Məhkəmə qərarları › İş №1(003)-297/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-297/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-297/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Kəkül oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-146/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 aprel 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 mart 2021-ci il tarixdə təqribən saat 23:30 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu yaşayış məntəqəsində yerləşən Zərərçəkmiş şəxs1 Kəkül oğluna məxsus inşası tamamlanmamış fərdi yaşayış evinə evin arxa pəncərəsini sındıma yolu ilə qanunsuz olaraq daxil olub divardan sökməklə 215 manat dəyərində hər metrəsi 43 qəpik olan mis materialdan 2,5 mm diametrli 500 metr uzunluqda elektrik naqillərini, 260 manat dəyərində hər metrəsi 52 qəpik olan 4 mm diametrli 500 metr uzunluqda elektrik naqillərini, 325 manat dəyərində hər metrəsi 65 qəpik olan 6 mm diametrli 500 metr uzunluqda elektrik naqillərini, 15 manat dəyərində hər birinin dəyəri 1 manat olan 15 ədəd izolyasiya qutusunu, 55 manat dəyərində hər birinin dəyəri 5 manat olan 11 ədəd “Simens” markalı elektrik açarını, 140 manat dəyərində hər metrəsi 35 qəpik olan 400 metr uzunluqda izolyasiya borularını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1010 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Bakı şəhəri Binə qəsəbəsi Hövsan südçülük sovxozu yeni yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus inşası tamamlanmamış fərdi yaşayış evinə evin pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açaraq içəri qanunsuz olaraq daxil olub oradan 200 manat dəyərində hər metrəsi 50 qəpik olan 400 metr uzunluqda 2,5 mm diametrlik elektrik naqillərini, 720 manat dəyərində hər metrəsi 90 qəpik olan 800 metr uzunluqda 4 mm diametrlik elektrik naqillərini, 150 manat dəyərində hər metrəsi 1,5 manat olan 100 metr uzunluğunda qalın qoşa elektrik naqillərini, 1190 manat dəyərində hər birinin dəyəri 35 manat olan 34 ədəd kombi vintinini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2260 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 aprel 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunun ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətindəki anbar kimi istifadə edilən yardımçı binaya açıq qapısından qanunsuz olaraq daxil olub 350 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan 200 amperlik qaynaq aparatını, 250 manat dəyərində 1 ədəd “Vectra” markalı 120 voltluq preparatoru və 70 manat dəyərində 1 ədəd “Bosh” markalı laqonda alətini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 670 manat dəyərində ziyan vurmqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada usta işləyir. 10 mart 2021-ci il tarixdə təxminən saat 23:00 radələrində yaşadığı massivdə yerləşən, əvvəldən tanıdığı Şahid yeni inşa etdirdiyi, lakin istifadə edilməyən evinin yanına gəlmiş, əvvəlcə yan hasardan aşaraq həyətə, oradan isə ikimərtəbəli yaşayış binasının arxa tərəfinə keçmişdir. Orada evin birinci mərtəbəsinin arxaya açılan plastik pəncərələrindən birini əli ilə var gücü ilə basaraq açandan sonra həmin pəncərədən içəri girmişdir. Evin otaqlarını axtarmış, lakin heç bir alət və ya material tapa bilməmişdir. Sonra isə görmüşdür ki, evin bütün divarları boyunca elektrik naqilləri çəkilmiş, üstləri suvanmamış, şəbəkəyə qoşulmamışdır. Ona görə həmin naqilləri oğurlamağı qərara almış, onların hamısını söküb çıxartmış və əvvəlcədən özü ilə apardığı kisəyə yığmışdır. Sonra gəldiyi kimi də hasardan aşaraq küçəyə çıxıb, oradan da xeyli aralıda yeləşən sahibsiz, hər tərəfi daş hasarlı tikinti olmayan həyətə keçmişdir. Oğurladığı naqilləri həmin həyətdə yandıraraq onların qabıqlarını soyub içindəki mis materialdan olan məftilləri toplayıb kisəyə yığdıqdan sonra orada gizlətmişdir. Ertəsi gün onları həmin yerdən götürüb Suraxanı qəsəbəsinə aparmış və orada ünvanını xatırlamadağı metal qəbulu məntəqələrindən birinə 12 manata satmış, əldə etdiyi pulları xərcləmişdir. Bundan təxminən 10 gün sonra, yəni 20 mart 2021-ci il tarixdə günorta vaxtı, təxminən saat 12-13 arası radələrində yenə də tikinti materialları oğurlamaq məqsədi ilə yaşadığı məhəllədən xeyli aralıda yerləşən yaşayış sahəsinə gəlib, oranı gəzib-dolaşaraq oğurluq etmək üçün münasib ev axtararkən qapısı taxta çərçivəyə alınmış nazik ağ dəmirdən olan həyətdə yeni inşa edilən ikimərtəbəli bir ev görmüşdür. Ancaq tikinti hələ başa çatdırılmadığına görə orada yaşayış olmamışdır. Bu evdə hər hansı bir tikinti materialı, yaxud alət olacağını güman etmiş və həyət qapısını əli ilə basaraq bir qədər aralayıb oradan həyətə daxil olmuşdur. Sonra evin giriş qapısının sağ tərəfindəki plastik pəncərəsini yerdən tapdığı dəmir parçası ilə aralayaraq oradan da evin içnə daxil olmuşdur. Evin bayır və iç divarları suvaqlanmış vəziyyətdə imiş, otaqlarda müxtəlif xırda tikinti alətləri və bir ədəd torbaya yığılan kombi vintilləri olmuşdur. Elektrik xəttinin naqilləri suvağın altından rezin boruların içi ilə çəkilmiş və ucları açıqda qalmışdır. O, əvvəlcə naqillərin hamısını əli ilə dartıb çəkərək boruların içindən çıxartmış və onları həmin evdən tapdığı köhnə kisəyə yığmış, sonra torbadakı vintilləri də götürüb evdən gəldiyi kimi çıxmışdır. Bu naqilləri də ilk dəfə oğurladığı naqilləri yandırdığı həyətə aparıb qabıqlarını yandıraraq içindəki mis məftilləri çıxartmışdır. Sonra məftillərlə vintiləri bir torbaya yığmış, Sabunçuu bazarına gedərək vintilləri orada tanımadığı şəxsə 20 manata, misləri isə 10 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən 15-20 gün sonra, 09 aprel 2021-ci il tarixdə saat 23:30 radələrində evindən çıxaraq yaşadığı ərazini gəzib, yaşayış olmayan, oğurluq etmək onun üçün asan olan bir ev axtarmış, həmin vaxt əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 evinin qarşısından keçərkən işıqların yanmadığını görüb evdə heç kimin olmamasını və ya hamının yatmasını düşünmüşdür. Məzahir də onun kimi fəhlə və ustalıq etmiş, son vaxtlar isə alətlərini ustalara kirayəyə verməklə dolanırmış, ona görə də alətlərini həyətində olan, əvvəllər mağaza kimi işlətdiyi, həm küçəyə, həm də həyətə açılan qapıları olan tikilidə saxlayırmış. Tikilinin həyətə açılan qapısı çıxarıldığından, həmişə açıq olurmuş. Ona görə də o, darvazanın üzərindən aşaraq onların həyətinə keçib oradan da həmin tikiliyə girmişdir. Oradan bir ədəd qaynaq aparatını, bir ədəd preparatoru və bir ədəd laqondanı götürüb həmin girişin ağzında olan əl arabasına yükləyərək onları həyət qapısından çıxarıb evlərindən bir qədər aralıda gizlətmişdir. Ertəsi gün səhər saatlarında oğurladığı alətləri tanımadığı taksi ilə Sabunçu bazarına aparıb hamısını orada tanımadığı şəxsə ümumilikdə 300 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bütün oğurluqları tək etmiş, oğurladığı usta alətlərini və elektrik əşyalarını satan zaman həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini onları ondan alan şəxslərə deməmişdir. Törətdiyi əməllərdən peşmançılıq çəkir, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə və onlarla barışıq əldə edə bilməmişdir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Kəkül oğlu göstərdi ki, o, 2000-ci ildə Binə qəsəbəsi Südçülük sovxozu ərazisindən 3 sot torpaq sahəsi almışdır ki, orada ev tiksin, övladları yaşasın. Həmin torpaq sahəsində 2010-cu ildən başlayaraq tikinti işləri aparmağa başlamış və maddi imkanı olduqca hasarı, sonra evi tikmiş, evin damını, pəncərələri və qapını qoymuşdur. Ev tikilib hazır olduqdan sonra o, 2019-cu ildən etibarən evin içinin təmiri ilə məşğul olmuşdur. Evin suvağını başladanda elektrik naqillərini də çəkdirməyə başlamışdır. Bu məqsədlə 2019cu ilin noyabr ayında “Sədərək” TM-nə usta ilə birlikdə gedərək lazımi materialları alıb gətirib Binədə tikdirdiyi həmin evə qoymuş və elektrik naqillərini evin divarlarına çəkdirmiş, evin divarlarının suvanması işini gördürmüşdür. Özü çox vaxt Lerik rayonda olduğu üçün oğlu Cahid Bakıya gələndə gedib Binə qəsəbəsindəki evinə baş çəkirmiş. Sonuncu dəfə Cahid 10 mart 2021-ci il tarixdə həmin evlərinə saat 16 radələrində baş çəkmiş, hər şey qaydasında olmuşdur. 08 aprel 2021-ci il tarixdə saat 18:30 radələrində o, Lerik rayonunda evdə olarkən Cahid onun mobil telefonuna zəng edərək bildirmişdir ki, evin pəncərəsi açıqdır, naməlum şəxs evə girib, elektrik naqillərini divardan söküb oğurlamışdır və həmin gün evə baş çəkməyə gələndə bu hadisəni aşkar etmişdir. O da Cahidə demişdir ki, DİN “102” xidmətinə məlumat versin, o da gəlib polisə ərizə yazacaqdır. 09 aprel 2021-ci il tarixdə səhər tezdən Bakıya yola düşmüş və ilk olaraq Binə qəsəbəsinə gedib tikdiyi evə baxış keçirmiş, sonra isə Xəzər RPİ 3-cü PB-nə gedib ərizə ilə müraciət edərək izahatını vermişdir. Həmin hadisə nəticəsində naməlum şəxs tərəfindən Binə qəsəbəsi Südçülük savxozu ərazisindəki nömrəsiz fərdi yaşayış evinə pəncərədən daxil olmaqla divardan sökülməklə mis materialdan olan 2,5 mm diametrli 500 metr uzunluqda (5 top) hər metrəsi 43 qəpik olan elektrik naqilləri, 4 mm diametrli 500 metr uzunluqda (5 top) hər metrəsi 52 qəpik olan elektrik naqilləri, 6 mm diametrli 500 metr (5 top) uzunluqda hər metrəsi 65 qəpik olan elektrik naqilləri, 15 ədəd hər birinin dəyəri 1 manat olan izolyasiya qutusu, 11 ədəd hər birinin dəyəri 5 manat olan “Simens” markalı elektrik açarı, 400 metr uzunluqda hər metrəsi 35 qəpik olan izolyasiya boruları oğurlanmış və oğurluq nəticəsində ona 1010 (min on) manat dəyərində ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, 2019-cu il tarixdə o Binə qəsəbəsi Südçülük sovxozu ərazisindən 2 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində 2020-ci ilin əvvəllərində tikinti işləri aparmağa başlamışdır. Orada tikilən ev ikimərtəbəlidir, dam örtüyü tamamlanmış, qapı və pəncərələri də yerləşdirilmişdir, lakin həmin evin içində təmir tikinti işləri davam edir. O da tez-tez həmin tikintilərlə maraqlanmaq üçün baş çəkirmiş. Sonuncu dəfə o, 16 mart 2021ci il tarixdə Binə qəsəbəsi Südçülük sovxozuna gələrək tikilən evinə baş çəkmişdir, həmin vaxt hər şey qaydasında olmuşdur. 23 mart 2021-ci il tarixdə yenidən evinə baş çəkdikdə görmüşdür ki, evin 1-ci mərtəbəsində yataq otağının plastik pəncərəsi açıq vəziyyətdədir. Açarla qapını açaraq içəri daxil olduqda görmüşdür ki, evin divarlarına bərkidilmiş elektrik naqilləri 1-ci və 2-ci mərtəbədə naməlum şəxs tərəfindən sökülərək oğurlanmışdır. Dərhal DİN “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Daha sonra o, Xəzər RPİ 3-cü PB-nə gedərək ərizə və izahat yazmışdır. Həmin oğurluq hadisəsi nəticəsində Binə qəsəbəsindəki evindən 2,5 mm diametrlik hər topun dəyəri 50 manat olan 4 top, 400 metr uzunluqda naqillər, 4 mm diametrlik hər topun dəyəri 90 manat olan 8 top cəmi 720 manat dəyərində elektrik naqilləri, 1 top 100 metr uzunluğunda 150 manat dəyərində qalın qoşa elektrik naqilləri, hər birinin dəyəri 35 manat olan 34 ədəd kombi vinti (kollektor) oğurlanmış və hadisə nəticəsində ona 2260 manat dəyərində maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, yaşadığı evinin həyətinin küçəyə baxan hissəsində 2009-cu ildə balaca ərzaq dükanı tikib işlədirmiş, lakin ziyana getdiyi üçün həmin dükanı 2015-ci ildə bağlamışdır. Həmin müddətdən evinin həyətindəki həmin dükanı, saxlanc yeri kimi işlədərək orada usta alətlərini saxlayırmış və bəzən sakinlərdən istəyən olanda alətlərini günlük 10 manatdan icarəyə verirmiş. Təqsirləndirilən şəxs Binə südçülük massivində yaşayan sakin kimi tanıyırmış və dükan işlədən vaxtlarda Teymur ondan bəzən nağd, bəzən də nisyə ərzaq malları alırmış. 09 aprel 2021-ci il tarixdə saat 17 radələrində Teymur onun yaşadığı ünvana gəlmiş və ona preparator lazım olduğunu, kanalizasiya qazma işində işlədiyini bildirmişdir. O da Teymura özünün şəxsiyyət vəsiqəsini vermək şərti ilə verə biləcəyini bildirmişdir. Lakin Teymur şəxsiyyət vəsiqəsinin və telefonunun olmadığını dedikdə, Teymura bu halda preparatorunu ona istifadə etmək üçün verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Teymur çıxıb getmişdir. 10 aprel 2021-ci il tarixdə saat 08 radələrində o, evin həyətindəki həmin saxlanc yerinə gəlib qaynaq aparatını götürmək istədikdə görmüşdür ki, qaynaq aparatı yerində yoxdur və dəqiq baxdıqda görmüşdür ki, 01 ədəd preparatoru və 01 ədəd laqonda aparatı da yerində yoxdur. O, naməlum şəxs tərəfindən usta alətlərinin oğurlanmasını müəyyən etdikdən sonra DİN “102” xidmətinə məlumat vermiş və hadisə yerinə gələn Xəzər RPİ 3-cü PBnin əməkdaşlarına ərizə ilə müraciət etmişdir. Hadisə yerinə baxış keçirilmiş, tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir, həmçinin izahatında da oğurluq hadisəsinin baş verməsini təsdiq etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona məxsus olan naqilləri ilə birlikdə 01 ədəd Türkiyə istehsalı olan 200 amperlik 350 manat dəyərində qaynaq aparatı, 01 ədəd təzə işlənməmiş 250 manat dəyərində olan “Vectra” markalı 120 voltluq preparator və 01 ədəd “Bosh” markalı 70 manat dəyərində laqonda alətləri oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona 670 manat dəyərində maddi ziyan dəymiş, oğurluqda o, Təqsirləndirilən şəxs şübhələndiyini ilkin izahatı alınarkən da bildirmişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, Hövsan qəsəbəsində “Araz market”-də satıcı işləyir. Zərərçəkmiş şəxs1 Kəkül oğlu onun atasıdır və Lerik rayonunda yaşayır. X3 qəsəbəsi Südçülük sovxozu massivindəkı torpaq sahəsində 5-6 ildir ki, maddi imkan olduqca birmərtəbəli kürsülü ev tikdirmişdir. Evin damı tamamlanıb, qapı və pəncərələri yerləşdirilmişdir, qapı həmişə açarla bağlı vəziyyətdə olur. Atası arada Bakıya gələndə imkan olduqca özü həmin evin tikintisi və təmiri ilə məşğul olur, o da atasına köməklik edir. Sonuncu dəfə 10 mart 2021-ci il tarixdə o, atası ilə Binə qəsəbəsindəki həmin evə baş çəkib təmir işləri ilə məşğul olmuşlar və həmin gün atası evin elektrik naqillərini başa çatdırmış, onlar evin qapı və pəncərələrini bağlayıb getmişlər. Növbəti dəfə, 08 aprel 2021-ci il tarixdə saat 19 radələrində o, özü tək Binə qəsəbəsinə gedərək evinə baş çəkdikdə görmüşdür ki, evin arxasında qonaq otağının pəncərəsi açıq vəziyyətdədir. Açarla qapını açıb içəri daxil olduqda görmüşdür ki, elektrik naqilləri sökülərək naməlum şəxs tərəfindən oğurlanmışdır. İlk öncə Lerik rayonunda olan atası Abdullaya zəng edərək bu barədə məlumat vermişdir. Atası Bakıya yola düşəcəyini və onun da polisə məlumat verməyini tapşırdığından, o, DİN “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən sonra o, ilkin olaraq hadisəni aşkar etdiyi üçün ərizə ilə Xəzər RPİ 3-cü PB-nə müraciət etmişdir. Daha sonra isə atası Abdulla axşam 3-cü PBnə çatmış və o da ərizə, izahat yazmışdır. Həmin oğurluq hadisəsi nəticəsində Binə sovxoz massivində yerləşən fərdi yaşayış evlərindən təxminən 1600 manat dəyərində mis materialdan elektrik naqilləri və 15 ədəd plastik materialdan izolyasiya qutusu naməlum şəxs tərəfindən oğurlanmışdır. Nəticədə atası Zərərçəkmiş şəxs1 maddi ziyan dəymişdir, çünki həmin avadanlıqları, naqilləri atası şəxsi vəsaiti hesabına almışdır. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 06 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 19 yanvar 2006-cı il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və 19 iyul 2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi əməlləri etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 17 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 17 aprel 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar