Məhkəmə qərarları › İş №1(003)-318/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-318/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-318/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cü ildə Lerik rayonu, Gürdəsər kəndində doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Lerik rayonu, Əliabad ərazi dairəsi, Gürdəsər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı qardaşı X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evi sonuncunun satmaq istəməsi, buna baxmayaraq arvadı Zərərçəkmiş şəxs evdən çıxmaq niyyətində olmadığı səbəbindən şəxsi münasibətlərin pozulması zəminində qeyd olunan ünvanda aralarında mübahisə baş vermiş, yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruqla qəsdən sol döş qəfəs nahiyəsindən vuraraq ona döş qəfəsinin, nəfəs alıb-vermə aktının çətinləşməsi və tənəffüsün pozulması ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşına məxsus evdə yaşamışlar. Qardaşı həmin evi satmaq istəmiş, o da arvadına evin qardaşına məxsus olmasını və evdən çıxmaq lazım olduğunu bildirmişdir. Bununla bağlı məhkəmədə mülki iş olmuş, həmin mülki iş üzrə evdən çıxmaları qət edilmiş, ona görə də o, evdən çıxmış, Ramilə isə 2-3 ay da həmin evdə yaşamağa davam etmişdir. O, Ramiləni vurmamış, ona heç bir xəsarət yetirməməmişdir. Təqsirləndirilən şəxs həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, 2024-cü ilin iyul ayına, yəni məhkəmə qətnaməsi çıxan vaxta qədər həmin evdə yaşamış, həmin tarixdən sonra orada yaşamamış, ibtidai istintaq zamanı verdiyi ifadəni oxuyub imzalamış, lakin həmin ifadənin məzmunu düzgün deyil, belə ki, xx.xx.2024-cü il tarixdə qardaşına məxsus həmin evdə olmamışdır. Ramilə ondan qisas olmaq üçün ona böhtan atır. Verilmiş mülki iddianı qəbul etmir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli zidiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı Zərərçəkmiş şəxs mütaciəti ilə tanış olduqdan sonra bildirmişdir ki, Ramilə ilə təxminən 9 ildir ki, ailə qurmuş, birgə nikahdan Fidan və Nahid adında iki övladları var. Əvvəllər münasibətləri yaxşı olmuşdur, lakin sonralar aralarında tez-tez mübahisələr yaranmışdır. Mübahisəyə səbəb Ramilənin dəfələrlə başqa kişilərlə telefonda yazışdığını aşkar etməyi olmuşdur. Qeyd etmişdir ki, həyat yoldaşı və övladları ilə birlikdə qardaşı X3 ona müvəqqəti olaraq yaşamaq üçün verdiyi evində yaşamışdır. Sonradan qardaşının həyat yoldaşı xəstə olduğuna görə müalicə olunması üçün maddi imkanı olmadığından evini satmaq qərarına gəlmiş və ona bildirmişdir ki, evi boşaltsın. O, da bunu yoldaşına demiş, lakin yoldaşı evdən çıxmaq istəmədiyini bildirmişdir. Qardaşı da evdən çıxmağı üçün onu tələsdirmişdir ki, evi tez satsın və həyat yoldaşını müalicə etdirsin. Bu səbəblərdən xx.xx.2023-cü il tarixdə yenə də yaşadıqları evdə aralarında mübahisə yaranmış və Ramilə uşaqlarını da götürüb evdən çıxmışdır. Sonra da xəbər tutmuşdur ki, Ramilənin qardaşı və atası gəlib onu və uşaqlarını Lerik rayonuna aparmışdır. Zərərçəkmiş şəxs ifadəsində son illər ərinin evə sərxoş halda gəldiyininə görə evdə heç bir səbəb olmadan onunla mübahisə etdiyini və nəticədə mübahisə münaqişəyə çevrilərək onu döydüyünü, buna görə heç bir orqana müraciət etmədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evdə olduğu zaman evə yenə də sərxoş halda gəlib heç bir səbəb olmadan ona “çıx evdən rədd ol, çıxmasan səni soyundurub biabır edərəm” deməsini, yenə də döyüləcəyindən qorxaraq səsini çıxarmadığını, nəticədə yenə də aralarında mübahisə yarandığını, əri yumruqla onun sol döş qəfəs nahiyyəsinə vurub xəsarət yetirdiyini bildirməsi barədə verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı evini satmaq istədiyi üçün onlar evdən çıxmalı olmuşlar, Ramilə isə çıxmaq istəməmiş və hər dəfə ona evdən çıxmağı deyəndə əsəbləşmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmin söhbət təkrar olmuş və aralarında mübahisə yaranmışdır, buna baxmayaraq onu vurmadığını nə də ona xəsarət yetirmədiyini bildirmişdir. Ramilə evdən çıxmamaq üçün ona qarşı şər və böhtan xaralterli ifadə verdiyini qeyd etmişdir. Aralarındakı mübahisə təxminən 5-10 dəqiqə davam etdiyini, hadisənin şahidi heç kim olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə heç bir cinayət əməli törətmədiyini bildirərək ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş üzrə toplanmış digər mötəbər, təkzibolunmaz sübutlarla aşağıdakı qaydada müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında, axşam saatlarında yaşadıqları evlə bağlı Fərahillə arasında mübahisə olmuş, belə ki, evin tikintisində əziyyəti olduğuna görə evdən çıxmaq istəməmiş, hadisə baş verən gün buna görə Fərahillə arasında münaqişə baş vermiş və bu zaman Fərahil ona xəsarət yetirmişdir. Sonra isə onu xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən vaxta kimi Fərahillə birlikdə yaşamış, hadisə baş verən gün Fərahil ona qardaşına məxsus evdən çıxıb kirayədə yaşamalarını demiş, o isə buna razı olmamış, buna görə də Fərahil onun yumruqla sinə nahiyəsindən vurmuşdur. Hadisə baş verən vaxt evdə azyaşlı uşaqları olmuşdur. Fərahil onu vurduqdan sonra isə uşaqlarını da götürüb qonşusu Aynurgilə qaçmışdır. Oradan isə 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat verilmiş, sonra isə səhəti pisləşdiyi üçün onu Sabunçu xəstəxanasına aparmışlar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edir. Həmçinin verdiyi mülki iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə işdə olmuş, tanımadığı mobil nömrədən ona zəng gəlmiş, cavab verdikdə məlum olmuşdur ki, bacısı Ramilədir. Ramilə telefonda ona əri Fərahilin onu döyüb xəsarət yetirdiyini, hazırda isə qorxduğundan qonşuluqda yaşayan Aynur adlı qonşusunun evində olduğunu və Aynur evdə olmadığına görə onun uşağının telefonundan ona zəng etdiyini bildirmişdir. Əvvəl zəng edərək valideyinlərinə məlumat vermiş, sonra isə təcili işdən çıxıb Ramilənin olduğu evə getmişdir. Orada Ramilə ona Fərahilin onu döydüyünü, döş qəfəsində olan ağırdan şikayət etdiyini bildirmişdir. Oradan DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmçinin bacısının vəziyyəti pis olduğu üçün əvvəlcə 103 xidmətinə zəng edib təcili tibbi yardım çağırmış, lakin təcili tibbi yardım gecə gəldiyi üçün Ramiləni özü Sabunçu xəstəxanasına aparmışdır. Orada isə bacısı əməliyyat olunmuşdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Həmin ifadə Şahid2 göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Qeyd etmişdir ki, Buzovna qəsəbəsində marketdə kassir kimi işləyir. Növbəli şəkildə gündüz saatlarında işdə olur. xx.xx.2023-cü il tarixdə günün ikinci növbəsində işdə olmuşdur. Axşam saatlarında evə getmiş və 10 yaşlı qızı ona bildirmişdir ki, “qonşuluqda yaşayan Ramiləni həyat yoldaşı döymüşdür, o, da qorxduğundan bizə gəlmişdi, sonra polislər bizə gəldilər, mənim telefonumdan qardaşına zəng vurdu, qardaşı gəlib onu xəstəxanaya apardı”. Bildirmişdir ki, hadisəni görməmişdir, qızı ona dediyini ifadəsində göstərdiyini bildirmişdir. Əvvəllər qonşuluqda yaşayan Ramilə Babayevanın həyat yoldaşı ilə aralarında mübahisəsinin şahidi olub-olmaması barədə veriln suala cavab olaraq bildirmişdir ki, əvvəllər digər qonşular kmi o, da Ramilənin həyat yoldaşı ilə aralarında mübahisələrin olduğunu eşitmiş, hətta mübahisə zamanı yoldaşı onu döydüyünü də Ramilə əvvəllər onunla birlikdə işləyən zaman ona dediyini bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Elxan qızı qızı məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Həmin ifadə Şahid1 Elxan qızı göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. X6 ilə yaxın qonşuluqda yaşayır, aralarında bir hasar var. Onlarda baş vermiş səsküyü rahat şəkildə eşitmək olur. Onların evində arada ər-arvad mübahisələri olur. Belə ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində oğlu evə gəlib ona demişdir ki, “Ramilə qonşuluqda yaşayan Aynurgilin evindədi, polislər ora yığışıblar”. Özü isə ora getməmişdir, lakin bir neçə dəqiqdən sonra görmüşdür ki, Ramilənin qardaşı da gəlib və orada polis əməkdaşları ilə Aynurgilin həyətinin qarşısında söhbət edirlər. Səhəri gün xəbər tutmuşdur ki, xx.xx.2023-cü il tarixdə Ramilənin həyat yoldaşı Fərahil evdə olanda aralarında mübahisə yaranmış və mübahisə zamanı vurub ona xəsarət yetirmişdir, Ramilə də qorxusundan qonşuluqda yaşayan Aynugilin evinə getmiş və oradan qardaşına zəng vurub çağırmışdır, sonradan da qardaşı gəlib onu X11 aparmışdır. İş materiallarına əlavə edilmiş X7 xx.xx.2024-cü il tarixli ərazisindən görünür ki, o, ərizəsində ibtidai istinta zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şahid1 Elxan qızının xx.xx.2024-cü il tarixli ərazisindən görünür ki, o, ərizəsində ibtidai istinta zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1046 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər döş qəfəsinin, nəfəs alıb-vermə aktının çətinləşməsi və tənəffüsün pozulması ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X12” X14 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyalarına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 25 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi, ümumiyyətlə xx.xx.2023-cü il tarixdə hadisə baş verməsi iddia olunan evdə olmaması ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşır, özünü müfadiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat (1000 manat maddi, 9000 manat mənəvi) məbləğində pul vəsaitinin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Məhkəmə, prosess iştirakçılarını dinləyib, mülki iddianı və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 72-ci bəndinə əsasən mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, mülki iddia üzrə tələb cinayət işi üzrə ittihamda göstərilən maddi ziyanla bilavəsitə bağlı deyil. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham əmlakla vurulmuş ziyanla bağlı yox, şəxsin sağlamlığın zərər vurmadan ibarətdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiada Təqsirləndirilən şəxs maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat (1000 manat maddi, 9000 manat mənəvi) məbləğində pul vəsaitinin tutulması tələb etsə, maddi və mənəvi zərərin yaranmasının əsasları, ona həmin məbləğlərdə maddi və mənəvi zərərin dəyməsinə dair hər hansı bir sübut mülki iddiada göstərməməklə, müvafiq sənədlər də ərizəyə əlavə edilməmişdir. Bundan başqa məhkəmə nəzərə alır ki, mülki iddia üzrə tələb cinayət işi üzrə ittihamda göstərilən maddi ziyanla bilavəsitə bağlı olmadığından və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün iş üzrə əlavə araşdırmaların aparılmasının zərurətini yaradır. Bu hal isə cinayət işi üzrə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi tələbinə dair mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs müvafiq iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar