Məhkəmə qərarları › İş №1(003)-322/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-322/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-322/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Xətai küçəsi döngə 6 ev 24-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə saat 22:20-də Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən nömrəsiz fərdi evin həyətində sonuncu ilə aralarında borc məsələsi ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya alının, sol saidin, sağ dizin sıyrıqları, boynun, sol kürəyin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək və sağ diz oynaqlarının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Orucun atası Abdulla və anası Solmaz evin yanında “Dörd yol” adlı marketi işlədirlər. O, onların dükanından tez-tez bazarlıq etmişdir. Təxminən 5-6 ay bundan əvvəl anası vəfat etmiş və buna görə də o, onların dükanından nisyə 300 manatlıq ərzaq malları almışdır ki, yas mərasimini yola versin. Sonradan əlinə pul düşəndə hissə-hissə o, Orucun anası Solmaza pulu qaytarmış və beləliklə də sonda onun Solmaza cəmi 60 manat pul borcu qalmışdır. Sonuncu dəfə o, 04 mart 2022-ci il tarixdə Solmazın oğlu Orucun mobil telefonuna “Whatsapp” sosial şəbəkəsində sms yazaraq ondan xahiş etmişdir ki, onun telefonuna 2 manatlıq kontur yükləsin və evə süpürgə lazım olduğu üçün Oruca demişdir ki, evə gəlib süpürgəni gətirsin, ondan konturun və süpürgənin pulunu, həmçinin onun onlara olan 60 manat pul borcunu da götürsün. Oruc isə bildirmişdir ki, dükanda yoxdur. O, Oruca zarafatla demişdir ki, əgər dediyini etməsə, onlara olan borcunu qaytarmayacaqdır. Oruc isə onun ünvanına nalayiq təhqiredici ifadələr işlətmişdir. O da buna görə, həmin tarixdə saat 22:20-də Orucun yaşadığı ünvana getmiş, orada Orucu görüb ondan nəyə görə onun ünvanına təhqiramiz ifadələr işlətdiyini soruşmuş, Oruc isə cavab vermişdir ki, yaxşı edir. Buna görə də Orucla arasında mübahisə yaranmış və mübahisə zəminində o, Orucun üz nahiyəsindən şillə ilə vuraraq onu geri itələmiş və Oruc yerdə olan su qablarının üzərinə yıxılmışdır. Sonra Oruc yıxıldığı yerdən qalxaraq ona şillə-təpik atmağa başlamışdır və Orucun təpiyi onun sol ayağına dəymiş və nəticədə o, xəsarət almışdır. Səs-küyə həyat yoldaşı Sara həyətə gəlib onları ayırmış və onu evə aparmışdır. O, evdə olarkən Kərəm ona zəng edərək nə üçün qohumu Orucu vurduğunu soruşanda, o da Orucun onu təhqir etdiyi üçün vurduğunu demiş və bir azdan küçəyə çıxıb söhbət edəcəyini bildirmişdir. Bir az keçdikdən sonra o, küçəyə çıxmış və Orucun anası Solmazla qarşılaşmışdır. Solmaz ondan davanın səbəbini soruşanda, o, bütün günahın Orucda olduğunu demiş və haqlı olaraq Orucu vurduğunu bildirmişdir. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq zərərçəkmiş şəxs Oruc ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Orucun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərdi ki, 2 ildir ki, “Dörd yol” adlanan marketi ailəlikcə işlədirlər. Təxminən beş-altı ay bundan əvvəl qonşuluqda yaşayan Xanların anası rəhmətə gedərkən Xanlar onlardan borca 300 manatlıq ərzaq almışdır. Xanlar borcun müəyyən bir qismini ödəsə də, 60 manat borcu qalmışdır. 04 mart 2022-ci il tarixdə o, hamamdan çıxmış, bu əsnada Xanlar ona zəng edərək dükandan ona süpürgə və kontur aparmağı istəmişdir. O, hamamdan yeni çıxdığını bildirib oğlunu göndərməsini demiş, Xanlar isə israrla onun gətirməyini tələb etmiş, gətirməyəcəyi təqdirdə süpürgənin və konturun pulunu, həmçinin yerdə qalan 60 manat pul borcunu da verməyəcəyini bildirmişdir. Xanların mobil telefonuna mesaj yazaraq ondan borcu istəmiş, Xanlar isə həmin gün, saat 22:20-də onun yaşadığı evin həyətinə gələrək onunla mübahisə yaratmış və mübahisə zəminində onu şillə ilə üz nahiyəsindən vurmuşdur. Sonra Xanlar onun bədəninin müxtəlif nahiyələrinə yumruqla vurmağa başlamış, sol qolundan və boyun nahiyəsindən cırmaqlayaraq dartıb onu yerə yıxmış və yerdə olan zaman sol kürəyindən yumruqla vurmuş və sürükləməyə başlamışdır. Onu sürüyən zaman sağ dizi yerdə sürüklənərək daşa dəymişdir. Daha sonra Xanlar onu pilləkənə tərəf sürükləyib başını pilləkənə vurmuşdur. Bu zaman o, alın nahiyəsindən xəsarət almışdır. Başını pilləkənə vurmaq istəyərkən o, əli ilə özünü qoruyan zaman sol dirsəyi də pilləkənə dəymişdir. Daha sonra Xanlar onu yerdə yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Həmin vaxt evdə valideynləri olmamış, onlar dükanda olmuşlar. Həyətdəki səs-küyə Xanların arvadı Sara onların yanına gələrək onları ayırmışdır. Dava qurtarandan sonra o, dükana gedib hadisəni anası Solmaza danışmışdır. Anası narahat olmamağını və lazım olan tədbiri görəcəyini demişdir. Anası həmin vaxt atasına heç nə deməmişdir. Daha sonra anası məhlədə olan Kərəm adlı tanışına Xanların hərəkətini danışmışdır. Kərəm Xanlara zəng edib nə üçün belə etdiyini soruşmuş, Xanlar isə ora gələcəyini və hər şeyi başa salacağını demişdir. Daha sonra anası onu əyin-başını dəyişmək üçün evə aparmışdır. Anası bayıra çıxan zaman Xanlarla qarşılaşmış, ondan nə üçün belə hərəkət etdiyini soruşanda, o, yaxşı elədiyini və haqlı olduğunu bildirmişdir. Bu hadisədən xəbər tutan atası Abdulla isə əsəbiləşərək polisə məlumat vermişdir. Hazırda Xanlar onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Xanlardan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Xanlar barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Oruc onun oğludur. Təxminən beş-altı ay bundan əvvəl qonşuluqda yaşayan Xanların anası rəhmətə gedərkən Xanlar onlardan borca 300 manatlıq ərzaq almışdır. Xanlar borcun müəyyən bir qismini ödəsə də, sonda 60 manat borcu qalmışdır. Oruc Xanların telefonuna sms yazaraq borcu istəyərkən Xanlar onu təhqir etdiyinə görə, o da ona cavab qaytarmışdır. Telefonda onların arasında mübahisə düşdüyünə görə Xanlar 04 mart 2022-ci il tarixdə saat 22:20-də onun yaşadığı evin həyətinə gələrək, Orucla mübahisə etmiş, mübahisə zəminində Orucu döymüşdür. O, bu barədə məlumat aldıqda ilk növbədə məhlədə tanışı Kərəm adlı şəxsə Xanların hərəkətini danışmışdır. Kərəm Xanlara zəng edib nə üçün belə etdiyini soruşmuş, Xanlar isə ora gələcəyini və hər şeyi başa salacağını demişdir. Orucu əyin-başını dəyişmək üçün evə aparmış, bayıra çıxan zaman isə yolda Xanlarla qarşılaşmışdır. Xanlardan nə üçün belə hərəkət etdiyini soruşanda Xanlar yaxşı elədiyini və haqlı olduğunu bildirmişdir. Bundan sonra o, əri Abdullaya hadisəni danışmış, o da əsəbiləşərək polisə məlumat vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Oruc onun xalasının nəvəsidir. Xanlar isə onun həm iş yoldaşı, həm də qonşusudur. 04 mart 2022-ci il tarixdə axşam saatlarında Orucgilin işlətdiyi “Dörd yol” adlı marketə çörək almağa gəlmişdir. Marketə girərkən Orucun anası Solmazı fikirli görmüşdür. Solmazdan nə üçün fikirli olduğunu soruşanda Solmaz qonşu Xanların onun oğlu Orucu döydüyünü bildirmişdir. O da dərhal Xanlara zəng edib nə üçün belə hərəkət etdiyini soruşmuş, Xanlar isə Orucun onu təhqir etdiyi üçün haqlı olaraq Orucu döydüyünü demiş, daha sonra bildirmişdir ki, bir azdan küçəyə çıxıb yanına gələcəkdir. Daha sonra o, Orucun vəziyyətini öyrənmək üçün Solmazgilin evinə girmiş və Orucun vəziyyətinin yaxşı olmadığını görmüşdür. Daha sonra onlar evdən Solmazla birlikdə çıxarkən Xanları küçədə görmüşlər. Həmin vaxt Solmaz Xanlardan nə üçün belə etdiyini soruşanda Xanlar da oğlu Orucun onu təhqir etməsini səbəb göstərib buna görə Orucu döydüyünü bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 mart 2021-ci il tarixli 236 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının, sol saidin, sağ dizin sıyrıqları, boynun, sol kürəyin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək və sağ diz oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmətibbi müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən 04 mart 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 22 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, 23 aprel 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan və 04 may 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən qanuni nümayəndəsinin iştirakı ilə yazılaraq məhkəməyə təqdim olunmuş 06 iyul 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar