Məhkəmə qərarları › İş №1(003)-33/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-33/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-33/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Yeni kənd küçəsi ev 18-də qeydiyyatda olmaqla orada yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 1(003)-280/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmaqla qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, hazırkı cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən bağ evinə hasardan keçməklə qanunsuz olaraq daxil olub evin qonaq otağından 1 ədəd 100 manat qiymətində dəmir sobanı və 1 ədəd 30 manat qiymətində çarpayını, evin mətbəx otağından 1 ədəd 50 manat qiymətində dəmir sobanı və 1 ədəd 80 manat qiymətində soyuducu mühərrikini, həmçinin 1 metri 2 manat olmaqla ümumi qiyməti 200 manat olan 100 metr uzunluğunda evin bütün elektrik naqillərini, evin həyətindən 1 ədəd 50 manat qiymətində su mühərrikini, 1 ədəd 50 manat qiymətində su quyusunun üzərində olan dəmir barmaqlığı və 1 metri 5 manat olmaqla ümumi uzunluğu 50 metr olan 250 manat qiymətində talvarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 810 (səkkiz yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 aprel 2022-ci il tarixdə, gecə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz bağ evinə hasardan keçməklə qanunsuz olaraq daxil olub evin plastik pəncərəsini güc tətbiq edib açmaqla içəri girmiş, daha sonra evin yataq otağının plastik qapısının kilidini güc tətbiq edib sındırmaqla oradan 1 ədəd 350 manat qiymətində su nasosunu, 1 metri 5 manat olmaqla 50 metr uzunluğunda, ümumi qiyməti 250 manat olan 4 fazalı elektrik naqilini və 60 manat qiymətində olan qab-qacaq dəstini, həmçinin evin həyətindən 1 ədədi 7 manat olmaqla ümumi qiyməti 70 manat olan 10 ədəd dəmir borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 aprel 2022-ci il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus, ünvan 2 ünvanında yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz olaraq daxil olub orada olan qarajın qapısının açıq olmasından istifadə edərək oradan 1 ədədi 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 2 ədəd plastik pəncərəni, 1 ədədi 120 manat olmaqla ümumi qiyməti 240 manat olan 2 ədəd plastik qapını, 1 metri 5 manat olmaqla ümumi qiyməti 1.000 manat olan 200 metr uzunluğunda dəmir borunu, 1 metri 2 manat olmaqla ümumi qiyməti 140 manat olan 70 metr uzunluğunda elektrik kabelini, 1 ədədi 35 manat olmaqla ümumi qiyməti 70 manat olan 2 ədəd projektoru, 1 ədədi 250 manat olmaqla ümumi qiyməti 500 manat olan 2 ədəd antik dəmir çarpayını, 1 ədəd 120 manat qiymətində olan dəmir masanı, 1 kv metri 5 manat olmaqla 60 kv metrlik, ümumi qiyməti 300 manat olan döşəmə tametlərini və 1 metri 4 manat olmaqla ümumi qiyməti 120 manat olan 30 metr uzunluğunda rezin su borusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2.790 (iki min yeddi yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 aprel 2022-ci il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus, Türkan qəsəbəsi, ev 172A ünvanında yerləşən bağ evinə hasardan keçməklə qanunsuz olaraq daxil olub oradan 1 ədəd 200 manat qiymətində olan evin giriş qapısını, 1 ədəd 200 manat qiymətində evin mətbəx otağının qapısını, yataq otağından 1 ədəd 50 manat qiymətində manqalı, 1 ədəd 250 manat qiymətində mis samovarı, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat olan 2 ədəd dəmir çarpayını, 1 ədəd 100 manat qiymətində “BK- 250” markalı kondisioneri, 1 ədəd 100 manat qiymətində su nasosunu, evin həyətindən 1 ədəd 50 manat qiymətində olan su quyusunun dəmir qapağını, 1 ədəd 200 manat qiymətində olan evin digər dəmir qapısını və evin həyətində olan hamam otağının 200 manat qiymətində olan 1 ədəd dəmir qapısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1.450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər nəticəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Türkan qəsəbəsində evləri müşahidə edərək yaşayış olmayan evləri müəyyən edib həmin evlərdən oğurluq etmək məqsədi ilə tez-tez gəzmişdir. Bu məqsədlə Türkan qəsəbəsində gəzərkən qonşusu Sahibin yaşayış olmayan evinin olduğunu müəyyən etmişdir. Həmin evi bir neçə dəfə müşahidə etdikdən sonra evdə yaşayış olmadığına tam əmin olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində qonşusu Sahibin Türkan qəsəbəsindəki evinin həyətinə hasardan tullanmaqla içəri keçərək evin pəncərəsinin mismarlarını çıxarıb şüşəni çıxarmış və evə daxil olmuşdur. Evin qonaq otağına girib oradan 1 ədəd dəmir sobanı və 1 ədəd dəmir çarpayını götürmüşdür. Həmin əşyaları evin digər pəncərəsini açıb pəncərədən həyətə tullamışdır. Mətbəxə keçib oradan 1 ədəd dəmir sobanı götürüb həmin pəncərədən həyətə tullamış, oradakı soyuducunun da matorunu söküb pəncərədən bayıra atmışdır. Sonra evin bütün elektrik naqillərini söküb pəncərədən bayıra atmış, özü də həmin pəncərədən həyətə çıxmışdır. Həyətə çıxan zaman həyətdən 1 ədəd su matorunu və 1 ədəd su quyusunun üzərində olan dəmir barmaqlığı götürüb digər əşyaların yanına qoymuşdur. Daha sonra talvarı da söküb həmin əşyaların yanına qoymuş və iz qoymamaq üçün mismarlarını və şüşəsini çıxardığı pəncərənin şüşəsini yenidən yerinə taxıb mismarlamışdır. Bundan sonra həmin əşyaları bir-bir hasardan bayıra atmış, özü də hasardan bayıra tullanıb evi yaxın olduğu üçün həmin əşyaları bir-bir evinə daşımışdır. Səhəri gün həmin əşyalardan bir ədəd dəmir sobanı 10 manata və bir ədəd soyuducu matorunu 3 manata Türkan qəsəbəsi ərazisində metal qəbulu məntəqəsi işlədən Raqif adlı şəxsə satmışdır. Əşyaların qalanını isə Sabunçu bazarının yaxınlığında tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Bundan başqa, o, Türkan qəsəbəsində evləri müşahidə edərək yaşayış olmayan evləri müəyyən edib həmin evlərdən oğurluq etmək məqsədi ilə gəzməyə davam edən zaman Türkan qəsəbəsində əlavə bir yaşayış olmayan evin olduğunu müəyyən etmişdir. Həmin evi də bir neçə dəfə müşahidə etdikdən sonra evdə yaşayış olmadığına tam əmin olduqdan sonra 16 aprel 2022-ci il tarixdə saat 23 radələrində tanımadığı şəxsin Türkan qəsəbəsindəki evinin həyətinə hasardan tullanmaqla içəri keçmişdir. Evin plastik pəncərəsinə güc tətbiq edərək açmış və evə daxil olmuşdur. Evə daxil olan zaman evin yataq otağının plastik qapısının kilidini güc tətbiq edərək sındırıb açmışdır. Həmin otağa girib içəridə olan 1 ədəd su nasosunu, 4 fazalı elektrik naqilini götürüb pəncərədən həyətə atmışdır. Daha sonra yenidən həmin otağa qayıdıb içərisində müxtəlif qablar olan qabqacaq dəstini ehtiyatlı şəkildə sınmasın deyə həyətə çıxarmışdır. Həyətə düşən zaman orada dəmir boruların olduğunu görmüşdür. Evdən həyətə çıxardığı əşyaları və 10 ədəd həmin dəmir boruları bir-bir ehtiyatlı şəkildə hasardan bayıra çıxarıb evi yaxın olduğu üçün evinə daşımışdır. Səhəri gün həmin əşyaları tanımadığı dəmiryığan şəxslərə ümumilikdə 100 manata satmışdır. Bundan başqa, o, Türkan qəsəbəsində evləri müşahidə edərək yaşayış olmayan evləri müəyyən edib həmin evlərdən oğurluq etmək məqsədi ilə gəzməyə davam edən zaman Türkan qəsəbəsində əlavə bir yaşayış olmayan evin olduğunu müəyyən etmişdir. Həmin evi də bir neçə dəfə müşahidə etdikdən sonra evdə yaşayış olmadığına tam əmin olub 20 aprel 2022-ci il tarixdə saat 02 radələrində tanımadığı şəxsin Türkan qəsəbəsindəki evinin həyətinə hasardan tullanmaqla içəri keçmişdir. Həyətə girən zaman sağ tərəfdə yerləşən qarajın qapısının açıq olduğunu görmüş, yaxınlaşıb içərisinə daxil olmuşdur. Oradan 2 ədəd plastik pəncərəni, 2 ədəd plastik qapını, dəmir borunu, elektrik kabelini, 2 ədəd projektoru, 2 ədəd antik dəmir çarpayını, 1 ədəd dəmir masanı, döşəmə tametlərini və rezin su borusunu çıxarıb həyətə yığmış, sonra həmin əşyaları hasardan keçirib bayıra yığmışdır. Hasardan bayıra tullanıb yaşadığı ev yaxın olduğu üçün həmin əşyaları bir-bir yaşadığı evə daşımışdır. Səhəri gün həmin əşyaları Sabunçu bazarının yaxınlığında tanımadığı şəxslərə satmışdır. Bundan başqa, o, Türkan qəsəbəsində evləri müşahidə edərək yaşayış olmayan evləri müəyyən edib həmin evlərdən oğurluq etmək məqsədi ilə gəzməyə davam edən zaman Türkan qəsəbəsində əlavə bir yaşayış olmayan evin olduğunu müəyyən etmişdir. Həmin evi də bir neçə dəfə müşahidə etdikdən sonra evdə yaşayış olmadığına tam əmin olduqdan sonra 22 aprel 2022-ci il tarixdə saat 03 radələrində tanımadığı şəxsin Türkan qəsəbəsindəki evinin həyətinə hasardan tullanmaqla içəri keçmişdir. Həyətə girib evin giriş qapısını petləsindən çıxarıb həyətə qoymuşdur. İçəri daxil olub evin mətbəx otağının da qapısını petləsindən çıxarıb həyətə qoymuş, sonra yataq otağına daxil olub oradan 1 ədəd manqalı, 1 ədəd mis samovarı, 2 ədəd dəmir çarpayını, 1 ədəd kondisioneri, 1 ədəd su nasosunu götürüb həyətə çıxarmışdır. Həyətdəki su quyusunun dəmir qapağını götürüb digər əşyaların yanına qoymuş, sonra evin digər dəmir qapısını da petləsindən çıxarıb həyətə qoymuşdur. Daha sonra həyətdə olan hamam otağının da dəmir qapısını petləsindən çıxarıb həyətə qoymuşdur. Həyətə qoyduğu əşyaları bir-bir hasardan keçirib bayıra yığmışdır. Hasardan bayıra tullanıb yaşadığı ev yaxın olduğu üçün həmin əşyaları bir-bir yaşadığı evə daşımış, səhəri gün həmin əşyaları Sabunçu bazarının yaxınlığında tanımadığı şəxslərə satmışdır. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin oğurluqların heç birini etməmişdir. 1-ci Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları onu döyərək zorla həmin əməlləri boynuna qoymuşlar. Onun əl izləri araşdırılmamış, nə də ki, kamera görüntüləri yoxdur. PŞ-də ona fiziki təzyiqlər göstərilərək və hədə-qorxu gəlinərək özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edilmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə görə oğurluqları boynuna qoymuşlar. İstintaq zamanı polislər onu iki evə aparmış, lakin həmin evlərin kimlərə məxsus olmasını bilməmişdir. Onu döyən polis əməkdaşlarını tanımır, həm də döyülməyi barədə heç bir yerə şikayət etməmiş, hətta müdafiəçisinə, həmçinin barəsində qətimkan tədbirinin seçilən zaman prokurora da bildirməmiş, güman etmişdir ki, hakim qarşısına çıxarılarsa, həmin faktı məhkəməyə bildirəcəkdir. Özünü təqsirli bilmir, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Türkan qəsəbəsi ev 7/1-də ailəsi ilə birlikdə yaşasa da, 1992-ci ildə Türkan qəsəbəsi, Yeni sahədə özünə 2 otaqlı ev tikdirmişdir. Həmin evdə yaşayış olmasa da, o, hər gün həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə həmin evə nəzarət məqsədilə gəlmiş və saat 20 radələrində evin qapısını bağlayıb tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda və həyətdə əşyaların yerində olduğunu görmüşdür. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 08 radələrində o, yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Darvazanı açıb həyətə girmiş, sonra evin qapısını açıb içəri daxil olan zaman yataq otağının plastik qapısının kilidinin sındırıldığını görmüşdür. Həmin otağa girib içəri baxış keçirən zaman oradan 1 ədəd 350 manat dəyərində su nasosunun, 1 metri 5 manat olan 50 metr uzunluğunda, ümumi qiyməti 250 manat olan 4 fazalı elektrik naqilinin və 60 manat dəyərində olan qab-qacaq dəstinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Sonra həyətə düşmüş və orada olan dəmir boruların da oğurlandığını aşkar etmişdir. Həmin dəmir borunun 1 ədədi 7 manat dəyərində, ümumi sayı 10 ədəd, ümumi qiyməti isə təxminən 70 manat civarında olmuşdur. Daha sonra o gəlini Cəmiləyə zəng edərək bu barədə ona məlumat vermiş, gəlini də dərhal DİN-nin “102” xidmətinə zəng edərək bu barədə polisə məlumat vermişdir. İstintaq eksperimenti keçirilmiş, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun evinə gətirilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vurulmuşdu və həmin ziyan indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır, lakin iş üzrə şikayətçidir. Təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Bakı şəhəri, ünvan 3 ünvanında 2 otaqlı bağ evi vardır. O, yay aylarında həmin bağ evinə ailəsi ilə birlikdə gəlib istirahət etmişdir. İl ərzində həmin evdə yaşayış olmasa da, arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə həmin evə nəzarət məqsədilə gəlmiş və saat 11 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda və həyətdə əşyaların yerində olduğunu görmüşdür. Bu hadisədən 1 həftə sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 13 radələrində o, yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Darvazanı açıb içəri həyətə girmiş, sağ tərəfdə yerləşən qarajın qapısının açıq olduğunu görmüşdür. Qarajın qapısının açıq olması onu şübhələndirmişdir. Buna görə də o qaraja yaxınlaşıb içərisinə daxil olmuşdur. İçəri baxış keçirən zaman oradan 1 ədədi 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 2 ədəd plastik pəncərənin, 1 ədədi 120 manat olmaqla ümumi qiyməti 240 manat olan 2 ədəd plastik qapının, 1 metri 5 manat olmaqla ümumi qiyməti 1.000 manat olan 200 metr uzunluğunda dəmir borunun, 1 metri 2 manat olmaqla ümumi qiyməti 140 manat olan 70 metr uzunluğunda elektrik kabelinin, 1 ədədi 35 manat olmaqla ümumi qiyməti 70 manat olan 2 ədəd projektorun, 1 ədədi 250 manat olmaqla ümumi qiyməti 500 manat olan 2 ədəd antik dəmir çarpayının, 1 ədəd 120 manat qiymətində dəmir masanın, 1 kv metri 5 manat olan 60 kv metrlik, ümumi qiyməti 300 manat olan döşəmə tametlərinin, 1 metri 4 manat olmaqla, ümumi qiyməti 120 manat olan 30 metr uzunluğunda rezin su borusunun oğurlandığını aşkar etmişdir. Daha sonra bu barədə DİNnin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Onu da bildirir ki, onun evindən iki dəfə - birinci dəfə 2022-ci ilin yaz aylarında, iknci dəfə isə aprel ayında olmuşdur. Birinci oğurluqdan sonra polisə məlumat vermiş və polis əməkdaşları gələrək protokol tərtib etmişlər, bundan bir həftə sonra isə ikinci oğurluq hadisəsi baş vermişdir. O, təqsirləndirilən şəxsi görməmişdir, Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, çünki, istintaq eksperimenti keçirilməmiş və təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun evinə gətirilməmişdir. Həm də hesab edir ki, həmin əşyaları bir nəfər təkbaşına oğurlaya bilməzdi. Oğurluq nəticəsində ona ümumilikdə 2.790 (iki min yeddi yüz doxsan) manat məbləğində maddi ziyan vurulmuş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 20 dekabr 2022-ci il tarixdə məhkəməyə teleqram, 12 yanvar 2023-cü il tarixdə isə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, şikayətini geri götürdüyünü, ona cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, işləri ilə əlaqədar bundan sonra məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş, buna görə də işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında 4 otaqlı bağ evi vardır. O, yay aylarında həmin bağ evinə ailəsi ilə birlikdə gəlib istirahət etmişdir. İl ərzində həmin evdə yaşayış olmasa da, o, arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o, 2021-ci ilin noyabr ayının ortalarında həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 17 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda və həyətdə əşyaların yerində olduğunu görmüşdür. Bu hadisədən 5 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində o, yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Darvazanı açıb içəri həyətə girmiş, evin giriş qapısının yerində olmadığını görmüşdür. İçəri daxil olan zaman evin mətbəx otağının da qapısının yerində olmadığını görmüşdür. Evin giriş qapısının qiyməti 200 manat, mətbəx otağının qapısının da qiyməti təxminən 200 manat təşkil etmişdir. Daha sonra yataq otağına daxil olaraq içəri baxış keçirmişdir. Baxış zamanı yataq otağından 1 ədəd 50 manat qiymətində manqalın, 1 ədəd 250 manat dəyərində mis samovarın, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat olan 2 ədəd dəmir çarpayının, 1 ədəd 100 manat qiymətində BK-250 markalı kondisionerin, 1 ədəd 100 manat qiymətində su nasosunun oğurlandığını aşkar etmişdir. Həyətə düşən zaman 50 manat qiymətində olan su quyusunun dəmir qapağının yerində olmadığını, sonra 200 manat qiymətində olan evin digər dəmir qapısının da yerində olmadığını aşkar etmişdir. Daha sonra həyətdə olan hamam otağının da qiyməti təxminən 200 manat olan dəmir qapısının yerində olmadığını görmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 1.450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurulmuşdur. Bu barədə DİN-nin “102” xidmətinə məlumat verərək hadisə yerinə polislərin gəlməsini istəmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclasına gətirilməsi mümkün olmamış, buna görə də işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Türkan qəsəbəsi Firdovsi küçəsi nömrəsiz evdə ailəsi ilə birlikdə yaşasa da, Türkan qəsəbəsi, Yeni kənd sahəsi ev 16-da 4 otaqlı dədə-baba evi vardır. Əvvəllər həmin evdə rəhmətlik atası yaşamışdır. Lakin atası vəfat edəndən sonra həmin evdə heçkim yaşamamışdır. Həmin evdə yaşayış olmasa da, o, hər gün həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 15 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda və həyətdə əşyaların yerində olduğunu görmüşdür. Bu hadisədən 10 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində o, yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Darvazanı açıb içəri həyətə girmiş, evin qapısını açıb içəri daxil olaraq evin qonaq otağına girib içəri baxış keçirən zaman oradan 1 ədəd 100 manat dəyərində dəmir sobanın, 1 ədəd 30 manat dəyərində çarpayının oğurlandığını aşkar etmişdir. Sonra mətbəxə keçən zaman oradan 1 ədəd 50 manat dəyərində dəmir sobanın və 1 ədəd 80 manat dəyərində soyuducu matorunun sökülüb oğurlandığını aşkar etmişdir. Daha sonra evin işıqlarının yanmadığını görmüşdür. Sayğaca baxan zaman evin bütün elektrik naqillərinin sökülüb oğurlandığını aşkar etmişdir. Ümumi evin elektrik naqillərinin uzunluğu təxminən 100 metr olmuşdur. Həmin elektrik naqillərinin 1 metri 2 manat dəyərində olmuşdur. Həyətə çıxan zaman isə həyətdən 1 ədəd 50 manat qiymətində su matorunun, 1 ədəd 50 manat qiymətində su quyusunun üzərində olan dəmir barmaqlığın və 1 metri 5 manat olan 50 metr uzunluğunda talvarın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 810 (səkkiz yüz on) manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 göstərdi ki, Ağcabədi rayonunda doğulub boya başa çatsa da, 2011-ci ildən etibarən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayır. Əvvəllər bir çox istixanalarda operator kimi çalışsa da, 2018-ci ildən etibarən Türkan qəsəbəsi ərazisində metal qəbulu məntəqəsi işlədir. 2022-ci ilin aprel ayının ortalarında özünü Hikmət kimi təqdim edən bir nəfər şəxs işlətdiyi məntəqəyə gələrək 1 ədəd dəmir soba və bir ədəd soyuducu matorunu məntəqəyə özü ilə gətirib özünə məxsus olduğunu və həmin əşyaları satmaq istədiyini demişdir. O, həmin əşyaları nəzərdən keçirdikdən sonra dəmir sobanı 10 manata, soyuducu matorunu isə 3 manata həmin şəxsdən ala biləcəyini demiş, Hikmət də onunla razılaşmışdır. Hikmət ödənişi etdikdən sonra həmin əşyaları məntəqədə ona verərək çıxıb getmişdir. Bu hadisədən bir neçə gün sonra o, həmin dəmir sobanı məntəqəyə gələn tanımadığı şəxsə 15 manata satmışdır. Soyuducu matorunu isə söküb içərisində olan dəmir və misi ayırdıqdan sonra müxtəlif vaxtlarda tanımadığı müxtəlif adamlara çəki ilə müxtəlif qiymətlərə satmışdır. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində videoçəkilişlə yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 24 aprel 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 iyun 2018-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, barəsində Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətlərini törətməsini məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək Xəzər RPİ-nin 1-ci PŞ-nə aparıldıqdan sonra adlarını bilmədiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərildiyini bildirməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 1(003)-430/2023 saylı 22 dekabr 2022-ci il tarixli məktubla Xəzər rayon prokurorluğuna məlumat vermiş və qeyd olunan faktın araşdırılaraq nəticəsi barədə məhkəməyə məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşavir Fəxri Ələsgərov tərəfində məhkəmənin 1(003)-430/2023 saylı 22 dekabr 2022-ci il tarixli sorğusuna göndərilmiş 03 fevral 2023-cü il tarixli 56-C-23 saylı cvab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkilləri X5 və X4 tərəfindən qanunsuz hərəkətlərə məruz qalaraq törətmədiyi cinayəti etiraf etməsi ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş maateriallarında olan Bakı şəhəri Xəzər rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Həsən Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkilləri X5 və X4 tərəfindən qanunsuz hərəkətlərə məruz qalaraq törətmədiyi cinayəti etiraf etməsi ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığından, həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 1(003)-280/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmaqla qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 1(003)-280/2022 saylı hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməlini törətdiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu halda, həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 13 may 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixə qədər saxlanıldığı 02 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X3 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar