Məhkəmə qərarları › İş №1(003)-30/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-30/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-30/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs və mülki iddiaçı X2, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi keçid - 2151 yataqxana nömrə 1 ev 5-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Namazov küçəsi döngə 4 ev 7-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X9 məxsus “BMW 530 minik” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Rahat” marketin qarşısında Bilgəh qəsəbəsi istiqamətində saatda 100-110 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəratini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə ehtiyatsızlıqdan yolu soldan sağa keçən piyada X3 avtomobilin qabaq sol tərəfi ilə vuraraq ona hemorragik və travmatik şok ilə müşayiət olunan baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol Vİİ, Vİİİ qabırğaların sınıqları, iki tərəfli ağciyərlərin kontuziyası, sol baldır və ayağın qanqrenası ilə müşayiət olunmuş, sol budun orta üçdə biri səviyyəsindən postravmatik amputasiyası ilə nəticələnmiş sol baldırın yumşaq toxumların - magistral damar-sinir dəstələrinin dağılması və sol baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən sınıqları, alın nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıqları ilə nəticələnən ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri almasına, X6 əmlakı olan “BMW 530 minik” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 20:30 radələrində Buzovna-Bilgəh yolunda etibarnamə ilə idarə etdiyi X9 məxsus “BMW 530 minik” markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobillə tək istiqamətli, 4 zolaqlı yolun soldan birinci zolağı ilə saatda təxminən 100-110 km sürətlə hərəkət edirmiş. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, ümumiyyətlə nə spirtli içki, nə də ki, narkotik maddələrdən istifadə etməmiş, hadisə baş verən zaman idarə etdiyi avtomobildə yük və sərnişin olmamışdır. Buzovna qəsəbəsində “Rahat” marketə yaxınlaşan zaman yolun sağ tərəfində 2 sərnişin avtobusu dayanıbmış, bu vaxt avtobusların önündən piyada yolun sağ tərəfindən sol tərəfinə qaçaraq yolu keçmək istəyərkən, o, idarə etdiyi avtomobillə piyadanı vurmuşdur. Həmin piyadanı o, təqribən 50-60 metr məsafədən görmüş və əyləcə basmış, amma sürəti saatda 100-110 km olduğundan, vurmanın qarşısını almaq imkanı olmamış, piyada onun hərəkətdə olduğu zolağa yaxınlaşanda durmuş və sonradan təkrar hərəkət etmiş və o, avtomobilin sükanını sağa burmuşdur ki, vurmanın qarşısını alsın, amma bu da bir nəticə verməmişdir. Hadisədən sonra o, avtomobilindən düşüb piyada xanımı – sonradan adını bildiyi X3 avtomobilinə qoyub Mərdəkan qəsəbəsindəki 26 saylı xəstəxanaya gətirmiş, oradan da 3 saylı xəstəxanaya aparmışdır. Daha sonra isə xəstənin şəxsi razılığı ilə onu Masallı rayonunda yerləşən X7 aparmış, onun müalicə xərclərinə bu işdə təqsiri olan bir şəxs kimi deyil, bu vəziyyətində vicdanının səsi ilə köməklik edən bir insan kimi ümumilikdə 18000 (on səkkiz min) manat pul xərcləmişdir ki, bunun 9000 (doqquz min) manatdan çox hissəsi iş materiallarında olan müvafiq sənədlərlə öz təsdiqini tapır. Bundan sonra onlar mehribanlıqla ayrılmış, o, Ülviyya xanıma bundan sonra da köməklik edəcəyini, ona münasib qiymətə protez alacağını vəd etmiş, Ülviyya xanım da xx xxxxxx 2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə səlahiyyətli orqanlara müraciət edərək xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Ülviyya xanımın müalicəsinə xərclədiyi pulları ordan-burdan borc-xərc olaraq tapmış, bankdan kredit götürmüş, hazırda işləmədiyi üçün maddi vəziyyəti olduqca ağır olduğuna görə indiyə qədər də həmin borcları ödəyib qurtara, elə həmin səbəblərə görə də Ülviyya xanıma verdiyi vədlərin müvəqqəti olaraq icra edə bilməmişdir. Ülviyya xanım bütün bunları çox gözəl bildiyi halda naməlum səbəblərə görə məhkəmə iclasında onun xərclədiyi pulları qismən danaraq ondan yenə əlavə pul tələb edir. Məhkəmə baxışı zamanı Ülviyya xanımın mövcud durumunu nəzərə alaraq ona yenə də humanist niyyətlə yanaşıb müvafiq şərtlərlə barışıq əldə etməyə dəfələrlə cəhd göstərmiş, lakin Ülviyya xanım onun indiki maddi vəziyyətində açıq-aşkar qəbul edilə bilməyən şərtlər irəli sürdüyündən, barışıq əldə etmək mümkün olmamışdır. Buna görə də hazırkı açıq məhkəmə iclasında bildirir ki, ehtiyatsızlıqdan, həm də elə Ülviyya xanımın özünün təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı böyük mənəvi sarsıntı keçirir və özünü yalnız allahın qarşısında təqsirli bilir, lakin həmin hadisədə o, özünü təqsirli bilmir və Ülviyya xanıma bundan sonra pul verməyə həvəsi və imkanı yoxdur, mülki iddianı qəbul etmir. Hadisə vaxtı idarə etdiyi “BMW 530 minik” markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində həmin avtomobilin sahibi X9 vurduğu 1200 manat ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Bütün bunların nəzərə alınaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən X10 göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 18:00-da işdən çıxıb 107 saylı marşrut avtobusu ilə Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə gəlmişdir. Təxminən saat 19:30 radələrində qəsəbədəki “Rahat” marketə daxil olmuş və bir qədər alış-veriş edərək çıxmışdır. O, 25 il olar ki, epilepsiya xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq “finlepsin” dərmanını qəbul edir. Marketdən çıxdıqdan sonra evə getməkdən ötrü yolu qarşı tərəfə keçməli imiş, çünki yaşadığı yerə marşrut avtobusları yolun üzbəüz istiqamətindən gedir. Lakin o, baş verənləri xatırlamır və hadisənin necə baş verdiyini deyə bilmir. Həmin gün o, özünə gəldiyi zaman xəstəxanada olmuşdur. Hadisənin necə baş verməsi barədə heç bir fikri yoxdur. Daha sonra onu Masallı rayonundakı X7 aparmışlar. Yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində sol ayağı həkimlər tərəfindən kəsilmişdir. Təqsirləndirilən şəxs onun müalicəsi ilə bağlı ümumilikdə təxminən 9000 (doqquz min) manat xərcləyərək sonrakı müalicə xərclərini də ödəyəcəyini, ona müasir tipli protez düzəltdirəcəyini vəd etdiyindən, o, ona inanmış və xx xxxxxx 2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə səlahiyyətli orqanlara müraciət edərək xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra təqsirləndirilən şəxs onunla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Halbuki, o, indiyə qədər öz müalicəsinə xeyli məbləğdə pul xərcləmişdir, xərclədiyi pulları təqsirləndirilən şəxsin ödəyəcəyinə ümidvar olaraq müalicə olunduğu yerlərdən qəbz almamışdır, müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir, ən başlıcası isə, amputasiya olunmuş ayağına baxaraq ömür boyu mənəvi sarsıntı və iztirab keçirəcəkdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində əlil olduğu üçün hazırda işləyə bilmədiyinə görə çox böyük çətinliklə dolanır, zəruri ehtiyaclarını ödəyə bilmir, özünə protez almaq imkanı yoxdur. Təqsirləndirilən şəxsin indi ona etdiyi təkliflər isə onu qane etmir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qarşı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini və mülki iddiasının təmin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs X11 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmiş, bunun nəzərə alınaraq Məhəmmədəliyə yüngül cəza verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş olduğu “BMW 530 minik” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə ki, Məhəmmədəlinin həmin avtomobilə dair yalnız avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Onlar razılaşmışlar ki, Məhəmmədəli avtomobili idarə etdiyinə görə hər ay ona aralarında razılaşdıqları məbləği ödəsin və həmin məbləği avtomobilin tam dəyərini ödəyib qurtarana qədər ödəsə, avtomobil Məhəmmədəliyə qalsın. Lakin Məhəmmədəli yol-nəqliyyat hadisəsindən sonra avtomobilin pulunu ödəyə bilmədiyi üçün avtomobili geri qaytarmışdır. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Avtomobili Məhəmmədəlidən götürdükdən sonra onu özü düzəltdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Xəzər rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 1405 saylı rəyindən görünür ki, Ülviyya Paşayevanın bədənində aşkar edilmiş xəsarətlər – hemorragik və travmatik şok ilə müşayiət olunan baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol Vİİ, Vİİİ qabırğaların sınıqları, iki tərəfli ağciyərlərin kontuziyası, sol baldır və ayağın qanqrenası ilə müşayiət olunmuş, sol budun orta üçdə biri səviyyəsindən postravmatik amputasiyası ilə nəticələnmiş sol baldırın yumşaq toxumların - magistral damar-sinir dəstələrinin dağılması və sol baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən sınıqları, alın nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun X5 Masallı Filialına müraciətindən əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxx 2019-cu il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox daimi dayanıqlı itirilməsinə səbəb olan (sol budun orta üçdə bir səviyyəsindən postravmatik amputasiyası - 60%) sağlamlığa Ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxxxxxx 2020-ci il tarixli 8/1286 №-li rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “BMW 530” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxxxx 2021-ci il tarixli 8/2403 №-li təkrar ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən müəyyən edildiyi kimi, hərəkəti üçün təhlükənin piyadanın hərəkət hissəsini sağ kənarından sola doğru qaçmağa başladığı andan yaranması və həmin andan vurulmaya kimi piyadanın adi qaçışla 9,5 metr məsafə qət etməsi şəraitində “BMW 530” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 016-87385-1220 saylı məktubundan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx xxxx 1991-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə “ABC” kateqoriyalı AD 139736 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək (6 ay) müddətə sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur (sürücülük vəsiqəsi təqdim edilməyib). İş materiallarında olan 1/3511 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir sərxoşluq vəziyyəti yoxdur və ayıqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, yol-nəqliyyat hadisəsindən sonrakı davranışını, bir zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri almış digər zərərçəkmiş şəxsin müalicə xərclərinə müəyyən köməklik göstərməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200,00 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı X10 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdehin sağlamlığına vurduğu zərər nəticəsində yaranmış ziyana görə bu günə qədər itirilmiş əmək haqqının əvəzi olaraq 4250 manat, xx xxxxxxx 2019-cu ildən başlayaraq əmək fəaliyyəti bərpa olunana qədər hər ay 400 manat, protezin qiyməti üçün 6000 manat, mənəvi zərərə görə ******* manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, 2019-cu ilin aprel ayından oktyabr ayınadək X4 cəmi 1254,99 manat əmək haqqı ödənilmişdir. Məhkəmə itirilmiş əmək haqqının əvəzinin ödənilməsi tələbinə dair qeyd edir ki, 2019-cu ilin dekabr ayından başlayaraq xx xxx 2020-ci il tarixdək, yəni beş ay ərzində Ülviyya Paşayevaya bülletendə olduğu müddətdə hər ay 110 manat müavinət ödənilmişdir. Eyni zamanda Ülviyya Paşayevaya İİ qrup əlillik təyin edilmiş və həmin əlilliyə görə müavinət 2020-ci ilin noyabr ayında ödəniləcəkdir. Belə olan halda, Ülviyya Paşayevanın orta aylıq qazancı (1254,99 manat: 6 ay=209,17 manat) 209,17 manat təşkil edir. Ülviyya Paşayevanın 2020-ci ilin noyabr ayınadək əmək haqqı 2510,04 təşkil etmiş, həmin məbləğdən bülletendə olduğu müddətdə ödənilmiş cəmi 550 manat çıxılmaqla (2510,04-550=1960,04) 1960,04 manat təşkil edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf etmədi. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçıya protezin qiyməti üçün 6000 manat ödəyəcəyini söz verməsi müəyyən edildi, zərərçəkmiş şəxs və mülki iddiaçı iddia tələbini itirilmiş əmək haqqının əvəzi hissəsində qismən sübut etdi, iddia tələbinin qalan hissəsi ilə bağlı isə sübut təqdim edə bilmədi. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hazırkı iş üzrə mülki cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini və vurulmuş maddi zərərin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”, “delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin yuxarıda göstərilən müəyyən edilmiş hallarını və qanunun qeyd edilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi də qismən təmin edilməli, dəymiş mənəvi zərərin əvəzi kimi 5000,00 (beş min) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia maddi və mənəvi zərər hissələrində qismən təmin edilməli, Təqsirləndirilən şəxs itirilmiş əmək haqqının əvəzi olaraq 1960,04 (bir min doqquz yüz altmış manat dörd qəpik) manat, protezin qiyməti olaraq 6000,00 (altı min) manat, mənəvi zərərin əvəzi olaraq 5000,00 (beş min) manat, cəmi 12960,04 (on iki min doqquz yüz altmış manat dörd qəpik) manat tutularaq X4 ödənilməli, qalan hissədə mülki iddia rədd edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 12 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 192,00 (bir yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 200,00 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Mülki iddia maddi və mənəvi zərər hissələrində qismən təmin edilsin. Təqsirləndirilən şəxs itirilmiş əmək haqqının əvəzi olaraq 1960,04 (bir min doqquz yüz altmış manat dörd qəpik) manat, protezin qiyməti olaraq 6000,00 (altı min) manat, mənəvi zərərin əvəzi olaraq 5000,00 (beş min) manat, cəmi 12960,04 (on iki min doqquz yüz altmış manat dörd qəpik) manat tutularaq X4 ödənilsin. Qalan hissədə mülki iddia rədd edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 192,00 (bir yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar