Məhkəmə qərarları › İş №1(003)-324/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-324/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-324/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lerik rayonu, Əliabad ərazi dairəsi, Gürdəsər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, yeni yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində yerləşən torpaq sahəsinə çıxarış alacağını vəd edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin aprel ayından etibarən vahid niyyətlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin müxtəlif yerlərində Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla ümumilikdə 5000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq savxozu, Donuzkökəltmə Sovxozu ərazisində yerləşən torpaq sahəsinə çıxarış alacağını vəd edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin sentyabr ayı ərzində vahid niyyətlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin müxtəlif yerlərində Zərərçəkmiş şəxs3 hissə-hissə olmaqla ümumilikdə 3200 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq savxozu ərazisində yerləşən torpaq sahəsinə çıxarış alacağını vəd edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində vahid niyyətlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivinin müxtəlif yerlərində Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 1800 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər evlərin torpaq sahələrinin alqı-satqısı ilə məşğul olmuşdur. 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 tanımışdır. Zərərçəkmiş şəxs2 işlədiyi “xxxx ASC”-in yeməkxanasında tanımış, Xudu adlı şəxsdə onunla yaxın qonşuluqda yaşayır. 2020-ci ilin aprel ayında o, yaşadığı evdən çıxarkən həmin Zərərçəkmiş şəxs2 ilə Xudunun söhbət etdiklərini görüb onlara yaxınlaşmışdır. Onlar aralarında torpaq satılması ilə bağlı söhbət etmişlər, ona məlum olmuşdur ki, Xudu öz torpaq sahəsini satmaq istəyir. Onlar razılaşdıqdan sonra 4 sot torpaq sahəsini Xudu adlı şəxsdən 43000 manata almağı razılaşmışlar, həmin vaxt o, təklif etmişdir ki, torpağın ilkin sənədlərini, yəni bələdiyyə sənədlərini verib DƏDRX-dən çıxarış ala bilər. Həmin vaxt torpaq sahəsinin sahibi Xudu 1000 manat puldan keçmiş, yəni 42000 manata Zərərçəkmiş şəxs2 ilə razılaşmışlar ki, ona pul versinlər o, da DƏDRX-dən həmin torpaq sahəsi üçün çıxarış alsın. Onlar Xuduyla razılaşdıqdan sonra birlikdə yaxınlıqda olan çay evinə getmişlər. Çay evində Xudunun, İlhamın və İlhamın qohumları olan Əli, sürücüsü İqbalın yanında danışıb razılaşdıqları söhbət əsasında ona 2350 manat pul vermişdir. Həmin vaxt o, İlhama bildirmişdir ki, lahiyə hazırlanmağa başlayanda lahiyə üçündə ayrıca olaraq 1800 manat pul verməli olacaq. İlhamda onunla razılaşmışdır. Həmin zamanlar onun maddi durumu pis olduğundan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir, təqribən bir ay sonra o, əvvəlcədən İlhamla razılaşdığı kimi lahiyə üçün 1800 manat pulu istəmiş bundan sonra, İlham sürücüsü İqbal ilə istədiyi 1800 manat pulu göndərmişdir. İqbal ilə Atçılıq YYS-də onunla görüşüb pulu ona vermişdir. Həmin pulu da müəyyən müddət ərzində xərcləmişdir. Bundan təqribən iki ay sonra o, Zərərçəkmiş şəxs2 iş yerinə, yəni “Buta Palace”-ın yanına ofisə gələrək ondan əlavə pul istəmiş, İlham otağında ona 500 manat pul verib onu yola salmışdır. Bundan da təqribən 6-7 ay sonra təkrar olaraq İlhamla əlaqə saxlayaraq sənədin artıq demək olar ki, hazır olduğunu bildirib əlavə 350 manat pul istəmiş, İlham həmin pulu da sürücüsü ilə ona göndərmişdir. Bununla da o, Zərərçəkmiş şəxs2 torpaq sahəsinə çıxarış düzəltmək üçün ümumilikdə 5000 manat pul almış, həmin pulu da ehtiyacı olduğu üçün xərcləmişdir. Həmin ilin sentyabr-oktyabr aylarında İbadət adlı şəxsin oğlu, yəni əvvəlcədən tanıdığı Səxavət onunla telefon vastəsilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O, Səxavət ilə Binə qəsəbəsi, Atçılıq YYS-də olan Araz restoranında görüşüb oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı Səxavət öz evlərinə məxsus olan ilkin sənədlərini yəni Abşeron rayonu, Donuzkökəltmə Sovxozunun sərəncamını təqdim edərək həmin sərəncam əsasında yeni aldığı evə sənəd düzəltdirmək istədiyini bildirmişdir. O, da Səxavət ilə danışıb razılaşdıqdan sonra ondan bu iş üçün 3300 manat pul istəmişdir. Səxavət həmin günün səhəri ona 2200 manat pul vermiş, o, həmin pulu X6 yerləşən Araz Restoranında almışdır. Həmin vaxt Səxavətin atası İbadətdə onun yanında olmuşdur. Bundan sonra Səxavət hissə-hissə olmaqla müxtəlif vaxtlarda ona ümumilikdə 1000 manat pul vermişdir. Həmin pulları yəni 300 manatını Binə Atçılıqda yol kənarında vermişdir. 400 manat pulu isə bundan bir neçə gün sonra Nərimanov rayonu ərazisində DƏDRXnin qarşısında ona vermişdir. Sonuncu 300 manat pulu isə yenədə Binə qəsəbəsində Atçılıq yaşayış sahəsində ona vermişdir. Həmin pul vəsaitlərini alarkən Səxavətdən başqa əlavə olaraq heç kim olmamışdır. O, Səxavətdən aldığı sənədləri DƏDRX-yə yoxlanışa vermişdir ki, müsbət cavab gəldiyi halda onun sənədlərini düzəltsin. Lakin, cavablar müsbət olmadığı üçün o, Səxavətin sənədlərini düzəldə bilməmişdir. Sənədlərini özünə geri qaytarmış, lakin pulları isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa Sevil adlı qadın həmin ərəfələrdə yəni 2020-ci ilin yenə də dəqiq tarixini xatırlamadığı zaman, təqribən sentyabr-oktyabr aylarında ona müraciət edərək öz torpaq sahəsinə sənəd düzəltdirmək istədiyini bildirərək ona öz sənədlərini təqdim etmişdir. Belə ki, Sevil kimlərdənsə eşitmişdir ki, o, bu işlə məşğul olur. Onun Sevil ilə aralarında olan razılığa əsasən o, Sevilin sənədlərini yoxlanışa göndərəcəkmiş və müsbət nəticə əldə etdiyi zaman sənədləri düzəltdirəcəkmiş. O, Sevilin də ilkin bələdiyyə sənədlərini alıb DƏDRX-yə göndərmiş, lakin Sevilin də sənədlərinin kökü olmamışdır. Görəcəyi işin müqabilində o, Sevildən 1700 manat pul almış həmin puluda öz ehtiyaclarına xərcləmişdir. Həmin Sevil adlı qadından pulu Binə Atçılıqda yerləşən Yağmur marketdə almışdır. Həmin vaxt yanlarında əlavə olaraq heç kim olmamışdır. Hal-hazırda Sevilin sənədlərinin onda olduğunu və təqdim edə biləcəyini demişdir. Bu günə qədər də maddi durumu yol vermədiyi üçün o, həmin şəxslərin pullarını geri qaytara bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs oğlu X2 vaxtı ikən iş yoldaşı olan X5 vastəsilə tanımışdır. Belə ki, oğlu Bakı şəhərində olduğu müddət ərzində Binə qəsəbəsi ərazisində 29000 manata ev almışdır. O, ata kimi oğluna məsləhət vermişdir ki, oğlu həmin evə rəsmi sənəd düzəltdirsin. Oğlu Səxavət öz dostu olan Turaba bu barədə məlumat verərək ondan kömək istəmişdir. Turab öz növbəsində oğlunu ifadənin əvvəlində adını çəkdiyi Təqsirləndirilən şəxslə tanış etmişdir. Ona qədər oğlu və Turab həmin şəxslə görüşüb razılaşmışlar ki, həmin şəxs evin çıxarışını düzəldəcək və bunun müqabilində oğlundan 3200 manat pul istəmişdir. Eyni zamanda o, həmin bu söhbətləri telefon vasitəsi ilə danışmış, lakin birbaşa Eldəniz ilə görüşməmişdir. Oğlu Səxavət bu barədə ona məlumat verdikdən sonra o, yaşadığı rayonda 2800 manat pul düzəldib Bakı şəhərinə gəlmiş, oğlu Səxavətlə görüşmüş həmin vaxt Turabda oğlunun yanında olmuşdur. Onlar birlikdə Binə qəsəbəsində yerləşən kafeyə getmişlər, kafedə oturmuş o, həmin Eldənizlə tanış olmuşdur. Eldənizlə aralarında danışıb razılaşmışlar ki, onlar birlikdə oturub yemək yemişlər. Bundan sonra o, cibindən 2800 manat çıxarıb Turaba vermiş, Turab da ondan aldığı pulu onun və oğlu Səxavətin yanında Eldənizə vermişdir. Eldəniz pulu alıb onlardan ayrılmışdır. Bundan sonra hissə-hissə olmaqla oğlu Səxavət pulun qalan hissəsini yəni 400 manatı özü Eldənizə çatdırmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs təqribən iki ilə yaxındır ki, Binə Atçılıqda makler işləyən şəxs kimi tanımışdır. Onunla 2020-ci ilin sentyabr ayına qədər heç bir yaxın münasibəti olmamışdır. Qeyd etmişdir ki, onun yaşadığı Xəzər rayonu, Binə Atçılıq massivində 4 sot torpaq sahəsinin içərisində evi və kiçik mağazası vardır. Həmin ərəfədə o, torpaq sahəsini və üzərində olan həmin tikililəri satmaq qərarına gəlmiş, müştəri axtarmağa başlamışdır. Tikiliyə baxmağa gələn müştərilərinin hamısı torpaq sahəsinin kupçası olub olmadığını soruşmağa başlamışlar. O, aldığı şəxsdən ona verilən mülki etibarnaməni və fərdi şirkət tərəfindən çəkilmiş eskiz lahiyəni göstərsə də müştəriləri qane etməmişdir. Bu səbəbdən 2020-ci ilin sentyabr ayında torpaq sahəsinə rəsmi sənəd almaq niyyətinə düşmüşdür. Bu zaman onun yadına ərazilərində ev-alqı satqısı ilə məşğul olan Eldəniz düşmüşdür. Bu səbəbdən o, Eldənizin telefon nömrəsini əldə edib onunla əlaqə saxlamışdır. Zəng edəndən sonra Eldəniz onun yaşadığı ünvana gəlmişdir. O, əlində olan ilkin sənədləri Eldənizə təqdim etmişdir. Eldəniz sənədlərə baxdıqdan sonra düzələcəyini bildirmişdir. Bunun müqabilində Eldəniz ondan 2000 manat pul istəmiş, o, Eldənizlə razılaşmışdır. Bundan təqribən bir həftə sonra yəni 2020-ci ilin sentyabr ayının 16-sı o, Eldənizlə əlaqə saxlamışdır. Eldəniz yaşadığı ünvana gəlmiş o, torpaq sahəsinin və tikililərin ilkin sənədlərini və həmin vaxtda Eldənizə 800 manat pul vermişdir. Həmin vaxt yanlarında əlavə olaraq heç kim olmamışdır. Bundan bir neçə gün sonra Eldəniz sənədlərin düzəldiyini ona bildirərək yenə də yaşadığı ünvana gəlmiş, həmin vaxt o, Eldənizə 400 manat pul vermişdir. Bundan sonra Eldəniz bir neçə dəfə olmaqla onun yaşadığı ünvana bir iki gün fərq olmaqla gələrək ondan ümumilikdə 600 manat yenə pul almışdır. Bir müddət keçdikdən sonra o, Eldənizin onu aldatdığını başa düşmüşdür. Belə ki, o, DƏDRX-nən maraqlandıqda ona bildirmişlər ki, onun adına heç bir sənədləşmə işləri aparılmır. O, Eldənizlə əlaqə saxlamış, ondan pulunu və sənədlərini tələb etməyə başlamışdır. Onun Eldənizdən israrla pulunu və sənədlərini tələb etdiyini görən Eldəniz DƏDRX-yə müraciət etmiş, Eldəniz DƏDRX-nin qarşısına çağırmış, orada ona 11 manat, dövlət rüsumu ödətdirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında tanımışdır. Belə ki, Eldənizlə işlədiyi “xxxx” ASC-nin yeməkxanasında təsadüf nəticəsində tanımışdır. 2020-ci ilin aprel ayının əvvəllərində o, Binə qəsəbəsi Atçılıq YYS-də hasarın üzərində torpaq sahəsinin satıldığı yazısını və altından da telefon nömrəsinin yazıldığını görmüşdür. O, torpaq sahəsi almaq istədiyi üçün həmin nömrə ilə telefon əlaqəsi saxlamış və dəstəyi qaldıran şəxs özünü Xudu kimi ona təqdim etmişdir. O, həmin Xudu ilə görüşüb torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, Xudu torpaq sahəsinin üzərində görüşmüş, həmin vaxt Eldənizdə onun yanında olmuşdur. Onlar aralarında razılaşdıqdan sonra o, 4 sot torpaq sahəsini Xudu adlı şəxsdən 43000 manata almışdır. Həmin vaxt Eldəniz ona təklif etmişdir ki, torpağın ilkin sənədlərini verib DƏDRX-dən çıxarış ala bilər. Həmin vaxt torpaq sahəsinin sahibi Xudu 1000 manat puldan keçmiş, yəni sözü gedən həmin torpaq sahəsini 42000 manata razılaşmışlar ki, Eldənizə pul verib DƏDRXdən çıxarış alsın. Onlar razılaşdıqdan sonra yaxınlıqda olan çay evinə getmişlər. Çay evində o, Xudunun qaynının oğlu Əlinin sürücüsü İqbalın yanında Eldənizə 2350 manat pul vermişdir. Həmin vaxt Eldəniz ona bildirmişdir ki, lahiyə hazırlanmağa başlayanda lahiyyə üçündə ayrıca olaraq 1800 manat pul verməli olacaq. Eldənizlə razılaşmışlar. Bundan təqribən bir ay sonra sürücüsü İqbal ilə Eldənizin ondan istədiyi 1800 manat pulu göndərmiş, İqbal Atçılıq YYS-də Eldəniz ilə görüşüb pulu Eldənizə çatdırmışdır. Bundan təqribən iki ay sonra Eldəniz onun iş yerinə, yəni “Buta Palace”-ın yanına ofisə gələrək ondan əlavə pul istəmiş o, otağında Eldənizə 500 manat pul verib yola salmışdır. Bundan da təqribən 6-7 ay sonra Eldəniz onunla əlaqə saxlayaraq sənədin artıq demək olar ki, hazır olduğunu bildirib əlavə 350 manat pul istəmiş, o, həmin pulu da sürücüsü ilə Eldənizə göndərmişdir. Bununla da o, Eldənizə aldığı torpaq sahəsinə çıxarış düzəltmək üçün ümumilikdə 5000 manat pul vermişdir. Əlavə olaraq onuda qeyd etmişdir ki, torpaq sahəsinə aid olan ilkin sənədləri yəni etibarnamələr arayışlar komitə çıxarışı və digər sənədləri də Eldənizə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 bibisinin həyat yoldaşıdır. İlhamın adını çəkdiyi Eldəniz adlı şəxsi 2020-ci ilin aprel ayında tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 2020-ci ilin aprel ayında Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq YYS-də torpaq sahəsi almaq istədiyini və torpaq sahəsinin sahibi ilə danışıqlara getdiyi üçün onunda iştirak etməyini istəmişdir. Onlar İlhamla birlikdə saat təqribən 11 radələrində torpaq sahəsinin sahibi ilə danışmağa getmişlər. Onların arasında olan razılaşmaya əsasən İlham torpaq sahəsinə görə Xudu adlı şəxsə 4 sot torpaq sahəsinə görə 43000 (qırx üç min) manat pul verməli olmuşdur. Öz aralarında danışıb razılaşan zaman yanlarında Eldəniz adlı şəxs yaxınlaşmışdır. Həmin Eldəniz adlı şəxsi orada tanımışdır. Xudu adlı şəxs torpaq sahəsinə aid ilkin sənədləri İlhama təqdim etmişdir. Bu zaman Eldəniz ilkin sənədlərin əsasında torpaq sahəsinə DƏDRX-dən kupça düzəldə biləcəyini demişdir. İlham Eldənizin təklifi ilə razılaşmış, Xudu torpaq sahəsinin pulundan 1000 (min) manat keçmişdir ki, İlham sənədləri düzəltdirsin. Razılşadıqdan sonra onlar birlikdə İlhamın sürücüsü İqbal, o, Eldəniz və Xudu Binə qəsəbəsində olan çay evinə getmişlər. İlham çay evində 42000 (qırx iki min) manat sayıb Xuduya vermişdir. Bundan sonra Eldəniz sənədlərin düzəldilməsi üçün İlhamdan ilkin olaraq 2350 (iki min üç yüz əlli) manat pul istəmiş, İlham həmin puluda sayıb Eldənizə vermişdir. Bundan sonra İlham durmuş, onlarda birlikdə oradan ayrılmışlar. Bundan təqribən bir iki ay sonra Eldəniz İlhamın işlədiyi şirkətə gələrək əlavə 500 manat pul istəmiş, İlham həmin pulu Eldənizə onun yanında verib yola salmışdır. Bundan sonra onun yanında İlham Eldənizə pul verməyib lakin eşitdiyinə görə İlham öz sürücüsü İqbal ilə Eldənizə 350 (üç yüz əlli) manat bir 1800 (min səkkiz yüz) manat bir pul göndərmişdir. Lakin bir müddətdən sonra İlham görmüşdür ki, Eldəniz aldadaraq pulunu mənimsəyib nə sənədləri düzəltdirir, nədə pulunu geri qaytarırmış. Bundan sonra bir neçə dəfə İqballa birlikdə o, Eldənizin ünvanına gedərək pulu geri tələb etsələrdə Eldəniz müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırtmağa başlamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 xxxx Petrolyum BSC-də Nəzarət rəisi işləyir, oda İlhamın sürücüsüdür. İlhamın ərizə və izahatında adını çəkdiyi Eldəniz adlı şəxsi 2020-ci ilin aprel ayında tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 2020-ci ilin aprel ayında Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq YYS-də torpaq sahəsi almaq istədiyi və torpaq sahəsinin sahibi ilə danışıqlara getdiyi üçün xidməti maşınla yəni onun idarə etdiyi maşınla getməli olmuş, həmin vaxt İlhamın qohumu Əlidə onlarla birlikdə getmişdir. Həmin gün saat təqribən 11 radələri olarmış, torpaq sahəsinin üzərində İlham torpaq sahəsinin sahibi Xudu ilə görüşmüşdür. İlhamla Xudu arasında olan razılaşmaya əsasən İlham torpaq sahəsinə görə Xudu adlı şəxsə 4,5 sot torpaq sahəsinə görə 43000 (qırx üç min) manat pul verməli imiş. Onlar öz aralarında danışıb razılaşan zaman yanlarında Eldəniz adlı şəxs yaxınlaşmışdır. Həmin Eldəniz adlı şəxsi orada tanımışdır. Xudu adlı şəxs torpaq sahəsinə aid ilkin sənədləri İlhama təqdim etmişdir. Bu zaman Eldəniz ilkin sənədlərin əsasında torpaq sahəsinə DƏDRX-dən çıxarış düzəldə biləcəyini demişdir. İlham Eldənizin təklifi ilə razılaşmış, Xudu torpaq sahəsinin pulundan 1000 (min) manat keçmişdir ki, İlham sənədləri düzəltdirsin. İlham ilə Xudu razılşadıqdan sonra onlar birlikdə İlhamın qohumu Əli, o, Eldəniz və Xudu Binə qəsəbəsində olan çay evinə getmişlər. İlham çay evində 42000 (qırx iki min) manat sayıb Xuduya vermişdir. Bundan sonra Eldəniz sənədlərin düzəldilməsi üçün İlhamdan ilkin olaraq 2350 (iki min üç yüz əlli) manat pul istəmiş, İlham həmin puluda sayıb Eldənizə vermişdir. Bundan sonra İlham durmuş, onlar birlikdə durub oradan ayrılmışlar. Bundan təqribən bir-iki ay sonra Eldəniz İlhamın işlədiyi şirkətə gələrək ondan əlavə 500 manat pul almışdır. Həmin vaxt o, yanlarında olmamış, sonradan bilmişdir. Bir müddət sonra İlham ona 1800 (min səkkiz yüz) manat pul verib Eldənizə çatdırmağını istəmiş, həmin puluda o, Eldənizə Binə qəsəbəsində çatdırmışdır. Bundan da bir qədər sonra İlham ona əlavə olaraq 350 (üç yüz əlli) manat pul verib Eldənizə çatdırmağını istəmiş, həmin puluda aparıb Binə qəsəbəsində Eldənizə vermişdir. Lakin bir müddətdən sonra İlham görmüşdür ki, Eldəniz onu aldadaraq pulunu mənimsəyib nə sənədləri düzəltdirir nədə pulunu geri qaytarır. Bundan sonra bir neçə dəfə Əli ilə birlikdə o, Eldənizin ünvanına gedərək pulu geri tələb etsəkdə Eldəniz müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırtmağa başlamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 31.08.2007-cu il tarixli hökmünə əsasən AR CM-nin 350.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.1.12-ci maddələrinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdən 29.06.2021-ci il tarixdədək həbsdə saxlanıldığı 02 (iki) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar