Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-327/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Xəzər Konsaltinq” Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 aprel 1987-ci ildə Lerik rayonu, Tikəband kəndində anadan olan, evli, məhkum olunmamış, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Lerik rayonu, Tikəband kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikili yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə saat 00:05 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X2 mülkiyyətində olan “ VAZ 21214” markalı **-MP-*** dövlət nömrə nişanlı avtomobili saatda 70 km sürətlə Xəzər rayonu, Binə qəsəbəsindən üzü Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozuna doğru idarə edib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə sürücü təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə əməl etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməməklə 30 metr irəlidə X6 etibarnamə əsasında idarə etdiyi **-PF-*** dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobilin sola doğru manevr edib dönərkən ehtiyatsızlıqlan toqquşmuş, nəticədə Q.Əliyevin ehtiyatsızlıqdan ənsə-təpə nahiyyəsinin, alt çənənin əzilmiş yaraları, komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin əzilməsi, sol beyin yarımkürəsi üzərində lövhəvari subdural (şərtqişaaltına) hematoma,onurğa beynin boyun şöbəsinin qapalı travması, İİ boyun fəqərəsinin qapalı sınığı canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlər alınmasına və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Q.Əliyevin komatoz vəziyyətlə müşayiət olunan beynin sərtqişaaltı hematoması, baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin əzilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 20 iyul 2024-cü il saat 23-20-də Bakı şəhəri, Sabunçu rayonu, X11 X13 adlanan xəstəxanada ölümünə bilavasitə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, VAZ 21214 markalı ağ rəngli **-MP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anası Nənəbacının adına olsa da ona məxsus olub. 11 iyul 2024 tarixdə saat 00-05 radələrində həmin avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ilə üzü Binə qəsəbəsinin mərkəzinə doğru hərəkət etmişdir ki, yanacaqdoldurma məntəsinə gedib avtomobilə yanacaq alsın. Saatda təxminən 70 km sürətlə baş yolla hərəkətdə olarkən bir qədər irəlidə “Azsamand” markalı markalı avtomobil onun yoluna çıxmışdır. Bu zaman o, əyləci basıb avtomobili saxlamaq istəsə də, avtomobilinin qabaq ön hissəsi “Azsamand” markalı avtomobilin sol yan qapısıyla toqquşmuş, nəticədə qəza baş vermişdir. Digər avtomobilin sürücüsünə ətrafdakı şəxslərin köməyilə yardım edib onu xəstəxanaya çatdırmışlar. Sonrakı günlərdə Qabil adlı sürücü aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödədiyini və barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində bildirdi ki, hadisə nəticəsində vəfat etmiş X8 atası idi. 11 iyul 2024 tarixdə atasının qəzaya düşdüyünü eşitmişdir. Sonra atası qəza nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Hadisənin ehtiyatsızlıqdan baş verməsini, vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozuna gedən yolda baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur; - ƏN– Vİİ № 066248 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, VAZ 21214 minik markalı, 90MP541 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 tərəfindən nəqliyyat vasitəsini idarə etmək və digər hüquqlar Təqsirləndirilən şəxs etibar edilmişdir; - BD 412066 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 1/6222 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, X9 cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BD 412066 seriyalı sürücülük vəsiqəsi verilmişdir. Lakin onun nəqliyyat vasitələrindən idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətinə Lerik Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmış, xx.xx.2023-cü il tarixdə isə həmin qərara xitam verilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 99 saylı rəyindən müəyyən edilir ki, X8 ənsə- təpə nahiyyəsinin, alt çənənin əzilmiş yaraları; komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin əzilməsi; sol beyin yarımkürəsi üzərində lövhəvari subdural (şərtqişaaltına) hematoma; onurğa beynin boyun şöbəsinin qapalı travması; İİ boyun fəqərəsinin qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X11” X10 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Q.F.Əliyevin ölümünə səbəb komatoz vəziyyətlə müşayiət olunan beynin sərtqişaaltı hematoması, baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin əzilməsi olmuşdur. X8 20 iyul 2024-cü il saat 23-20-də Bakı şəhəri, Sabunçu rayonu, X11 X13 adlanan xəstəxanada ölmüşdür. - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2025-ci il tarixli “8/177” nömrəli rəyindən müəyyən edilir ki, Azsamand markalı, ** PF *** dövlət qeydiyyat niışanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21214 markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Ağayev maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı ) tələblərinə uyğunsuzluq olmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi O.Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - AA ******* nömrəli, AA0696172 nömrəli, AA2462626 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən aydın olur ki, xx.xx.2011-ci il təvəllüdlü İbadət, xx.xx.2013-cü il təvəllüdlü Vüsalə və xx.xx.2016-cı il təvəllüdlü Ağa Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1), əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM- 59.1.13), himayəsində azyaşlı övladlarının olması (59.1.4) cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 200 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 200 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-327/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-327/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver