Məhkəmə qərarları › İş №1(003)-318/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-318/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-318/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Allakhverdıyevin iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Qazaxıstan Respublikasında doğulmuş, Qazaxıstan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan dörd uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazaxıstan Respublikası Kimkend şəhəri Maxtaral rayonu Mirzəkent küçəsi fərdi evdə qeydiyyatda olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivi fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Allakhverdıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Allakhverdıyev qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Allakhverdıyev istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2020-ci ilin aprel ayının ortalarından etibarən yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib yetişdirməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edərək kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Allakhverdıyevə məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan ümumi sayı 07 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 305,0 qram, yəni xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Allakhverdıyev ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 10 ildir ki, istifadə edir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuananı tanımadığı şəxslərdən əldə edirmiş. Bir neçə ay bundan əvvəl Binə qəsəbəsində, çöllük sahədə olarkən bir ədəd siqaret qutusunun içərisində çətənə toxumları tapmışdır. Son vaxtlar qurudulmuş marixuanın əldə edilməsi ona çətinlik yaratdığından, qərara gəlmişdir ki, özündə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətyanı sahədə əkib özü üçün qurudulmuş marixuana hazırlasın. Təxminən 2020-ci ilin aprel ayının ortalarında iki hissəyə bölünmüş həyətinin arxa tərəfindəki hissəsinin sol küncündə düzülmüş daşların arxasında dibçəklərə tapdığı çətənə bitkisinin toxumlarını səpmiş, həmin toxumlardan çıxan kollara qulluq etməyə başlamış, onları əkib yetişdirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında olarkən mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ondan adını soruşduqda, o da onlara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ 2-ci PŞ-nin inzibati binasına dəvət etmiş və o, könüllü olaraq onlarla birlikdə 2-ci PŞ-nin inzibati binasına gəlmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübhəli bilindiyi üçün Polis Şöbəsinə gətirilmişdir. Xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə təhqiqatçı Arzuman İsmayılov onun üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini təklif etmişlər. O, üzərində qeyri-qanuni heç bir əşya olmadığını bildirmiş, lakin buna baxmayaraq, təhqiqatçı onun razılığı ilə polis əməkdaşlarının və hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirtsə də, üzərindən qeyri-qanuni heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, yaşadığı həyətyanı sahədə narkotik təbiətli çətənə bitkiləri əkib yetişdirmişdir. Bundan sonra o, könüllü olaraq Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən fərdi evin həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq ərizəsi vermişdir. Həmin tarixdə saat 19 radələrində yaşadığı həyətyanı sahəyə polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahəsində dibçəkdə əkdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkiləri çıxarılaraq qablaşdırılmışdır. Həmin çətənə bitkiləri qablaşdırıldıqdan sonra möhürlənmiş və bu barədə tərtib olunan protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İlk dəfə törətdiyi əməli səmimi etiraf edir və peşmançılıq çəkir. Himayəsində yetkinlik yaşına çatmayan dörd uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, “Emın” adlı şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Binə qəsəbəsi Atçılıq yaşayış sahədə yerləşən yaşadığı evin yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Emın” adlı şəxs xx xxxxxxxx 1979-cu ildə Qazaxıstan Respublikasında doğulmuş, Qazaxıstan Respublikasının vətəndaşı, Binə qəsəbəsi Atçılıq massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Allakhverdıyevdir. Bununla bağlı dərhal tərəflərindən əməliyyat qrupu yaradılaraq daxil olmuş məlumatı yoxlamaq və Emın Allahverdıyevi ifşa etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində digər polis əməkdaşları ilə birlikdə Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivinə yollanmışlar. Orada müşahidələr aparıb Emın Allakhverdıyevi yaşadığı evin yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edib Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onu 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Emın də heç bir etiraz etməyib onlarla birlikdə PŞ-nə getmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs Allakhverdıyevin üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla rəisə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material 2-ci PŞ-nin təhqiqatçısı Arzuman İsmayılova həvalə edilmişdir. X2 hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Emın Allakhverdıyevi şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs Allakhverdıyevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs Allakhverdıyevə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Emın Allakhverdıyevə hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Emın Allakhverdıyev üzərində qanunsuz heç bir əşya olmadığını bildirdikdən sonra ona hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı həqiqətən də Təqsirləndirilən şəxs Allakhverdıyevin üzərində qanunsuz heç bir əşya olmadığı müəyyən edilmişdir. Sorğu-sual zamanı X3 qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün narkotik təbiətli çətənə bitkisi əkdiyini bildirmişdir. Bundan sonra həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı onun razılıq ərizəsini alıb özünün, müdafiəçinin və dəvət olunmuş aqronommütəxəssisin iştirakı ilə dərhal Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində yerləşən ünvana yollanmışlar. Baxış zamanı Təqsirləndirilən şəxs Allakhverdıyevin yaşadığı evin iki hissəyə bölünmüş həyətinin arxa tərəfindəki hissəsinin sol küncündə düzülmüş daşların arxasında dibçəklərdə əkilmiş 07 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunaraq dərilib götürülmüşdür. Aqronom-mütəxəssis həmin kollara baxaraq onların çətənə kolları olduğunu və aqrotexniki qulluq göstərilməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Allakhverdıyev həmin 07 ədəd kolun çətənə bitkisi kolu olduğunu və onlara qulluq edərək yetişdirdiyini bildirmişdir. Həmin 07 ədəd çətənə bitkisi qablaşdırıldıqdan sonra möhürlənmiş və bu barədə tərtib olunan protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin, Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Təqsirləndirilən şəxs Allakhverdıyevin hüquqlarını müdafiə edən Bakı şəhər 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası MEA-nın Dendrologiya İnstitutunun baş aqronomu X4 iştirakı ilə Emın Allakhverdıyevin yaşadığı evin həyətyanı sahəsinə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Allakhverdıyevə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək, izah edilmiş hüquq və vəzifələrinin ona aydın olması, evinin həyətyanı sahəsinə baxışın videoçəkilişlə keçirilməsi bildirilərək, buna dair şikayət və etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs Allakhverdıyev hüquq və vəzifələrinin tam aydın olduğunu, videoçəkilişlə yaşadığı evdə baxış keçirilməsinə dair şikayət və etirazının olmadığını bildirmişdir. Daha sonra ona yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə isə könüllü olaraq təqdim etməsi və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması təklif edilmişdir. Təqsirləndirilən şəxs Allakhverdıyev həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun həyətyanı sahəsinə baxış zamanı iki hissəyə bölünmüş həyətin arxa tərəfindəki hissəsinin sol küncündə düzülmüş daşların arxasında dibçəklərdə əkilmiş 07 ədəd narkotik tərkibli çətənə bitkisi çıxarılaraq qablaşdırılmışdır. Ümumilikdə 07 ədəd narkotik tərkibli çətənə bitkisi qablaşdırıldıqdan sonra möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməbioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/324 saylı rəyi ilə müəyyən edilmişdir ki: Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “… saxlanılan şəxs…3)imza Təqsirləndirilən şəxs Allakhverdıyev…” sözləri yazılmış kağız paketdə bir ədəd sellofanda 07 (yeddi) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 305,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Qeyd: Ümumi çəkisi 305,0 qram olan çətənə (kannabis) bitkilərinin 0,35 qramı (hər bitkidən 0,05 qram götürüldü) tədqiqata sərf edilmiş, 304,65 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Milli Elmlər X1 xx xxxx 2020-ci il tarixli, 103-77/1 saylı məktubundan görünür ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən Təqsirləndirilən şəxs Allakhverdıyevin yaşadığı evin həyətindən dərilib götürülmüş 07 (yeddi) ədəd narkotik xassəli bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış əlavə məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/389 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş aqronomun rəyinə əsasən 07 (yeddi) ədəd əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2111 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Allakhverdıyevdə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin həyətindən götürülmüş 305,0 qram çəkidə olan 07 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi maddi sübut kimi tanınaraq hazırkı çəkisi 304,65 qram olan 07 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Allakhverdıyev xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin himayəsində xx xxxx 2002-ci il təvəllüdlü Allakhverdıyev Avaz, xx xxxxxx 2004-cü il təvəllüdlü Allakhverdıyev Tural, xx xxxx 2007-ci il təvəllüdlü Allakhverdıyeva Kholida və xx xxxxxx 2011-ci il təvəllüdlü Allakhverdıyeva Эsmıra adlı yetkinlik yaşına çatmayan dörd uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Allakhverdıyev əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Allakhverdıyevin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Allakhverdıyevin ilk dəfə törətdiyi az ağır cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan dörd uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Allakhverdıyevin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Allakhverdıyevə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti olaraq cərimə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Xəzər rayon Polis İdarəsində saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış 304,65 qram olan 07 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs Allakhverdıyevin üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Allakhverdıyevə Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 178,00 (bir yüz yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs Allakhverdıyevdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Allakhverdıyevin dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Allakhverdıyevə ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 sat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Allakhverdıyev Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4000 (dörd min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Allakhverdıyevin şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş 4000 (dörd min) manat miqdarda cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 3000 (üç min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Allakhverdıyevin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Xəzər rayon Polis İdarəsində saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış 304,65 qram olan 07 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut – Təqsirləndirilən şəxs Allakhverdıyevin üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd “disk“ hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Allakhverdıyevə Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Allakhverdıyevdən 178,00 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Allakhverdıyevin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar