Məhkəmə qərarları › İş №1(003)-301/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-301/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-301/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Sarov ərazi dairəsi Sarov kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayından başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982; Y4481211 coğrafi koordinatda yerləşən, dövlət mülkiyyətində olan, təxminən 0,03 ha torpaq sahəsinin üzərində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işləri aparmaqla orada 4 otaqdan ibarət kürsülü birmərtəbəli fərdi yaşayış evi tikmiş və hazırkı dövrə qədər davam edən qəsdən cinayətlə əhatə olunan tikintiquraşdırma işləri görərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, fərdi əməklə məşğuldur, yük maşınında sürücü işləyir. 31 may 2021-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu ərazisində X1 8.000 manata 3 sot topraq sahəsini almışdır. Həmin torpaq sahəsində 2021-ci ilin mayından başlayaraq fərdi yaşayış evinin tikintisinə başlamış və hazırda orada 4 otaqlı kürsülü fərdi yaşayış evi tikmişdir. Lakin həmin evin tikintisi tam başa çatmadığına görə orada yaşayış yoxdur. 06 yanvar 2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi ərazisində, 39T421982, ******* nömrəli koordinatlarda onun istifadəsində olan 0,03 ha torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları gəlmiş və tikinti sahəsinin fotosunu çəkmişlər. Torpaq sahəsinə dair çıxarışı olmadığına görə o, sənəd təqdim edə bilməmişdir, lakin orada tikdirdiyi evin sənədləşməsi ilə bağlı Əmlak xidmətinə müraciət edəcəkdir. Dövlətin mülkiyyətində olan torpaq sahələrinin qanunsuz olaraq zəbt edilməsinin cinayət məsuliyyəti yaratdığını bilir. Lakin yaşamağa evi olmadığına görə istəmişdir ki, ailəsi üçün fərdi yaşayış evi tiksin və buna görə də həmin sahəni alıb ev tikmişdir. İlk dəfə törətdiyi bu əməlindən peşmançılıq çəkir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən X5 göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli, 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən 2021-ci ilin dekabr ayında Bakı şəhəri Xəzər rayonu ərazisində monitorinq həyata keçirilərkən akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində, 39T421982, ******* koordinatlarda yerləşən, dövlət mülkiyyətinə aid 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Əməkdaşlar tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin aparılmasına dair müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. Qeyd olunan aktdan görünür ki, tikinti işlərinin aparılması ilə bağlı tərtib olunan aktda iştirakının təmin edilməsi məqsədi ilə vətəndaş Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bununla bağlı, onlar tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumatlar verilmiş, sözügedən ünvanda Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin aparıldığı torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququnun olmadığı müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsinin tələblərinə uyğun gəlir. Qeyd olunan faktla bağlı “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndini nəzərə alaraq, sözügedən torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi), eləcə də qanunvericilikdə nəzərdə tutulmayan qaydada tikinti işlərinin aparılması halının qarşısının alınması məqsədi ilə həmin şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tədbirlərin görülməsi və nəticəsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsindən ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 27 yanvar 2022-ci il tarixdə **********03 nömrəli müraciət ünvanlanmış və torpaq qanunvericiliyinin tələblərini pozmuş vətəndaş Təqsirləndirilən şəxs barəsində qanun çərçivəsində ölçü götürülməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsində tikdirdiyi evin sənədləşməsi ilə bağlı aidiyyəti üzrə indiyə qədər müraciət etməmiş və bu məsələni hüquqi müstəvidə həll etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olsalar da, ona yüngül cəza verilməsinə etiraz etmirlər. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982, ******* koordinatlarda yerləşən, dövlət mülkiyyətində olan təxminən 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Aktdan görünür ki, əməkdaşlar tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin aparılmasına dair müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982, ******* koordinatlarda yerləşən, dövlət mülkiyyətində olan təxminən 0,03 ha torpaq sahəsində aparılmışdır. Həmin torpaq sahəsində 4 otaqdan ibarət birmərtəbəli kürsülü yaşayış evi inşa edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla mülkiyyət hüququnu pozması əməlini törətməsi önun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin ifadəsi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 19 may 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə qədər saxlanıldığı 02 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 03.00-dan saat 09.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 10 iş saatına görə 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan, maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 may 2022-ci il tarixdən 19 may 2022ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 03:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar