Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-303/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Gədəbəy rayonunun Hacılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonunun Hacılar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı pozaraq silah qismində əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək 26 yanvar 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində küçədə yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən ona irad bildirmiş qonşusu Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan zor tətbiq edərək qəsdən yumruqla bədəninin müxtəlif nahiyələrinə vurub, silah qismində istifadə etdiyi kəlbətinlə üz nahiyəsinə zərbələr endirib təpə nahiyəsinin əzilmiş yarası, sol almacıq nahiyəsinin, sağ əlin, sol dizin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətlər-xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Hüseynalı və Aytən onun qonşularıdır, aralarında düşmənçilik olmamışdır. 26 yanvar 2022-ci il tarixdə Türkan qəsəbəsində küçədə Aytən ilə aralarında mübahisə düşmüşdür. O, Aytənə irad tutmuşdur ki, “söz gəzir ki, evinə yad kişilər gəlir”. Demişdir ki, ailə-uşaq var, belə etməsin. Həmin səbəbdən Aytən ilə aralarında mübahisə düşmüş və Aytən qışqıraraq onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o da ona sakit olmasını demişdir. Bu zaman səs-küyə qonşu Hüseynalı kişi çıxmış və nə üçün səs-küy saldığını deyərək irad bildirmişdir. Aralarında münaqişə başlamış və ikisi də bir-birini vurmuşdur. Lakin Hüseynalı kişi onu daha çox vurmuş, sonra aralaşıb çıxıb getmişdir. Hadisə vaxtı Hüseynalını kəlbətinlə vurmamışdır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, hazırda Hüseynalı kişi ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını bildirdi və bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Zahid və Aytən onun qonşularıdır. Əvvəllər Zahidlə aralarında düşmənçilik və münaqişə olmamış, normal qonşu münasibəti olmuşdur. 26 yanvar 2022-ci il tarixdə yaşadığı evin həyətində olarkən saat 18 radələrində hasardan kənarda küçədə qonşu Zahidin qışqıra-qışqıra nalayiq söyüşlər söydüyünü eşitmişdir. Küçəyə çıxanda görmüşdür ki, Zahid qonşu Aytənin ünvanına nalayiq söyüşlər söyür. Zahidə irad tutaraq demişdir ki, “evdə ailəm, nəvələrim var, nəyə görə söyüş söyürsən?”. Onun iradından sonra Zahid onu da nalayiq ifadələrlə təhqir etmiş və səbəbsiz olaraq gözlənilmədən üzərinə hücum edərək əlindəki kəlbətinlə və yumruq-təpiklərlə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. O, yerə yıxılmış, yerdə olanda da Zahid onu təpikləyərək vurmağa davam etmişdir. Orada olan qonşu Aytən Zahidin üstünə gələrək onu sakitləşdirməyə çalışmış, lakin Zahid sakitləşməmiş və döyməyə davam etmişdir. O, yerdə al qanın içində olanda Zahid kənarlaşıb getmişdir. Zahid gedəndən sonra ayağa qalxmış və Türkan qəsəbəsində yerləşən xəstəxanaya müraciət etmiş, həmçinin DİN “102” xidmətinə zəng vuraraq Zahid tərəfindən döyüldüyünü demişdir. Hadisə vaxtı orada çoxlu tanımadığı şəxs səs-küyə yığışmışdır. Zahid indiyə qədər həmin hərəkətindən peşman olmamış, ondan üzr istəməmişdir, spirtli içki içən kimi cürbəcür hərəkətləri və sözləri ilə onu indi də incidir, özündən çıxarır. Artıq Zahidin bu cür hərəkətlərindən bezmişdir. Son günlər Zahid onun yanına çoxlu xahiş-minnətçi göndərərk onunla barışmaq istədiyini bildirir, lakin o, bu yaşında Zahid tərəfindən döyülərək təhqir edildiyinə görə güzəştə getmək istəmir. Məhkəmə iclasının sonunda Zərərçəkmiş şəxs göstərdi ki, Zahidin çoxsaylı xahişlərini nəzərə alaraq hazırda onunla barışmışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Zahidə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Zahid və Hüseynalı onun qonşularıdır, onlarla normal münasibəti vardır. Lakin Zahid onu daim incidir və onunla mübahisə edir, hər dəfə spirtli içki içərək gəlib deyir ki, “qonşular deyir ki, sən evə kişi salırsan”. O isə etiraz edərək bunun doğru olmadığını demişdir. 26 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Zahid ilə aralarında Hüseynalının qapısının yanında mübahisə olmuşdur. Belə ki, Zahid ona demişdir ki, “qonşular deyir ki, sən bura kişi gətirirsən”. O isə buna etiraz edərək Zahidə iradını bildirmişdir ki, “mənə şər, böhtan atma”. Zahid onun ünvanına nalayiq ifadələrlə təhqirlər demiş, o da yüksək səslə Zahidi söymüşdür. Bu zaman səs-küyə qonşu Hüseynalı dayı çıxmışdır. Hüseynalı dayı Zahidə etirazını bildirəndə Zahid Hüseynalı dayının üzərinə hücum edərək yumruq və təpiklər onu vurmağa başlamışdır. Hüseynalı dayı da özünü müdafiə etmək məqsədilə Zahidi vurmuşdur. Hadisədən əvvəl Zahidin əlində kəlbətin olmuşdur. Lakin Hüseynalı kişini vuranda kəlbətinlə vurub-vurmadığını dəqiq görməmişdir. Hüseynalı dayı qanın içində yerə yıxılmışdır. O, Zahidi itələmişdir ki, kişidən əl çəksin. Zahidi məcbur qolundan tutub aralaşdırmışdır. Hadisə vaxtı orada çoxlu tanımadığı şəxs səs-küyə yığışmışdır. İş materiallarında olan 12 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Cəfərov X1 Zahid İsmayıl oğlu ilə üzləşmə zamanı ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deyib bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2022-ci il tarixli 241 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin əzilmiş yarası, sol almacıq nahiyəsinin, sağ əlin, sol dizin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 26 yanvar 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 29 iyun 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 20 may 2022-ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 23 noyabr 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 (iki) il şərti sınaq müddəti müəyyən edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 27 avqust 2002-ci il tarixli hökmü ilə CM-nin 177.2.3 və 334.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 71 və 67-ci maddələrinə əsasən 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2004-cü il tarixli 119 saylı əfv fərmanına əsasən azad edilmiş, Bakı şəhəri Xəzər RPİ İŞ-də onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılmış ********* saylı cinayət işi 16 dekabr 2019-cu il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 1(003)-45/2020 saylı Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasının əvvəlində Təqsirləndirilən şəxs öz müdafiəsi dəlil gətirərək Zərərçəkmiş şəxs vurmadığını, özünü qorumaq üçün itələdiyini, əksinə, Zərərçəkmiş şəxs hadisə vaxtı onu vurduğunu bildirmiş, lakin onun Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 23 aprel 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 30 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-303/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-303/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver