Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-297/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 71 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə təxminən saat 20 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə və tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd «CUBE» markalı 1000 manat dəyərində velosipedi ünvan 2 ünvanının qarşısından gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə və tamah niyəti ilə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 Heyvandarlıq X3 X5 inzibati binasının otağına qapının kilidini sındırma yolu ilə qanunsuz daxil olub oradan qiyməti 110 manat olan bir ədəd su motorunu, qiyməti 135 manat olan bir ədəd otbiçən cihazı, ümumilikdə qiyməti 70 manat olan 50 metr uzunluğunda dördlük elektrik naqilini, qiyməti 45 manat olan bir ədəd kiçik su qızdırıcısını, qiyməti 75 manat olan bir ədəd laqondanı, qiyməti 60 manat olan bir ədəd ağackəsən mişarı, qiyməti 40 manat olan bir ədəd 50 metrlik elektrik uzadıcısını, qiyməti 8 manat olan bir ədəd 3 metrlik elektrik uzadıcısını, ümumilikdə qiyməti 15 manat olan iki ədəd kompüter cihazı olan siçanları, qiyməti 8 manat olan bir ədəd elektron hesablayacısı cihazı, bir ədəd qiyməti 50 manat olan gümüşü, qara rəngli prosessoru və bir ədəd qiyməti 35 manat olan Çin istehsalı, “BENQ” markalı, “Q7T4” model monitoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs olan Zərərçəkmiş şəxs1 Heyvandarlıq X3 X7 cəmi 651 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0, 246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 28 sentyabr 2023-cü il tarixdə saat 14:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 71 ünvanda yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 15:00 radələrində Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0, 246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs1 Heyvandarlıq X3 X7 aid epizod üzrə oğurluq cinayətini törətməmiş, lakin Zərərçəkmiş şəxs2 aid epizod üzrə oğurluq cinayətini o, törətmişdir, həmçinin üzərində narkotik vasitə olmuşdur. Həmin Zərərçəkmiş şəxs1 Heyvandarlıq X3 X7 aid epizod üzrə imza edən zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Psixiatrik Xəstəxanasında stasionar şəkildə müalicə aldığını, həmçinin müalicəyə uyğun olaraq dərman qəbul etdiyini və özündə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, təxminən 2015-ci ildə 1200 avroya «Cube» markalı, 26 ölçülü velosiped almış və mütəmadi olaraq velosiped ilə mağazaya və sair getmişdir. Velosipedi adətən yaşadığı evin həyətində saxlamış, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:30 radələrində velosipedlə yaşadığı evə gedib velosipedi evin həyət darvazasının qarşısında saxlayıb qonşunu çağırıb yaxınlıqda olan dərziyə getmiş, təxminən 20 dəqiqə sonra qayıtdıqda velosipedin yerində olmadığını görmüşdür. Ona görə də o, dərhal zəng vurub bu barədə polisə məlumat vermiş, ətrafı axtarıb tapa bilməmiş, məcbur olub bu haqda ərizə yazıb şikayət etmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmin velosipedi 2015-ci ildə 1200 avroya alsa da indiyə kimi istifadə etməyini nəzərə alınmaqla baş vermiş oğurluq nəticəsində ona 1000 manat dəyərində maddi ziyan dəmişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, oğurluq epizodu ilə bağlı sübut kimi ibtidai istintaq zamanı kamera görüntülərini təqdim etsə də, lakin iş materiallarına sözügedən kamera görüntüsü əlavə edilməmişdir. Bu səbəbdən də həmin görüntülərini məhkəməyə təqdim etdiyini və cinayət işinin materiallarına əlavə edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 Heyvandarlıq X3 X6 işləyir. xx.xx.1923-cü il tarixdə səhər saatlarında Abşeron X7 işə gəlmiş və aşkar etmişdir ki, onların idarəsindən oğurluq olmuşdur. Oğurluq zamanı idarədən dəyəri 110 manat olan su motoru, dəyəri 135 manat olan ot biçən, dəyəri 700 manat olan stol üstü kompyüter dəsti, bir metrinin dəyəri 1,4 manat olan 70 manat dəyərində 50 metr uzunluğunda 4-lük elektrik naqili, dəyəri 45 manat olan su qızdırıcısı, dəyəri 75 manat olan laqunda, dəyəri 60 manat olan laqonda-ağackəsən mişar, dəyəri 40 manat olan 50 metr uzunluğunda udlinitel, dəyəri 8 manat olan 3 metr uzunluğunda udlinitel, hər birinin dəyəri 7,5 manat olan 02 ədəd kompyüter mausu, dəyəri 8 manat olan kalkulator oğurlanmışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğurluq nətiəcsində ona deyil, Zərərçəkmiş şəxs1 Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna 1266 manat maddi ziyan dəymişdir. Oğurluğun hansı şəraitdə baş verməsi barədə heç nə deyə bilməyəcəyini, hadisənin şahidi olmadığını bildirmişdir. Belə ki, xx.xx.1923-cü il tarixdə səhər saatlarında Abşeron X7 işə gəlmiş və idarədən oğurluq olmasını aşkar etmişdir. Oğurluq zamanı idarədən dəyəri 110 manat olan su motoru, dəyəri 135 manat olan ot biçən, dəyəri 700 manat olan stol üstü kompyüter dəsti, bir metrinin dəyəri 1,4 manat olan 70 manat dəyərində 50 metr uzunluğunda 4-lük elektrik naqili, dəyəri 45 manat olan su qızdırıcısı, dəyəri 75 manat olan laqunda, dəyəri 60 manat olan laqonda-ağackəsən mişar, dəyəri 40 manat olan 50 metr uzunluğunda udlinitel, dəyəri 8 manat olan 3 metr uzunluğunda udlinitel, hər birinin dəyəri 7,5 manat olan 02 ədəd kompyüter mausu, dəyəri 8 manat olan kalkulator oğurlanmışdır. Ümumilikdə dəymiş ziyanın 1651 manat olduğunu, həmin ziyandan 85 manat ödənildiyini, yəni stolüstü kompüter və prosessorun qaytarıldığnı, hazırda dəymiş ziyanın ümumi dəyərinin 1566 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş qalan ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 28 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 71 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə 71 ünvanda yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişik. Həmin gün, saat 14:00 radələrində ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra ona yaxınlaşıb özümüzü təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişik və bununla əlaqədar onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişik. O da heç bir etiraz etməyərək bizimlə birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmişik. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Bəşir Bəşirliyə həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Bəşir Bəşirli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Bəşir Bəşirli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq təhqiqatçı Bəşir Bəşirli tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 28 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu Suraxanı körpüsünün yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat qarşılığında şəxsi istifadə məqsədi ilə aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükümdən başqa hər hansı əşya və ya predmet aşkar edilmədi. Həmin 01 ədəd bükülü təhqiqatçı tərəfindən kağız zərfə qoyulmuş, qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 28 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 71 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Təbirz Nəsirov ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə 71 ünvanda yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Həmin gün, saat günorta saatlarında ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bununla əlaqədar onu Xəzər RPİ-nin 1-ci PŞnə dəvət etmişik. Səfər də heç bir etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞyə getmişdir. Bundan sonra hadisə barədə raport yazılaraq məruzə olunmuş və bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Bəşir Bəşirliyə həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Bəşir Bəşirli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq təhqiqatçı Bəşir Bəşirli tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 28 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu Suraxanı körpüsünün yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat qarşılığında şəxsi istifadə məqsədi ilə aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükümdən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin narkotik vasitə kağız zərfə qoyulmuş, qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5118 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respubliası DİN Zərflər üçün № 157” dairəvi möhür əksi olan, “Dadaşov “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6434 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən keçirilmiş ambulator məhkəmə psixiartik müayinənin xx.xx.2023-cü il tarixli 2803 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 noyabr 2023-cü il tarixli 9/8523 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların uzun müddət istifadədə olunması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 85,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş Dadaşov X14 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat cərimə cəzası olmaqla 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya haqqında qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 il 07 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-cı il tarixli amnistiya haqqında qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Bəşir Bəşirli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 28 sentyabr 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00-15:20 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, poliskapitanı Rüstəm İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək təsdiq etmişdir. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd prosessor və bir ədəd monitor iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 20 noyabr 2023-cü il tarxili sübutların qiymətlərndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1ci maddəsinə tövsfi edilmişdir. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci madədləri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı dayandırılaraq Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi Habil Həsənov tərəfindən tərtib edilmiş məktubdan görünür ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində saxlanılaraq AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Raon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan amnistiya aktının tətbiq edilməsi barədə 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi oğurluq hadisəsinin videogörüntülərinin əks olunduğu CD diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və həmin videogörüntülərdə zərərçəkmiş şəxsə məxsus «Cube» markalı, 26 ölçülü velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndiirlən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, şahid ifadələrinə, ekspert rəylərinə, Zərərçəkmiş şəxs2 tərəfindən təqim edilmiş oğurluq hadisəsinin videogörüntülərinin əks olunduğu CD diskə, 30 sentyabr 2023-cü il tarixli götürmə aparılması haqqında protokola, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin törədilməsi tam sübuta yetir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin tərkib əlamətləri vardır və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən etdiyi əməli qismən etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs Q.Mirzəyev həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edilən yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzaya alternativ cəza təyin edilməsi halında cəzanın məqsədinə nail olmaq mümkün olmayacaqdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,206 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 139 (bir yüz otuz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə maddi sübut olan 1 (bir) ədəd prossesor və 1 (bir) ədəd monitorun Zərərçəkmiş şəxs1 Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun X1ytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,206 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 139 (bir yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X8, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd prossesor və 1 (bir) ədəd monitorun Zərərçəkmiş şəxs1 Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun X1ytarılması nəzərə alınsın. Maddi sübut olan 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyimir) manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-297/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-297/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver