Məhkəmə qərarları › İş №1(003)-309/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-309/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-309/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəffaf sellofana bükülü 1 ədəd bükümdə olan narkotik vasitə olan marixuananı 30 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış və 13 may 2022-ci il tarixdə saat 16:00 dəqiqədə Xəzər RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi bağlar massivində yerləşən evinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş, RPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyindəki tünd rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artiq miqdarda şəffaf sellofana bükülü 1 ədəd bükümdə ümumi təmiz çəkisi 5,857 qram bitki mənşəli maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər məhkum olunmamışdır. Bir müddətdir ki, tanımadığı şəxslərdən narkotik vasitələr alıb istifadə edir. Tutulmamışdan təxminən 20 gün əvvəl Hövsan qəsəbəsinə gedərək oradakı bazarın yaxınlığında üzdən tanıdığı və bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görmüş və ona yaxınlaşaraq ondan səffaf sellofana bükülü vəziyyətdə qurudulmuş marixuananı 30 manata alaraq Türkan qəsəbəsində yerləşən evinə qayıtmışdır. Həmin vaxt narkotik vasitənin bir qismini istifadə etmiş, 13 may 2022-ci il tarixdə həmin narkotik vasitənin qalan hissəsini əynindəki tünd rəngli cins şalvarın sağ yan cibinə qoyub evdən çıxmışdır. Türkan qəsəbəsində bağlar massivində yerləşən evinin yaxınlığında olan zaman saat 16 radələrində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Xəzər RPİ-nə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə RPİ-nə getmiş və orada şəxsiyyəti müəyyən olunmuş, videoçəkilişlə onun üzərinə baxış keçirilməsinin zəruri olması bildirilmişdir. O, buna da etiraz etməmişdir. Müdafiəçi dəvət olunmuş və ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axratış keçirmişlər. Əvvəlcə ondan üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. O da əynində olan tünd rəngli cins şalvarının şağ yan cibindəki şəffaf sellofana bükülü 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı həmin sellofanın içindəki narkotik vasitə qurudulmuş marixuana olduğunu və onu Hövsan qəsəbəsindən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir, himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, 13 may 2022-ci il tarixdə Türkan qəsəbəsi bağlar massivində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin ifşa olunması məqsədi ilə əməliyyat axtarış tədbirləri həyata keçirilməsi barədə qərar qəbul edilərək o, və NMB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamış və saat 16:00 radələrində Türkan qəsəbəsi bağlar massivində Arazın əlamətlərinə uyğun bir şəxsin dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar ona qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanılması və daşınmasında şübhəli olduğunu deyərək bu şübhələrin yoxlanılması üçün onu Xəzər RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nə gətmişdir. Orada tədbirin nəticəsi barədə raportla rəhbərdiyə məlumat verdikdən sonra araşdırmanın aparılması təhqiqatçı Azər Səmədova həvalə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində onun müdafəçisinin və onların iştirakları ilə şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr və ya qanunla saxlanılması, əldə edilməsi və danışması qadağan olunmuş əşyalar, predmet vardırsa onları könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülü 1 ədəd bükümdə olan bitki mənşəli kütləni çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin vasitə qurudulmuş marixuanadır, özü istifadə etməsi məqsədi ilə saxlanılan vaxtdan təxminən 20 gün əvvəl Hövsan qəsəbəsindən tanımadığı şəxsdən 30 manata almış, bir qismini istifadə etdikdən sonra qalanını üzərində saxlamışdır. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 14 may 2022-ci il tarixli 7/483 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş… ” sözləri yazılmış zərfdə bir ədəd sellofanda təmiz çəkisi 5,857 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 5,857 qram, narkotik vasitə olan qurudulmuş marixuananın 0,05 qramı tədqiqata sərf edilmiş, 5,807 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,00 (yetmiş səkkiz) manat təşkil edir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 17 may 2022-ci il tarixli, 2551 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 5,857 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və hazırkı çəkisi 5,807 qram narkotik vasitə olan qurudulmuş marixuana məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntü olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 14 may 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 13 may 2022ci il tarixdən 14 may 2022-ci il tarixə qədər 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2ində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 5,807 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 78,00 (yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 5,807 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78,00 (yetmiş səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar