Məhkəmə qərarları › İş №1(003)-305/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-305/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-305/2020 09.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs Piri X2, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Malıqin küçəsi dalan 1 ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 200/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, gecə saat 03 radələrində Piri X4 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsinin dəmir barmaqlıqlarını qırıb plastik pəncərəni açmaqla qanunsuz daxil olub oradan dəyəri 1000 manat olan 01 ədəd “LG” markalı soyuducunu, dəyəri 500 manat olan 01 ədəd “LG” markalı paltaryuyanı, hər birinin dəyəri 100 manat olan 200 manat dəyərində 02 ədəd hidroforu, dəyəri 100 manat olan 01 ədəd su qızdırıcısını, dəyəri 60 manat olan 01 ədəd ağ rəngli “4 göz” qaz soba dəstini, dəyəri 50 manat olan 01 ədəd qəhvəyi rəngli üzərində “Wromet” yazısı olan “4 göz” qaz soba dəstini, dəyəri 250 manat olan 01 ədəd su dispenserini, hər birinin dəyəri 8 manat olan 40 manat dəyərində 05 ədəd su qarışdırıcını (smesiteli) gizli olaraq talayıb zərərçəkmiş Piri X4 ümumilikdə 2200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cümaddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, hazırda heç bir yerdə işləmir. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 03 radələrində Şüvəlan qəsəbəsi Sabir küçəsi ilə gəzişib oğurluq etmək üçün ev axtarmışdır. Həmin vaxt o, Sabir küçəsi ev 39 ünvanının ətrafında heç kəsin olmamasını görüb ətrafa göz gəzdirərək bir daha buna tam əmin olduqdan sonra evin həyətinin hasarından aşaraq mənzil otaqlarının da işıqlarının sönülü olduğunu görmüşdür. Bundan sonra o, mənzil otağının pəncərəsinin dəmir barmaqlıqlarını əvvəlcədən xatırlamadığı ərazidən tapdığı dəmir parçası ilə qıraraq evin içərisinə daxil olmuşdur. Evə daxil olduqdan sonra otaqları gəzib oğurlamağa dəyərli əşya və ya pul axtarmağa başlamışdır. Mətbəx otağına daxil olub oradan 01 ədəd “LG” markalı soyuducunu, 01 ədəd “LG” markalı paltaryuyan aparatını, hamam otağından 02 ədəd hidroforu və 01 ədəd su qızdıran aparatını, evin zirzəmisindən isə 02 ədəd qaz sobasını, 01 ədəd su dispenserini və 05 ədəd su qarışdırıcısını (smesiteli) oğurlayıb onları ayrıayrılıqda evdən həyətə daşıyaraq hasarın yaxınlığına yığmış və hasarın çöl hissəsinə daşıdıqdan sonra yoldan keçən bir taksi avtomobilinə yükləyib yaşadığı evə daşımışdır. Bundan sonra o, soyuducunu, hidroforları və su qızdıranı evinin həyətində detallara ayırmışdır. Həmin əşyaları detallara ayırmaqda məqsədi satacağı şəxsin əşyaların oğurluq olmasından şübhələnməməsi olmuşdur. Ertəsi gün Şüvəlan qəsəbəsi ərazisindəki metal alqı-satqısı məntəqəsinə gedib orada işləyən, adının sonradan Saleh olduğunu bildiyi şəxsə detallara ayırdığı 01 ədəd soyuducunu, 02 ədəd hidroforu və su qızdıran aparatını, həmçinin 05 ədəd su qarışdırıcısını (smesiteli) satmaq istədiyini bildirmişdir. Saleh həmin əşyalara baxıb oğurluq olub-olmamasını ondan soruşmuş, o isə ona əşyaların özünə məxsus olduğunu və yararsız vəziyyətdə olduqları üçün metal kimi satmaq istədiyini bildirmişdir. Bundan sonra Saleh həmin əşyalara 50 manat verə biləcəyini demiş və ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. O, Salehə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, təcili pul lazım olduğundan əşyaları satmaq istədiyini deyib səhərisi gün ona şəxsiyyət vəsiqəsinin surətini təqdim edəcəyinə vəd vermişdir. Saleh də ona inanıb əşyaları ondan 50 manata almışdır. Oğurladığı 02 ədəd qaz sobasını yaşadığı evin yaxınlığında yerləşən, dəqiq ünvanını bilmədiyi boş sahədə tullantıların içərisində gizlətmiş, 01 ədəd paltaryuyanı və 01 ədəd su dispenserini isə Hövsan qəsəbəsi ərazisində əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi orta yaşlı bir kişiyə 100 manata satmışdır. Gizlətdiyi əşyaları olduğu yerdən götürüb polisə təqdim etmiş, satdığı əşyaların pullarını isə şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır, 02 ədəd qaz sobasını zərərçəkmiş şəxsə qaytarmış, qalan ziyanı isə ödəyə bilmədiyi üçün barışıq əldə edə bilməmişdir. Ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Piri X5 göstərdi ki, Şüvəlan qəsəbəsi Sabir küçəsi ev 39 ünvanında yerləşən bağ evi ona məxsusdur və əsasən yay aylarında ailəsi ilə birlikdə həmin evə köçüb orada yaşayır. Digər aylarda isə həmin evdə heç kəs yaşamamış, lakin mütəmadi olaraq o və ya oğlu Çingiz evə nəzarət etmək məqsədi ilə gəlib-getmişlər. xx xxxxx 2020-ci il tarixdə o və ailəsi bağ evindən çıxıb Bakı şəhərində yerləşən evlərinə getmişlər və bir neçə gün sonra bağ evinə geri dönəcəklərini planlaşdırmışlar. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində bağ evinə gəlib həyətə daxil olmuş və ətrafa nəzər yetirdikdə mətbəxin plastik pəncərəsinin dəmir barmaqlıqlarının qırıldığını görmüşdür. Evdən oğurluq olduğundan şübhələnib dərhal içəri daxil olmuş və ona məlum olmuşdur ki, naməlum şəxs (və ya şəxslər) evindən 01 ədəd 1.000 manat dəyərində “LG” markalı soyuducunu, 01 ədəd 500 manat dəyərində “LG” markalı paltaryuyanı, 02 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 100 manat olan cəmi 200 manat dəyərində hidroforu və 01 ədəd 100 manat dəyərində su qızdıranı oğurlamışlar. Bundan sonra o, DİN 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və polis əməkdaşları gəlib evə baxış keçirərək bu barədə protokol tərtib etmişlər. Sonradan Xəzər RPİ 1-ci Polis şöbəsinə gedib hadisə barədə ərizə ilə müraciət etmişdir. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında oğlu Çingiz evdə olan lazımsız əşyaları tullamaq üçün evə baxış keçirərkən xx xxxxx 2020-ci ildən xx xxxxx 2020-ci il tarixədək evdə olmadıqları dövrdə baş vermiş oğurluq zamanı naməlum şəxsin (və ya şəxslərin) ona məxsus hər birinin ayrı-ayrılıqda qiyməti 40 manat olan cəmi 80 manat dəyərində 02 ədəd qaz sobasını, 01 ədəd 250 manat dəyərində su dispenserini və 05 ədəd hər birinin ayrı-ayrılıqda qiyməti 8 manat olan cəmi 40 manat dəyərində su qarışdırıcısını (smesiteli) oğurladığını aşkar etmiş, dərhal hadisə barədə DİN 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 2200 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, təqsirləndirilən şəxsin qaytardığı 02 ədəd qaz sobasının qiyməti isə çox cüzi məbləğ təşkil edir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın tamamilə ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilənPiri-X6 da Piri X2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verməklə onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilənŞahid2 göstərdi ki, Şüvəlan qəsəbəsi ərazisində dəmir alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs işlədiyi dəmir alqı-satqısı məntəqəsinə gələrək ona özünə məxsus, detallara ayırdığı 01 ədəd soyuducunu, 02 ədəd hidroforu və su qızdıran aparatını, həmçinin 05 ədəd su qarışdırıcını (smesitelləri) satmaq istədiyini bildirmişdir. O, Ağarəsuldan şəxsiyyət vəsiqəsini istəmiş, lakin o, ona şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, səhərisi, yəni xx xxxxx 2020-ci ildə gətirib təqdim edəcəyini bildirmişdir. Ağarəsula inanıb detallara ayrılmış həmin əşyaları ondan 50 manata metal kimi almışdır. Ağarəsul ona özünə məxsus paltaryuyanın da olduğunu və onu da satmaq istədiyini demiş və o, ona həmin paltaryuyanı da ala biləcəyini bildirmişdir. Bundan sonra Ağarəsul işlədiyi məntəqəyə gəlməmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Ağarəsul ona satdığı detallara ayrılmış əşyaları oğurlamışdır. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərk bir daha təsdiq etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, maddi sübut - 02 ədəd qaz sobası sahibinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1577 saylı xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd qaz sobasının istifadədə olması nəzərə alınmaqla hazırkı vəziyyətdə 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 110 manat müəyyən olunur. O cümlədən : - 01 ədəd ağ rəngli “4 göz” qaz soba dəsti – 60 manat; - 01 ədəd qəngli üzərində “Wromet” yazıları olan “4 göz” qaz soba dəsti – 50 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cümaddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan RespublikasıCM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli xx xxxxx 2010-cu il tarixdən hesablanmaqla 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2011-ci iltarixli Qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx xxxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.3-cümaddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cümaddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdanməhrum etməcəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdanməhrum etməcəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - 02 ədəd qaz sobasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən 2200 manat məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququn olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cümaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona02 (iki) il 06 (altı)ay müddətə azadlıqdan məhrum etməcəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqda nməhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 02 ədəd qaz sobasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASC Xəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar