Məhkəmə qərarları › İş №1(003)-319/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-319/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-319/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Milad Borjesin iştirakı ilə, xx.xx.1995-ci ildə İran İslam Respublikasının, Gilan rayonun Talış kəndində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İran İslam Respublikası, Gilan rayonu, Talış kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Milad Borjesin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Milad Borjes Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 21 aprel 2022-ci İl tarixdə saat 05:39-da DSX-nin Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X10 Aeroportu” sərhəd nəzarəti şöbəsinə gələrək özgəsinə, yəni öz fotoşəkili yapışdırılmış, lakin 10 dekabr 1995-ci il təvəllüdlü X7 anket məlumatları daxil edilməklə saxtalaşdırılmış AA0243401 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şahadətnaməsini bilə-bilə sərhəd nəzarətinə təqdim etməklə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Milad Borjes özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, İran İslam Respublikasında hərbi xidmətdə olmadığı üçün ona ümumivətəndaş pasportu verilmədiyindən, həmçinin baxışlarına görə təqib olunması, eyni zamanda İran İslam Respublikasında yaşaması çətinləşdiyindən İran İslam Respublikasını tərk etmək qərarına gəlmiş, bu məqsədlə 2012-ci ilin sonlarında İran İslam Respublikasının Türkiyə Respublikası ilə dövlət sərhədinə yaxınlaşaraq dövlət sərhədini qanunsuz olaraq İran İslam Respublikasından Türkiyə Respublikasına keçərək İstanbul şəhərinə gedərək bir müddət orada fəhlə işləmişdir. Sənədləri olmadığı üçün 2018-ci ildə ailə üzvləri ona İran İslam Respublikasına məxsus şəxsiyyət vəsiqəsi və digər sənədlərini göndərmişlər. Türkiyə Respublikasında qeyri-qanuni yaşaması üçün İran İslam Respublikasının vətəndaşı kimi tutulub Tehran şəhərinə deportasiya olunmasından qorxaraq ona göndərilmiş sənədləri İstanbul şəhərində dənizə atmışdır. Bundan sonra bir müddət Türkiyə Respublikasında sənədsiz yaşamış, üç il əvvəl qayıqla qanunsuz yolla Türkiyə Respublikasından Yunanıstanın “Saqqız” adasına getmişdir. 8 (səkkiz) aya yaxın həmin adada yaşadıqdan sonra yenidən Yunanıstanın Afina şəhərinə getmişdir. Afina şəhərində iki ay yaşadıqdan sonra yenidən Yunanıstanın Salonik şəhərinə oradan isə qatarla Türkiyə Respublikasının sərhədinə gəlmişdir. Yunanıstan Türkiyə sərhədini qanunsuz yolla keçdikdən sonra təxminən 2019-cu ilin ortalarında Türkiyə Respublikasının İstanbul şəhərinə qayıtmışdır. 2020-ci ilin əvvəllərində İstanbul şəhərində hoteldə fəhlə işlədiyi zaman qaldığı hotelin sahibi Əfşin adlı İran İslam Respublikasının vətəndaşı ona Azərbaycan Respublikasının vətəndaşı 10 dekabr 1995-ci il təvəllüdlü X8 məxsus pasport verərək həmin pasportu hoteldə qalan bir azərbaycanlı vətəndaşının pulu olmadığı üçün qoyub getdiyini və onun sənədləri olmadığı üçün həmin pasportdan istifadə edə biləcəyini demişdir. O, bir neçə gün həmin pasportdan İstanbul şəhərində istifadə etmiş və İstanbulda sərxoş halda polis tərəfindən saxlanılmış, üzərində olan X8 aid pasport aşkar olunaraq ondan alınmış və orada yerləşən polis bölmələrinin birində əl-barmaq izləri götürülmüşdür. Bundan sonra polislər tərəfindən Türkiyə Respublikasının Ədirnə şəhərinə aparılaraq Yunanıstanla sərhəddə buraxılmışdır. Oradan yenidən taksi ilə İstanbul şəhərinə qayıtmış 2022-ci ilin yanvar-fevral aylarında yenidən İstanbulda polislər tərəfindən saxlanılaraq müvəqqəti saxlanılma mərkəzinə aparılmışdır. Bir müddət orada qaldıqdan sonra onu 20 aprel 2022-ci il tarixdə İstanbul şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğuna aparmışlar. Orada onun fotoşəkilini götürərək üzərində onun fotoşəkili olan, lakin X7 şəxsi məlumatları əsasında Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Bundan sonra 21 aprel 2022-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə göndərilmişdir. “X10 Aeroportu” sərhəd nəzarəti şöbəsində qayıdış şəhadətnaməsini dövlət sərhədindən keçmək məqsədi ilə sərhəd naryadına təqdim etmişdir. Təqdim etdiyi şəhadətnamə əsasında dövlət sərhədini qanunsuz keçərkən saxlanılmışdır. Saxlanılan zaman onunla söhbət aparımış və o, İran İslam Respublikasının vətəndaşı Yousefi X9 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət əməli törətdiyini, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2022ci il tarixdə, saat 20:00-dan xx.xx.2022-ci il tarixə, saat 09:00-dək “X10 Aeroportu” sərhəd nəzarəti şöbəsində Terminal-1 uçub gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunduğunu, xidmətdə olduğu zaman xx.xx.2022-ci il tarixdə, saat 05:39da R-338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Röyal adlı bir nəfər şəxsin ona təqdim etdiyi AA0243401 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini rəsmiləşdirərkən İAMAS-da sərhədkeçmə əlaqələrinin pozuntusu verməsini aşkar etmiş və bu barədə növbə rəisi X5yə məruzə etmişdir. X5 ora gələrək həmin şəxsin təqdim etdiyi AA0243401 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini təkrar yoxladığı zaman sərhədkeçmə əlaqələrinin pozuntusu verdiyini və həmin sənədin X8 aid olmadığını dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Aparılan filtirasiya tədbirləri zamanı saxlanılan şəxsin xx xxxxxx 1995-ci ildə İran İslam Respublikası, Gilan rayonu, Talış şəhərində anadan olmuş İran İslam Respublikasının vətəndaşı Yousefi X9 olduğu müəyyən edilmişdir. Bundan sonra vətəndaş Yousefi X9 xx.xx.2022-ci il tarixdə “X10 Aeroportu” sərhəd nəzarəti şöbəsində sərhəd pozucusu qismində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının 27 may 2022-ci il tarixli 3/694 saylı ekspert rəyindən görünür ki, AA0243401 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şahadətnaməsində olan fotoşəkildə, İAMAS-dan çıxarılmış “10” rəqəmi ilə işarələnmiş fotoşəkildə və Təqsirləndirilən şəxs Milad Borjes ekspermenfal fotoşəkilində eyni bir cinsli kişi, İAMAS-dan çıxarılmış “1-9” rəqəmləri ilə işarələnmiş fotoşəkillərdə və X7 ekspermental şəkilindəki isə digər eyni bir kişi cinsli şəxs əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Milad Borjes dövlət sərhədini üzərində özünəməxsus fotoşəkili olan özgəsinə məxsus AA0243401 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi ilə keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə İran İslam Respublikasında doğulmuş Təqsirləndirilən şəxs Milad Borjesin məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 21 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs Milad Borjes Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, AR DSX-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə-baş leytenantı Talıb İsayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Milad Borjes AR DSX-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə-baş leytenantı Talıb İsayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 318.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Milad Borjes barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Milad Borjesin əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Milad Borjes tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan 1 (bir) ədəd AA0243401 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 146 (bir yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Milad Borjesdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Milad Borjes Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Milad Borjes barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 146 (bir yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Milad Borjesdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs Milad Borjes əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Maddi sübut olan 1 (bir) ədəd AA0243401 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi və 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Milad Borjesin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Milad Borjesə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar