Məhkəmə qərarları › İş №1(003)-298/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-298/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-298/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1-də qeydiyyatda olan, barəsində “həbs” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış sahəsində 30.000 (otuz min) manat müqabilində ev satmaq adı ilə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə Zərərçəkmiş şəxs2 ilk əvvəl xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi ərazisində 1000 (bir min) manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər, yəni 6 ay ərzində Zərərçəkmiş şəxs2 etibar edib ona verdiyi Beynəlxalq Banka məxsus maaş kartından hər ay 500 manat çıxarmaqla ümumilikdə 3.000 (üç min) manat, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, yəni 7 ay ərzində hər ay 300 manat olmaqla ümumilikdə 2100 (iki min yüz) manat, sonuncu dəfə isə 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi ərazisində 1000 (bir min) manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 7.100 (yeddi min yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq tanışı Zərərçəkmiş şəxs1 Rüstəmoviçin etibarından sui-istifadə etməklə ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 15.000 (on beş min) manat müqabilində 5.5 sot torpaq sahəsi satmaq adı ilə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə Zərərçəkmiş şəxs1 ilk əvvəl 2021-ci ilin aprel ayında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən bağlar sahəsində 4.000 (dörd min) manat, 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayına qədər, yəni növbəti 5 ay ərzində sonuncu pulu Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən bağlar sahəsində almaqla hissə-hissə hər ay 1.000 (bir min) manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Rüstəmoviçə ümumilikdə 9.000 (doqquz min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2 il bundan əvvəl Həsən adlı şəxs ona yaxınlaşaraq ev almaq istədiyini bildirmişdir. O, Həsənə Zirə qəsəbəsində 25.000 manata ev verə biləcəyini bildirmişdir. Həsən pulunu yalnız hissə-hissə verə biləcəyini demişdir. Həmin evin tikinti işləri yeni başladığı üçün o razılaşmışdır. Həsən təxminən 2018-ci ilin əvvəllərində işlədiyi kafedə ona 1.000 manat pul vermişdir. Həmin evin tikinti işləri qurtardıqda Həsən evə baxdıqda evin balaca olduğunu və ona böyük ev lazım olduğu bildirmişdir. Həsən ona hissə-hissə 6.200 manat pul vermişdir. O Həsənə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 3 otaqlı ev tapıb göstərmişdir. Lakin evin 30.000 manat qiyməti olduğunu, Həsən 1 aya 10.000 manat, yerdə qalanı isə hissə-hissə verə biləcəyini bildirmişdir. Həsən razılaşaraq həmin evə yığışmışdır. Ay yarım keçdikdən sonra Həsən evə görə pul verməmiş və o da Həsəni evdən çıxarmışdır. Eyni zamanda Həsənə başqa bir 25.000 manatlıq ev verə biləcəyini demişdir. Həsən əvvəl razılaşmış, sonra isə pulunun olmadığını və ona verdiyi pulları geri istədiyini bildirmişdir. O isə Həsənə pulunu hissə-hissə qaytara biləcəyini demişdir. Çünki Həsən həmin pulu ona hissə-hissə vermişdir. Bundan başqa bildirmişdir ki, Həsən ay yarım həmin evdə qalmış, onların razılaşması belə olmuşdur ki, ilk əvvəldən Həsən ondan başqa ev istəmiş, ona 1.000 manat vermiş, sonra ona maaş kartını vermişdir. Həsənin maaşı 800 manat olmuş, o hər ay Həsənin kartından 800 manat çəkmiş, 500 manatı özünə götürmüş, 300 manatını ona gəmi vasitəsi ilə adaya işlədiyi yerə göndərmişdir. 3 ay bu formada çıxardandan sonra kartı özünə göndərmişdir. Sonra onu işdən çıxartmışlar. Həmin vaxta qədər ondan 3.500 manata yaxın pul almışdır. Bundan sonra Həsəndən ümumilkdə 6.500 manat almışdır. Həsən isə 500 manata ona öz gətirdiyi, 1 ədəd soyuducu, bir ədəd kreslo, bir ədəd taxt, bir ədəd masanı satmış, həmin əşyaların hamısı köhnə və işlənmiş olmuşdur. Beləliklə Həsən ona 7.000 manat vermişdir. Həsən onun Tikdiyi evi bəyənməmiş, ona demişdir ki, oğluna toy edəcək, bu ev gec tikilib qurtaracaq bu səbəbdən də ondan hazır ev istəmişdir. Bundan sonra o Anara tikib verdiyi evi Həsənə təklif etmişdir. Anar həmin evi ondan kreditlə almışdır. Anarın ona borcu qalmışdır. Həsənlə danışıb həmin evi ona göstərmiş, Həsən evi bəyənmiş, o həmin evə görə Həsəndən əlavə 10.000 manat istəmişdir ki, Anarın 10.000 manatını qaytarsın, qalan pulu isə Anara hissə-hissə qaytarsın. Belə ki, Anar ona həmin evə görə 18.000 manat vermişdir. Onlar Anarla razılaşmışlar ki, o Anara 10.000 manat versin, qalan pulu isə hissə-hissə verəcəkdir. Bundan sonra Həsən onunla razılaşmış və bir aya 10.000 manatı verəcəyini demişdir. Lakin Həsən iki aya yaxın həmin evdə qalmış və 10.000 manatı verməmişdir. Bundan sonra Anar ondan pulunu tələb etmiş, o Həsənin pulu vermədiyini demişdir. Həmin vaxt Anar özü pulun qalan hissəsini ödəyəcəyini deyib Həsənə evi satmayacağını bildirmişdir. Bundan sonra o Anarla birlikdə həmin evə gəlmiş, həmin vaxt Həsənə zəng etmişlər, Həsən telefona cavab verməmişdir. Onlar bir neçə gün Həsənə zəng etsələr də Həsən cavab verməmiş, o Həsənin adada olduğunu fikirləşmişdir. Lakin sonra qonşu ilə danışıb Həsəni qonşudan soruşmuş, qonşu Həsənin sərxoş vəziyyətdə həyətdə yatdığını demişdir. Bundan sonra Anarla birlikdə evə gəlib Həsənin sərxoş vəziyətdə həyətdə qohumu ilə birlikdə yatdığını görmüş və Həsəni evdən çıxartmışlar. Hazırda ondan aldığı 7000 manata görə ümumilkdə 1.000 manat qaytamışdır. Bundan sonra Həsən onun başqa satışda evinin olduğunu bilmiş, həmin ev 2 otaqlı olmuş, o evi 25.000 manata satmaq niyyətində olmuşdur. Həsən ona demişdir ki, verdiyi 7.000 manatdan 500 manatını qaytardığı üçün qalan 6.500 manatı 25.000 manatdan çıxsın, iki otaqlı evi təmir eləyib Həsənə versin, evi Həsənə verən zaman 3.000 manat ona pul verəcək, o həmin evi təmir elətdirməyə başlamış, təxminən iki aya yaxın vaxt getmiş, o Həsəni çağırıb evə baxmağını demiş, Həsən isə artıq ev istəmədiyini və pulunu geri almaq istədiyini demişdir. O həmin evin təmirinə və tikilməyinə 15.000 manat pul qoymuşdur. Lakin, Həsən evi istəməmiş və ona demişdir ki, pulunu qaytarsın. Bundan başqa, Zərərçəkmiş şəxs1 o, çoxdan tanımışdır. Belə ki, o özü şəhərdə yaşasa da, arada bir yay aylarında Zirə qəsəbəsində yerləşən bağ evinə gəlmişdir. 2021-ci ilin aprel ayında o Renatla söhbət edərkən Renat ona bildirmişdir ki, Zirə qəsəbəsindəki bağ evinin qonşuluğundan torpaq sahəsi almaq istəyir. O da öz evinin yanında yerləşən və içərisində tam tikilməmiş ev olan 5.5 sot torpaq sahəsini ona sata biləcəyini demişdir. Ümumilikdə Renatla 15.000 manata razılaşmışdır. Renat ona 2021-ci ilin aprel ayında ilk dəfə 4000 manat pul vermişdir. Daha sonra növbəti 5 ay ərzində hər ay 1.000 manat olmaqla ümumilikdə 5.000 manat pul vermişdir. Həmin torpaq sahəsi onun olsa da Xəzər RİH-nin sərəncamı ilə X3 məxsus olmuşdur. Belə ki, o həmin torpaq sahəsini təxminən 4 il bundan qabaq 3.000 manat müqabilində Bahadurdan almışdır. Bahadır da ona etibarnamə vermişdir. O Renata həmin sərəncamı verərək bildirmişdir ki, torpaq sahəsini öz adına sənədləşdirə bilərsə gedib sənədləşdirsin. Renat da öz adına sənədləşdirəcəyini demişdir. Lakin daha sonra Renat sənədləşdirə bilməmiş və verdiyi pulu ondan geri qaytarmağını tələb etmişdir. O isə Renata hissə-hissə pulu qaytaracağına söz vermişdir. Hazırda da Renatın ona verdiyi 9.000 manat pul qardaşı tərəfindən ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 2018-ci ilin yanvar ayında Xəzər rayonunun Zirə qəsəbəsində ev tikintisi ilə məşğul olan X5 (əlaqə tel: 055/*** *** ** **) adlı şəxslə ona 30.000 manata ev satması üçün razılaşmışlar və həmin evin pulunu hissə-hissə ona 7 il müddətinə ödəyəcəkdi. Bunun üçün Samilə ilkin olaraq xx.xx.2018-ci ildə 1000 (bir min) manat ödəniş etmiş və sonra da öz maaş kartını ona vermişdir ki, aylıq əmək haqqını götürərək evin pulundan çıxsın. O Samilə ilkin ödəniş kimi 1000 manat pul verdikdən sonra, Samil onun maaş kartından xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər aylıq 500 manat məbləğində əmək haqqını çıxarmışdır. 2018-ci ilin iyun ayında işdən çıxdığı üçün Samilə məxsus olan Zirə qəsəbəsindəki kafedə maaş kartını ondan geri almışdır. Samilə bildirmişdir ki, işdən çıxmış, aylıq 500 manat yox, 300 manat ona ödəyə bilər. Daha sonra o Samilə aylıq 300 manat ödəməyə razılaşmışdır. Belə ki, o Samilə 2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər olan müddətdə yəni, 7 ay ərzində 300 manat pul ödəmişdir. Samil məni arxayın etmişdir ki, narahat olmasın. O da Masallı rayonunun Təklə kəndinə gedərək şəxsi əşyalarını gətirib Samilin göstərdiyi müvəqqəti 1 otaqlı evə yığmışdır. Bir qədər gözləmişdir ki, Samil vəd etdiyi üç otaqlı evi təmir edib ona verəcək, ancaq evin tikintisi gecikmişdir. O Samilə demişdir ki, oğlu nişanlıdır, gəlin gətirəsidir, heç olmasa ona hazır iki otaqlı ev versin. Samil də ona bildirmişdir ki, əlavə də 1000 manat pul vermək lazımdır. O da Samillə razılaşıb sonuncu dəfə 2019-cu ilin may ayının əvvəllərində Samilə Zirə qəsəbəsindəki kafesində 1000 manat pul vermişdir. Samil də ona xx.xx.2019-cu ildə hazır 3 otaqlı həyət evi vermiş, o da ailə üzvləri ilə o evə köçərək həyət-bacada abadlıq işləri aparmışlar ki, toya hazırlaşsınlar. Bunun üçün evə 400 manat da xərc çəkmişdir. Əşyaları isə yaxınlıqdakı 1 otaqlı evdə qalmışdır. 10 gün həmin evdə yaşadıqdan sonra xx.xx.2019-cu ildə, təxminən saat 20 radələrində qapı döyülmüş və o qonşu hesab edib qapını açmışdır. Qarşısında 6 nəfər şəxsi görmüşdür. Onlar ona sual vermişlər ki, “sən burada kirayədə qalırsan?” O da demişdir ki, Samil adlı şəxsdən bu evi 7500 manata almışdır. Həmin şəxslər bildirmişlər ki, “evi təcili boşaltmalısan, bu ev bizimdir, problemini Samillə həll edərsən.” Samilə bu barədə bildirdikdə Samil ona narahat olmamağını bildirmişdir. Anarın qaynanasının evə görə problem yaratdığı üçün həmin evdə yaşamağın mümkün olmadığını və ona başqa yerdə ev verəcəyini bildirmişdir. Lakin bu günə kimi Samil ona nə başqa yerdən ev verib, nə də ki, pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rüstəmoviç bildirdi ki, Təqsirləndirilən şəxs o təxminən 1 il olar ki tanımışdır. Belə ki, Samil onun Zirədəki bağ evinin yanında yaşamışdır. 2021-ci ilin aprel ayında Zirə qəsəbəsində həmin Samil adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Samil ona bildirmişdir ki, Zirədə bağ sahəsində onun torpaq yeri var və satmaq istəyir. O Samillə birlikdə həmin bağ sahəsinə baxmış və və belə razılaşmışlar ki, 5,5 sot torpaq sahəsini ona 15.000 manata sata bilər. Samil həmin torpaq sahəsinə dair ona hüquqi sənəd verəcəyini bildirmiş və o da Samilə inanaraq razılaşmışdır. Bununla bağlı olaraq 2021-ci ilin aprel ayında ilk dəfə Samil adlı şəxsə Xəzər rayonu, Zirə qəsəbəsi bağlar sahəsində 4.000 manat pul vermişdir. Sonradan 5 ay ərzində, yəni 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində hər ay ona 1000 manat pul vermişdir. Sonuncu pulu o Samilə 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən bağlar sahəsində vermişdir. Beləliklə də o Samilə ümumilikdə 9.000 manat pul vermişdir. O pulları Samilə verdikdən sonra həmin Samil adlı şəxs ona başqa bir vətəndaşın adına olan Əzizbəyov RİH-nin köhnə bir sərəncamını vermişdir. O həmin sərəncamı Xəzər RİH-də yoxlatdıran zaman ona bildirilmişdir ki, bu sənəd başqa bir şəxsə aiddir və artıq qüvvədən düşmüşdür. Daha sonra o Samillə əlaqə saxlayıb bu barədə danışmışdır. Samil ona bildirmişdir ki, başqa sənəd düzəldib ona verəcəkdir. Daha sonra o Samilə bir neçə dəfə zəng etsə də Samil onun telefonuna cavab verməmişdir. O Samillə sonuncu dəfə 14 oktyabr 2021-ci il tarixdə əlaqə yaratmağa cəhd etmişdir. Samilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsində öz maaş kartının şəklini atmışdır ki, pulunu göndərsin. Lakin Samil ona cavab yazmamışdır. Bundan sonra o anlamışdır ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək onun etibarından sui-istifadə edib 9.000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, təxminən 6- 7 il bundan əvvəl Samil adlı şəxsdən Xəzər rayonu, Zirə qəsəbəsində 04 ha torpaq sahəsi olan üç otaqlı evi almışdır. Həmin evi ümumilkdə 35.000 manata razılaşmışlar. Həmin evə görə ilkin ödəniş 3.500 manat, qalan pulunu isə hissə-hissə vermişdir, hazırda həmin evə görə Samilə hər hansı bir borcu olmamışdır. Təxminən 2019-cu ilin may ayında o Samilə evə görə aylıq pul verə bilməmiş, işləri dayanmış, bu səbəbdən də o Samildən normal adam tapıb evi satmağı təklif etmiş və ilkin ödəniş 10.000-15.000 manat istəmişdir. Bundan bir müddət sonra Samil evə müştəri tapdığını demişdir. Samil özü evi Həsən adlı şəxsə satdığını demiş və bir ay sonra ona 10.000 manat verəcəyini demişdir. Lakin bir ay sonra Samil ona pulu verməmiş, o Samildən pulu istəmiş və evə gedərək evi alan şəxslə tanış olmaq istəmişdir. Samil dəfələrlə onun yanında həmin şəxsə zəng eləsə də həmin şəxs telefona cavab verməmişdir. Bundan sonra xatırlamadığı tarixdə o Samillə birlikdə həmin evə getmiş, Həsənlə yanında bir nəfər şəxsin sərxoş vəziyyətdə həyətdə yatdığını görmüşlər. O evə daxil olmuş, evin çirkab vəziyyətdə olduğunu görmüş və onları evdən çıxarmışdır. Bundan sonra Samillə Həsənin arasında olan söhbətlərdən məlumatı olmamışdır. Hazırda həmin evi tanışı Şahid2 kirayə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadələr verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən bir neçə aydır ki, Şahid1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahə adlanan ərazidə yerləşən üç otaqlı evdə kirayə yaşayır. O həmin evin sahibi kimi Anarı tanımışdır. Həmin evdə ailəsi ilə birlikdə kirayə yaşamışdır. Onun kirayə yaşadığı evlə əlaqədar baş verən hər hansı hadisədən məlumatı yoxdur. O kirayə yaşayıb aylıq Anara 100 manat pul və kommunal xərcləri ödəmişdir. Ondan əvvəl həmin evdə yaşayan şəxslə Anarın arasında baş vermiş hadiəsədən məlumatı olmamışdır. Samil adlı şəxsi qəsəbə sakini kimi tanımış və Samillə heç bir münasibəti olmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 188-ci maddəsi ilə təqsirli bilinərək, barəsində aylıq qazancının 15 %-i tutulmaqla 06 ay müddətində islah işləri cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 188-ci maddəsi ilə təqsirli bilinərək, barəsində aylıq qazancının 20 %-i tutulmaqla 07 ay müddətində islah işləri cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 1.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 2000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 08 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.4-cü maddəsinə əsasən təyin edilmiş 2000 manat cərimə cəzası Dövlət ittihamçısı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə barəsində axtarış elan edilərək cinayət təqibi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Hövsan qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünr ki, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən ********* cinayət işi üzrə icraat təzələnərək yenidən ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan 09 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 09 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-si tərəfindən verilmiş 056-14231 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Rüstəmoviç məhkəməyə ünvanladığı notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxlərsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla təkrarən törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 18 (on səkkiz) gün müddət, ümumilikdə 02 (iki) ay 20 (iyirmi) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar