Məhkəmə qərarları › İş №1(003)-299/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-299/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-299/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Xəzər rayonu Sağan qəsəbəsi Buzovna yolunun kənarında yerləşməklə X4 işlətdiyi avtomobil təmiri sexinə çağırtdırıb gətirən həmin sexin anbardarı Zərərçəkmiş şəxs ona sexdə olan A.Əsgərova məxsus avtomobil ehtiyat hissələrini icazəsiz götürüb aparmasını irad tutub onunla kobud danışmasını cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxslə aralarında əvvəlcə həmin sexin dəhlizində yaratdığı mübahisə zəminində o, qəsdən qisas almaq məqsədilə həmin sexin giriş qapısının qarşısında ictimai yer olan küçədə mübahisəni davam etdirərək Zərərçəkmiş şəxs söyüb təhqir etməklə ani olaraq onun qarın nahiyyəsindən bir dəfə ayağı ilə zərbə vuraraq digər şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək zor tətbiq edib Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan qarnının ön divarının fluktasiyaedici hematoması və yumşaq toxumalarının əzilməsi ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan şəxsdən zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların döyüş sursatı olmaqla təyinatı üzrə istifadəyə və atəş üçün yararlı olan 03 ədəd ştat patronlarını əldə edib əynindəki boz rəngli cins şalvarın sağ diz cibində qara rəngli sellofana bükülmüş qara rəngli dəridən hazırlanmış düyməli güzdanın içərisində gizlədərək üzərində gəzdirməklə 26 noyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Xəzər RPİ-nin inzibati binasına daşımış, həmin gün orada digər cinayət işi üzrə şübhəli şəxs qismində dindirildikdən sonra saat 17:10 radələrində təhvil verildiyi Xəzər RPİ-nin MSY-də növbətçi polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilib yoxlanılan zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ diz cibində qara rəngli sellofana bükülmüş qara rəngli dəridən hazırlanmış düyməli güzdanın içərisində gizlədərək üzərində gəzdirməklə saxladığı həmin zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların döyüş sursatı olmaqla təyinatı üzrə istifadəyə və atəş üçün yararlı olan 03 ədəd ştat patronları aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, maşın ustası kimi fəaliyyət göstərir. Azər Əsgərova məxsus avtomobil salonunda antikvar maşınların təmiri ilə məşğul olmuşdur. İşinə daimi olaraq məsuliyyətlə yanaşmışdır. Sonradan Azərin onun işindən narazı qaldığını eşitmişdir. Bu səbəbdən də Azərlə görüşmək istəmiş, lakin sonuncunun vaxtı olmadığından görüşə bilməmişdir. xx.xx.2025-ci il tarixində Azərin işçisi Müslüm ona zəng edərək bir gün sonra Azərlə görüşmək üçün sonuncuya məxsus olan, Buzovna qəsəbəsində yerləşən avtomobil sexinə çağırmışdır. xx.xx.2025-ci il tarixində, saat 11 radələrində o, həmin sexə getmiş və Müslümə gəldiyini bildirərək Azər gəldikdə onu çağırmasını istəmişdir. Sonra servisin direktoru olan Fariz onu içəri dəvətetmiş, lakin o, getmək istəməmişdir. Farizin təkidindən sonra o, içəri girməyə razılaşmışdır. İçəridə olan zaman Sahib ona yaxnlaşaraq avtomobilin uca səslə avtomobil detallarını qaytarmasını istəmişd, o, isə sonuncuya cavab verməli olmadığını demişdir. Daha sonra mübahisə olmasın deyə o, çölə çıxaraq avtomobilinə əyləşmişdir. Bu zaman Sahib onun maşınına yaxınlaşaraq şüşəsini bərkdən vurmağa başlamış və onun çölə çıxmasını tələb etmişdir. Sonra ora polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman onun paltarlarını yoxlamışlar. Üzü divara tərəf olduğundan yoxlamanı görməmişdir. Sonra polsi əməkdaşlaraı qara dəri qabda nə olduğunu və kimə məxsus olduğunu soruşmuşlar. O, isə həmin qabın onun qulaqcıqlarının qabı olduğunu zənn etmişdir. Diqqətlə baxdıqda həmin qabın başqa əşya olduğunu bilmişdir. Polis əməkdaşları həmin qabın onun şalvarının diz cibindən çıxdığını bildirmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Müslüm və digərləri avtomobil salonunda işləyirlər. Rəsul həmin salonda olan bir neçə avtomobili təmir etmişdir. O, anbardar olduğundan Rəsuldan çatışmayan avtomobil detallarının yerini soruşmuşdur. Bu zaman Rəsul ona cavab verməyəcəyini demiş, bu səbəbdəndə aralarında sözlü mübahisə yaranmışdır. Sonra Rəsul bayıra tərəf getdikdə o, yenidən Rəsuldan suala cavab verməsini istəmişdir. Bu zaman Rəsul 1 dəfə onun qarın nahiyyəsinə təpiklə zərbə vurmuşdur. Orada olan digər işçilər onları aralamış, Rəsul isə çölə çıxaraq avtomobilinə əyləşmişdir. Bu səbəbdən də DİN-nin “102” xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş və sonuncu ilə barışmışdır. Məhkəmə iclasında iştirak etmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, Rəsulu avtomobil ustası kimi tanımışdır. xx.xx.2024- cü il tarixdə saat 11 radələrində Rəsul Buzovna yolunda yerləşən sexə gəlmişdir. Bu zaman Sahib ona yaxınlaşıb salamlaşmış və icazəsiz olaraq maşın ehtiyyat hissələrini niyə götürdüyünü soruşmuşdur. Rəsul isə suala cavab vermək məcburiyyətində olmadığını demişdir. Bu səbəbdən onların aralarında sözlə mübahisə düşmüdür. Mübahisə zamanı Rəsul bildirmişdir ki, Sahiblə danışmaq istəmir, ancaq onunla dava edə bilər və döyər. Onların arasında mübahisə daha da ciddiləşmiş və Rəsul mübahisə zamanı Sahib ilə kobud danışmağa başlamışdır. Onlar arasında başlayan mübahisə artıq digər işçilərin də diqqətini cəlb etməyə başlamışdır. Rəsul sexdən çıxıb bir neçə addım atandan sonra Sahib ona yaxınlaşmış və hansı səbəbə oğurluq etməsini soruşmuşdur. Bu vaxt Rəsul ucadan nalayiq ifadələr işlədərək Sahibin qarın nahiyyəsindən ayaqla zərbə endirmişdir. Sonra Rəsul oradan çıxıb avtomobilə əyləşmişdir. Məhkəmə iclasında digər şahid Xəzər RPİ-nin MSY-nin polis nəfəri Şahid3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Xəzər RPİ-nin İŞ-nin baş müstəntiq, polis mayoru Məmməd Cəfərov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsi ilə şübhəli şəxs qismində tutulub X10 təhvil verilən Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş X7 X9 əsasən üzərinə xüsusi ayrılmış otaqda onun və digər əməkdaş X2 tərəfindən yoxlama keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs məxsus boz rəngli cins şalvarın sağ diz cibindən qara rəngli sellofana bükülmüş qara rəngli dəridən hazırlanan düyməli cüzdanın içərisindən 3 ədəd patron aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində şahid Xəzər RPİ-nin MSY-nin polis nəfəri X3 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xuliqanlıq cinayəti üzrə hadisə yeri olan yerə, yəni Bakı şəhəri, Xəzər ryonu, Şağan qəsəbəsi, Buzovna yolunda yerləşən A.Əsgərova məxsus sexin qarşısında olan əraziyə baxış keçirilmişdir; - Tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, tutulmuş şəxs Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilən zaman 03 ədəd sarı rəngli 9 mm-lik tapança gülləsi aşkar edilmişdir; - Xəzər RPİ-nin MSY-nin polis nəfəri Şahid3 və Xəzər RPİ-nin MSY-nin polis nəfəri X3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, üşləşdirmə zamanı zamanı ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq edərək bildirmişlər ki, tərəflərindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilib yoxlanılan zaman sonuncunun əynindəki boz rəngli cins şalvarın sağ diz cibindən qara rəngli sellofana bükülmüş qara rəngli dəridən hazırlanmış düyməli güzdanın içərisində 03 ədəd patron aşkar olunaraq götürülmüşdür; - Məhkəmə-ballistik ekspertizasının 27 noyabr 2024-cü il tarixli 24/1733 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Ekspertiza zamanı 01 ədəd atılmış patronun 01 ədəd gülləsi və 01 ədəd gilizi geri qaytarılmışdır; - Məhkəmə-tibbi ekspertizasının 28 noyabr 2024-cü il tarixli 1438 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarnın ön divarının fluktasivaedici hematoması və yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən hesablanmaqla 03 ay 23 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir; - Xəzər ryon prokurorunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur; - xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, Quliyev X8 rayonu, Masazır kəndi, “Park Solero” yaşayış kompleksi, ev 12, məzil 4-də yaşayır Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CMnin 59.1.13), zərərçəkmiş şəxslə barışmasını (CM-nin 59.1.12), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1, 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq cəza təyin edilməli, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 02 ədəd 9x18 kalibrli patron, 01 ədəd ekspertiza zamanı atılmış patronun 01 ədəd gilizi və 01 ədəd gülləsi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək və həmin tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 03 (üç) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablansın və üzərində 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut kimi tanınmış 02 ədəd 9x18 kalibrli patron, ekspertiza zamanı atılmış 01 ədəd patronun 01 ədəd gilizi və 01 ədəd gülləsi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saat vaxta görə 176 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar