Məhkəmə qərarları › İş №1(003)-315/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-315/2025

15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-315/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yeddi ay əvvəl ondan şəxsi avtomobilində müvəqqəti istifadə edib qaytarmaq şərtilə aldığı avtomobil akkumulyatorunu geri qaytarmadığından və mobil telefonla zəng edib akkumulyatoru tələb etdiyi vaxt mobil telefonla danışıqları zamanı onu təhqir etməsindən narazı qaldığı Zərərçəkmiş şəxs 26 oktyabr 2024-cü il tarixdə saat 17:45 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən “Ülvi” marketin qarşısında idarə etdiyi avtomobili arxadan izləməklə marketin qarşısında küçədə dayandığını gördüyü vaxt o, da avtomobili dayandırıb düşərək Zərərçəkmiş şəxs idarə etdiyi avtobusa daxil olub orada akkumulyatorunu qaytarmasını tələb etdikdə Zərərçəkmiş şəxs ona şəxsi avtomobilinin mühafizə duracağında olmasını və avtomobilini götürdükdən sonra akkumulyatoru qaytaracağını deməklə onu aylarla süründürməsindən narazı qalması səbəbindən avtomobilin ictimai yer olmaqla sərnişinlərin əyləşmiş olduğu salonunda aralarında yaranmış qısa mübahisə zəminində o, xuliqanlıq niyyəti ilə qəsdən qisas almaq məqsədilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən avtomobildəki sərnişinlərin gözü qarşısında əlləri ilə ani olaraq bir neçə dəfə zərbə vuraraq və onu zorla dartıb avtomobildən yerə düşürdərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm və ətrafdakılara qarşı laqeydlik nümayiş etdirərək Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasının qansızması, sol üst qapağının, sol gözaltı nahiyyəsinin qançırları, sol gözaltı nahiyyənin, burnunun sıyrıqları ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs 1 ildən artıqdır ki, tanıyır. Binə qəsəbəsində yerləşən özünə məxsus olan avtobusu icarəyə verməklə dolanır və 2024-cü ilin əvvəllərində Binə qəsəbəsində Raqifin özünə məxsus olan avtomobilinin nasaz vəziyyətdə olmasını görüb maraqlandıqda Raqif ona akkumuluyatorunun nasaz olmasını demiş və akkumulyator verməyini istəmişdir. Raqif razılaşmış və 2 gün sonra gələrək yaşadığı ünvanın qarşısında ondan akkumulyatoru götürmüşdür. Təxminən 1 ay keçdikdən sonra o Raqiflə əlaqə saxlamağa çalışsa da Raqif müxtəlif bəhanələr gətirərək 7 ay müddəti uzatmışdır. Sonuncu dəfə Raqiflə əlaqə saxlayıb akkumulyatoru istədikdə Raqif mobil telefonda ona və ailə üzvlərinə nalayiq ifadə işlətmişdir. xx.xx.2024-cü tarixdə özünə məxsus avtomobili ilə gedərkən Raqifin avtobusu idarə etməsini görmüş və Binə qəsəbəsində “Ülvi” marketin qarşısında Raqif avtobusu saxladıqda o, avtobusa minərək Raqifin sifət nahiyəsinə sillə ilə vurmuşdur. Ardınca o avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, şəhid atası olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Zərərçəkmiş şəxs qeyd etmişdir ki, 14-15 ildir ki Bakı şəhəri ərazisində müxtəlif marşrutlarda avtobus sürücüsü olaraq işləyir və Bakı şəhərində olduqda Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan “MİDA” kompleksində yaşayır. 2024-cü ilin oktyabr ayına qədər Xəzər rayonu, Binə qəsəbəsində 200 nömrəli, Hövsan-Binə marşrut xəttində avtobus idarə edirmiş, Təqsirləndirilən şəxs 5-6 aydır ki həmin ərazidə marşrut xətti olması ilə bağlı tanımışdır. Təxminən 5 ay qabaq Eldənizdən akkumulyator istəmiş və Eldəniz evdə olmasını deyərək 1 gün sonra ona akkumulyator verərək özünə aldıqda akkumulyatoru qaytara biləcəyini demişdir. 1 həftə sonra Eldəniz onunla əlaqə saxlayaraq akkumulyatoru geri istədikdə avtomobilinin mühafizə duracağında olmasını deyərək avtomobil özünə qayıtdıqda akkumuluyatoru verəcəyini dedikdə Eldəniz ona telefonda nalayiq ifadələr işlətmişdir. O, da qəzəblənərək Eldənizi təhqir etdikdən sonra telefonu söndürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozunda hərəkətdə olarkən Eldəniz idarə etdiyi “Vaz2107” markalı avtomobil ilə idarə etdiyi avtobusun yanına keçərək əli ilə qabağa gəlməyini bildirmiş, saat 17:45 radələrində “Ülvi” marketin qarşısında avtobusu saxladıqda anidən Eldəniz avtobusa daxil olaraq təpiklə sifət nahiyəsinə 2 dəfə zərbə vurmuş, həmçinin 2 dəfə sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Eldənizin yanında adının Rauf olduğunu bildiyi şəxs də var imiş və avtobusda əyləşən Fuad adlı sərnişin, həmçinin digər sərnişinlər Eldənizi ondan uzaqlaşdırmağa çalışmışlar. Eldəniz onu özü ilə çəkərək avtobusdan yerə düşürtdükdən sonra vətəndaşlar Eldənizi uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 qeyd etdi ki, 26 oktyabr 2024cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 6381 çağırışlı avtopatrulda birlikdə eyni avtopatrulda xidmət apardığı Şahid2 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində olarkən saat 17:45 radələrində “Ülvi” marketin qarşısında bir neçə nəfər şəxsin toplaşmasını görüb avtomobili saxlayaraq həmin yerə yaxınlaşmışlar. Səs-küy gələn hissəyə getdikdə marşrutu idarə edən əvvəlcədən tanımadığı Raqif adlı şəxsin üzünü tutaraq oturmasını görmüşlər. Onlar nə baş verməsini soruşduqda Raqif Eldəniz adlı şəxsin onu vurmasını demişdir. Ardınca ətrafdakı vətəndaşlardan Eldənizin kim olmasını soruşduqda vətəndaşlar Eldəniz adlı şəxsin oradan uzaqlaşmasını bildirmişlər. Həmin vaxt əl efiri vasitəsi ilə də Xəzər RPİ-nin 3-cü PŞ-dən baş vermiş mübahisə ilə bağlı məlumat daxil olmuş və onlar sonradan şəxsiyyəti onlara məlum olan Zərərçəkmiş şəxs ərizə və izahatının alınması məqsədi ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2024-cü il tarixli 1324 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyyənin qançırları, sol gözaltı nahiyyənin, burunun sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X9” X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasıyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerə, yəni Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən “Ülvi” marketin qarşısına baxış keçirilmiş və fotoşəkilllər çəkilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Xəzər RPİ-nin 3-cü P,-nin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, barəsində axtarış işi olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində tutularaq Xəzər RPİ-nin İŞ-nə təqdim edilmişdir; - 002777 seriyalı vəsiqədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Abbasov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, X5 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələrdən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Aze N12362659 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, xx.xx.2012ci il təvəllüdlü Həsən Təqsirləndirilən şəxs övladıdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi nəzərə alınmaqla şərti maliyyə vahidi 300 misli miqdarında, yəni 165000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarda olan ifadələır, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini (CM-nin 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, şəhid ailəsinin üzvü olmasını (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası növündə cəza təyin edilməli, tutulduğu müddət cəzasına hesablanmalı, cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsieləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində tutulduğu 01 (bir) gün müddət bir günə dörd gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 20 saat vaxta görə 120 manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 saat vaxta görə 220 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar