Məhkəmə qərarları › İş №1(003)-305/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-305/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-305/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Lerik rayonunun Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Perzəkücə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binə qəsəbəsi Südçülük sovxozu Yeni yaşayış sahəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “Nur” mebel salonunda arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncunu əlləri ilə sifət və baş nahiyyəsinə bir neçə dəfə qəsdən vuraraq, ardınca isə “Nur” mebel salonunun qarşısında avtomobildən itələyib qəsdən yerə yıxaraq baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol bazunun, sağ saidin qançırları, sol bazunun, sağ dizin sıyrıqları xəsarətləri yetirib Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan 4 övladları dünyaya gəlmişdir. Yaşadıqları müddət ərzində dəfələrlə aralarında münaqişələr olmuşdur. Şəbnəm boşanmaları barədə Mediasiya Şurasına müraciət etmişdir. 27 aprel 2022-ci il tarixdə evin açarını Şəbnəmdən almaq üçün dəfələrlə ona zəng etmiş, sonuncu dəfə zəng edəndə Şəbnəm açarı ona verməyəcəyini bildirmiş, buna görə də o, Şəbnəmin anasının işlədiyi Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən “Nur” mebel salonuna getmişdir. Orada Şəbnəmdən açarı istədiyi zaman aralarında münaqişə yaranmış, Şəbnəm ona məhəl qoymayaraq telefonla məşğul olduğu üçün, o, onun əlindən telefonu almışdır. Bundan sonra Şəbnəm ona məxsus “Ford” markalı avtomobilə əyləşərək avtomobili işə salıb yolun hərəkət hissəsinə sürmüş, o da sərnişin tərəfdən avtomobilə əyləşərək avtomobili dayandırmaq üçün ayağı ilə əyləci sıxmışdır. Daha sonra Şəbnəm avtomobildən özü düşərək mebel salonuna getmişdir. Şəbnəmi vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı həmin yerdə qaynanası, uşaqları və yoldan keçən tanımadığı şəxslər olmuşdur. Özünü təqsirli bilmir, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs Əsgər oğlu ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 4 övladları dünyaya gəlmişdir. 27 aprel 2022-ci il tarixdə Əflatun Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən anası X1 işlədiyi “Nur” mebel salonuna gələrək ondan Mediasiya Şurasına göndərdiyi məktubu istəmiş, o, həmin məktubu ona verməyəcəyini demişdir. Həmin vaxt Əflatun mobil telefonunu onun əlindən alıb əli ilə sifət və baş nahiyələrindən bir neçə dəfə vuraraq döyməyə başlamışdır. Əflatun onun mobil telefonunu qaytarmadığı üçün, o, onun avtomobilinə əyləşib getməyə qoymamış, buna görə də Əflatun onu itələyərək avtomaşından yerə yıxmış, daha sonra avtomobili sürüb oradan uzaqlaşmışdır. Həmin vaxt onun başı və sağ qolu asfalta dəyərək əzilmiş və o, huşunu itirmişdir. Ayılanda isə artıq mebel mağazasının içərisində olduğunu görmüşdür. Hadisə vaxtı orada anası Rəna və mebel mağazasına gəlmiş tanımadığı müştəri olmuşdur. Kiçik qızı Xədicə də orada olmuş, lakin o, hadisənin necə baş verdiyini görməmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Əflatun ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir, törətdiyi əməlinə görə ona müvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Şəbnəm onun qızı, Əflatun isə yeznəsidir. Əflatun 27 aprel 2022-ci il tarixdə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən işlədiyi “Nur” mebel salonuna gələrək X2 göndərdiyi məktubu istəmiş, Şəbnəm isə həmin məktubu ona verməyəcəyini demişdir. Həmin vaxt Əflatun mobil telefonunu Şəbnəmin əlindən alaraq əli ilə onun sifət və baş nahiyələrindən bir neçə dəfə vuraraq onu döymüşdür. Əflatun mobil telefonunu qaytarmadığı üçün Şəbnəm onun avtomobilinə əyləşib getməyə qoymamış, buna görə də Əflatun onu itələyərək avtomaşından yerə yıxmış, daha sonra avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Həmin vaxt Şəbnəm asfaltın üzərinə dəyərək əzilmiş və huşunu itirmişdir. O, orada olan tanımadığı şəxslərlə birlikdə Şəbnəmi yerdən götürüb mebel salonunun içərisinə gətirmiş və divanın üzərinə uzatmış, daha sonra üzünə su vuraraq birtəhər ayıltmışdır. İş materiallarında olan 19 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 may 2022-ci il tarixli 448 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol bazunun, sağ saidin qançırları, sol bazunun, sağ dizin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 27 aprel 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən əməl törətməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Binə qəsəbəsi Südçülük sovxozu Yeni yaşayış sahəsində yerləşən nömrəsiz evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 17 iş saatına görə (ibtidai istintaq zamanı 7 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 102,00 (bir yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binə qəsəbəsi Südçülük sovxozu Yeni yaşayış sahəsində yerləşən nömrəsiz evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 102,00 (bir yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar