Məhkəmə qərarları › İş №1(003)-315/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-315/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-315/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi H.Məmmədov küçəsi ev 27B-də qeydiyyatda olmaqla ünvan 1də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxsistintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 18,132 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivinə daşıyaraq üstündə saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Xəzər RPİ NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində yaxalanaraq Xəzər RPİ-nə dəvət olunmuş və həmin gün saat 22:40 radələrində Xəzər RPİ-nin inzibati binasında video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki tünd boz rəngli şalvarın sol cibindəki 01 ədəd şəffaf sellofanın içərisində olan 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,744 qram, 4,267 qram, 4,563 qram və 4,558 qram olmaqla ümumi təmiz çəkisi 18,132 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan təxminən 10 il olar ki, istifadə edir. Narkotik vasitə olan qurudulmuş marixuananı adətən Suraxanı rayonunda tanımadığı şəxsdən alaraq istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində narkotik vasitəyə olan ehtiyacı ilə əlaqədar tanışı X4 ilə birlikdə qurudulmuş marixuana almaq üçün Suraxanı rayonuna getmişlər. Təxminən saat 18 radələrində “Suraxanı keçidi” deyilən yerdə üzdən şifahi tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşaraq ondan şəxsi istifadələri üçün narkotik vasitə qurudulmuş marixuana istəmişlər. Həmin şəxs onlara bir kibrit qutusu qurudulmuş marixuananı 50 manata satdığını bildirmiş, onlar da onunla razılaşmışlar. Bundan sonra o, həmin şəxsə 200 manat verərək özü üçün dörd ədəd kibrit qutusunda qurudulmuş marixuana almışdır. Rafael isə həmin şəxsə üzərində cəmi 60 manat pulunun olduğunu bildirmiş və 60 manata ona iki ədəd kibrit qutusunda qurudulmuş marixuana verməsini xahiş etmiş, lakin o, Rafaelə cəmi 1 ədəd kibrit qutusunda və bir ədəd yarıkəsilmiş kibrit qutusunda qurudulmuş marixuanasının qaldığını bildirərək 60 manata bir ədəd kibrit qutusunda və bir ədəd yarıkəsilmiş kibrit qutusunda olan qurudulmuş marixuananı ona təklif etmişdir. Rafael onunla razılaşmış və həmin qurudulmuş marixuananı ondan almışdır. Bundan sonra onlar aldıqları narkotik vasitəni əyinlərində olan şalvarın cibinə qoyaraq oradan uzaqlaşmış və birlikdə Rafaelin yaşadığı Binə qəsəbəsində Bolluq yaşayış massivində yerləşən evə gəlmişlər. Həmin vaxt onun şəxsi işi çıxmış, buna görə də Rafaelə 15-20 dəqiqəlik işinin olduğunu və işini həll etdikdən sonra qayıdacağını bildirərək çıxıb getmişdir. İşinin həll olması təxminən 2 saat çəkmiş, saat 22:00 radələrində Rafaelin yaşadığı evin yaxınlığında olarkən mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu Xəzər RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nə gəlmişdir. Orada əvvəlcə ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuşlar. O, əynində olan tünd boz rəngli şalvarın sol cibindəki bir ədəd şəffaf sellofanın içərisində olan 04 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananıpolis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt ondan narkotik vasitəni haradan və kimdən aldığı soruşulmuş, o da onlara hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra həmin dörd ədəd kibrit qutusu polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və üzəri imzalanaraq möhürlənib götürülmüş, o da həmin zərfin üzərini imzalamışdır. Üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün o da protokolu imzalamışdır. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Bununla bağlı o, digər polis əməkdaşı Şahid2 ilə birlikdə həmin məlumatı yoxlamaq və Pövşən Atayevi ifşa etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, təxminən saat 21:30 radələrində Binə qəsəbəsi Bolluq yaşayış massivinə yollanmışlar. Orada müşahidələr apararaq saat 22:00 radələrində Pövşən Atayevi Bolluq yaşayış massivində yerləşən bir evin yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirib onu Polis İdarəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə getmişdir. Orada Pövşən Atayevin üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin TQnun baş təhqiqatçısı David Yusifova həvalə edilmiş, baş təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəkdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra Pövşən Atayev əynində olan tünd boz rəngli şalvarın sol cibindən 01 ədəd şəffaf sellofanın içərisində olan 04 ədəd kibrit qutusunu təqdim edərək narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz istifadəsi üçün xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində Suraxanı rayonunda “Suraxanı keçidi” deyilən yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 200 manata aldığını bildirmişdir. Həmin kibrit qutularının içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Pövşən Atayevin üzərindən aşkar olunmuş 04 ədəd kibrit qutusunda olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən XəzərRPİ2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan təxminən 4-5 il olar ki, istifadə edir. İstifadə üçün əldə etdiyi narkotik vasitə marixuananı adətən Suraxanı rayonunda tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. xx xxxx 2020ci il tarixdə təxminən saat 17:30 radələrində narkotik vasitəyə olan ehtiyacı ilə əlaqədar tanışı Təqsirləndirilən şəxs ilə birlikdə qurudulmuş marixuana almaq üçün Suraxanı rayonuna getmişlər. Təxminən saat 18 radələrində “Suraxanı keçidi” deyilən yerdə üzdən şifahi tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşaraq ondan şəxsi istifadələri üçün narkotik vasitə qurudulmuş marixuana istəmişlər. Həmin şəxs onlara bir kibrit qutusu qurudulmuş marixuananı 50 manata satdığını bildirmiş, onlar da onunla razılaşmışlar. Bundan sonra Rövşən həmin şəxsə 200 manat verərək özü üçün dörd ədəd kibrit qutusunda qurudulmuş marixuana almışdır. O isə həmin şəxsə üzərində cəmi 60 manat pulunun olduğunu bildirmiş və 60 manata ona iki ədəd kibrit qutusunda qurudulmuş marixuana verməsini xahiş etmişdir. Həmin şəxs cəmi 1 ədəd kibrit qutusunda və bir ədəd yarıkəsilmiş kibrit qutusunda qurudulmuş marixuanasının qaldığını bildirmiş, 60 manata bir ədəd kibrit qutusunda və bir ədəd yarıkəsilmiş kibrit qutusunda olan qurudulmuş marixuananı ona təklif etmişdir. O da onunla razılaşmış və həmin qurudulmuş marixuananı ondan almışdır. Bundan sonra o, aldığı narkotik vasitəni əynində olan şalvarın cibinə qoymuş və Rövşənlə birlikdə Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən evinə gəlmişdir. Həmin vaxt Rövşən ona 15-20 dəqiqəlik işinin olduğunu və işini həll etdikdən sonra qayıdacağını bildirib çıxıb getmiş, o isə evinə daxil olub çay hazırlamışdır. Bir qədər sonra Rövşən gələndə onu qarşılamaq üçün küçəyə çıxmış, lakin həmin vaxt, yəni saat 19:30 radələrində evinin yaxınlığında olarkən mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu Xəzər RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nə gəlmişdir. Orada əvvəlcə ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuşlar. Bu zaman o, əynində olan göy rəngli şalvarın sağ cibindəki bir ədəd kibrit qutusunda və bir ədəd yarıkəsilmiş kibrit qutusunda olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmin vaxt ondan narkotik vasitəni haradan və kimdən aldığı soruşulmuş, o da onlara hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra həmin bir ədəd kibrit qutusu və bir ədəd yarıkəsilmiş kibrit qutusunda olan qurudulmuş marixuana polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və üzəri imzalanaraq möhürlənib götürülmüşdür. O da həmin zərfin üzərini imzalamışdır. Üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün o da protokolu imzalamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmışməhkəməkimyəviekspertizasınınxx xxxx 2020-ci il tarixli, 7/338 saylırəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “vət. X2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkiləri 4,517 qram və 1,490 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır”. Qeyd: Marixuananın xalis çəkisi - 6,007 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq - 5,967 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmışməhkəməkimyəviekspertizasınınxx xxxx 2020-ci il tarixli, 7/337 saylı rəyi ilə müəyyən edilmişdir ki, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,744 qram, 4,267 qram, 4, 563 qram, 4,558 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - quruulmuş marixuanadır”. Qeyd: Marixuananın xalis çəkisi - 18,132 qram, tədqiqata sərf edildi – 0,080 qram, qalıq - 18,052 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manatdır. Təqsirləndirilən şəxs üzərindən və R.A.Qasımovdan götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmışməhkəmənarkolojiekspertizanınxx xxxx 2020-ci il tarixli, 1877 saylırəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələn narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 18,132 qram çəkidə olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və hazırkı çəkisi 18,052 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxx 2006-cı il təvəllüdlü Atayev Həsən Rövşən oğlu, xx xxxxxx 2007-ci il təvəllüdlü Atayeva Nərgiz Rövşən qızı və xx xxxxxx 2013-cü il təvəllüdlü Atayeva Dəniz Rövşən qızı adlı bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 18, 052 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 72,00 (yetmiş iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi X1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 30 iş saatına görə cəmi 180,00 (yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 18,052 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72,00 (yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 cəmi 180,00 (yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********1) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar