Məhkəmə qərarları › İş №1(003)-312/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-312/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-312/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 1(103)-227/2025 saylı qərarı ilə 02 il 07 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 00:07-də həmyerlisi Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında qonaq qismində olarkən, zəng etmək adı ilə sonuncudan “İphone 11” markalı mobil telefonunu götürərək, özgənin əmlakını gizli olaraq talama məqsədilə telefonda olan «Birbank» tətbiqinə 4 rəqəmli identifıkasiya nömrəsini yazaraq qanunsuz daxil olub, Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC-nin 4169 7388 5805 9045 nömrəli bank kartının hesabından komissiya haqqı ilə birlikdə 1010 manat pulu 02 noyabr 2023-cü il tarixdə, saat 00:50-də özünə məxsus “Unibank” KB-nin 4098 5844 9481 5879 nömrəli «Leobank» kartına köçürməklə, elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1010 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə həmyerlisi Zərərçəkmiş şəxs2, sonuncu üçün ilkin ödəniş əsasında «İPHONE-15 pro» markalı mobil telefon ala biləcəyinə və aylıq kredit ödənişini hər ay özünün ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq, 10 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kontakt Home» mağazasının qarşısında «İPHONE-15 pro» markalı mobil telefon alınması üçün Zərərçəkmiş şəxs2 ilkin ödənişin edilməsi adı ilə 1000 manat pul alıb, mağazaya daxil olmuş, həmin mobil telefonun bir neçə şəkilini çəkib, inandırmaq üçün sonuncuya göndərdikdən sonra, heç bir telefon almadan mağazanın digər çıxış qapısından çıxıb gedərək, Zərərçəkmiş şəxs2 1000 manat pulunu ələ keçirib, maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, ölkəyə qonaq gələn Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs3 taksi sürücüsü qismində xidmət göstərərkən, özgənin əmlakını gizli olaraq talama məqsədilə sonuncuya məxsus ödənişlər etməsi üçün ona verdiyi elektron məlumat daşıyıcısı hesab edilən 1986 identifikasiya nömrəli X11 Dövlətinin bankına aid 5520 0616 2560 8080 nömrəli bank kartını özündə saxlayıb, 19 noyabr 2024-cü il tarixdə saat 00:29:00, 01:00:10, 01:00:55 və 01:01:34-də kartı ünvan 3 ünvanında yerləşən bankomata daxil edərək, 4 rəqəmli identifikasiya nömrəsini yazıb, vahid niyyətlə əhatə olunan qəsdlə kartdan 4 dəfə 2250,18 BƏƏ dirhəmi, ümumilikdə 9000,72 BƏƏ dirhəm olmaqla, həmin tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə 4000 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə təkrar gizli olaraq talayıb, valyuta mübadiləsi üçün bank tərəfindən tutulan 165,5 manat məbləğində konvertasiya xidmət haqqı ilə birlikdə Zərərçəkmiş şəxs3 ümumilikdə 4165,5 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, ölkəyə qonaq gələn Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs3 taksi sürücüsü qismində xidmət göstərərkən, özgənin əmlakını gizli olaraq talama məqsədilə sonuncuya məxsus ödənişlər etməsi üçün ona verdiyi elektron məlumat daşıyıcısı hesab edilən 1986 identifikasiya nömrəli X11 Dövlətinin bankına aid 5520 0616 2560 8080 nömrəli bank kartını özündə saxlayıb, Zərərçəkmiş şəxs3 Kham 19 noyabr 2024-cü il tarixdə, saat 18:50 radələrində Dubay şəhərinə getməsi üçün X13 Aeroportun 1-ci terminalının girişində yola saldıqdan sonra kartı terminalın qarşısında yerləşən bankomata daxil edərək, 4 rəqəmli identifikasiya nömrəsini yazıb, vahid niyyətlə əhatə olunan qəsdlə kartdan eyni üsulla əvvəlcə 4500,37 BƏƏ dirhəmi, 18:55:02-də 4500,37 BƏƏ dirhəmi, l'8:55:50-də 2250,18 BƏƏ dirhəmi olmaqla, 3 dəfəyə 11250,92 BƏƏ dirhəmi olmaqla, həmin tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə 5000 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə təkrar gizli olaraq talayıb, valyuta məbadiləsi üçün bank tərəfindən tutulan 206,92 manat məbləğində konvertasiya xidmət haqqı ilə birlikdə Zərərçəkmiş şəxs3 ümumilikdə 5206,92 manat xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, işsiz olduğuna və uzun müddət iş tapa bilmədiyinə görə “Hyundai Elantra” markalı avtomaşını icarəyə götürüb taksi fəaliyyətinə başlamışdır. 16 və ya 17 noyabr 2024-cü il tarixdə Əhməd Rəcəbli küçəsində əcnəbi sərnişin götürmüş, və sonradan bilmişdir ki, həmin şəxs Hindistan vətəndaşı Zərərçəkmiş şəxs3dır. Onunla ünsiyyət nəticəsində səmimi münasibətləri yaranmışdır. Həmin şəxs xahiş etmişdir ki, onu yaxşı viski və qəlyan verilən yerə aparsın və Bakıda olduğu günlərdə onun yanında olsun. Sonradan bilmişdir ki, Khan COP 29 tədbirinə görə Azərbaycana gəlmişdir. Bu minvalla o, həmin gündən 19 noyabr 2024-cü il tarixədək hər gün həmin şəxslə birlikdə olmuş, başqa heç bir işlə məşğul olmamışdır. Onunla ingilis dilində danışmış və həmin günlərdə birlikdə ticarət mərkəzlərinə, dükanlara və klublara getmişlər. Həmin şəxs onun səmimiyyətini qəbul edərək, bank kartını ona vermiş, katın kodunu demiş və bütün pul xərcləmələrini o, həyata keçirmişdir. Hətta onu özü ilə Dubaya aparmağı, orada onun motosiklet və skuter şirkətində işləməyi təklif etmişdir. Lakin o, 10000 (on min) manat bank borclarının olduğuna görə ölkəni tərk edə bilmədiyini ona izah etmişdir. Həmin şəxs ona demişdir ki, verdiyi kartdan lazım olduğu qədər istifadə edə və sonra ölkədən çıxış hüququ əldə edib onun yanına Dubaya gedə bilər. Yenə də buna inanmamış, o da kartı geri istəməmişdir. Onun səmimiyyətinə inanmaq üçün 18 noyabr 2024-cü il tarixdə, saat 00:00 radələrində həmin şəxsi otelə düşürdükdən sonra, artıq 19 noyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində Gənclik metro stansiyasının yaxmığında, Avrasiya Universitetinin qarşısında yerləşən, əcnəbilər üçün xüsusi olaraq nəzərdə tutulmuş bankomatdan 4000 (dörd min) manat pul çıxartmışdır. Həmin əməliyyat zamanı azərbaycan dili seçildiyinə görə məbləğ manatla verilmişdir. O, fikirləşmişdir ki, Kapital Banka olan 3800 manat borcunu səhəri gün ödəməklə bəlkə ölkədən çıxış problemini həll edə bilər və ona qoşulub gedər. Eyni zamanda Khanın telefonuna mesaj getdiyinə görə, reaksiyasını müəyyən edə bilər. Çünki hər dəfə onun həmin kartından hər dəfə pul xərclənəndə telefonuna mesaj gəlmişdir. Orada olarkən həmin şəxs ona zəng vurub demişdir ki, gəlib onu oteldən götürsün və birlikdə kluba getsinlər. O elə də etmiş, həmin şəxsi götürüb kluba getmişlər və birlikdə əylənmişlər. Lakin o, verdiyi kartından çıxardığı məbləğ barədə heç bir söz deməmişdir. Əksinə onun hesabı bağlamağa qoymamış, özü digər kartla hesabı bağlamış və onun çıxarıb əlində tutduğu həmin kartı göstərərək «ona dəymə» demişdir. Sonra onu otelə qaytarmış, özü isə evə getmişdir. Səhər açıldıqda həmin 4000 (dörd min) manatdan 3800 (üç min səkkiz yüz) manatını kreditinə ödəmiş, qalan 200 (iki yüz) manatını isə özünə xərcləmişdir. Zərərçəkmiş şəxs3 isə xidməti avtobusla COP 29 tədbirinə getmiş, qayıdandan sonra ona zəng vurub çağırmışdır ki, onu aeroporta aparsın. Khanın qaldığı otelə getmiş, otelin işçisi ilə birlikdə onun çantalarını maşının yük yerinə yığmış və oradan birbaşa aeroporta sürmüşdür. 1-ci terminalın qarşısında sağollaşarkən, o Dubaya gəl demiş və həmin kartı da geri istəməmişdir. Onun elədiyi köməkliyə görə təşəkkürünü bildirmiş, işlərini qaydasına saldıqdan sonra Dubaya onun yanına gələcəyini demişdir. O da ingilis dilində İnşallah orada görüşərik demişdir. Zərərçəkmiş şəxs3 içəri keçdikdən sonra o, bayırda olan bankomatdan 2000, 2000 və 1000 olmaqla cəmi 5000 manat pul çıxarmışdır. Fikirləşmişdir ki, borclarını tam ödəmək üçün həmin məbləğ bəs edər, qalan məbləğdən bilet alıb onun yanma gedər, orada işləyərək ona olan borclarını ödəyər və qalıb orada işləyər. Sonra maşına əyləşib şəhərə getmiş, həmin 5000 manatı öz kartına yükləmiş və telefonunda olan proqramla “X20”ya olan 1420 manat kredit borcunu, 850 manat isə tanışlarına olan əl borclarını ödəmişdir. Təqribən bir saatdan sonra Zərərçəkmiş şəxs3 ona WhatsAppla zəng vurub ona kartdan pul çıxarılması barədə olan qəbzlərin şəkillərini atmış və onunla danışıq zamanı kartından pul çıxartdığına görə iradını bildirmişdir. O Khana kartı özünün verdiyini, kodunu dediyini və buna görə aeroportda təşəkkürünü xatırlatdıqda, Khan şirkətlə arasında narazıçılıq yarandığını və ona köməklik üçün dediyi pulu Dubaydan göndərəcəyini, uçuşdan imtina edib geri qayıtdığını deyərək pulunu geri istəmişdir. O, həmin pulların çox hissəsini borclarına verdiyini demiş və Khana təklif etmişdir ki, vətəninə getsin, xərclədiyi pulları həmin karta yükləyib kartın özünü ona göndərəcək, əgər getmirsə kredit götürüb pulları yerinə qoymaq üçün ona sabaha qədər vaxt versin. Khan demişdir ki, oteldədir və 9000 manatı ödəmək üçün sabaha qədər gözləyir. Səhəri gün kredit götürə bilmədiyinə görə ona zəng vurub daha bir gün möhlət istəmişdir. Khan razılaşsa da sonradan Nərimanov Rayon Polis İdarəsinə gedib şikayət ərizəsi vermişdir. Səhəri gün 21 noyabr 2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılmışdır. İstintaq təcridxanasından telefon danışığı zamanı anasının deməsinə görə həmin şəxsə vurulan ziyan tam həcmdə ödənilmişdir. Əgər onun həmin kartda olan məbləği talamaq niyyəti olsaydı, möhlət verdiyi bir gün müddət ərzində yəni, 20 noyabr 2024-cü il tarixdə kartda qalan məbləğə də müdaxilə edərdi. Zərərçəkmiş şəxs1 onun həmkəndlisi və yaxın tanışıdır. Ehtiyacı olanda Vüsal ona həmişə pul vermişdir. 2022-ci ilin iyul ayında ehtiyacı oduğundan Vüsaldan 5000 manat borca pul almışdır. Buna baxmayaraq Vüsal heç vaxt borca görə onu sıxmamış və pulu olanda ödəyəcəyinə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Vüsalın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən evinə qonaq kimi getmiş, bir qədər söhbət etdikdən sonra, guya mobil telefonunda danışıq üçün konturu olmadığını və onun mobil teleonundan istifadə etmək istədiyini Vüsala demiş, Vüsal heç bir problem olmadığını bildirərək öz mobil telefonunu ona vermişdir. Vüsalın başının qarışdığını və ona baxmadığını görüb, gizli olaraq onun həmin telefonundakı “birkart” mobil tətbiqinə daxil olmuş və Vüsaldan icazə almadan və heç bir söz demədən gizli olaraq onun hesabından 1000 manat pulu özünün “Leo” kartına köçürmüşdür. Sonra Vüsalın mobil telefonunu bir qədər kənara qoymuş və su almaq adı ilə evdən çıxmışdır. Təxminən bir saat sonra Vüsal istfadəsində olan mobil telefonuna yazaraq pulunu çıxardığını demiş və onu geri istəmiş, lakin Vüsala pula ehtiyacı olduğu üçün belə etdiyini və geri qaytaracağını demişdir. Bundan əlavə 2023-cü ilin mart ayında problemləri olduğuna görə digər həmkəndlisi olan Zərərçəkmiş şəxs2 4000 manat pul borc istəmişdir. Elşad 4000 manat pulu bankdan çıxarıb verəcəyini, lakin bunun əvəzində həmin pulu faizi ilə birlikdə ödəyəcəyini bildirmişdir. Çarəsiz qaldığına və pula ehtiyacı olduğuna görə 4000 manat pulu Elşaddan almış və vaxtı-vaxtında ödənişləri edəcəyini bildirmişdir. Lakin gəlir mənbəyi olmadığına görə yalnız Elşada bir neçə aylıq ödənişi eləmiş, yerdə qalan ödənişləri isə edə bilməmişdir. Elşada ümumilikdə 1000 manata yaxın ödəniş etmişdir. Bundan sonra heç bir ödəniş edə bilmədiyimdən Elşada belə bir təklif eləmişdir ki, onun üçün “Kontakt Home” mağazasından “İphone 15pro” markalı mobil telefonu ilkin ödənişi edərək götürsünlər, yerdə qalan pulu isə özü hər ay ödəsin və bununlada ondan aldığı 4000 manat borc bu yolla bağlansın. Elşad da buna razılaşmışdır. Sonra o Elşada ilkin olaraq 1000 manat pul ödəmək lazım olduğunu bildirmişdir. Elşad razılaşaraq, Yasamal ryaonu, Şərifzadə küçəsində yerləşən «Kontakt Home” mağazasının qarşısında ona 1000 manat pul vermişdi və o, həmin mağazaya daxil olmuşdur. Mağazada bir neçə mobil telefonun şəkilini çəkib ona atmış və daha sonra isə onun verdiyi 1000 manat pulu götürərək digər qapıdan çıxıb getmişdir. Beləliklə onun veridyi 1000 manat pulu aldadaraq ələ keçirmişdir. Həmin şəxsə vurduğu maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 02.11,2023-cü il tarixdə, saat 00:07 radələrində yaşadığı ünvana həmyerlisi Təqsirləndirilən şəxs qonaq gələrək istifadə etdiyi İPHONE 11 markalı mobil telefonunu ondan zəng etmək adı ilə alaraq, telefonda olan “Bir Bank" proqramına girmiş, saat 00:50də "xxxx"a aid, özünə məxsus 4169 7388 5805 9045 nömrəli kartında olan 1830 manat puldan 1000 manat pulu özünə məxsus Leo Banka aid 4098 5844 9481 5879 nömrəli kartına göndərmişdir. Sonra su almaq adı ilə çıxıb getdikdən sonra bankdan ona bu barədə sms gəlmiş və Təqsirləndirilən şəxs onun kartından öz kartına 1000 manat pul köçürməsini müəyyən etmişdir. Bu barədə onunla vatsap vasitəsi ilə yazışmış, o pulunu 5 gündən sonra qaytaracağını bildirmiş, şikayət etməməsini ondan xahiş etmişdir. Daha sonra baş vermiş hadisə barədə ərizə yazaraq şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X1 məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişlər və onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələr elan edilmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmyerlisidir. 31 mart 2023-cü ildə Samir ona bildirmişdir ki, gizir işlədiyi hərbi hissədə cinayət törətmiş, işinin həll edilməsi üçün 4000 manat pul lazımdır, buna görə onun əvəzinə kredit götürməyi xahiş etmişdir. Onunla razılaşmış, hərbi biletini və əmək haqqı kartını verərək götürülən pulun kredit faizini özü ödəyəcəyini demişdir. “Finca Bank”dan 4000 manat kredit götürüb Samirə vermişdir. Həmin vaxt aylıq kredit haqqı 274 manat olmaqla bir il altı ay müddətinə 4932 manat ödənilməli olmuşdur. Hər ehtimala qarşı Samirə kredit haqqı olaraq hər ay 500 manat olmalqa 10 ay müddətinə kredit ödənilməli olduğunu demişdir. Samir onunla razılaşmış və bir ay 500 manat vermiş, atası isə 200 manat pul vermişdir. Sonradan Samirin əmək haqqı kartının keçərsiz olduğunu görüb, onu atasına qaytarmış, hərbi bileti isə onda qalmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində həmkəndlisi və tanışı olan Samir Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Kontakt Home” mağazasının qarşısına gələrək, onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı həmin mağazada tanışı olduğunu bildirmiş və ona “İphone 15Pro” markalı mobil telefon almaq üçün, ilkin ödəniş edib qeyd olunan mobil telefonu almaq və aylıq kredit ödənişini ona olan 4000 manat borcunun əvəzinə özünün ödəyəcəyini demişdir. Bunun üçün ilkin ödəniş olaraq vermək adı ilə ondan 1000 manat pulu həmin mağazanın qarşısında alıb içəri daxil olmuş və bir neçə dəqiqə sonra ona həmin mobil telefonun şəkillərini çəkərək göndərmiş, lakin bir qədər onu gözləməyinə baxmayaraq, Samir onun yanına gəlməmişdir. Onun mobil telefonuna zəng etdikdə isə o cavab verməmiş, özü içəri daxil olduqda Samir digər çıxışdan çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasına teleqram ünvanlayaraq təqsirləndirilən şəxs X6 qarşı şikayət və tələbinin olmamasını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, COP 29-da iştirak etmək üçün Bakı şəhərinə gəlmiş, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Mən Sən” otelində 12 noyabr 2024-cü il tarixdən yaşamışdır. 18 noyabr 2024-cü il tarixdə otelin qarşısında Azərbaycan vətəndaşı olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin şəxs ona özünü taksi sürücüsü kimi təqdim etmiş, onu bir sıra yerlərə yəni, alış-veriş yerlərinə və restoranlara aparmışdır. Həmin vaxt o özünü yaxşı insan kimi nümayiş etdirmişdir. Geri dönüş bileti 19 noyabra olmuşdur. Həmin tarixdə Samirlə aeroporta getmişdir. Mən aeroporta çatanda, bank kartından pul çıxması barədə şirkətdən ona sms gəlmişdir. Oteldən çıxan zaman Samir çantalarını avtomobilə yerləşdirmişdir. Həmin zaman Samir onun xəbəri olmadan, onun Abu Dabiyə məxsus olan 5520 0616 2560 8080 nömrəli bank kartını oğurlamışdır. Sonradan şirkət tərəfindən gəlmiş qaimədə məlum olmuşdur ki, Samir onun kartından 19 noyabr 2024-cü il tarixdə 2250.18, 2250.18, 2250.18, 2250.18, 4500.37, 4500.37, 2250.18 dirhəm olmaqla ümumilikdə 20251.64 dirhəm pulunu oğurlayaraq ona maddi ziyan vurmuşdur. Həmin kart kredit kartı olmuşdur. İçərisində isə 72000 dirhəm pul olmuşdur. Ona məxsus kredit kartından ümumilikdə 20251.64 dirhəm pul Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. O, aeroportda olanda Samirə nə üçün pulunu oğurladığını yazanda, o pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Aeroporta gedən zaman Samirin hansısa bankomata yaxınlaşdığını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi Kontakt Home mağazasının qarşısında oğurluq hadisəsi baş vermiş və Zərərçəkmiş şəxs2 məxsus telefonun oğurlanması ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş videogörüntünün köçürüldüyü 01 ədəd CD-R diskə 19 mart 2025-ci il tarixdə X18 İdarəsinin 308 saylı Xidməti otağında baş müstəntiq Əlvan Ələkbərov tərəfindən baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs3 kamera qarşısında ingilis dilində çıxış edərək bank kartından pulunun oğurlandığını, bununla bağlı polis orqanlarına şikayət etdiyini və ona dəymiş bütün zərərin qaytarıldığını bildirir; - Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində başlanılmış ********* nömrəli cinayət işi materiallarına əlavə edilmiş 02 ədəd diskə X18 İdarəsinin 308 saylı Xidməti otağında baş müstəntiq Əlvan Ələkbərov tərəfindən baxış keçirildi. Baxış zamanı məlum oldu ki, hər iki diskə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göndərdiyi səsli mesajlar kğçürülmüşdür. Həmin səs yazılarından aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 telefonunda olan “Birbank” mobil tətbiqi ilə özünə 1000 manat pul köçürməsini etiraf edir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin icraata qəbul edilməsi haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi X18 İdarəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Əlvan Ələkbərov tərəfindən qəbul edilmiş və istintaq davam etdirilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-1-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin icraata qəbul etmə, cinayət işinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif olunması barədə xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı CM-nin 177.2.3-1 və 178.2.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və CM-nin 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələrinə tövsif edilmi və cinayət işi həmin maddələrlə davam etdirilmişdir; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Süleyman Quluzadə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin,177.2.3-1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1391/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Əməlin tövsif edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsindən CM-nin 178.2.2, 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir; - Yenidən ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur; - Yenidən ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 və 178.2.2-ci, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur; - Azərbaycan Respublikası Salyan rayonunun İcra Hakimiyyətinin başçısının Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin verdiyi 19 mart 2025-ci il tarixli Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Nağıyev X7 Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsilə təqsirli bilinərək 02 il 07 ay 06 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(010)- 441/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü ilə təqsirli bilinmiş və 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş dir. CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədəktutulduğu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 04 ay 24 gün müddət nəzərə alınmaqla onun üzərində 02 il 07 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 1(103)-227/2025 saylı qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(010)- 441/2024 saylı hökmü dəyişdirilmiş və həmin hökmdən CM-nin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmişdir. Təqsirləndirilən şəxs üzərində saxlanılan 02 il 07 ay 06 gün müddətə azdlıqdan məhrumetmə cəzasının əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmışdır; - Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, maddi ziyan ödənildiyindən onun, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur, onunla barışmışdır; - Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli teleqramdan məlum olur ki, təqsirləndirilən şəxs X6 qarşı şikayət və tələbi yoxdur, ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs3 Khna ibtidai istintaq zamanı vermiş olduğu ərizədən görünür ki, təqsirləndirilən şəxs X6 qarşı şikayət və tələbi yoxdur, ona dəymiş zərər ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab edilir. Eyni əməllər: - 177.2.2. təkrar törədildikdə; - 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; - 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 178.2.4-cü maddəsinə əsasən dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 1(103)-227/2025 saylı qərarı ilə dəyişdirilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(010)-441/2024 saylı hökmün üzrə məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 1(103)-227/2025 saylı qərarı ilə dəyişdirilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(010)-441/2024 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini (CM- 59.1.12), vurulmuş maddi ziyanın ödənilməsini (CM-59.1.14), məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 1(103)-227/2025 saylı qərarı ilə dəyişdirilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(010)-441/2024 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı, şübhəli şəxs kimi saxlanıldığı, həmçinin 1(010)-441/2024 saylı cinayət işi üzrə həbsdə saxlanıldığı müddətlər təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.3-1, 177.2.2, 177.2.4-ci maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 1(103)-227/2025 saylı qərarı ilə dəyişdirilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(010)-441/2024 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 1(010)-441/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 07 may 2025-ci il tarixdən 08 may 2025-ci il tarixədək və 28 may 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu cəmi 04 ay 24 gün müddət ona təyin edilmiş cəzaya hesablansın və üzərində 03 (üç) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının: ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən sərf etdiyi vaxta görə 180 (yüz səksən) manat, məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi 11 saat vaxtaa görə 121 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. İş üzrə maddi subut qismində tanınmış 03 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar