Məhkəmə qərarları › İş №1(003)-308/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-308/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-308/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli 4(003)-42/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 19 yanvar 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə yaşayış yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 19 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni yaşayış massivində “Bərdəlilər məhəlləsi” kimi tanınan ərazidə yerləşən Zərərçəkmiş şəxs1 məxsus 3 mərtəbəli yarımtikili fərdi yaşayış evinə qanunsuz daxil olaraq fərdi yaşayış evinin birinci mərtəbəsində olan hər biri 1000 manat dəyərində iki ədəd 2,40×2,80 ölçüdə və 800 manat dəyərində bir ədəd 1,80×2,40 ölçüdə plastik pəncərəni gizli yolla talayaraq zərəçəkmiş şəxsə ümumilikdə 2800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 01 yanvar 2023-cü il tarixdən 02 yanvar 2023-cü il tarixə keçən gecə saat 04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Üzümçülük sovxozu ərazisində dəniz kənarında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “AYXAN” adlı kafeyə giriş qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 18 manat dəyərində bir şüşə 700 qramlıq Belarus Respublikasının istehsalı olan “MOROŞA” markalı araq, 35 manat dəyərində bir şüşə 500 qramlıq xarici ölkə istehsalı olan viski, hər biri 7 manat olmaqla 119 manat dəyərində on yeddi şüşə 700 qramlıq Azərbaycan Respublikasının istehsalı olan çaxır, hər biri 15 manat 60 qəpik olmaqla 78 manat dəyərində beş şüşə 700 qramlıq Azərbaycan Respublikasının istehsalı olan “Orqanik” markalı araq, 10 manat dəyərində bir şüşə 700 qramlıq Azərbaycan Respublikasının istehsalı olan “RASPUTİN” markalı araq, Azərbaycan Respublikasının istehsalı olan bir şüşə 1,750 litrlik araq və dəyəri 127 manat olan müxtəlif markalı spirtli içki məmulatlarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumlikdə 387 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Türkan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən “Bərdəlilər məhəlləsi” kimi tanınan ərazidə yarımtikili 3 mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə daxil olaraq orada olan 3 ədəd plastik pəncərəni oğurlamışdır. 20 noyabr 2022-ci il tarixdə həmin plastik pəncərəni Türkan qəsəbəsi ərazisində metal qəbulu məntəqəsində Raqif adlı şəxsə satmış və ümumilikdə 30 manat pul almışdır. Raqifə həmin plastik pəncərələrin oğurluq olduğunu bildirməmiş, özünə məxsus fərdi yaşayış evində lazım olmadığına görə satdığını demişdir. Bundan başqa, 01 yanvar 2023-cü il tarixdən 02 yanvar 2023-cü il tarixə keçən gecə saat 04 radələrində Türkan qəsəbəsi Üzümçülük sovxozunda dəniz kənarında yerləşən “AYXAN” adlı kafeyə gəlmişdir. Sakitlik olduğunu müşahidə edib kafeyə daxil olmaq qərarın gəlmişdir. Kafenin plastik giriş qapısına yaxınlaşmış, bağlı plastik qapını rahatlıqla açmış və içəri daxil olmuş, soyuducudan və yerdən ağzı bağlı olan viski, çaxır, araq şüşələrini götürərək aparmışdır. Qeyd edilən spirtli içkilərin bir miqdarını özü istifadə etmiş, qalanlarını isə Xəzər rayonu ərazisində əvvəllər tanımadığı şəxslərə sataraq ümumilikdə 30 manat pul əldə edib öz istifadəsi üçün xərcləmişdir. Hazırkı məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilir, belə ki, 01 yanvar 2023-cü il tarixdən 02 yanvar 2023-cü il tarixə keçən gecə Türkan qəsəbəsi Üzümçülük sovxozunda dəniz kənarında yerləşən “AYXAN” adlı kafeyə yaxınlaşaraq bağlı plastik qapını açıb içəri daxil olmuş və soyuducudan içki götürmüşdür. Amma həmin içkilər ucuz içkilər olmuş, içərisində viski, başqa bahalı içkilər olmamışdır. Digər oğurluq əməlini isə o, törətməmişdir, plastik qapı-pəncərə oğurlamamışdır. Zərərçəkmiş şəxs1 evindən oğurluq etməmişdir, həmin oğurluqdan xəbəri olmamışdır. Polis şöbəsində ona fiziki təzyiq göstərilərək döyüldüyünə görə məcbur olub öz əleyhinə ifadə vermiş, törətmədiyi cinayəti etiraf etmişdir. Törətdiyi əməli qismən etiraf edir və peşmançılıq çəkir, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə və onunla barışıq əldə edə bilməmişdir. Bunun nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 20 noyabr 2022-ci il tarixdə səhər saatlarında Türkan qəsəbəsi, yeni sahə adlan, “Bərdəlilər məhəlləsi” kimi tanınan yerdə inşa elətdirdiyi 3 mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinin 3 ədəd pəncərəsini naməlum şəxslər tərəfindən oğurlanması barədə qonşular ona məlumat vermiş, o, həmin yerə gəlmiş və həqiqətən də pəncərələrin oğurlandığını aşkar etmişdir. O, sonuncu dəfə həmin evə təxminən bir ay bundan əvvəl getmişdir. Həmin pəncərələrin hər biri 1000 manat dəyərində iki ədəd 2,40×2,80 ölçüdə olmuş və 800 manat dəyərində bir ədəd 1,80×2,40 ölçüdə olmuşdur. Onu da bildirir ki, həmin pəncərələr ağır, hər birinin çəkisi təxminən 150 kiloqram olduğundan, onları bir nəfərin təkbaşına oğurlamasına şübhə edir. Hesab edir ki, istintaq düzgün aparılmamışdır. Oğurluq nəticəsində ona 2800 manat maddi ziyan dəymiş, lakin dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Xəzər rayonu, Türkan qəsəbəsində Üzümçülük sovxozunda dəniz kənarında “Ayxan” adlı kafe işlədir. 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında kafeni bağlayıb yaşadığı evə getmiş, 02 yanvar 2023-cü il tarixdə kafeyə gələndə görmüşdür ki, mətbəxdən oğurluq olmuşdur. Həmin vaxt o, 18 manat dəyərində bir şüşə 700 qramlıq Belarus Respublikasının istehsalı olan “MOROŞA” markalı araq, 35 manat dəyərində bir şüşə 500 qramlıq xarici ölkə istehsalı olan viski, hər biri 7 manat olmaqla 119 manat dəyərində on yeddi şüşə 700 qramlıq Azərbaycan Respublikasının istehsalı olan çaxır, hər biri 15 manat 60 qəpik olmaqla 78 manat dəyərində beş şüşə 700 qramlıq Azərbaycan Respublikasının istehsalı olan “Orqanik” markalı araq, 10 manat dəyərində bir şüşə 700 qramlıq Azərbaycan Respublikasının istehsalı olan “RASPUTİN” markalı araq, Azərbaycan Respublikasının istehsalı olan bir şüşə 1,750 litrlik araq və dəyəri 127 manat olan müxtəlif markalı spirtli içkilərin oğurlandığını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona 387 manat maddi ziyan dəymiş, lakin dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Türkan qəsəbəsində “Türkan” marketin yaxınlığında onun metal alışı məntəqəsi vardır. 2022-ci ilin noyabr ayının sonlarında bir nəfər tanımadığı şəxs xatırlamadığı avtomaşınla 3 ədəd qəhvəyi rəngli plastik pəncərəni işlədiyi metal alqı-atqı məntəqəsinə gətirmiş və onları öz evindən gətirdiyini demişdir. O, həmin pəncərələrə baxmış və onunla 30 manta razılaşmışdır. Həmin pəncərələr yararsız vəziyyətdə olmuş, lakin onları təmir etmək mümkün olmuşdur. Bu səbəbdən də o, pəncərələri almış və fikirləşmişdir ki, təmir elətdirib satar. Aldığı pəncərələri işlədiyi yerdə yolun kənarına qoymuşdur ki, vaxt edib onları plastik ustalarının yanına aparıb təmir elətdirər. Lakin bundan bir neçə gün sonra bir nəfər tanımadığı şəxs yolla keçən zaman həmin pəncərələri görmüş və məntəqəyə daxil olub pəncərələri alıb rayonda fermasına aparmaq istədiyini demişdir. O, həmin şəxslə 50 manata razılaşaraq 3 ədəd pəncərəni ona satmışdır. Həmin şəxs pəncərələrin oğurluq olmasını bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminilastik Tədqiqatlar İdarəsinin 17 yanvar 2023-cü il tarixli, 3-13-11/2-602/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Üzümçülük sovxozunda dəniz kənarında yerləşən Zərərçəkmiş şəxs2 kafesində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 09 yanvar 2023-cü il tarixdə DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin 22 oktyabr 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (pəncərənin çərçivəsi) əksi ilə eynilik təşkil etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus kafedə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd zərfdə olan əl-barmaq izləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış Ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs şikayətçidirlər, onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 27 fevral 2023-ci il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 may 2011ci il tarixli qərarı ilə 04 mart 2011-ci il tarixli hökm dəyişdirilərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 07 iyun 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya qərarının 2.7-ci bəndinə əsasən Amnistiya qərarının 2.3-cü bəndi ilə narkomaniyadan məcburi müalicənin ləğvi barədə qərardan sonra 10 (on) ay 20 (iyirmi) gün cəzadan azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qərarı ilə 13 iyun 2016-cı il tarixli hökm dəyişdirilərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 23 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə yaşayış yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etməsi cinayətini törətməsi məhkəmə baxışı zamanı özünün qismən etiraf etməsinə baxmayaraq, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə qismən təqsirli olmasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham üzrə özünü qismən təqsirli bilməsini Zərərçəkmiş şəxs1 evindən oğurluq etməməsi, həmin oğurluqdan xəbərinin olmaması, həmçinin, Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin özünün ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, həmin oğurluğu məhz Təqsirləndirilən şəxs etmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Polis Şöbəsinə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, nə həmin vaxt, nə də sonradan bununla bağlı heç bir yerə şikayət etməmiş, barəsində qətimkan tədbiri seçilərkən hakimə də bu barədə heç nə deməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri qismən etiraf etməsini və peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 19 yanvar 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Zərərçəkmiş şəxs2 məxsus kafedə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd zərfdə olan əlbarmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Zərərçəkmiş şəxs2 məxsus kafedə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd zərfdə olan əlbarmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar