Məhkəmə qərarları › İş №1(003)-307/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-307/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-307/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Ağdaban kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Məmmədxanlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:52 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Zuğulba şossesində Zuğulba istiqamətində idarə etdiyi “Kia” markalı, **-LN-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə hərəkətdə olduğu zaman Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Zuğulba şossesində yerləşən “Rahat” marketin yaxınlığında sağa dönmə əməliyyatı etmək istəyərkən “Toyota” markalı, **-DY-*** qeydiyyat nömrəli avtomobilin sürücüsü X3 onun yolunun qarşısında dayanıb orada baş vermiş yol nəqliyyat hadisəsinə baxdığını və dönmə işığını yandırmaması səbəbindən əsəbləşərək soldan ötmə hərəkəti etməklə əvvəlcə avtomobilin şüşəsini endirib Azər Axundzadənin ucadan nalayiq sözlər işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyərək daha sonra avtomobilini qarşıda saxlayıb salonunda gəzdirdiyi taxta parçasını götürüb düşərək Azər Axundzadəyə yaxınlaşmış və silah qismində istifadə etdiyi həmin taxta parçası ilə sonuncunun idarə etdiyi avtomobilin müxtəlif yerlərinə vurub çızmaqla zədələmiş, habelə əlində saxlayaraq onun hərəkətlərini çəkdiyi Azər Axundzadəyə məxsus “İPhone 14 Pro” markalı mobil telefonu taxta parçası ilə vurub yerə salaraq zədələməsi nəticəsində sonuncuya ümumilikdə 1.050 (min əlli) manat maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayı. xx.xx.2023-cü il tarixdə, saat təxminən 02:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Buzovna-Zuğulba qəsəbəsində idarə etdiyi özünə məxsus “Kia” markalı, **-LN-*** qeydiyyat nömrəli avtomobili ilə hərəkətdə olduğu zaman Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən “Rahat Market”ə çatmamış sağa dönməli olmuşdur. Həmin döngəyə az qalmış yol nəqliyyat hadisəsi baş verdiyindən iki avtomobil yolun sağ tərəfində qəza işıqlarını yandırıb yan-yana dayanmışdır. Bu zaman onların dayandığını görüb sağa dönmə işığını yandırıb dönmək istəyərkən həmin avtomobillərdən yola tərəf dayanan “Toyota” markalı **-DY-*** qeydiyyat nömrəli avtomobil hərəkətə başlamışdır və onun sağa dönməyimə imkan verməmişdir. O da bundan əsəbləşib həmin avtomobilin qarşısına keçəndə həmin avtomobildə qabaqda sağ tərəfdəki oturacaqda əyləşən şəxs ona əl işarəsi ilə nalayıq ifadə bildirmiş və söyüş söymüşdür. Ona görə də həmin avtomobilin arxasında dayanıb taxta parçasını götürüb avtomobildən düşmüş, onlara tərəf getmiş və yaxınlaşıb öz iradını bildirmişdir ki, “niyə yolu kəsib qəza işığını yandırıb sonrada xəbərdarlıq etmədən dönüb mənim dönməyimə imkan vermirsən”. Sonra isə maşında olan sürücü onu telefonu ilə çəkdiyi üçün əlindəki taxta parçası ilə onun mobil telefonuna vurmuş və telefon həmin oğlanın əlindən yerə düşmüşdür, Eyni zamanda əlindəki taxta parçası ilə onun avtomobilinin arxa işıqlarını göstərib bildirmişdir ki, “niyə dönmə işığını yandırmadan dönürsən”. Onu telefon ilə çəkməsə idi, Pərvanə onun telefonunu vurmayacaqdı. Heç bir əsas olmadan onu video görüntü ilə çəkməyə başlamışdır.Qeyd etmişdir ki, o nə oğlanın özünə, nə də avtomobilinə xəsarət yetirməmişdir. Sadəcə telefonla onu çəkdiyi üçün telefonu taxta parçası ilə vurmuşdur.Baş vermiş hadisə ilə əlaqədar həmin ərazidə kameralar da mövcud olmuşdur. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X9 bildirdi ki, həmin döngədə təqsirləndirilən şəxsin dediyi kimi onlar 3-cü zolaqda deyil, 2-ci zolaqda dayanmışdır. Qəza şəraiti 1-ci zolaqda yaranmışdır. Onlar da yavaş-yavaş 2-ci zolaqla hadisəyə baxa-baxa gediblər. Həmin zaman təqsirləndirilən şəxs onların yanına maşınla yaxınlaşmış və bildirmişdi ki, “dönmürsən, işığı niyə yandırmırsan?” Daha sonra onu nalayiq ifadələrlə söyməyə başlamış və qışqırmağa davam etmişdir. Sonradan o təqsirləndirilən şəxsi ötüb keçmişdir. Daha sonra ilk anda təqsirləndirilən şəxs gəlib onun maşınının qarşısında saxlamış və o da məcbur olub maşınını saxlamışdır. Sonradan uzaq işıqları vura-vura gəlmiş, dah sonra o yenidən maşını saxlamışdır. Güzgüdən təqsirləndirilən şəxsin taxta parçası ilə düşdüyünü görmüş və o, təqsirləndirilən şəxsi telefonla çəkməyə başlamışdır. İlk öncə onun dostunun üzərinə getmiş, arxa stopa vuravura “bunu niyə yandırmırsan” demiş, sonradan onun üzərinə gəlmişdir. Ona bildirmişdir ki, “o, yəni taxta parçası mənə dəyə”, bunu deyən zaman təqsirləndirilən şəxs taxta paçası ilə onun telefonunu vurmuş və telefon əlindən yerə düşmüşdür. Sonradan təqsirləndirilən şəxs onu söyərək avtomobilinə minib çıxıb getmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən telefon mağazasında mobil telefonların təmiri iə məşğul olur. 2023-cü ilin sentyabr ayının əvvəllərində dostu Azər istifadəsində olan “İPhone 14 Pro” markalı mobil telefonunu işlədiyi yerə ekranı sınmış vəziyyətdə gətirib bildirmişdir ki, telefonu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində kimsə taxta parçası ilə vurub yerə salaraq telefonun ekranı sındırmış və həmin telefonu düzəltmək lazım olduğunu qeyd etmişdir. O da telefona baxmış və müəyyən etmişdir ki, telefonun ekranı bütöv dəyişilməlidir. Bundan əlavə telefon yerə düşdüyü üçün bir neçə yerində cızıqları olmuşdur. Eyni zamanda arxa korpus dəyişmiş və zərbəyə qarşı üzlük vurulmuşdur. Bundan başqa telefonun kabrosu (telefon qutusu) dəyişdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 2023-cü ildə dostları birlikdə Buzovnaya istirahət etmək üçün bağ evinə gedirmişlər. O, Azər, Şamil və Oruc var idi. Onlar Buzovnaya gedən zaman Buzovna-Zaqulba yolunda yerləşən “Rahat” marketin yaxınlığında qəza baş vermişdir. O Azərlə birlikdə eyni maşında olmuşdur. Orucla Şamil isə digər maşında imişlər. Qəzanın yaxınlığından keçən zaman Azər yavaş sürətlə hərəkət edirmiş. Kömək lazım olacağı təqdirdə kömək etmək istəyirdi. Qeyd etmişdir ki, həmin zaman Azər qəza işıqlarını yandırmışdır. Lakin Azərin arxasından Kia markalı avtomobil davamlı şəkildə siqnal vermişdir. Azər maşını sağ tərəfə çəkmişdir ki, həmin sürücü keçə bilsin. Bu zaman həmin sürücü birdən manevr etmişdir. O sol tərəfimizdən keçmişdir. Yan şüşəni endirərək onlara qarşı nalayiq ifadələr işlətmiş və manevr edərək qəflətən qarşılarında saxlamışdır. Bu zaman avtomobildən düşüb onlara tərəf gəlmişdir. Həmin zaman əlində taxta parçası var idi. Taxta parçası ilə Azərə tərəf gəlmiş və Azərin onu telefonla çəkdiyini görüb telefonu taxta parçası ilə vuraraq yerə salmışdır. Həm Azəri, həm də onları təhqir etmişdir. Nalayiq ifadələr işlədərək avtomobilinə minib ordan sürətlə uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, onlar Buzovnaya bağa gedirmişlər. Yolda sağ tərəfdə qəza olmuşdur. İki maşın arxa qabaq gediblər. Azər qabaqda, o isə öz maşını ilə arxada gedirmiş Qəzanı gördükdən sonra kömək etmək üçün dayanmışlar. Qeyd etmişdir ki, yalnız qəza işıqlarını vurublar. Dönmə işıqlarını yandırmaq yaddan çıxmışdır. Pərvanə xanım da arxadan siqnal verə-verə gəlirdi. Onun maşınınə ötüb keçdikdən sonra Azərin maşını qarşısında manevr edərək saxlamışdır. Heç biri maşından enməmişdir. Pərvanə xanım maşından düşmüşdür. Azər də əlində telefonu saxlamışdır. Nəsə edəcəyi təqdirdə çəkəcəkdi. Pərvanı xanım Azərin maşınına yaxınlaşmış və bildirmişdir ki, “dönmə işığını niyə yandırmırsan.” Azər də bildirmişdir ki, yadımdan çıxmışdır. Bu zaman Pərvanə nalayiq ifadə ilə Azəri söymüşdür. Azər ona isə qayıtdı ki, “söyüş söymə.” Pərvanə maşına qayıdıb beysbol taxtasını götürmüş və həmin taxta ilə maşına vurmüşdur. Azər bildirmişdir ki, “vurma maşına.” Pərvanə Azərə yaxınlaşmış və taxta parçası ilə Azərin telefonuna vurmuşdur. Daha sonra telefon yerə düşmüşdür. Sonra Pərvanı xanım maşına oturub getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 bildirdi ki, 2023-cü ildə dostları ilə birlikdə Buzovnaya istirahət etnək üçün bağ evinə gedirmişlər. O, Azər, Şamil və Oruc var idi. Buzovna-Zaqulba yolunda yerləşən “Rahat” marketin yaxınlığında qəza baş vermişdir. O Şamillə birlikdə imiş. Çünki onlar Azərin arxası ilə gəliblər. Qəzanın yaxınlığından keçən zaman Azər yavaş sürətlə hərəkət edirdi. Lakin Pərvanə xanım Kia markalı avtomobillə Azərin maşınına yanaşaraq davamlı şəkildə siqnal verirmiş. Onlar nə olduğunu anlamamış, bundan sonra o Azərlə Pərvanənin hər ikisini ötüb keçmişdir. Həmin vaxtı Pərvanə xanım nalayiq ifadələr, təhqir və söyüş işlədirdi. Ondan sonra o maşından düşmüşdür.. O düşəndə Pərvanə xanım artıq maşından düşmüşdür. Azərin üstünə qışqırırmış. Sonradan Pərvanə xanım baqajdan beysbol taxtasını götürmüşdür. Azər də bildirmişdir ki, “mən video çəkirəm, o mənə dəyməsin.” Bundan sonra xanım 2 dəfə maşının arxasına beysbol taxtası ilə vurmuş, daha sonra Azərə yaxınlaşaraq Azərin əlindəki telefona vurmuş və telefon yerə düşmüşdür. Bundan sonra xanım yenidən nalayiq ifadələr işlədərək maşına minib həmin yerdə uzaqlaşmışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 1035 saylı ekspert rəyindən görünür ki, A.N.Axundzadənin bədəni üzərində travma almasını göstərən hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş hadisə zamanı qeydə alınmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Kia” markalı **-LN-*** qeydiyyat nömrəli avtomobili yolun kənarında dayanıb və sürücü Təqsirləndirilən şəxs əlində taxta parçası ilə X3 idarə etdiyi avtomobilə tərəf yaxınlaşır, A.Axundzadə onun hərəkətlərini mobil telefonu ilə çəkərkən Təqsirləndirilən şəxs Azərin avtomobilinə çatır və çatan kimi üstünə hirsli formada yüksək səslə qışqırıb taxta parçasını avtomobilə vuraraq dəfələrlə təkrar deyir ki; “ayə, dönmə işığını yandırmısan?”, Bu ifadəni təkrarlayaraq deyir və sonra taxta parçası ilə Azər Axundzadənin əlindəki çəkiliş apardığı mobil telefona vurur və telefon Azərin əlindən yerə düşür. Bundan sonra ətrafdakıların eşidə biləcəyi yüksək səslə dalbadal nalayiq ifadələr işlədərək öz avtomobilinə minir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Kəlbəcər rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, X4 təqdim etdiyi hadisə baş verən zaman çəkilmiş video görüntünün köçürüldüyü CD disk götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində tutularaq Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təzlənməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3- 13-45-2/2-9467/2023 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Zaqulba şossesində elektrik dirəklərinə quraşdırılmış videokameraların yaddaş qurğusu 30 gün müddətinə yadda saxlama qabiliyyətinə malik olduğundan həmin kameralardan videogörüntünün götürülməsi mümkün olmamışdır. İş materiallarında olan “Loğman-2008” Medical Center tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıq boşluğunda ənsə-büzdüm məsafəsi 37.7 mm olan tək, diri döl müşahidə olunmuşdur. 10 həftə 4 günlük hamiləliyin əlamətləri mövcud olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 19 həftə inkişafdan qalmış hamiləliklə əlaqədar xx.xx.2024-cü il tarixdə süni doğuş icra olunmuşdur. İş materiallarında olan AZ-İV № 829485 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AZ-İV № 716364 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA4593721 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AA0922083 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AA0922084 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, hadisə baş verən zaman qeydə alınmış video görüntüyə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyəti yaranır. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə silah qismində istifadə etdiyi beysbol taxtası ilə zərərçəkmiş şəxsin əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlər etmişdir. Belə ki, o, beysbol taxtası ilə Azər Axundzadəyə məxsus avtomobilə zərbə vuraraq həmin avtomobili cızmış və bundan əlavə zərərçəkmiş şəxsin “İPhone 14 Pro” markalı mobil telefonunu zədələmiş, nəticədə ona 1050 (min əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər.” Məhkəmə təqsirləndirilən şəxsin himayəsində beş azyaşlı uşağının olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur, onun cəmiyyətdən xaric olunmadan da, cəza çəkməsi və islah olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən “Cinayət məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu,cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar,habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köməklik etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır.CMnin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində beş azyaşlı uşağı vardır. Uşaqların müvafiq olaraq 1, 3, 10, 11 və 13 yaşları vardır. Həmin uşaqların maddi ehtiyacları Təqsirləndirilən şəxs tərəfindən ödənilir. Həmçinin uşaqların baxçaya və məktəbə aparılıb-gətirilməsi, onlara qullluq edilməsi təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. Şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi həmin uşaqların maddi və mənəvi qayğıdan məhrum edilməsinə səbəb ola bilər. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəza növünün yəni azadlığın məhdudlaşdlrılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş materiallarında olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar