Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-302/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydadasında şikayətlə Xəzər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 3 (üç) müddətə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X2 Elşad Töşü oğlu ilə bağlanmış AN-İ-Ns ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini E.Əliyevə alqı-satqı müqaviləsinə əsasən satmışdır. Notarial qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* JN nömrəli çıxarış verilmiş və çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/13 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyətdədir. Eyni zamanda istifadəsindədir. Yəni torpaq sahəsi 10 aprel 2008-ci ildən Eşqin Əliyevin istiladəsindədir. Təxminən 10 ildən sonra 2019-cu ildə X7 Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X10 qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etmişdir. Uzun müddətdir artıq məhkəmə çəkişməsi gedir. Məlumat üçün bildirir ki, Əzizbəyov rayon X17 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 17 saylı qərarına əsasən X6 Mərdəkan qəsəbəsində 14/12 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Sonradan tarixi və kim tərəfindən düzəldilməsi bəlli omadan, həmin qərarn üstündə düzəliş aparılaraq soyad və ata adı dəyişdirilmiş və Xəzər Rayon İcra Hakimiyyətinin möhürü vurularaq “Nejarov” “Nejmedin” sözləri qeyd edilmişdir. İlk növbədə qeyd edir ki, bu düzəlişin özü-özlüyündə düzgün deyildir. Bundan başqa qərarda qeyd edilən torpaq sahəsi məhz 14/12 nömrəli sahələrdir. Lakin həmin zaman ona torpaq sahəsinin koordinatları verilməmişdir. Onun torpaq sahəsinə koordinat 17 il sonra Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə üzrə nümayəndəsi Müqbilov adlı şəxs tərəfindən verilmişdir. Halbuki həmin zaman qeyd olunan şəxsin və orqanın plan sxem ölçüsü vermək səlahiyyəti olmamışdır. Eyni zamanda qeyd etmək istəyir ki, 1991-ci il tarixli qərarda qeyd olunmuşdur ki, vətəndaş yəni X3 qərarı aldıqdan 1 il müddətində tikintiyə başlamalı və 3 il müddətində tikinti başa çatdırılmalıdır. Lakin torpaq sahəsi Eşqin Əliyev tərəfindən alınan vaxta yəni 10 aprel 2008-ci ilədək orada heç bir tikinti işləri aparılmamışdır. Bundan başqa qeyd edir ki, X10 məxsus olan torpaq sahəsi isə 5/131 saylı torpaq sahəsidir. X15 torpaq sahəsini aldıqdan sonra çıxarışla birlikdə ona torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Əlavə olaraq qeyd edir ki, qarşı tərəf çıxarışın ləğv olunması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra, X23 Rayon İcra hakimiyyətinin başçıçısının Mərdəkan qəsəbəsi ürzə nümayəndəsi Müqbilov tərəfindən verilmiş plan sxemin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda qəbul olunmuş Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin icraatında araşdırma aparılan zaman Nejarov VaqifNejmedin oğlu şikayət ərizəsi ilə müvafiq orqanlara müraciət edərək guya X8 dayısı Fəqan ilə birlikdə "cinayət əlaqəsinə girərək müxtəlif instansiyalara təzyiq göstərdiyini sənədləri alqı-satqı müqaviləsini saxtalaşdırdığını, saxta etibarnamə, saxta razılıq ərizələri verildiyini, saxta sərəncam hazırladığını, Eşqin Əliyevin adına çıxarışın plan ölçünün cinayətkar qrupun yaradıcılığı olduğunu və dövlətin daşınmaz əmlakla bağlı bazasına nüfuz edərək Dövlətin təhlüksizliyinə təhdid olduğunu bildirərək ağır ittihamda təqsirli bilmişdir. Dövlət Təhlükəsizliyinə hansı təhdidlərdə iştirak edərək ona nüfuz etdiyini dövlətin adından hansı saxta sənədlərin düzəldilməsində iştirakını isə saxta sənədlərin məhz X15 və dayısı yəni Fəqani Təhməzovla birlikdə cinayətkar qrup yaradaraq, "notarial qaydada bağlanmış alqısatqı müqaviləsini saxtalaşdırmaq və saxta sərəncam düzəltmək kimi böhtan ataraq müvafiq instansiyalara müraciət etmişdir. Onun bu ərizəni yuxarı instansiya orqanlarına yəni ərizədən göründüyü kimi, 10 müxtəlif instansiyaya göndərməsi kütləvi nümayiş etdirilən əsərdir. Bütün bunlar böhtan xarakteri daşıyır. Yəni X1 Eşqin İsmayıl oğlunu yalan olduğunu bilə-bilə ağır ittihamda təqsirli bilərək bu barədə kütləvi ərizə ilə müxtəlif qurumlara müraciət etmişdir. Ali Məhkəmə Plenumunun qərarında qeyd edildiyi kimi, kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər başa düşülür. Bununla da. Nejarov VaqifNejmedin oğlu Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin tələbini pozaraq, həmin maddələrdə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs, həmçinin onların nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də şikayət tam əsassız olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Belə ki, istər verilmiş şikayət və ona əlavə edilmiş sənədlərdən, istərsə də şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclasında verdiyi izahatdan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən ona qarşı CM-in 147.1 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi müəyyən olunmadı. Əksinə şikayətin materiallarından görünür ki, şikayətçi ona qarşı böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış çoxsaylı ərizə və şikayətlərdə əks olunmasını bildirmiş, buna görə də həmin orqanlara şikayət etmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-302/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-302/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver