Məhkəmə qərarları › İş №1(003)-318/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-318/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-318/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Lerik rayonunun Cəngəmiran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbəsində müvəqqəti kirayədə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli, 4(003)- 162/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının ortalarında saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan nömrəsiz fərdi evinə açıq qapıdan qanunsuz daxil olub evin yarı təmirli otağından cəmi dəyəri 50 manat olan bir ədəd “İnterskol” markalı dreli, hər birinin dəyəri 175 manat, cəmi dəyəri 350 manat olan iki ədəd “Bosh” markalı preferatoru, cəmi dəyəri 250 manat olan bir ədəd qaynaq aparatını, cəmi dəyəri 250 manat olan bir ədəd elektrik tənzimləyicisini (stabilizatoru), 6 bağlama 4-lük hər birinin dəyəri 40 manat, cəmi dəyəri 240 manat olan elektrik kabelini, cəmi dəyəri 100 manat olan mis materiallarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1240 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanı çəkərkən hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi üçün həbs edilmişdir. Belə ki, maddi imkanı zəif olduğundan oğurluq etmək qərarına gəlmişdir. 2021-ci ilin yanvar fevral ayında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan Cəsarət adlı şəxsin evində fəhlə işləyir və həmin vaxt Binə qəsəbəsində kirayədə qalırmış. Cəsarətin qonşuluğunda olan Telmanın anası bir-iki dəfə onu hava soyuq olduğundan çay içmək üçün evinə dəvət etmişdir. O, nə Telmanı, nə də anasını tanımır, onların evində olanda fikir vermişdir ki, ev təmir olunması üçün sökülüb, ev yarı təmirli vəziyyətdədir, evdə tikinti üçün lazım olan bir sıra əşyalar var. Həmin müddətdə arvadı hamilə olduğundan, maddi çətinlik çəkirmiş, özü də yaxşı işləyə bilmirmiş, ona görə qərara gəlmişdir ki, Telmangil evdə olmadıqları müddətdə evə daxil olsun, həmin əşyaları aparıb satsın. Bu məqsədlə 2021-ci ilin fevral ayının ortalarında dəqiq tarixi xatırlamır, saat təxminən 20 radələrində həmin həyətə yaxınlaşmışdır. Həyətin hasarı olsa da giriş darvazası yox imiş. İçəri daxil olub evin giriş qapısına yaxınlaşmış, qapını yoxlayıb kilidinin olmadığını görmüşdür. Qapını rahat açıb evə daxil olmuş, evdə dəhliz kimi yer var imiş, gördüyü əşyalar yerdə qoyulubmuş. Ətrafda bir ədəd torba tapmış, həmin əşyaları torbaya yerləşdirmişdir. Evin içində təxminən 7-8 dəqiqə olmuşdur. Torbanı götürüb evdən çıxmış, həmin ərazidən uzaqlaşmış, onu yaşadığı evin yaxınlığında bir gizlin yer tapıb gizlətmişdir ki, səhər aparıb dəyər-dəyməzinə satsın. Həmin torbada bir ədəd drel, bir ədəd preferator, bir ədəd qaynaq aparatı, bir ədəd elektrik tənzimləyicisi, 6 bağlama elektrik naqili, bir də ki, oradan tapdığı əşyalardan çıxartdığı mislər olmuşdur. Səhəri gün bir drel və bir preferatordan başqa sadaladığı digər əşyaları “Şam bağı” yaxınlığında hamısını birlikdə 70 manata metalloma satmış, əldə etdiyi pulu şəxsi tələbatına xərcləmişdir. Sonradan həyətində fəhlə işlədiyi Cəsarət onu evinə çağırmış, Cəsarətin və evindən oğurluq etdiyi Telmanın yanında etdiyi oğurluq əməlini səmimi etiraf etmiş, xahiş etmişdir ki, bu barədə polisə şikayət olmasın, qısa zamanda ziyanı ödəyəcək. Bundan bir həftə sonra saxladığı bir ədəd dreli, bir ədəd preferatoru gətirib Telmana qaytarmış və dəymiş maddi ziyanı ödəyəcəyinə söz vermiş, lakin maddi imkanı olmadığı üçün ödəyə bilməmiş, Telmanın çağırışlarına gəlməmişdir. Sonradan öyrənmişdir ki, Telman onun barəsində polisə ərizə ilə müraciət etmişdir. Törətdiyi bu əməldən peşman olaraq məhkəmənin gedişində qohumları vasitəsilə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə qeydiyyatla yaşayır. Təqsirləndirilən şəxs oğurluq baş verənə qədər tanımamış, sonradan onu tanımışdır. Ramid onun qonşuluğunda yaşayan Cəsarətin evində fəhlə işləmişdir. Özü təmir işlərini bacarır, ona görə də öz evinin qapı və pəncərələrini çıxartmış, yenisini sifariş vermiş, özü əlinə pul düşdükcə təmir işlərini aparır. Ona görə evində özünə məxsus bir sıra alətləri var imiş. 2021-ci ilin fevral ayının ortalarında dəqiq tarixi xatırlamır, evinə gələndə görmüşdür ki, bir sıra alətləri yerində deyil. Əvvəlcə heç nədən şübhələnməmiş, sonra isə özü araşdırma aparmağı qərara almışdır. Bir-iki gündən sonra anası Kinəxanım evdə olarkən həyətdən səs gəldiyini eşitdikdə sonradan bilmişlər ki, həmin şəxs Cəsarətin evində fəhlə işləyən Ramiddir. Ramid anasından Cəsarəti soruşmuş, anası da demişdir ki, yəqin gələr, hətta Ramidi evə çay içməyə dəvət etmişdir. Təxminən 30 dəqiqədən sonra Ramid Cəsarətin evə gəlmədiyini görüb çıxıb getmişdir. Sonradan təsadüfən anası Cəsarəti görəndə Ramidin onu gözlədiyini demiş, Cəsarət də demişdir ki, Ramidi çağırmayıb. Onun bu gəlişindən Cəsarət şübhələnmişdir, çünki Cəsarət də bilirdi ki, onun evindən tikinti alətləri oğurlanıb. Cəsarətlə birlikdə Ramidi yanlarına çağıraraq ondan şübhələndiklərini bildirmişlər, sonradan Ramid oğurluq etdiyini etiraf etmiş, xahiş etmişdir ki, bu barədə polisə deyilməsin, oğurladığı tikinti alətlərini gətirib qaytarmaq üçün vaxt istəmişdir. Təxminən bu söhbətdən bir həftə sonra Ramid oğurladığı bir ədəd dreli, bir ədəd preferatoru normal işlək vəziyyətdə gətirib geri qaytarmış, qalan oğurladığı əşyaları pul lazım olduğundan metalloma verdiyini, ona görə geri qaytara bilməyəcəyini, pulunu geri qaytaracağını demişdir. Ramidlə razılaşmış, lakin sonradan Ramid vədinə əməl etməmiş, o da məcbur olub bu barədə polisə sonradan rəsmi məlumat vermişdir. Evdən cəmi dəyəri 50 manat olan bir ədəd “İnterskol” markalı drel, hər birinin dəyəri 175 manat, cəmi dəyəri 350 manat olan iki ədəd “Bosh” markalı preferator, cəmi dəyəri 250 manat olan bir ədəd qaynaq aparatı, cəmi dəyəri 250 manat olan bir ədəd elektrik tənzimləyicisi (stabilizator), 6 bağlama 4-lük hər birinin dəyəri 40 manat, cəmi dəyəri 240 manat olan elektrik kabeli, cəmi dəyəri 100 manat olan mis qırıntıları oğurlanmışdır. Hadisə nəticəsində ona cəmi 1240 manat maddi ziyan dəymişdir. Hazırda Ramid ona vurduğu 1240 manat maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun Ramiddən heç bir iddiası, şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Ramidə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Astara rayonunun Məçitməhəllə kəndində qeydiyyatdadır, lakin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs onun evində fəhlə işləyib. 2021-ci ilin fevral ayında dəqiq tarixi xatırlamır, təsadüfən söhbət əsasında Telman demişdir ki, evindən təmirtikinti əşyaları oğurlanıb. Telmanın anası ona demişdir ki, Ramid gəlib onu soruşub, hətta oturub gözləyib də, o da şübhələnmişdir ki, Ramidi çağırmayıb, Ramid onu niyə gözləyib. Bundan sonra Ramiddən şübhələndiyini Telmana demiş, Ramidi çağırıb onu sorğu-sual etmişlər. Ramid ona və Telmana etdiyi oğurluğu etiraf etmiş, Telmandan xahiş etmişdir ki, bu barədə polisə bildirməsin, ziyanın ödənilməsi üçün ona vaxt versin. Təxminən bu söhbətdən bir həftə sonra Ramid Telmanın evindən oğurladığı bir ədəd dreli, bir ədəd preferatoru gətirib geri qaytarmış, Telmandan xahiş edib yenə vaxt istəmiş və demişdir ki, oğurladığı qalan əşyaları pul lazım olduğundan metalloma verib, ona görə geri qaytara bilməz, pulunu hissə-hissə qaytaracaq. Telman onunla razılaşmış, ona görə qərara gəlmişdir ki, polisə şikayət etməsin. Lakin sonradan Ramid qaçıb gizlənmiş, onunla əlaqə saxlamaq mümkün olmamış, ona görə Telman polisə rəsmi müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, İsmayıllı şəhəri Ələkbərzadə küçəsi 28 ünvanında qeydiyyatdadır, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə yaşayır. 7 il olar ki, Binə qəsəbəsində “Mehriban qonşular” küçəsi deyilən yerdə icarəyə obyekt götürmüş, həmin obyektdə istifadəyə yararsız metal, mis materiallarını kilo ilə alır. Həmin obyekti özü istifadə edir. İstifadəyə yararlı əşyalar da gətirirlər, lakin almır, çünki bilir ki, çox vaxt oğurluq mallar olur. Belə olanda şübhələnəndə polisə özü bu barədə məlumat verir. Şübhələnəndə malı gətirən şəxsdən şəxsiyyət vəsiqəsinin surətini, maşınla gətiriblərsə gəldiyi maşının dövlət nömrə nişanını götürür, özü də dəftərdə qeyd edir. Ramid polis əməkdaşları tərəfindən onun işlədiyi obyektə gətiriləndə o, obyektdə olmuş, Ramid bir neçə ay əvvəl, dəqiq tarixi xatırlamır, ona yarım kilo istifadəyə yararsız mis gətirib satmış, o, Ramidə həmin misə görə 5 manat vermişdir. Ramiddən başqa heç nə almamışdır. İş materiallarında olan Xəzər RPİ 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayevin tərtib etdiyi 12 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Binə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən evindən oğurluq olmuşdur. Hadisə yerindən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs evdən bir ədəd “İnterskol” markalı drelin, bir ədəd deyil, iki ədəd “Bosh” markalı preferatorun, bir ədəd qaynaq aparatının, bir ədəd elektrik tənzimləyicisinin (stabilizatorun), 6 bağlama 4-lük elektrik kabelinin, xırda mis qırıntılarının oğurlandığını Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, o, Zərərçəkmiş şəxs məxsus Binə qəsəbəsi, yeni sahədə yerləşən evdən oğurluq etmişdir. Hadisə yerindən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, iş üzrə təqdim olunmuş bir ədəd “İnterskol” markalı drel və bir ədəd “Bosh” markalı preferator maddi sübut növü kimi tanınmış, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 may 2021-ci il tarixli 9/2703 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə və internet saytlarının məlumatlarına əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin hazırkı işlənmiş vəziyyətdə, 2021-ci ilin fevral ayının ortalarına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd üstündə markalanma yazıları olmayan (yazılar pozulub), xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, gövdəsi açıq qəhvəyi rəngli drel 15,00 manat; bir ədəd üstündə “Bosch GBH 2-26 DRE Profesional” markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, gövdəsi qara-yaşıl rəngli periferator 70,00 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 75,00 (yetmiş beş) manatdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü müdafiə üçün ifadəsində bir ədəd dreli, iki ədəd deyil, bir ədəd preferatoru, bir ədəd qaynaq aparatını, bir ədəd elektrik tənzimləyicisini (stabilizatoru), 6 bağlama 4-lük elektrik kabelini, xırda mis qırıntılarını oğurladığını və dəymiş maddi ziyanın məbləği ilə razı olmadığını dəlil gətirsə də, lakin toplanmış istintaq sənədlərində həmin xüsusatlar öz təsdiqini tapmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 16 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun Ramiddən heç bir iddiası, şikayəti və ya digər tələbi yoxdur, barışmalarının nəzərə alınaraq Ramidə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 mart 2019-cu il tarixdən 24 iyul 2019-cu il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 02 (iki) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 30 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı Probasiya İdarəsinin 14 iyun 2021-ci il tarixli 01-AY saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixə cəzasının 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkmiş və onun çəkilməmiş cəzası 01 (bir) il 29 (iyirmi doqquz) gün müddət təşkil edir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən X2 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş, lakin Təqsirləndirilən şəxs həmin dəlili məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CMnin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 22 aprel 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 29 (iyirmi doqquz) gün hissəsi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 06 (altı) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı 22 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 1240,00 (bir min iki yüz qırx) manat maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut – iş üzrə təqdim olunmuş bir ədəd “İnterskol” markalı drelin və bir ədəd “Bosh” markalı preferatorun sahibinə - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 75,00 (yetmiş beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 22 aprel 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 29 (iyirmi doqquz) gün hissəsi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 06 (altı) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 1240,00 (bir min iki yüz qırx) manat maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Maddi sübut – iş üzrə təqdim olunmuş bir ədəd “İnterskol” markalı drelin və bir ədəd “Bosh” markalı preferatorun sahibinə - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 75,00 (yetmiş beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar