Məhkəmə qərarları › İş №1(003)-327/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-327/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-327/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə gəlir əldə etmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilmiş təqaüdünü bərpə edəcəyini vəd verməklə inandırıb inam və etibarını qazandıqdan sonra ondan 2022-ci ilin may ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində “Abşeron” Sanatoriyasının qarşısında 3.000 (üç min) manat vəsaitini, 2022-ci ilin may ayında eyni niyyətlə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində “X2”nın qarşısında 4000 (dörd min) manat pul vəsaitini alıb etibardan sui-istifadə edərək dələduzluq yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alıb ələ keçirməklə vədinə əməl etməyərək talamış və Zərərçəkmiş şəxs ümumilikdə 7000 (yeddi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş və ələ keçirdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs ona özünün əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən aldığı təqaüdün 2020-ci il tarixdə kəsildiyini deyərək təqaüdün bərpa olunmasında ondan köməklik istəmişdir. O, 7000 manat pulun müqabilində bu məsələni həll edəcəyini vəd etmiş, Zərərçəkmiş şəxs razılaşaraq 2022-ci ilin may ayında Mərdəkan qəsəbəsində “Abşeron” sonatoriyasının qarşısında ona 3000 manat, bir neçə gündən sonra isə Mərdəkan qəsəbəsində “X2”nın qarşısında 4000 manat pul vermişdir. Sonra Mobilin təqaüdünü düzəldə bilməmiş və maddi ehtiyacları yarandığına görə həmin pulu sahibinə qaytarmadan özünün ehtiyaclarına xərcləmişdir. Törətdiyi bu əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bundan başqa, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 7000 (yeddi min) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1750 (min yeddi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Bütün bunların nəzərə alınaraq onun cinayət məsuliyyətindən azad edilməsi və hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 6-7 ay davam edən tanışlıqdan sonra növbəti dəfə görüşərkən ona 7 il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında baş nəzarətçi vəzifəsində işlədiyini, 2013-cü ildə qara ciyərində “Hepatit C” diaqnozu aşkarlandığına görə təqaüdə çıxdığını və 2013-cü ildən 2020-ci il tarixə kimi hər ay 380 manat məbləğində təqaüd aldığını, 2020-ci ildə isə verilən təqaüd kəsildiyini, 2-ci qrup əlillik təyin edildiyini bildirmişdir. Elşən onun təqaüdünü bərpa etməklə bağlı köməklik edəcəyini vəd edərək bunun müqabilində ondan 7000 manat pul istədikdə, o, razılaşmış və əvvəlcə 3000 (üç min) manat pulu düzəldib 2022-ci ilin may ayında Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Abşeron” Sanatoriyasının qarşısında, bir həfətə sonra 4000 (dörd min) manat pulu Mərdəkan qəsəbəsi ərazisində yerləşən “X2”nın qarşısında Elşənə vermişdir. Beləliklə də Elşənə 2 dəfəyə cəmi 7.000 (yeddi min) manat pul vermişdir. Elşən ona 15-20 gün müddətində təqaüdünün bərpa olunacağını vəd etsə də, xeyli müddət keçməsinə baxmayaraq təqaüd məsələsinin həll edilmədiyini və aldadıldığını başa düşərək Elşəndən pulunu tələb etməyə başlamış, lakin Elşən hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Hazırda Elşən ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və ona hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 12 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli 22837 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 7000 (yeddi min) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1750 (min yeddi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasının sonunda zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbinin olmamasını göstərdi, bütün bunların, həmçinin təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsinin nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 7000 (yeddi min) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmadığına görə, bundan başqa, onun cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1750 (min yeddi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 7000 (yeddi min) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1750 (min yeddi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar