Məhkəmə qərarları › İş №1(003)-31/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-31/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-31/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 2022-ci ilin yanvar ayında naməlum səbəbdən yanmış obyektinə görə sığorta pulu alacağına və sonuncunun mərhum atasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evinə çıxarış alacağına dair yalan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən DİN-in Polis Akademiyasının qarşısında 200 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən "xxxx" ASC-nin Şüvəlan filialının qarşısında həmin tarixin valyuta məzənnəsi ilə 6.460 (altı min dörd yüz altmış) manat təşkil edən 3800 ABŞ dolları və 1500 manat məbləğində pulu almış və sonuncu dəfə 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qızılqum Bağlar massivində yerləşən marketin içərisindəki “Milliön” ödəmə aparatı vasitəsi ilə Zərərçəkmiş şəxs 120 manat pulu özünə məxsus bank kartına köçürtdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 8280 (səkkiz min iki yüz səksən) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, birinci Qarabağ müharibəsi veteranıdır. 2022-ci ilin fevral ayında döyüşdə bir yerdə olduqları müharibə veteranları ilə birlikdə yığışıb avtobusla Ağsu rayonuna getmişlər. Həmin gün qayıdanda yolda Məhəmmədəli adlı döyüş yoldaşı ilə söhbət zamanı Məhəmmədəli ondan nə işlə məşğul olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona tanış adamlara işlərində köməklik edib pul qazandığını və ailəsini bu cür dolandırdığını bildirmişdir. Söhbət əsnasında Məhəmmədəli ona bildirmişdir ki, bir nəfər Etibar adında tanışı var, Buzovna qəsəbəsində yaşayır, həm də həmin qəsəbədə obyekt işlədir, yanvar ayında onun obyekti yanıb və ona maddi ziyan dəyib, lakin dəymiş ziyana görə heç bir yardım nə də sığorta ala bilmir, özünə vəkil axtarır, əgər bacarırsa onunla tanış etsin və ona köməkliyini göstərsin, bundan başqa Etibarın başqa obyektləri də var, ona Təqsirləndirilən şəxs kimi adam lazımdır ki, hüquqşunas kimi onunla işləsin. O, da Məhəmmədəliyə demişdir ki, problem yoxdur, mobil nömrəsini Etibara versin və ona zəng etsin. Bir müddət keçdikdən sonra bir nəfər ona zəng vurub bildirmişdir ki, “adım Etibardır, Məhəmmədəli nömrəni verdi, yəqinki mənim problemlərimi də sənə danışıb, mümkündürsə bir yerdə görüşək söhbət edək”. Beləliklə onlar Xəzər rayonu, Mərdəkan qəsəbəsində Polis Akademiyasının qarşısında görüşüb söhbət etmiş və Etibar ona bildirmişdir ki, 2022-ci ilin yanvar ayında Buzovna qəsəbəsindəki obyekti yanmışdır, ona çoxlu maddi ziyan dəymişdir, ona görə nə yardı nə də sığorta ala bilməmişdir. Əgər bu işdə köməklik edə bilsə, başqa işləri də var, yəni Əmircanda evi var onun çıxarışını ala bilmir, onları da onun üçün həll edə bilsə hörmətini necə lazımdı edəcək. Onlar danışmış və Təqsirləndirilən şəxs Etibara demişdir ki, bunun üçün 10.000 manat pul lazımdır, həmin məbləği versin və o, da işləməyə başlamışdır. Etibar ona demişdir ki, həmin məbləğ indi onda yoxdur, amma nə qədər düzəldə bilsə ona verəcək, qalanını da sonra verəcək. Həmin gün Etibar ona 200 manat beh kimi pul vermişdir və və sonra Buzovna qəsəbəsinə gedib Etibarın yanmış obyektinə baxmış, şəkillərini çəkib özündə saxlamış və ona bildirmişdir ki, sənədləşmələrdə ona lazım olacaq. Bundan sonra onlar tez-tez danışmışlar, Etibar üçün gördüyü və görəcəyi işlər barədə danışıb bildirmişdir ki, narahat olmasın, məsələlər öz həllini tapacaq, sadəcə qalan pulunu düzəltsin. Həmin gündən bir müddət keçmiş və onlar 2022-ci ilin aprel ayının əvvəllərində Polis Akademiyasının yaxınlığında "xxxx"ın qarşısında görüşmüş və Etibar ona 3800 dollar və 1500 manat pul vermişdir, Təqsirləndirilən şəxs da ona demişdir ki, gedib bu dolları manata çevirsin ki, sabah bir nəfər var, onunla görüşməlidir, onun evinin çıxarış məsələsi ilə bağlı həmin şəxsə pul verməlidir. Bundan sonra o, yaxınlıqdakı "xxxx"da Etibarın ona verdiyi 3800 dolları manata çevirmiş və sağollaşıb ondan ayrılmışdır. Həmin gündən sonra arada telefonda danışmışlar, bəzən də görüşmüşlər. Etibarın işləri ilə bağlı hərəkətlərini etmişdir, lakin işləri dolaşığa düşdüyünə görə həmin işləri düzəldə bilməmişdir. Bunun üçün məcbur olub Etibarı inandırmağa çalışmışdır ki, guya işlər düzəlmək üzrədir. Sonradan işlər düzəlmədikcə narahat olmağa başlamış, ona görə də Etibara yalandan bildirmişdir ki, narahat olmasın, yaxın günlərdə məsələlər həllini tapacaq. Lakin məsələlər öz həllini tapmadığına görə Etibar onun barəsində polisə ərizə ilə şikayət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində ona sonuncu dəfə 2022-ci ilin aprel ayının sonlarında 120 manat bank kartına köçürrməsini bildirməsi barədə verilən suala cavab olaraq bildirmişdir ki, dəqiq xatırlamır, əgər zərərçəkmiş bunu deyirsə ola bilsin ki, 120 manatı onun kartına köçürmüşdür. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Quliyev küçəsində özünə məxsus obyekti var. Həmin obyekt çay evi kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə həmin obyekt naməlum səbəbdən yanmışdır. Yanma nəticəsində ona təxminən 150.000 manat maddi ziyan dəymişdir. Həmin obyekti sığortalamadığına görə dövlət tərəfindən ona dəymiş maddi ziyanı verilməmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində əvvləcədən tanıdığı Əli adlı şəxs bu işdə köməklik edə biləcək bir nəfər tanışı olduğunu və onu həmin şəxslə tanış etmişdir. Həmin şəxs özünü ona vəkil kimi təqdim etmiş X3r. O, Xanoğlana obyektinin yanmasını və sığorta etmədiyinə görə sığorta pulu ala bilmədiyini bildirmişdir. Xanoğlan ona bildirmişdir ki, əvvəllər hərbiçi olmuşdur, medalları var, hər yerdə adamları və tanışları da var, digər vəkillərdən də çox bilir, bu işdə ona köməklik edəcək, lakin bu işdə bir az pul xərcləməlidir. O, da Xanoğlana bildirmişdir ki, problem yoxdur, nə qədər lazım olarsa verəcək, təki işi alınsın. Xanoğlan ona söz vermişdir ki, yanmış obyektinə görə dəymiş ziyanı Heydər Əliyev fondu tərəfindən ödənilməsini təmin edəcək. O, da Xanoğlanla razılaşmışdır. Xanoğlan ona bunun üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. O, da 10.000 manata gücü çatmadığını bildirəndə, o, Xanoğlan bildirmişdir ki, heç olmasa 5.000 manat düzəltsin ki, aparıb lazım olan yerlərə əvvəlcədən versin və onlar da işi onun xeyrinə görsünlər. Xanoğlan özü barədə Etibara inandırıcı məlumat vermiş, Etibar da ona inanıb başqa bir məsələnin də həllini ondan xahiş etmişdir. Belə ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində atasına məxsus evin çıxarışını almağı ondan xahiş etmiş və o, bu məsələni də həll edəcəyini və bunun üçün də əlavə 1500 manat pul lazım olduğunu bildirmişdir. Etbar da onunla razılaşmışdır. Beləliklə, həmin gün, yəni tarix dəqiq yadımda qalmasa da 2022-ci ilin fevral ayının ortalarında Xanoğlana 200 manat pul vermişdir. Ondan sonra Xanoğlan hər dəfə ona zəng vurub bildirmişdir ki, hansısa bir yerə pul vermək lazımdır, o, də həmin məbləği ona vermişdir. Hər dəfə də ona vədlər vermişdir ki, işləri qaydasına qoymuşdur, qısa müddətdə işin düzələcək, ona 117.000 manat pul veriləcək. Etibar da pul düzəldib xx.xx.2022-ci il tarixdə ona 3800 dollar və 1500 manat pul vermişdir. Qeyd etmişdir ki, bir dəfə də 2022-ci ilin aprel ayının sonunda 120 manat onun bank kart hesabına göndərmişdir. Bundan sonra onunla hər dəfə telefonda işi barədə danışanda Xanoğlan ona müxtəlif yalan vədlər vermi, onun vəd verdiyi müddət keçdikdən sonra hiss etmişdir ki, Xanoğlan onun etibarımdan sui-istifadə edərək onu aldatmış və pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra ondan pulunu dəfələrdə geri qaytarmağı tələb etsə də o, Xanoğlan onu hədələmiş və pulunu qaytarmamışdır. Ona görə də DİN-in 102 zəng xidməti mərkəzinə zəng vurub bu barədə məlumat vermişdir. İlkin təhqiqat araşdırması zamanı ona dəymiş maddiziyanın 7575 manat olduğunu bildirsə də, lakin həmin vaxt şifahi hesabladığına görə ola bilsin ki, dolları manata çevirəndə səhvə yol vermişdir, bundan başqa ilk dəfə xanoğlana evdiyi 200 manatı və sonuncu dəfə kartına köçürdüyü 120 manatı hesablamamışdır. İfadəsində isə ona ümumilikdə 8280 (səkkiz min iki yüz səksən) manat maddi ziyan dəydiyini bildirmişdir. Həmin məbləği Xanoğlana verdiyi zaman yanında heç kimin olmadığını, ilk dəfə ona pulu 2022-ci ilin fevral ayının ortalarında Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında 200 manat beh kimi və xx.xx.2022-ci il tarixdə isə "xxxx" ASCnin qarşısında 3800 dollar və 1500 manat verdiyini, 2022-ci ilin aprel ayının sonunda isə 120 manat pulu yaşadığı evin yaxınlığında yerləşən marketin içərisindəki “Milliön” aparatından göndərmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı ödənilmiş, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı iddia, şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1969-cu ildə Laçın rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 3500 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən AR CM-nin 178.2.4-cü maddəsi AR CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş və barəsində AR CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmiş və qeydiyyatdan çıxarılmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə cərimə məbləğini tam şəkildə ödədiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq 01 il 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 01 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 03 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 1(011)-19/2024 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2024-cü il tarixli, 1(103)-77/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası həmin qərarla təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində cinayətlərin məcmusu üzrə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 23 noyabr 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixə qədər həbsdə, 08 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə qədər ev dustaqlığında saxlanıldığı, 18 yanvar 2024-cü il tarixdən 27 mart 2023-cü il tarixədək həbsdə olduğu ümumilikdə 07 (yeddi) ay 13 (on üç) gün həmin qərarla təyin olunan cəzadan çıxılmış və üzərində çəkməsi üçün 01 (bir) il 07 (yeddi) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən "xxxx" ASC-nin Şüvəlan filialının qarşısında 3800 ABŞ dolları və 1500 manat məbləğində pul vermişdir. İş materiallarında olan 03 fevral 2022-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət, iddia və tələbi yoxdur. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin xx.xx.2024-cü il tarixli 45/2-11197/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12921/24 saylı axtarış işi açılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-45- 1/2-8098/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayonu ərazisində saxlanılaraq AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2-3998/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarına əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2024-cü il tarixli, 1(103)-77/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası həmin qərarla təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində cinayətlərin məcmusu üzrə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 23 noyabr 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixə qədər həbsdə, 08 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə qədər ev dustaqlığında saxlanıldığı, 18 yanvar 2024-cü il tarixdən 27 mart 2023-cü il tarixədək həbsdə olduğu ümumilikdə 07 (yeddi) ay 13 (on üç) gün həmin qərarla təyin olunan cəzadan çıxılmış və üzərində çəkməsi üçün 01 (bir) il 07 (yeddi) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəza çəkmənin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə cinayət əməli isə təqsirləndirilən şəxs tərəfindən 28 iyun 2022-ci il tarixdə törədilmişdir. Göründüyü kimi hazırki iş üzrə cinayət əməli təqsirləndirilən şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı elan edilməmiş törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmiş olsa da, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs dəfələrlə eyni xarakterli cinayət əməlləri törətmiş və bu səbəbdən AR CM-nin 178.2-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin cəza çəkildiyi müddətdə Təqsirləndirilən şəxs tərəfindən yenidən eyni xarakterli cinayət əməli törədilmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan nəticə çıxarmadığına, onun ictimai-təhlükəli vərdişlərə sahib olmasına və eyni xarakterli cinayət əməlləri törətməyə meyilli şəxs olmasına dəlalət edir. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustqalığında və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 07 (yeddi) ay 13 (on üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 50 saata görə 300 (üç yüz) manat, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar