Məhkəmə qərarları › İş №1(003)-32/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-32/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-32/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ evi 833 “B” ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-304/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 18 sentyabr 2023cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2, 178.2.4, 188.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmış, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla və təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin ortalarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivi ərazisində yerləşən X2 məxsus 835 saylı bağ sahəsinin 0.010 ha torpaq sahəsinin və anası X5 tərəfindən ona hədiyyə edilmiş 835A nömrəli bağ sahəsinin 0.012 ha torpaq sahəsini qanunla müəyyən olunmuş formada mülkiyyət, istifadə və icarə hüququ olmadan hasarlayaraq zəbt etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanılmış 13 iyun 1990-cı il tarixli 6024 nömrəli, 09 aprel 2001-cı il tarixli 27933 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilələ əsasən Zərərçəkmiş şəxs4 məxsus olan, Bakı şəhəri Xəzər Şuvəlan qəsəbəsində yerləşən və ümumilkdə daş hasara alınmış 835 və 835A saylı bağ sahələrinin 0,12 ha hissəsinin özünə məxsus olması barədə yalan məlumatlarla aldadaraq bu torpaq sahəsinin 0.004 ha hissəsini 20.000 manata ona satıb həmin torpaq sahəsində göstərilən məbləğdə pulunu alaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanılmış 13 iyun 1990-cı il tarixli 6024 nömrəli, 09 aprel 2001-cı il tarixli 27933 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilələrə əsasən Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri Xəzər rayonu Şuvəlan qəsəbəsində yerləşən və ümumilkdə daş hasara alınmış 835 və 835A saylı bağ sahələrinin 0,12 ha hissəsinin özünə məxsus olması barədə yalan məlumatlarla aldadaraq bu torpaq sahəsinin 0.002 ha hissəsini 7500 manata ona satıb həmin torpaq sahəsində göstərilən məbləğdə pulunu alaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 Bulud oğlunu Bakı şəhəri Xəzər rayonu Şuvəlan qəsəbəsində yerləşən, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanılmış 13 iyun 1990-cı il tarixli 6024 nömrəli, 09 aprel 2001-cı il tarixli 27933 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilələrə əsasən Zərərçəkmiş şəxs4 məxsus olan, Bakı şəhəri Xəzər rayonu Şuvəlan qəsəbəsində yerləşən və ümumilkdə daş hasara alınmış 835 və 835A saylı bağ sahələrinin 0,12 ha hissəsinin özünə məxsus olması barədə yalan məlumatlarla aldadaraq həmin torpaq sahəsinin 0.013 ha hissəsini 8000 manata ona satıb həmin məbləqdə pulunu alaraq zərərçəmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə Bağlar Təsərrüfatının inkişafı və istismarı X9 Sahəsində 51 nömrəli kooperativin 58 nömrəli 1993-cü il tarixli 1053 nömrəli qərarına əsasən X3 adına saxta order - hüquq müəyyən edən sənəd hazırlamış və bu order əsasında iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Cəla oğluna və Zərərçəkmiş şəxs2 satdığı torpaq sahələrinə dair mülkiyyət hüquqlarının həyata keçirmələri üçün Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notarusu tərəfindən təsdiq edimiş AR-İİ 238738 №-li 02 fevral 2021-ci il tarixli, həmin notarus tərəfindən təsdiq olunmuş AR-İİ 346415 №-li 08 iyun 2021-ci il tarixli etibarnamələr verilməsini təmin edərək saxta sənəddən istifadə etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 188.1, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, yaşadığı evin qonşuluğunda yerləşən sahibsiz boş torpaq sahəsinə 30 il ərzində gəlib-gedən olduğunu görməmişdir, ora zibilxana olmuşdur. Həmin torpaq sahəsini zibildən təmizləmiş, sonra oradan özünə 7 sot götürüb hasara almış, darvaza qoymuşdur. Həmin müddət ərzində heç kim gəlib iddia etməmişdir ki, bu torpaq sahəsi ona məxsusdur. 2013-cü ildə torpağa X3 adına 58 nömrəli order almış və həmin order əsasında torpağı satmışdır. Həmin orderi ona harada işlədiyini bilmədiyi “Saleh” müəllim düzəltmişdir. “Saleh” müəllim sputniklə həmin torpaq sahəsini yoxlamış və demişdir ki, kupçası yoxdur, bundan sonra torpaq sahəsinə sənəd vermişdir. Sənədin saxta olduğunu bilməmişdir, çünki, həmin sənəd notariusda da təsdiq edilmişdir və saxta olduğunu deyən olmamışdır. O, Zərərçəkmiş şəxs1 20000 manat faizlə borc almışdır, Cəlal da həmin pulu kimdənsə 6 faizlə alıbmış. Borcundan bir qədər ödədikdən sonra ödəniş edə bilmədiyinə görə qalan borcun müqabilində həmin torpaq sahəsini Cəlala vermişdir. Digər zərərçəkmiş şəxslərə də həmin qaydada torpaq satmışdır. Belə ki, məhlədən tanıdığı Daşqının onunla tanış etdiyi dayısı Xasaydan torpağa görə 7000 manat almış və ona 1,5 sot torpaq satmışdır. Həmin torpağın orderi Yunusun adına olmuş, Yunus da notariusa gəlmiş və etibarnamə vermişdir. Etibarnamənin müqabilində Yunusa pul verməmişdir. Yunus istəmişdir ki, torpaq sahəsi onun adından çıxsın, ona görə də etibarnamə vermişdir. Torpağın pulunun yarısını “Salehə” vermişdir ki, sənəd düzəltsin, o da demişdir ki, öz adamının adına sənəd düzəldəcəkdir. O, pulu tam verəndən sonra Yunus etibarnamə verəcəkdi. İnanmışdir ki, “Saleh” müəllim onu aldatmayacaqdır. “Saleh” müəllim torpağı Yunusun adına rəsmiləşdirmişdir. Yunusu “Saleh” müəllimlə o tanış etmişdir. Bilirmiş ki, Yunus müəllim belə işlərlə məşğul olur, sənəd düzəldə bilir. Notariusa getmədən Zərərçəkmiş şəxs3 torpaq satmışdır. Maddi imkanı olmadığı üçün ziyanı ödəyə bilməmişdir, lakin zərərçəkmiş şəxslərlə razılığa gəlmək istəyir. Əməllərindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, münasibətləri normal olmuşdur. Təxminən 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ondan ailə qurmaq üçün 2 ay müddətində qaytaracağını vəd etməklə 2 aylıq faizə 20000 manat pul istəmişdir. O, tanışından 20000 manat pulu aylıq 6 faizlə götürüb İlkinə vermişdir. Söz verdiyi vaxtda İlkindən pulu tələb edəndə İlkin müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Sonra atası ilə birlikdə İlkingilə gedib 20000 manat pulu tələb etmişlər. İlkin qonşuluqda özünün torpaq sahəsi olduğunu və pulun əvəzinə ona torpaq verəcəyini demiş, o da razılaşmışdır. Sonradan özü də qonşulardan və BTİ-dən maraqlanmış və torpağın sahibsiz olduğunu öyrənmişdir. Qonşular həmin torpağın İlkinin olduğunu demişlər. O və atası sənəd olmadığı halda torpağı almaqdan imtina etdikdə İlkin demişdir ki, torpağın onda sənədi var və ona etibarnamə verəcəkdir. 02 fevral 2021-ci il tarixdə saat 13:00 radələrində İlkin ona zəng edib Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə çağırmışdır. İlkin həmin vaxt yanında olan X4 göstərib torpağın sənədinin sonuncunun adına olduğunu bildirmiş, sonra Yunusla o, notariusun yanına keçmiş və orada Yunus torpağa dair adına etibarnamə vermişdir. Yunusu ilk dəfə orada görmüşdür. Bundan sonra İlkinin idarə etdiyi avtomobildə Yunusa 3000 manat pul vermiş və avtomobilinə əyləşib yaşadığı evə getmişdir. 2021-ci ilin sentyabr ayında aldığı torpaq sahəsinin bir hissəsini bacısının həyat yoldaşı Vüsala 6000 manata, digərini isə xalası oğlu Məmmədə 6000 manata satmışdır. Onlar orada 3 fərdi yaşayış evinin tikintisinə başlamışlar. Təxminən 2022-ci ilin iyun ayında ustalar ona demişlər ki, bir nəfər orta yaşlı kişi gələrək demişdir ki, ev tikilən ərazi başqa şəxsə məxsusdur, evi tikməyin. O, bu barədə İlkinə dedikdə, İlkin torpağın ona məxsus olduğunu demişdir. Bundan sonra o, evin tikintisini davam etdirmişdir. Təxminən 2022-ci ilin iyul ayının ortalarında məhlədən tanıdığı Daşqın da ona zəng edərək xəbər vemişdir ki, bir nəfər şəxs oraya gəlib torpağın sahibi olduğunu bildirmişdir. O, həmin əraziyə getmiş və özünü Cəmil kimi təqdim edən şəxs ona Dövlət Reyestri Xidmətindən sənəd təqdim edərək torpağın ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt aldandığını başa düşmüşdür. Onu da bildirir ki, onun torpaqla bağlı Yunusla heç bir söhbəti olmamışdır. Ona verilən sənəd Yunusun adına olmuş, o da notariusa gəlmişdir. Bundan əvvəl isə İlkin ona demişdir ki, torpağın sənədi Yunusun adınadır və Yunus da rayondan gələrək ona etibarnamə verəcəkdir. Cəmil adlı şəxs gəlib demişdir ki, torpaq ona məxsusdur və bundan sonra arxivə gedərək araşdırmış, orada isə ona bildirmişlər ki, sənədin kötüyü yoxdur. Həmin vaxt sənədin saxta olduğunu bilmişdir. İlkin həmin vaxt həbsdə olduğuna görə Yunusu axtarıb tapmışdır. Yunus bildirmişdir ki, ona adına torpaq sahəsi olduğu deyilmiş və buna görə də notariusa gedərək etibarnamə vermişdir. Torpağa dair ona təqdim olunan orderlə bağlı heç bir araşdırma aparmamışdır. Həmin order möhürlü sənəd olmuş, notariusda da qəbul edilmişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna gərə də o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini, ziyan ödənilmədiyi halda isə təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 Bulud oğlu göstərdi ki, təxminən 1 il əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Şüvəlan qəsəbəsi Bağlar massivində torpaq sahəsi var, həmin torpaq sahəsindən 1,3 sot torpaq sahəsini 9000 manata satır. O, torpaq sahəsinə gedib baxmış, bəyənmiş və qiymətini 8000 manata razılaşmışlar. Torpağı alandan sonra orada ev tikməyə başlamış, həmin vaxt heç kim gəlib etirazını, iradını bildirməmişdir. O, evi tikən ərəfədə İlkin həbs edildiyinə görə İlkindən torpağa dair order və etibarnaməni ala bilməmişdir. Daha sonra Cəmil adlı şəxs gələrək torpağın ona məxsus olduğunu bildirmişdir. Bu barədə İlkinin atası Səxavətdən soruşduqda, o, ona verilən torpaq sahəsinin Cəmilin iddia etdiyi əraziyə aid olmadığını bildirmişdir. Lakin sonra məlum olmuşdur ki, İlkin ona başqa şəxsə məxsus olan torpaq sahəsini satmışdır. Onu da bildirir ki, torpağı alarkən İlkin ona heç bir sənəd təqdim etməmişdir. Torpağa dair İlkinlə aralarında şifahi alqı-satqı edib 1,3 sot torpaq sahəsi almış, pulu torpağın yanında İlkinə vermişdir. Cəlil və Xasay adlı şəxslər sonradan ona bildirmişlər ki, torpaq İlkinə deyil, Cəlilə məxsusdur. O isə onlara elə bir şəxsi tanımadığını bildirmişdir. Tikdirdiyi evdə yaşayış yoxdur, həm də İlkinin həbs edildiyini biləndə tikintini dayandırmışdır. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna gərə də o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Bunun nəzərə alınaraq ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini, ziyan ödənilmədiyi halda isə təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə ağır cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, təxminən 2 il bundan əvvəl bacısı oğlu, hamının Eldəniz kimi tanıdığı Şahid4 Şüvəlan qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiyini bildimiş və təxminən 1 ay sonra Daşqın ona demişdir ki, ev-alqı satqısı ilə məşğul olan İlkin adlı şəxs özünün evinin yanında 2 sot torpaq sahəsini 7500 manata satır. Bundan sonra o, Şüvəlan qəsəbəsinə gedərək Daşqınla birlikdə İlkinlə görüşmüş və İlkin onları Şüvəlan qəsəbəsində yerləşən yeni bağ massivində yerləşən torpaq sahəsinə aparmışdır. Torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, giriş hissəsində darvaza olmuş, darvazanın üzərində kilid olmamışdır. Həyət təxminən 60 sota yaxın olmuş, həyətdə baş tərəfdən köhnə tikilidən daş qalmışdır. Həmin vaxt İlkin onlara demişdir ki, həyətdə olan köhnə tikilinin yerində onlara məxsus ev olmuş, torpaq atasına məxsus olmuşdur. İlkin onlara satacağı yeri göstərmiş, ilkin olaraq İlkin ona həyətə girən kimi sol tərəfdə yerləşən yeri göstərmiş, onlar razılaşmış və orada İlkinə 1000 manat beh vermişdir. Sonradan İlkin ona demişdir ki, onun istədiyi yer başqa adamındır, ona başqa yeri göstərmiş, həmin yerdə çoxlu sayda zibil olmuş, o, oranı təmizlətdirmişdir. Həmin ərəfədə İlkindən torpağa dair sənədi istəyərkən İlkin tezliklə ona sənəd verəcəyini vəd etmiş, nəhayət, 2020-ci ilin iyul ayının 8-də İlkin Binə qəsəbəsində yerləşən notariat kontorunun qarşısında ona torpağa dair X3 adından verilən etibarnamə təqdim etmişdir. İlkinə inanıb qalan pulu, yəni 6500 manatı Binə qəsəbəsi ərazisində idarə etdiyi avtomobildə Daşqının yanında ona vermiş və İlkindən ondan pul almasına dair əl yazması almışdır. 2020-ci ilin yay aylarında İlkinin ona satdığı torpaq sahəsində özü üçün bir mərtəbəli fərdi yaşayış evi tikməyə başlamışdır. Hazırda həmin evi tikib qurtarmış, işıq və suyunu çəkdirmiş və ailə üzvlərilə birlikdə arada bir orada yaşayır. O, ev tikib qurtarandan sonra onunla qonşuluqda yerləşən torpaq sahəsindən 2 sotunu İlkindən İlqar adlı şəxs almışdır. O da orada bir mərtəbəli fərdi yaşayış evi tikməyə başlamış və hazırda yekunlaşdırmışdır. 2021-ci ilin sentyabr ayında onun ev tikdiyi torpaq sahəsində Cəlal adlı şəxs də özü və qohumları üçün 3 fərdi yaşayış evi tikmiş, demək olar ki, o da yekunlaşdırmışdır. Həmin şəxslər də torpaq sahələrini İlkindən almışlar. 2022-ci ilin iyul ayında Cəmil və Hüseyn adlı şəxslər onun ev tikdirdiyi torpaq sahəsinin sahibinin Cəmil olduğunu bildirib, torpaq sahəsini ona kimin satdığını soruşmuşlar. O da Cəmilə demişdir ki, torpağı İlkindən almışdır. Həmin vaxt Səxavət də oraya gəlib Cəmilə bu torpaq sahəsinin başqa adama məxsus olduğunu demiş və Cəmillə Səxavət arasında sözlə mübahisə baş vermişdir. Qeyd etdiyi kimi, İlkindən torpağı 7500 manata almış, İlkin də ona torpağa dair notarial qaydada etibarnamə vermiş, fərdi yaşayış evini torpağa dair İlkinin ona verdiyi order əsasında tikdimiş, İlkindən aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Xəzər rayon İcra Hakimiyyətindən icazə almamış və həmin torpaq sahəsinin başqa şəxsə məxsus olmasını bilməmişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna gərə də o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini, ziyan ödənilmədiyi halda isə təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş Zərərçəkmiş şəxs4 25 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərib ona və anasına məxsus olan torpağın boşaldılması və onlara qaytarılması barədə qərar verilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınaraq onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və ibtidai istintaq dövründə vermiş olduğu ifadə elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Şahid1 ilə 1998-ci ildə ailə həyatı qurmuşdur. 2001-ci ildə o, öz adına 09 aprel 2001-ci il tarixli 27933 nömrəli müqavilə əsasında Şüvəlan qəsəbəsi ərazisində Bağlar təsərrüffatının inkişafı və istismarı birliyi tərəfindən və 29 mart 2015-ci il tarixli **********21 saylı məktuba əsasən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən hüquq müəyyənedici sənəd üzrə 835A saylı torpaq sahəsi almışdır. Bu torpaq sahəsinin qonşuluğunda həmçinin anası X1 da özünə məxsus 10 sot torpaq sahəsi vardır, həmin torpaq sahəsini anası 13 iyun 1990cı il tarixli 6024 nömrəli Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən və 29 mart 2015-ci il tarixli **********20 saylı məktuba əsasən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən hüquq müəyyənedici sənəd üzrə almışdır. Anası artıq yaşlı olduğu üçün rəsmi sənədlərlə öz adına olan torpaq sahəsini də ona hədiyyə etmişdir. Buna görə də hər iki torpaq sahəsi ümumi hasara alınmış, torpağın giriş hissəsinə darvazını həyat yoldaşı Cəmil öz hesabına qoydurmuşdur. Torpaq sahəsinin tən ortasında yüksək gərginlikli elektrik xətti keçdiyi üçün həmin torpaq sahəsində tikinti aparmaq mümkün olmadığından onların elektrik xəttinin dövlət tərəfindən çıxarılacağı təqdirdə tikinti işləri aparmaq niyyətləri olmuşdur. Anasının yaşı cox olduğundan özünə məxsus 10 sot torpaq sahəsinə nəzarət etməyi Cəmilə tapşırmış, Cəmil də mütəmadi olaraq ona və anası Rumiyəyə məxsus torpaq sahələrinə nəzarət etmişdir. Cəmilin Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsində bağ evində Hüseyn adında bağbanı vardır. 16 iyul 2022-ci il tarixdə Hüseyn Cəmilə bildirmişdir ki, həmin torpaq sahələrinin yanından keçərkən torpaq sahəsinin müəyyən hissəsinin zəbt olunaraq orada tikinti işləri aparıldığını görmüşdür. Bundan sonra Cəmil Hüseyn ilə birlikdə qeyd edilən torpaq sahələrinə baxmaq üçün getmiş və həqiqətən dəmir darvazanın qıfılının qırıldığını, torpaq sahəsində 3 fərdi yaşayış evinin tam şəkildə inşa edildiyini, həmin evlərin yanında əlavə 2 fərdi yaşayış evinin tikildiyini də görmüşdür. Bundan sonra Cəmil həmin torpaq sahəsinin əsl sənədlərini orada yaşayış evləri tikmiş şəxslərə göstərib torpağın sahibi olduğunu onlara demiş və onlardan tələb etmişdir ki, qanunsuz yolla torpaq sahəsini zəbt edərək inşa etdikləri evləri öz xoşları ilə söksünlər, əks halda müvafiq dövlət qurumlarına şikayət edəcək ki, qanuni tədbir görülsün. Bundan sonra o, sözügedən torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikinti işlərinin aparılmasına dair ərizə ilə Xəzər RPİ-nə müraciət etmişdir. 03 avqust 2022ci il tarixdə onlar polisə şikayət etdikdən sonra Cəmil işlərin nə yerdə olmasını öyrənmək üçün bağbanı Hüseyni torpaq sahəsinin yerləşdiyi yerə göndərmiş, bir neçə dəqiqədən sonra Hüseyn ona zəng vuraraq demişdir ki, o, torpaq sahəsinə baxa bilməmişdir, buna səbəb torpaq sahəsinin giriş hissəsində yerləşən darvazanın kilidlənməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 və Şahid2 da Zərərçəkmiş şəxs4 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Munirovnanın elan edilmiş ifadəsi ilə onun da Zərərçəkmiş şəxs4 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxtalaşdırılmış 58 saylı orderi əldə etdyi mənbənin, həmçinin bu orderi ona satdığını bildirdiyi “Saleh” adlı şəxsin müəyyən olunması məqsədi ilə verilmiş əməliyyat tapşırığına Xəzər RPİ-nin 1-ci PŞ-dən cavab olaraq göndərilmiş məktubda göstərilir ki, Təqsirləndirilən şəxs bu orderi 2011-ci ildə deyil, 2021-2022-ci illərdə əldə etmişdir. Belə ki, alınmış məlumatlarda qeyd olunur ki, Təqsirləndirilən şəxs məhz həmin dövrdə belə bir orderə sahib olması, eləcə də müxtəlif şəxslərə onlar üçün bu növlü sənəd hazırlayıb satmağı təklif etmişdir. “Saleh” adlı şəxsi müəyyən etmək mümkün olmamış, lakin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər, əslən Ağcabədi rayonundan olan və Şimal Dresdə işləmiş şəxslərlə heç bir əlaqəsi olmamışdır. İş materiallarında olan Dövlət Arxiv İdarəsinin Bakı filialından alınmış 08 fevral 2023-cü il tarixli 3-48-2F/2-00796/2023 nömrəli məktubdan görünür ki, keçmiş Əzizbəyov RİH-nin (İndiki Xəzər RİH) arxiv fondu üzrə 03 iyun 1999-cu il tarixi 1053 saylı order sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Digər tərəfdən bildirilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin (İndiki Xəzər RİH) arxiv fondu üzrə 1053 saylı order sərəncamı 03 iyun 1999-cu il tarixi deyil, 11 noyabr 1999-cu il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialına mövcuddur. Lakin həmin sərəncamda X6 barədə heç bir məlumat yoxdur. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 şəxs 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş mütəxəssis rəyində göstərilmişdir ki, idarənin arxivində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi olan 835 saylı bağın icarə verilməsinə dair Şahid3 Munirovnanı adına 13 iyun 1990-cı il tarixli 6024 nömrəli Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 835A saylı bağın icarə verilməsinə dair Zərərçəkmiş şəxs4 adına 09 aprel 2001-cı il tarixli 27933 nömrəli müqavilələr mövcuddur. Bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgilərinə əsasən qərb tərəfi 834 saylı bağa, şərq tərəfi isə 835 və 835A saylı bağların hissələri yerləşən qərb hissəsində beş ədəd 1 mərtəbəli yaşayış evləri tikilmiş ümumi sahəsi 0,4285 ha təşkil edən ərazi vardır. İş materiallarından görünür ki, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Şahid3 Munirovanın arasında bağlanılmış 13 iyun 1990-cı il tarixli 6024 nömrəli, Zərərçəkmiş şəxs4 ilə bağlanılmış 09 aprel 2001-cı il tarixli 27933 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilələr, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu və sonuncu tərəfindən təqdim edələrək cinayət işinə əlavə olunmuş saxta 58 saylı bağ orderi maddi sübut kimi tanınmış və həmin sənədlərin cinayət işinə əlavə olunması nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 aprel 2007-ci il təvəllüdlü Samirə Sultanova adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də onlar Təqsirləndirilən şəxs şikayətçidirlər, dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini, ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 fevral 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonralar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli sorğusuna cavab olaraq göndərdiyi cavab məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə 3 saylı İstintaq Təcridxanasından azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparması, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla və təkrarən dələduzluq etməsi, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlaması və bilə-bilə saxta sənəddən istifadə etməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin ortalarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivi ərazisində yerləşən X2 məxsus 835 saylı bağ sahəsinin 0.010 ha torpaq sahəsinin və anası X5 tərəfindən ona hədiyyə edilmiş 835A nömrəli bağ sahəsinin 0.012 ha torpaq sahəsini qanunla müəyyən olunmuş formada mülkiyyət, istifadə və icarə hüququ olmadan hasarlayaraq zəbt etmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilərək torpaq sahəsinin özü tərəfindən təmizlənərək abadlaşdırılıb hasara alınması, darvaza qoyulması, sahibsiz olması, 1993-cü il tarixli 1053 nömrəli qərara əsasən X3 adına 58 nömrəli orderi istintaqa məlum olmayan “Saleh” adlı şəxsdən almasını göstərməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun gətirdiyi həmin dəlillər zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar və cinayət işinin digər materialları ilə təkzib olunur. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 188.1, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-32/2024 saylı 30 may 2024-cü il tarixli Qərarından görünür ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan həmin ittihamın Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə əhatə olunması səbəbindən imtinası qəbul edilmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respubliikası CM-nin 320.2-ci maddəsi çıxarılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı hökm çıxarılmazdan əvvəl Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-453/2022 saylı 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 03 iyun 2022-ci il tarixdən hesablanmaqla CM-nin 67.1-ci maddəsinə əsasən 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə 3 saylı İstintaq Təcridxanasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-453/2022 saylı 12 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tam toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-453/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının tam çəkdiyi 10 (on) ay müddəti 1 (bir) günə 1 (bir) gün hesablanmaqla hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-304/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli 3-16-17/40/2-4507/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 18 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Şahid3 Munirovanın arasında bağlanılmış 13 iyun 1990-cı il tarixli, 6024 nömrəli, Zərərçəkmiş şəxs4 ilə bağlanılmış 09 aprel 2001-ci il tarixli, 27933 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilələr, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilərək cinayət işinə əlavə olunmuş saxta 58 nömrəli bağ orderi hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 15 saat) cəmi 210,00 (iki yüz on) manat, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 15 iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 188.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-453/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-453/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının tam çəkdiyi 10 (on) ay müddəti 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Maddi sübut – Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Şahid3 Munirovanın arasında bağlanılmış 13 iyun 1990-cı il tarixli, 6024 nömrəli, Zərərçəkmiş şəxs4 ilə bağlanılmış 09 aprel 2001-ci il tarixli, 27933 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilələr, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilərək cinayət işinə əlavə olunmuş saxta 58 nömrəli bağ orderi hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 210,00 (iki yüz on) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 90,00 (doxsan) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar