Məhkəmə qərarları › İş №1(003)-313/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-313/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-313/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, ünvan 2-də qeydiyyatla yaşamış, əvvəllər məhkum olunmamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 mart 2021-ci il tarixli 4(003)- 112/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 22 mart 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, X5 özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 iyul 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanında yerləşən X4 giriş qapısını özündə olan açarla açaraq daxil olub sarayın 2-ci mərtəbəsindəki qapısı açıq otaqdan 01 ədəd, dəyəri 120 manat olan "Keys Proel MFPR4U Multifoni" çemodanı, 01 ədəd, dəyəri 100 manat olan 2000-ci il Malaziya istehsalı "Sony" markalı, "MDS-JE 440" modelli mini diskavodu, 01 ədəd, dəyəri 140 manat olan "Peavey" markalı, "CS-900" markalı səs gücləndiricini, 01 ədəd, dəyəri 240 manat olan "YAMAHA MG 166" markalı səs gücləndiricini, 01 ədəd, dəyəri 1000 manat olan "DYNACORD POVERMATE 1000" səs gücləndiricini, 01 ədəd, dəyəri 300 manat olan "Projektor" markalı, "33-02" modelli LED projektoru, hər birinin dəyəri 60 manat olan, 04 ədəd "İnter M" markalı, "RM-01" modelli stolüstü mikrafonu, 01 ədəd, dəyəri 304 manat olan "RM-01" markalı mikrafonu, 05 ədəd, hər birinin dəyəri 1733 manat olan paltara taxılan mikrafonu, 01 ədəd, dəyəri 123 manat olan masa üstü mikrafonu gizli yolla talamaqla zərərçəkmiş hüquqi şəxs Mərdəkan Mədəniyyət sarayına ümumilikdə 11232,00 (on bir min iki yüz otuz iki) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X5 ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2015-ci ildən Mərdəkan Mədəniyyət sarayında gözətçi kimi işləmiş, 2020-ci ilin dekabr ayında müqaviləsi qurtardığı üçün onu işdən azad etmişlər. 2020-ci ildən mədəniyyət sarayında pandemiya ilə əlaqədar heç kəs işə gəlmirmiş və mədəniyyət sarayına o, nəzarət edirmiş. Cavid müəllim sarayın açarlarını ona vermişdir. 20 iyun 2020ci il tarixdə, təxminən saat 20 radələrində sarayın işıqlarını yandırmaq üçün oraya getmiş və işıqları yandırdıqdan sonra orada olan səs texniki avadanlıqlarını oğurlamaq qərarına gəlmişdir. O, saraya özündə olan açarla sarayın giriş qapısını açıb içəri daxil olmuş və 2-ci mərtəbədə yerləşən qapısı açıq otaqdan 01 ədəd çemodan, 01 ədəd "Sony" markalı mini diskavod, 03 ədəd səs gücləndiricisi, 01 ədəd proyektor, 04 ədəd stolüstü mikrafonu oğurlayıb evə aparmışdır. Bundan sonra həmin əşyaları satmaq qərarına gəlmiş və onların şəkillərini çəkərək "Tap.az" saytında satmaq üçün elan yerləşdirmişdir. Bundan sonra onunla Bəhruz adlı şəxs əlaqə saxlayaraq həmin əşyaları almaq üçün baxmağı təklif etmişdir. O, Bəhruzla Sabunçu rayonu Bakıxanov qəsəbəsində görüşmüş və Bəhruz həmin əşyalara baxmışdır. O, onları Bəhruza ümumilikdə 700 manata satmağa razılaşmış və Bəhruz ona 700 manat vermişdir. Bundan sonra 22 mart 2021-ci il tarixdə onu Xəzər RPİ 1-ci PŞ-nə dəvət etmişlər və o, törətdiyi əməli səmimi etiraf etmişdir. Bundan başqa o, Mərdəkan Mədəniyyət sarayından heç nə oğurlamamışdır. Şahid oğurladığı əşyaları satan zaman həmin əşyaların yalandan tanışına məxsus olduğunu, hazırda tanışının həmin işlə məşğul olmadığından onları satmaqda köməklik göstərməsini ondan xahiş etdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Himayəsində anadangəlmə miopatiya (sinir-əzələ sindromu) xəstəliyindən əziyyət çəkən bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasında iştirak etmiş və 09 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs X5 ilə barışdığını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını və gələcəkdə də olmayacağını göstərmiş, buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini və xidməti işi ilə əlaqədar yaxın günlərdə Respublikadan kənara ezamiyyətə gedəcəyini bildirərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun biiştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 09 yanvar 2020-ci il tarixdən Bakı şəhəri Xəzər rayonu X4 direktoru vəzifəsinə təyin olunmuş, hal-hazırda həmin sarayın direktoru kimi fəaliyyət göstərir. O, direktor təyin ediləndən təxminən 3-4 ay sonra pandemiya ilə əlaqədar iş yerləri bağlandığından heç bir işçi işə gəlmirmiş. Həmin vaxt o, mədəniyyət sarayının bütün açarlarını gözətçi kimi işləyən X3 vermişdir ki, Vüqar tez-tez mədəniyyət sarayına baş çəksin. Pandemiya ilə bağlı yumşalmalar olduğu üçün, o, saraya gedib otaqlara baxan zaman bəzi texniki aparaturaların yerində olmadığını görmüş və bu barədə Xəzər RPİ 1-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı mədəniyyət sarayından 01 ədəd 2007-ci il tarixdə alınmış dəyəri 500 manat olan "Keys Proel MFPR4U Multifoni" çemodanı, 2006-cı il tarixdə alınmış, dəyəri 721 manat olan "Sony" markalı mini diskavod, 01 ədəd, 2006-cı il tarixdə alınmış dəyəri 780 manat olan "CS-900" markalı səs gücləndiricisi, 01 ədəd, 2006-cı il tarixdə alınmış, dəyəri 860 manat olan "YAMAHA MG 166" markalı səs gücləndiricisi, 01 ədəd 2006-cı il tarixdə alınmış, dəyəri 860 manat olan "DYNACORD" səs gücləndiricisi, 01 ədəd, 2018-ci il tarixdə alınmış, dəyəri 1200 manat olan "Epson" markalı proyektor, 04 ədəd, 2006-cı il tarixdə hər biri 460 manata alınmış "İnter M" markalı stolüstü mikrafon, 01 ədəd, 2006-cı il tarixdə 304 manata alınmış "RM-01" markalı mikrafon, 05 ədəd, 2015-ci ildə alınmış, hər birinin dəyəri 1733 manat olan paltara taxılan mikrafon, 01 ədəd, 2015-ci il tarixdə alınmış, dəyəri 123 manat olan masa üstü mikrafon oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində mədəniyyət sarayına 15853 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, əvvəllər musiqi aparaturalarının satışı ilə məşğul olurmuş. 2020-ci ilin iyul ayının sonlarında "Tap.az" elan saytında Vüqar adlı şəxsin səs aparaturası satdığı barədə elanlara baxmış və satdığı mallara baxmaq istədiyini demişdir. O, Vüqarla yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsində görüşmüş və Vüqarın gətirdiyi 01 ədəd "Keys Proel MFPR4U Multifoni" çemodanı, "Sony" markalı mini diskavod 01 ədəd, "CS-900" markalı səs gücləndiricisi, 01 ədəd "YAMAHA MG 166" markalı səs gücləndiricisi, 01 ədəd "DYNACORD" səs gücləndiricisi, 01 ədəd, "Epson" markalı proyektor, 04 ədəd "İnter M" markalı stolüstü mikrafona baxmışdır. Həmin əşyalar çox köhnə və işlənmiş vəziyyətdə olmuşlar. O, Vüqarla malların qiymətlərini 700 manata razılaşmışdır. Həmin malların qiymətlərini hal-hazırda ayrı-ayrılıqda xatırlamır, amma onlara görə Vüqara ümumilikdə 700 manat pul vermişdir. Vüqar həmin əşyaları ona satan zaman onların cinayət yolu ilə əldə edildiyini deməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən göründüyü kimi, X2 ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 may 2021-ci il tarixli, 9/2935 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2140 manat təşkil edir. Qərarda göstərilən 01 ədəd 2006-cı il tarixdə 304 manata alınmış "RM 01" markalı mikrafon, 05 ədəd 2015-ci ildə alınmış hər birinin dəyəri 1733 manat olan paltara taxılan mikrafon, 01 ədəd 2015-ci ildə alınmış markalı olmayan dəyəri 123 manat olan masa üstü mikrafon haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. "Keys Proel MFPR4U Multifoni" çemodan 120 manat, 2000-ci il Malaziya istehsalı "Sony" markalı, "MDS-JE 440" modelli mini diskavod 100 manat, "Peavey" markalı, "CS- 900" markalı səs gücləndiricisi 140 manat, "YAMAHA MG 166" markalı səs gücləndiricisi 240 manat, "DYNACORD POVERMATE 1000" səs gücləndiricisi 1000 manat, "Projektor" markalı, "33-02" modelli LED projektor 300 manat, "İnter M" markalı, "RM-01" modelli stolüstü mikrafon 60 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət sarayına məxsus 01 ədəd "Keys Proel MFPR4U Multifoni" çemodanı, 01 ədəd "Sony" markalı mini diskavod, 01 ədəd "CS-900" markalı səs gücləndiricisi, 01 ədəd "YAMAHA MG 166" markalı səs gücləndiricisi, 01 ədəd "DYNACORD" səs gücləndiricisi, 01 ədəd "Epson" markalı proyektor, 04 ədəd "İnter M" markalı stolüstü mikrafon maddi sübut kimi tanınaraq zərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarında olan və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 09 iyun 2021-ci il tarixli Ərizədən görünür ki, ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxs X5 ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarından görünür ki, X2 himayəsində 19 iyul 2014-cü il təvəllüdlü X7 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan X6 tərəfindən 28 aprel 2016-cı il tarixdə verilmiş 823 saylı Epikrizdən, Xəstənin ambulator kitabçasından və Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən 21 avqust 2018-ci il tarixdə verilmiş 013810 saylı vəsiqədən görünür ki, 19 iyul 2014-cü il təvəllüdlü X7 anadangəlmə miopatiya (sinir-əzələ sindromu) xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə olunmuş və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15 aprel 2021-ci il tarixli Tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, X2 özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsindən başqa, ifadənin yerində yoxlanılması haqqında protokol, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə X2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə X2 ilk törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində anadangəlmə miopatiya (sinir-əzələ sindromu) xəstəliyindən əziyyət çəkən bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X3 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, X5 22 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 24 mart 2021-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 mart 2021-cu il tarixli 4(003)-112/2021 il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, X2 şübhəli və təqsirləndirilən şəxs qismində 22 mart 2021ci il tarixdən 16 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, X2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, X5 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 2-də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli X5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X3 elektron nəzarət vasitəsi tətbiq edilməli, X3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - 01 ədəd "Keys Proel MFPR4U Multifoni" çemodanının, 01 ədəd "Sony" markalı “MDS-JE 440” modelli mini diskavodun, 01 ədəd “Peavey” markalı "CS- 900" modelli səs gücləndiricisinin, 01 ədəd "YAMAHA MG 166" markalı səs gücləndiricisinin, 01 ədəd "DYNACORD POVERMATE 1000" səs gücləndiricisinin, 01 ədəd "Projektor” markalı “33-02” modelli LED proyektorun, 04 ədəd "İnter M" markalı “RM- 01” modelli stolüstü mikrafonun zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ X1 tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X5 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X2 şübhəli və təqsirləndirilən şəxs qismində 22 mart 2020-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilsin. X2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 01 ədəd "Keys Proel MFPR4U Multifoni" çemodanının, 01 ədəd "Sony" markalı “MDS-JE 440” modelli mini diskavodun, 01 ədəd “Peavey” markalı "CS- 900" modelli səs gücləndiricisinin, 01 ədəd "YAMAHA MG 166" markalı səs gücləndiricisinin, 01 ədəd "DYNACORD POVERMATE 1000" səs gücləndiricisinin, 01 ədəd "Projektor” markalı “33-02” modelli LED proyektorun, 04 ədəd "İnter M" markalı “RM- 01” modelli stolüstü mikrafonun zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. X1 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar