Məhkəmə qərarları › İş №1(003)-328/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-328/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-328/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə məişət təyinatlı kəsici-batıcı xassəli bıçaqla sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə saat 08.30 radələrində yaşadığı ünvan 1-də arvadı Zərərçəkmiş şəxs işə getməməsini tələb etdiyi üçün ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı evdə olan təsərrüfat– məişət təyinatlı kəsici-batıcı xassəli bıçaqla iki dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsindən zərbə endirərək sonuncuya qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran döş qəfəsinin arxa səthinin 01 ədəd, bel nahiyəsinin 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol əlin kəsilmiş yaraları bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2009-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha girmişdir. Rəsmi iş yeri yoxdur, bərbər işləyib ailəni dolandırır. Birgə nikahda olduqları müddətdə Sevinc ünvan 1 ünvanında onunla birlikdə yaşamışdır. Sevinc 2015-ci ildən 5 saylı rabitə xidməti mərkəzində əməliyyatçı işləyir. Əvvəllər işdə əməkdaşların çoxu qadın olmuş, ona görə o, onun işləməsinə icazə verirmiş, lakin sonradan oranın şəxsi heyəti dəyişmiş və hazırda oradakı işçilərin çoxu oğlanlar olduğundan Sevincin orada işləməsinə razı olmamışdır. Bu səbəbdən aralarında dəfələrlə mübahisə olmuşdur. 01 mart 2021-ci il tarixdə saat 08.30 radələrində yaşadığı ünvanda Sevinc ilə aralarında yenə də mübahisə baş vermiş, mübahisəyə səbəb isə onun Sevincin işə getməsinə etiraz edərək “evdən bayıra çıxmayacaqsan” deməsi olmuşdur. Onun etirazına baxmayaraq Sevincin “işə getməliyəm” deyib qapıya tərəf getməsini gördükdə ondan evdən çıxmamasını tələb etmşdir. Sevinc isə onun bu qadağasına etiraz etdiyi üçün, o da əsəbiləşib onun üstünə gələrək saçından tutub dartmış, elə qapının yanında atasının ev alətləri qoyduğu qutudan bir bıçaq götürüb Sevincin döş qəfəsinin arxa nahiyəsindən bir dəfə, bel nahiyəsindən də bir dəfə vurmuşdur. Bundan sonra Sevinc özünü müdafiə etmək üçün sol əlini qabağa uzatmış, onun əlində olan bıçaq Sevincin sol əlinin içini kəsmişdir. Bu zaman səslərinə atası Bafaddin içəri otaqdan gəlmiş və onu Sevincdən ayırmışdır. Baş vermiş hadisədən sonra Sevinc rəsmi boşanmaq üçün məhkəməyə müraciət etmiş və həmin vaxtdan da gedib valideynləri ilə bir yerdə Binə qəsəbəsi HSS-da yerləşən evdə yaşayır. İlk dəfə törətdiyi bu əməldən peşmandır, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Sevincdən üzr istəyir, boşanmağa razı deyil, istəyir ki, barışsınlar. Mart ayından Sevinc mühafizə orderi aldığına görə o, ona yaxınlaşa bilmir, yaxınlaşmaqda məqsədi isə onunla barışmaq üçün söhbət etməyə çalışmaqdır, başqa niyyəti yoxdur. Barışmaq üçün dəfələrlə cəhd göstərməyinə, hətta hazırkı açıq məhkəmə zalında da Sevincdən üzr istəyərək uşaqlarının xətrinə bağışlanmasını xahiş etməsinə baxmayaraq, Sevinc onunla barışmır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2009-cu ildə Təqsirləndirilən şəxs Bafaddin oğlu ilə rəsmi nikaha girmiş, bu nikahdan bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Birgə nikahda olduqları müddətdə o, Binə qəsəbəsi 2148-ci məhəllə ev 5 mənzil 18 ünvanında Rüfət ilə birlikdə yaşamışdır. Lakin baş vermiş hadisədən sonra rəsmi boşanmaq üçün o, məhkəməyə müraciət etmiş və həmin vaxtdan da gedib valideynləri ilə bir yerdə Binə qəsəbəsi HSSda yerləşən evdə yaşayır. 2015-ci ildən Binə qəsəbəsində yerləşən 5 saylı rabitə xidməti mərkəzində əməliyyatçı işləyir. Rüfətin bir çox şəxslərə külli miqdarda pul borcu vardır, borcu niyə almışdır, hara işlətmişdir bilmir, həmin borcların bir qismini özünün əmək haqqı ilə ödəmiş, pul barədə soruşanda da onunla kobud davranmışdır. Hadisədən əvvəl təxminən bir həftə imiş ki, Rüfət onu işə çıxmağa qoymurmuş. 01 mart 2021-ci il tarixdə işə çıxmaq istəyəndə Rüfət onun işə getməyinə icazə verməmiş, buna görə də həmin gün saat 08.30 radələrində birgə yaşadıqları mənzildə aralarında mübahisə baş vermişdir. Həmin vaxt əyilib 3 yaşlı oğlu Fəridin ayaqqabısını geyindirirmiş ki, birlikdə hazırlaşıb evdən çıxsınlar. Bu zaman Rüfət demişdir ki, “evdən bayıra çıxmayacaqsan”, o da demişdir ki, “işə getməliyəm”. Rüfət onun bu cavabından sonra əli ilə saçından tutub dartmış, az keçməmiş kürəyinə zərbələr endirmiş, çevrilərək özünü müdafiə etmək üçün sol əlini qabağa vermiş, görmüşdür ki, Rüfətin əlində bıçaq var. Rüfət həmin bıçaqla onun kürəyindən vurmuşdur. O, sol əlini qabağa vermişdir ki, Rüfət əlindəki bıçaqla onu vurmasın, bu zaman əlinin içini bıçaq kəsmişdir. Onların səsinə içəri otaqdan Rüfətin atası Bafaddin gəlmiş və Rüfəti ondan ayırmağa çalışmışdır. Rüfət yenə ondan əl çəkməyərək əli ilə boğazından tutub onu boğmağa çalışmışdır. Bafaddin Rüfəti sakitləşdirmək üçün uzaqlaşdıraraq qonaq otağına tərəf aparmışdır. Rüfət onu bıçaqla vuranda onu işdən çıxaracağı ilə, evdən bayıra çıxmağa qoymayacağı ilə, döyəcəyi ilə hədələmişdir. Rüfət ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir, bunun üçün də ona törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 mart 2021-ci il tarixli 195 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthinin 1 ədəd, bel nahiyəsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaraları, sol əlin kəsilmiş yaraları deşici-kəsici alətin (ola bilsin bıçaq) deşicikəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun 26 saylı BŞX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 01 mart 2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 28 aprel 2021-ci il tarixli 3/724 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı (kağız, karton kəsmək üçün), kəsici-batıcı xassəli bıçaqdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manatdır. İş materiallarından görünür ki, hadisə zamanı istifadə edilmiş bir ədəd bıçaq maddi sübut növü kimi tanınmış, məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 avqust 2017-ci il təvəllüdlü X3 adlı bir azyaşlı və 28 oktyabr 2010-cu il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan və 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi əmələ görə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, məhkəmə iclasında törətdiyi əməldən peşman olmasını bildirərək zərəçəkmiş şəxsdən üzr istəyib bağışlanmasını xahiş etməsini və onunla barışmağa cəhd göstərməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutlmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2-də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - hadisə zamanı istifadə edilmiş - bir ədəd zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı (kağız, karton kəsmək üçün), kəsici-batıcı xassəli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 64,00 (altmış dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - hadisə zamanı istifadə edilmiş - bir ədəd zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı (kağız, karton kəsmək üçün), kəsici-batıcı xassəli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 64,00 (altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar