demişdir ki, ”Kamal Cavidanı söhbətə çağırıb, indi de görüm nə məsələdir”. Bu zaman Nizami ilə Nihad arasında mübahisə yaranmış, Nihad Nizamini söymüş və yumruqla onun sifət nahiyəsinə vurmuşdur. Bu anda Nizami qəfildən sağ yan tərəfindən bıçaq çıxarmış və Nihadın bədəninə bıçaqla vurmuşdur, həyəcanlı olduğuna görə dəqiq bilməmişdir ki, Nizami bıçağı Nihadın hansı nahiyəsinə vurmuşdur. Bundan sonra onlar qorxduğuna görə qaçıb aradan çıxmışlar. Kamal və Nihad da onların arxasınca qaçıb qəbirstanlıqdan çıxmışlar, onları azdırmaq üçün hər biri ara məhəlləyə girmiş və oradan da evə getmişlər. Ondan sonra nə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən Şahid5 göstərdi ki, hal-hazrda Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi nömrəsiz fərdi evdə ailəsi lə birlikdə yaşayır. Buzovna qəsəbəsində yerləşən Ələsgər İsaxanov adına tam orta məktəbdə oxuyur. Onunla bir məktəbdə oxuyan Nizami, Cavidan və Əli adlı uşaqlarla münasibəti yaxşıdır, demək olar ki, dostdurlar, lakin onlar ondan yaşca böyükdürlər. xx.xx.2022-ci il tarixdə məktəbdə olduğu zaman Cavidan ona bildirmişdir ki, Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbdə oxuyan Kamal adlı oğlanla söhbəti olacaq, vaxtın varsa onunla birlikdə getsin, onlarla Nizami və Əli də gələcək. O da etiraz etməmiş, sadəcə söhbətin nə olduğunu soruşmuş və Cavidan ona bildirmişdir ki, “sevdiyi qız Sevda ilə birlikdə məktəbin qarşısından keçəndə Kamal mənə qəribə baxışla baxdı və mən ona iradımı bildirəndə o, məndən nömrəmi aldı ki, səninlə sonra başqa yerdə görüşüb söhbət edərik, mən də ona nömrəmi vermişəm və bu gün, 26 nömrəli məktəbin yaxınlığında olan parkda görüşərik”. Həmin gün saat təxminən 13 radələrində dərsdən çıxmış və Cavidanla məktəbdə görüşüb Nizami və Əlini gözləmişlər. Bir neçə dəqiqədən sonra Nizami ilə Əli gəlmiş və görüş təyin olunmuş parka getmişlər. Həmin parka çatandan bir neçə dəqiqə sonra görmüşlər ki, Kamal və yanında da 9 nəfər də gəlirlər. Nizami Kamala yaxınlaşıb bura yığışmaqlarının səbəbini soruşmuş və bu zaman onların içərisində Nihad adlı şəxs yaxınlaşıb Nizamiyə bildirmişdir ki, buradan adamlar keçir, gedib başqa yerdə söhbət etsinlər. Nizami də onlara demişdir ki, onda gedib yaxınlıqda qəbirstanlıq var, orada söhbətlərini etsinlər. Onlar dörd nəfər, qarşı tərəfdən isə Kamal və Nihad birlikdə qəbirstanlığa getmişlər. Qalan uşaqlar isə qəbirstanlığın bayır tərəfində qalmışlar. Orada Nizami ilə Nihad söhbət etməyə başlamışlar, Nihad demişdir ki, “mən Kamalın böyüyüyəm, nə sözün varsa mənə de”, Nizami də demişdir ki, “Kamal Cavidanı söhbətə çağırıb, indi de görüm nə məsələdir”. Bu zaman Nizami ilə Nihad arasında mübahisə yaranmış, Nihad Nizamini söymüş və onu yumruqla vurmuşdur. Bu anda Nizami qəfildən sağ yan tərəfindən bıçaq çıxarmış və Nihadın sol ayağına və sol çiyin nahiyyəsinə vurub xəsarət yetirmişdir. Bundan sonra qorxub qəbirstanlıqdan qaçıb aradan çıxmışlar. Ondan sonra nə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Ələsgər İsaxanov adına tam orta məktəbdə oxuyur. Uzun illərdir ki, həyat yoldaoından ayrılmışdır, ev işlərində oğlu Nizami ona köməklik edir, özü ankoloji xəstədir. xx.xx.2022-ci il tarixdə evdə mətbəxdə istifadə etdiyi bıçaq küt olduğundan Nizamiyə demişdir ki, aparıb Buzovna qəsəbəsində itiləyib evə gətirsin. O, isə həmin gün bıçaq üstündə olduğu zaman tanışı Cavidanın Kamal adlı şəxslə aralarında yaranmış mübahisəli məsələsini söhbət edib həll etməkdən ötrü Buzovna qəsəbəsində yerləşən qəbirstanlıqda Kamal adlı şəxslə birlikdə gəlmiş Nihad adlı şəxslə aralarında yaranmış mübahisə zamanı həmin bıçaqdan istifadə edərək Nihadı bıçaqla vurub xəsarət yetirmişdir. Hər dəfə evin bıçaqlarını Nizami aparıb itilətdirmiş və qaytarıb evə gətirmişdir. Heç ağlına belə gəlməzdi ki, oğlu belə bir hadisə törədə bilər. Çünki Nizami dərs oxuyan və tərbiyəli uşaq olduğuna görə ona etibar edib bıçağı itilətdirmək üçün ona vermişdir. İş materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduqları ifadələrində göstərdiklərini bir-birinin üzünə bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə tibbi ekspertizasının 13 yanvar 2023-cü il tarixli 22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol bazunun bir ədəd, sol budun iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşya (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun “X12” X13 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər brilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və Laçın rayon Təhsil şöbəsinin Ələsgər İsaxanov adına Quşçu kənd tam orta məktəbi tərəfindən verilmiş 24 dekabr 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü müəyyən qədər bacarıqlı şagird kimi göstərir. Məktəbin daxili nizam-intizam qaydalarına əməl edir, məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir, hümanitar fənlərə və idmana marağı böyükdür, məktəbdə keçirilən idman yarışlarında fəal iştirak edir, yoldaşları ilə ünsiyyət qurmağı, onlarla yaxşı münasibətdə olmağı xoşlayır, səliqəli və təmizkar olmağı çox sevir. İş materiallarında olan müvafiq vəsiqə, diplom və tibbi müayinə sənədlərinin surətlərindən göünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkündür, Kikboksinq və Kinq-Fu idman növləri üzrə öz çəki dairəsində dəfələrlə müxtəlif səviyyəli yarışlarda iştirak etmiş və diplomlarla təltif edilmişdir, anası Şahid1 uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və mütəmadi müalicə olunur. İş materiallarında olan və zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs tərəfindən qanuni nümayəndəsinin iştirakı ilə yazılaraq məhkəməyə təqdim olunmuş 01 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayəti yoxdur, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqının əvvəlində Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, lakin iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, tibbi ekspertiza rəyi ilə qeyd olunan əməlinin tam olaraq Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, onun məhkəmə istintaqının əvvəlində bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan X2 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona cəza təyin edilməməsini xahiş etməsini, Laçın rayonundan məcburi köçkün olmasını, Kikboksinq və Kinq-Fu idman növləri üzrə öz çəki dairəsində dəfələrlə müxtəlif səviyyəli yarışlarda iştirak edərək diplomlarla təltif edilməsini, oxuduğu məktəbdə müsbət xasiyyətlənməsini, anası Şahid1 uzun müddətdən bəri onkoloji xəstəlikdən əziyyət çəkməsini və mütəmadi müalicə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 28 noyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona cəza təyin edilməməsini xahiş etməsini, Laçın rayonundan məcburi köçkün olmasını, Kikboksinq və Kinq-Fu idman növləri üzrə öz çəki dairəsində dəfələrlə müxtəlif səviyyəli yarışlarda iştirak edərək diplomlarla təltif edilməsini, oxuduğu məktəbdə müsbət xasiyyətlənməsini, anası Şahid1 uzun müddətdən bəri onkoloji xəstəlikdən əziyyət çəkməsini və mütəmadi müalicə olunmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 36 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 16 saat) cəmi 216,00 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə cəmi 216,00 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Məhkəmənin hakimi: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar