Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-306/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, Mahrızlı kəndində qeydiyyatda olan və ünvan 3-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən “ölüxana” kimi tanınan avtomobillərin ehtiyyat hissələri mağazasının qarşısında yerdən Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid 4169-7388-2279-5005 nömrəli “Birbank” kartını tapıb götürmüş, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Maştağa-Buzovna yolunda yerləşən “OBA” marketdə saat 11:19-da 1,50 manat, həmin tarixdə ünvan 1 ünvanında yerləşən “X3” avtomobillərin ehtiyyat hissələri mağazasında saat 11:40- da 20 manat, saat 11:57-də 27 manat, saat 12:04-də 67 manat, yenə də həmin tarixdə ünvan 2 ünvanında yerləşən “OBA” market Buzovna 8 ünvanında saat 12:30-da 27.43 manat, saat 12:35-də 28.88 manat və 13:24-də 49.05 manat, ümumilikdə 220,86 manat dəyərində aldığı məhsulların pulunu hər dəfə ödəmək üçün həmin bank kartı ödəniş vasitəsi kimi qeyd olunan ünvanlarda yerləşən ödəniş terminallarına daxil edərək alış-veriş etməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus bank kartından özgə əmlakı olan həmin məbləği gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 220 (iki yüz iyirmi) manat 86 (səksən altı) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsinə avtomobillərin ehtiyyat hissələri satılan “ölüxana” deyilən yerə getmişdir. Oradan çıxanda mağazanın qarşısında yerdə "xxxx" ASC-nə aid bank kartı tapmış, üzərində heç bir ad və ya soyad olmamışdır. Həmin kartı götürüb cibinə qoymuş və avtomobilə minib Maştağa-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətinə getmişdir. Yolda “OBA” marketə girib həmin kartda olan pulun hesabına özünə bir ədəd 1,5 manat dəyərində “Rio” enerii içkisi almışdır. Daha sonra bir neçə dəfə həmin kartdan istifadə edərək müxtəlif əşyalar almışdır. Etdiyi əməldən peşmandır. Vurulmuş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Əlavə olaraq təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Zərərçəkmiş şəxs qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketdən saat 21:10-da alış-veriş edib sonra yaşadığı evə qayıtmışdır. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında aşkar etmişdir ki, ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi mobil tətbiq vasitəsi ilə ona bildiriş gəlmişdir, həmin bildirişlərə baxanda görmüşdür ki, xx.xx.2024-cü il tarixdə ona məxsus "xxxx" ASC-nə aid 4169- 7388-1179-5005 nömrəli “Birbank” kartından müxtəlif ünvanlardakı mağazalardan alış-veriş olunmuşdur. Tez kartını axtarmış və aşkar etmişdir ki, həmin kartı yoxdur, düşünmüşdür ki, xx.xx.2024-cü il tarixdə Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketdə alış-veriş etdikdən sonra kartını haradasa itirmişdir. Bundan sonra dərhal kartını bolk etmiş və bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə zəng vurub məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə zabrat qəsəbəsində yerləşən “Ayxan” marketdən alış-veriş etdikdən sonra özünü məxsus "xxxx" ASC-nə aid 4169-7388-1179- 5005 nömrəli “Birbank” kartını həmin gün harada və hansı şəraitdə itirdiyini bilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid göstərmişdir ki, Qardaşı Elşənin “Mercedes” markalı, **-HU-*** qeydiyyat nömrəli avtomobilində nasazlıq olduğundan onun işlədiyi sexdə təmirə saxlamışdır. xx.xx.2024-cü il tarixdə həmin avtomobil üçün ehtiyyat hissəsi almaq üçün qardaşı onun “Nissan” markalı 90-ZY- 216 qeydiyyat nömrəli avtomobili ilə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən “ölüxana” kimi tanınan avtomobillərin ehtiyyat hisslərinin satışı mağazasına getmişdir. Həmin gün özü isə sexdə Elşənin avtomobilinin təmiri ilə məşğul olmuşdur. Elşən günorta saatlarına yaxın bir vaxtda onun işlədiyi sexə gəlmişdir. Elşənə demişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən avtomobillərin ehtiyyat hissələri mağazasından müəhərrik yağı və əlavə iki növdə ehtiyyat hissəsini alıb gəlsin. Elşən də həmin mağazaya getmiş və qayıdıb aldığı mühərrik yağını və ehtiyyat hissələrini ona vermişdir. Sonra Elşən ona demişdir ki, yaxınlıqda yerləşən “OBA” marketə gedib ev üçün alış-veriş edib qayıdar. Belə ki, Elşən yaxınlıqdakı “OBA” marketə gedib qayıdandan sonra ona demişdir ki, “maşının salonunda ərzaq qoymuşam, onları sənin evin üçün almışam, evə gedəndə apararsan”. Bundan sonra Elşən ona qoşulmuş və birlikdə köməkləşib avtomobilin təmiri ilə məşğul olmuşlar. Elşən avtomobil ustası olmasa da, həmin gün bəzi işlərdə ona köməklik etmişdir. Həmin gün Elşəni Xəzər RPİ-nin 2-ci PŞ-dən dəvət etmişlər, qardaşı ilə həmin PŞ-nə getmiş və orada ona məlum olmuşdur ki, qardaşı bir gün əvvəl Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən “ölüxana” kimi tanınan avtomobillərin ehtiyyat hisslərinin satışı mağazasının qarşısında kiminsə bank kartını yerdən tapmış və səhəri gün həmin kartdan istifadə edərək mağazalarda alış-veriş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Əşyanın könüllü təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus bank kartı təqdim edilmişdir; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işi üzrə Zərərçəkmiş şəxs mobil telefonundakı “BirBank” tətbiqinə gələn bildirişləri istintaqa təqdim etmişdir. Həmin bildirişlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus "xxxx" ASC-nə aid 4169-7388-1179-5005 nömrəli “Birbank” kartının mobil tətbiqinə saat 11:19-da 1,50 manat “OBA” marketdə, 11:40-da 20 manat 11:57-də 27 manat və 12:04-də 67 manat “X3” avtomobillərin ehtiyyat hissələri mağazasında, 12:30-da 27.43 manat, 12:35-də 28.88 manat və 13:24-də 49.05 manat “OBA” market Buzovna 8 ünvanında alış-veriş edilmişdir. Ümumilikdə edilmiş alış-verişlər 220,86 manat məbləğində təşkil edir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəmiş şəxsin, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə” dair xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxsnın vurduğu maddi ziyanı tam olaraq ödəməsini (CM-nin 59.1.14), törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356-357; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı, ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış "xxxx" ASC-yə məxsus “Birbank” kartının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 88 manat olmaqla, cəmi 208 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-306/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-306/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver