Məhkəmə qərarları › İş №1(003)-298/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-298/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-298/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı CÇM-də çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən metadonu qanunsuz olaraq əldə edib özündə saxlayaraq 3 saylı İstintaq Təcridxanasının inzibati ərazisində yerləşən axtarış otağına daşımış, 26 fevral 2021-ci il tarixdə saat 15:50 radələrində 3 saylı İstintaq Təcridxanasının inzibati ərazisində yerləşən axtarış otağında müəssisəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun alt paltarında gizlətdiyi 08 ədəd təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,320 qram olan narkotik vasitə - metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrdən istifadə etdiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, o, 25 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən alır. Təxminən 2020-ci ilin dekabr ayında Bakı şəhəri Nizami rayonu 8-ci km qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manat verərək öz istifadəsi üçün 8 ədəd metadon tableti almış, lakin, o, həmin metadon tabletini həmin vaxt istifadə etməmişdir. 26 fevral 2021-ci il tarixdə barəsində aparılmış cinayət işi üzrə məhkəmə prosesi olmuş, o, məhkəməyə gedərkən alt paltarının cibində özündə olan 8 ədəd metadon tabletini gizlətmişdir ki, ehtiyacı olduqda istifadə etsin. Məhkəmədə ona 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, məhkəmə zalından 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Təcridxanada olarkən baxış otağında hal şahidlərinin və təcridxana əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan alt paltarının cibindən 8 ədəd metadon tableti aşkarlanmış və zərfə qoyularaq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Törətdiyi əməldən peşmandır. Bunun nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən 3 saylı X1 Bölüyünün rəisi vəzifəsində işləyən Şahid1 Uyandur oğlu göstərdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Nizami RPİ MSY-nin əməkdaşları tərəfindən Təcridxanaya təhvil verilmişdir. 26 fevral 2021-ci il tarixdə saat 15:45 radələrində axtarış otağında Əməliyyat Bölüyünün böyük inspektoru ədliyyə baş-leytenantı Namiq Qaraşovun, RNŞ-nin nəzarətçisi ədliyyə baş çavuşu Şahid3, hal şahidləri məhkum Şahid4 və X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən alt paltarında gizlətdiyi 08 ədəd üzərində “M-40” yazıları olan mənşəyi bilinməyən dərman preparatları aşkar olunaraq götürülmüşdür. Həmin dərman preparatları zərfə qoyularaq möhürlənmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 və Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 Uyandur oğlunun göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 3 saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, 26 fevral 2021-ci il tarixdə müəssisədə olarkən əməliyyat bölüyünün əməkdaşları ona yaxınlaşaraq axtarış-baxış otağında axtarış keçiriləcəyini və onu hal şahidi qismində dəvət etdiklərini bildirmişlər. Müəssisəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirəcəklərini bildirmiş və digər hal şahidi məhkum Namiq Şamməmmədovun və müəssisə əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun alt paltarından üzərində “M-40” yazısı olan 08 ədəd dərman pereparatı aşkar edilmişdir. Həmin dərman pereparatları onun və digər iştirakçıların iştirakları ilə zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmış, zərfi iştirakçılar imzalamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 3 saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum X3 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, məhkum Təqsirləndirilən şəxs üzərinə axtarış otağında baxış keçirilərkən alt paltarında gizlətdiyi üzərində “M-40” yazılan mənşəyi məlum olmayan dərman preparatları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 27 fevral 2021-ci il tarixli, 6/827 saylı arayışı ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "...məhkum Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri zərfdəki 7 ədəd dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,280 qram təşkil edir. Qeyd: Metadon həblərinin ümumi sayı – 8 ədəd, tədqiqata sərf edildi – 1 həb, qalıq – 7 həb. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Həmin 08 tabletdə metadonun ilkin tədqiqat zamanı təmiz çəkisi 0,320 qram olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,00 (bir yüz doqquz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 1 aprel 2021-ci il tarixli, 6/1101 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "...məhkum Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri plan zərfdəki 7 ədəd dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,280 qram təşkil edir. Qeyd: Metadon həblərinin ümumi sayı – 7 ədəd, tədqiqata sərf edildi – 1 həb, qalıq – 6 həb. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 22 aprel 2021-ci il tarixli, 1206 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, cinayət işi üzrə əldə olunmuş 08 ədəd metadonun təsir maddəsinin ümumi miqdarı 0,320 qram olan dərman həbləri maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı 06 ədəd metadon dərman həbləri məhkəmənin hökmünə qədər saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 mart 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu əldə edib üzərində saxlayaraq daşıması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayəti etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməlini törətdiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırda çəkdiyinə görə barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 06 ədəd metadon dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 191,72 (bir yüz doxsan bir, yetmiş iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 26 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırda çəkdiyinə görə barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 06 ədəd narkotik vasitə metadon dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəmi 191,72 (bir yüz doxsan bir, yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar