Məhkəmə qərarları › İş №1(003)-298/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-298/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-298/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, Hüseyn Cavid küçəsi, ev 12-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov küçəsi, ev 151-də yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 0,336 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 10 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq massivinə kimi daşımış, həmin gün orada saat 03:30-da piyada hərəkətdə olarkən Xəzər RPİ-nin PPXBnin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına aparılmış, həmin gün saat 04:45-də Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,336 qram olan kütləsi kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində ittiham olunduğu əməlin törədilməsində özünü təqsirli bilməyərək bildirdi ki, psixotrop maddə istfadəçisi deyil. 10 yanvar 2025-ci il tarixdə 4 nəfər dostu olmaqla, cəmi 5 nəfər olmuşlar. Həmin gün xalası oğlu ilə yeyib-içdikdən sonra “nəşə” adlanan narkotik vasitədən istifadə etmişdir. Sonra gecə 03-04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Binə Atçılıq massivində maşında olarkən polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılmışdır. Üzərinə baxış keçirilmiş və heç bir narkotik vasitə tapılmamışdır. Polis şöbəsində olan zaman ona psixoloji təzyiqlər edilmiş və üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı əynində olan qara şalvarın sağ yan cibindən içərisində psixotrop maddə olan 01 ədəd bükümü təqdim etməsini tələb etmişlər. Həmin vaxt təzyiqlər nəticəsində psixotrop maddəni üzərində saxlayaraq gəzdirməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nin polis nəfəri X6 ifadəsində bildirmişdir ki, 10 yanvar 2025-ci il tarixdə iş yoldaşı Xəzər RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə 6355 çağırışlı avtopatrulla inzibati ərazidə xidmətdə olduqları zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” adlanan yeni yaşayış massivində yerləşən "Rahat” marketin yaxınlığında olan qaranlıq küçələrin birində təxminən saat 03:30-da “prius” markalı avtomobili saxlamışlar. Avtomobilin içərisində 5 nəfər şəxsin olduğunu görmüşlər və avtomaşınla yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər onları gördükdə özlərini şübhəli aparmışlar. Həmin şəxslər suallarına doğrudüzgün cavab vermədikləri üçün onlar həmin şəxslərin narkotik vasitələrin təsiri altında olduqlarını zənn edib onları 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxsdur. Daha sonra qeyd edilən şəxslərin hamısının üzərlərinə ayrı-ayrılıqda şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Həmçinin digər şəxslərdən X11, X7 və X5 üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmasa da X8 da üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs hər-hansı fiziki və ya psixoloji təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 verdiyi ifadəsində şahid X4 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 qeyd etdi ki, Seymur onun xalası oğludur. xx.xx.2025-ci il tarixində, gecə saatlarında iş yoldaşları ilə yeyib-içdikdən sonra maşınla şəhəri gəzməyə çıxmışlar. Həmin vaxt o, Baxış, Seymur və iki nəfər digər tanışları ilə olmuşlar. Gecə 03 radələrində, Xəzər rayonu, Binə atçılıq ərazisində polis əməkdaşları onları saxlamışlar. Orada üzərilərinə baxmışlar, lakin heçbir qanunsuz əşya tapmamışlar. Daha sonra polislər onları 2-ci Polis Şöbəsinə aparmışlar. Heç kimin üzərindən qanunsuz əşya aşkar edilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsində Seymurun və Baxışın üzərindən metamfetamin aşkar olunması barədə verdiyi ifadəsi ilə indiki ifadəsi arasında olan ziddiyəti izah edə bilmir. Həmin vaxtı həyacanlı olduğundan hadisələri dəqiq xatırlaya və təsvir edə bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X14 qeyd etdi ki, Təqsirləndirilən şəxs ilə bir müddət eyni evdə qalmışlar. xx.xx.2025-ci il tarixində o, Əhməd, Seymur, Murad və Vüsal görüşmüşlər. Yeyib-içdikdən sonra maşınla gəzməyə çıxmışlar. Xəzər rayonu, Binə atçılıq ərazisində polis əməkdaşları onları saxlamışlar. Həmin vaxtı üzərində narkotik vasitə olmuş və onu maşının oturacağının altına atmışdır. Polis əməkdaşları həmin narkotiki tapdıqda o, həmin narkotik vasitənin ona məxsus olduğunu demişdir. Ondan başqa heç kimdən heçnə tapılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 03:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuşdur. Protokol Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Anar Rüstəmov tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, Şəxsi axtarış, baxış və götürmə aparılmazdan əvvəl üzərində axtarış aparılan şübhəli şəxs vətəndaş Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “İnfiniks Note 30” markalı mobil telefonu və 01 ədəd Kapital banka məxsus bank kartını, əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş maddə barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin bükülünü xx.xx.2025-ci il tarixdə gündüz saatlarında Abşeron rayonu, Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmet və sənədlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in zərflər üçün 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi B.Səfərov tərəfindən də imzalanmışdır. Protokol iştirakçılara oxunmuş və heç bir şikayət, qeyd və ya təklif olmamışdır; - Məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/111 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir; - 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi O.Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134,29.150.1, 32.3,150.2.1, 150.2.4, 150.2.5, 182.2.1, 182.2., 182.2.3, 228.2.1, 274, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 333.6, 338.1, 338.2, 32.5,341.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmidir. Gəncə Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarına əsasən Gəncə Hərbi Məhkəməsinin hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunun uyğunlaşdırılaraq xx.xx.2018-ci il tarixli hökmündən 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 33.6, 338.1 maddələri xaric edilmiş və cəza 14 il 06 aya endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli 3875 saylı ƏFV sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir; - 23 yanvar 2025-ci il tarixli Diskə Baxış keçirilməsi haqqında diskin içərisində 03 dəqiqə 20 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısının sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Şəxsi axtarış, baxış və götürmə aparılmazdan əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olubolmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “İnfiniks Note 30” markalı mobil telefonu və 01 ədəd Kapital banka məxsus bank kartını, əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Aşkar olunmuş maddə barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin bükülünü xx.xx.2025-ci il tarixdə gündüz saatlarında Abşeron rayonu, Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirir. Daha sonra şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmet və sənədlər aşkar edilmir. Bundan başqa şəxsi axtarışda iştirak edən müdafiəçi şübhəli şəxsə üzərindən aşkar olunmuş bükümün özünə məxsus olub olmadığını və ona qarşı hər hansı bir təzyiq olub-olmadığını soruşanda şübhəli şəxs aşkar olunmuş bükümün özünə məxsus olduğunu və heç bir zor və təzyiqə məruz qalmadığını bildirir. Bundan sonra aşkar olunaraq götürülmüş 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in zərflər üçün 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür; -Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1089 nömrəli rəyində göstərilmişdi ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,336 qram olan psixotopr maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğunun (Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli 3875 saylı ƏFV sərəncamına əsasən əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş) ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,286 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 81 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,286 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saat vaxta görə 154 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar