Məhkəmə qərarları › İş №1(003)-330/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-330/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-330/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X24 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X17, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X5, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, “ProBono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, dalan 3, ev 10/9-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarının pozub ehtiyatsızlıqdan bir neçə zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, eləcə də bir şəxsin ölümünə səbəb olan yol-nəqliyyət hadisəsi törətmişdir. Belə ki, o, 07 noyabr 2024-cü il tarixdə saat 10:52 radələrində X6 məxsus olmaqla notarial etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen İD 6” markalı **-KP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindən üzü Bilgəh qəsəbəsi istiqamətində saatda 100 km sürətlə idarə edib hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən sürücü kimi o, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, işıqforun qırmızı işığında avtomobillərin dayandığını nəzərə alaraq vaxtında tədbir görməklə həmin avtomobillərə çatmadan idarə etdiyi avtomobili dayandırmalı və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, həmin avtomobil yolunda işıqforun qırmızı işığında avtomobil yolunun soldan ikinci zolağında dayanmış vəziyyətdə olan X8 məxsus olmaqla notarial etibarnamə əsasında Zərərçəkmiş şəxs4 idarə etdiyi «Nissan Latio» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini özünün idarə etdiyi “Volkswagen İD 6” markalı **-KP-*** dövlət nömrə nişanlı avtomobilin əyləci basmaqla vaxtında dayandırmadan yol hərəkəti qaydalarını pozub avtomobilin hərəkət zolağında təhlükəli şərait yaradıb qabaq hissəsi ilə ehtiyatsızlıqdan yol-nəqliyat hadisəsi törədib vurmuş, «Nissan Latio» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 ehtiyatsızlıqdan baş-beynin silkələnməsi halında qapalı kəllə-beyin travması, Vİ döş fəqərəsinin kompression, sol İİ, İİİ, İV və Xİ, sağ Xİ qabırğaların yerdəyişən sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid xəsarətlər almasına, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 ehtiyatsızlıqdan baş-beynin silkələnməsi halında qapalı kəllə beyin travması, sağ Vİ qabırğanın sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid xəsarətlər almasına, həmin avtomobildə oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan İİ, İİİ, V bel fəqərələrinin sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid xəsarət almasına, həmin avtomobildə oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sağ sirkə kasasının sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər almasına, həmin avtomobildə sərnişin qismində arxa oturacaqda əyləmiş X13 ehtiyatsızlıqdan sol qaşın əzilmiş yarası, alın nahiyəsinin, sol baldırın yuxarı üçdə birinin ön-iç səthinin qançırları, sağ gözün bayır bucağının, sağ və sol dizin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə,beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, alın sümüyünün xətti sınığı, V-Vİ boyun fəqərəsinin qapalı, az yerdəyişən sınığı, sağ bud-çanaq oynağının və sağ diz oynağının çıxığı canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlər alınmasına və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X10 baş beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və qişalarına qansızma ilə əlaqədar baş beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X10 ölümünə bilavasitə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, A1, A, B1, B kateqoriyalı BA 007395 seriyalı sürücülük vəsiqəsi vardır, rəsmi nigahdadır, Tunar adında 15 mart 2024-cü il təvəllüdlü bir azyaşlı övladı var. **-KP-*** dövlət qeydiyyat nişanlı “Volkswagen İD 6” markalı avtomobil X3 adına olmaqla ona 19 avqust 2024-cü il tarixdə etibarnamə verilmişdir, faktiki olaraq özü idarə edir. 07 noyabr 2024-cü il tarixdə saat 09.45 radələrində işləri ilə əlaqədar Xətai rayonu, Babək prospektinə getmiş, oradan isə “Aerport” şossesi ilə Buzovna qəsəbəsinə gəlmişdir ki, şosse ilə hərəkət edib “Sea Breeze” yaşayış kompleksinə tərəf getsin. Saat 11 radələrində Xəzər rayonu, Zağulba qəsəbəsindən üzü Sabunçu rayonu, Bilgəh qəsəbəsinə doğru saatda 95-100 km sürətlə hərəkətdə olarkən təxmini 90-100 metr irəlidə avtomobillərin işıqforun qırmızı işığında dayanmasını görmüş, bu zaman ehtiyatsızlıqdan avtomobili dayandıra bilməmiş, bir anlıq özünü itirdiyinə görə əyləci basmamış, ehtiyatsızlıqdan dayanmış vəziyyətdə olan “Nissan Latio” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə idarə etdiyi avtomobilini çırpmış, nəticədə qəza baş vermişdir. Nəticədə “Nissan” markalı avtomobil digər dayanmış vəziyyətdə olan avtomobillərə çırpılmışdı. Nissan markalı avtomobildə olan sərnişinlərin biri hadisə yerində dünyasını dəyişmiş, digərləri isə xəsarət almış, dərhal təcili tibbi yardıma zəng edib məlumat vermiş, oraya polis əməkdaşları da gəlmişdi. Hadisə zamanı avtomobildə tək olmuş, sərxoş olmamış, xəsarət almışdır, sənədləri qaydasında olmuş, sürücülük vəsiqəsinə dövlət qurumları tərəfindən məhdudiyyət tətbiq edilməyib. Əməlindən peşmandır, səhvini etiraf edir, onun hadisənin qarşısını almağa imkanı olmuş, lakin ehtiyatsızlıqdan qəza törətmişdir. Hadisədən sonra yaxın qohumlarının köməyi ilə hər bir zərər çəkən şəxsə dəymiş ziyan ödənilmiş, zərər çəkmiş şəxsin hüquqi varisinə isə 30.000 manat məbləğində vəsait nağd verilmiş, həmçinin hadisə nəticəsində ölmüş X10 adına “Bank of Baku” kredit təşkilatında olan 10.000 manat məbləğində olan borcunu üzərinə götürüb öz adına rəsmiləşdirmişdir. Zərər çəkmiş şəxslərin, həmçinin zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbləri yoxdur, həmin şəxslərlə barışmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisinə ödədiyi vəsaiti nəzərə alıb mülki iddianın qismən təmin edilməsini, ona aşagı həddə cəza təyin olunmasını xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 göstərmişdir ki, X10 həyat yoldaşıdır, Samir “Socar” NQTT-də 12 ilə yaxın qaynaqçı işləmişdir, onunla 2010-cu ildən birgə nikahda olmuş, bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü Mədinə və xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı iki övladı var. 07 noyabr 2024-cü tarixdə saat 12 radələrində evdə olarkən polisdən və qohumlardan məlumat almışdır ki, Buzovna-Bilgəh yolunda saat 11 radələrində yol-nəqliyyat hadisəsi baş verib və nəticədə həyat yoldaşı sərnişin kimi olduğu “Nissan Latio” markalı avtomobildə, yol-nəqliyyat zamanı aldığı xəsarətlərdən hadisə zamanı dünyasını dəyişib. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən 30.000 manat məbləğində vəsait nağd verilmiş, həmçinin əri Samirin adına “Bank of Baku” kredit təşkilatında olan 10.000 manat məbləğində borcunu üzərinə götürüb öz adına rəsmiləşdirmişdir. Hazırda ondan şikayəti yoxdur, onunla barışmışdır, lakin ailə başçısının ölümü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair mülki iddiasının tam şəkildə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Samir Zərbəliyev, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iş yoldaşlarıdır. Son zamanlar işə Bayrama məxsus “Nissan Latio” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gedib-gəlir, onların hamısı evinə yaxın yaşayırlar. 07 noyabr 2024 tarixdə Bayramın idarə etdiyi avtomobillə işdən evə qayıdarkən qabaq oturacaqda Rasim, sürücünün arxasında özü, ortada Samir, onun sağında isə Xəyal əyləşmişdir. Saat 11 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsindən üzü Sabunçu rayonu, Bilgəh qəsəbəsinə doğru hərəkət edib, Zağulba şossesində işıqforun qırmızı işığında 4 zolaqlı yolun sağ tərəfdən 3-cü zolağında Bayram avtomobilin əyləcini basıb dayanmışdır. Həmin zaman sağ, sol və ön tərəfdə başqa avtomobillər dayanmışlar. Təxminən 45-50 saniyə sonra güclü səs eşitmişdir. Məlum olmuşdur ki, onların avtomobilinə arxa tərəfdən “Volksvagen” markalı avtomobil çırpılmışdır. Arxadan çırpılma nəticəsində onların avtomobilinin önü 1-2 metr irəlidə dayanan “Toyota” markalı avtomobilin arxa hissəsinə ön hissəsi ilə çırpılmışdır. Sonrakı hadisələri xatırlamır, hadisə zamanı onların avtomobildə olan bütün şəxslər, o cümlədən özü xəsarət almışdır. Samir Zərbəliyev isə hadisə yerində qəza nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Eyni zamanda Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 baş vermiş hadisəyə nisbətdə analoji, Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadələr verərək, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın tam şəkildə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını, onunla barışmalarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 07 noyabr 2024 tarixdə özünə məxsus **-VB-*** dövlət qeydiyat nişanlı “Nissan Maxima” markalı avtomobillə yanında sərnişin kimi əyləşmiş babası ilə Xəzər rayonu, Buzovna qəsəbəsindən üzü Bilgəh qəsəbəsinə doğru hərəkət etmiş, Zağulba şossesində işıqforun qırmızı işığında 4 zolaqlı yolun sağ tərəfdən 3-cü zolağında dayanmış, sağ, sol və ön tərəfdə başqa avtomobillər də dayanmışlar. Saat 11 radələrində güclü səs eşidib görmüşdür ki, arxa tərəfdə dayanan **-FJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Fortuner” markalı avtomobilin ön hissəsi ilə onun avtomobilinə, bunun nəticəsi olaraq isə özünün avtomobili önündə 1-2 metr irəlidə dayanan “BMW” markalı ağ rəngli avtomobilnə çırpılmışdır. Hadisə zamanı azca xəsarət almış və ekspertizadan keçmişlər. Dərhal avtomobildən düşüb görmüşdür ki, “Volsvagen İD 6” markalı avtomobil dayanmış vəziyyətdə olan “Nissan” markalı avtomobilə həmin avtomobilin ön hisəsi isə zəncirvari olaraq “Toyota” markalı avtomobilə çırpılıb. Həmçinin onun avtomobili BMW-ə, BMW isə “Hunday” markalı avtomobillə toqquşmuşdur. Sonrakı dəqiqədə ora polislər, FHN-nin əməkdaşları və həkim briqadası gəlmiş, bir nəfərin dünyasını dəyişməsini bilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 və Şahid4, eləcə də ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadələri tədqiq edilmiş şahidlər Şahid2 və X18, Şahid3 ifadəsinə uyğun, ümumilikdə analoji ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli “8/3619” nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Volksvagen İD 6” markalı 77KP112 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1386 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 baş-beyin silkələnməsi halında qapalı kəllə beyin travması, Vİ döş fəqərəsinin kompression, sol İİ, İİİ, İV və Xİ qabırğaların yerdəyişən sınıqları aşkar edilmiş, bu xəsarətlər az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1400 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 baş-beyin silkələnməsi halında qapalı kəllə beyin travması, sağ qabırğanın sınığı aşkar edilmiş, bu xəsarətlər az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1415 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 üzərində İİ,İİİ,V bel fəqərələrinin sınıqları aşkar edilmiş, bu xəsarətlər az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1388 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ sirkə kasasının sınıqları aşkar edilmiş, bu xəsarətlər az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 148 saylı rəyindən görünür ki, mərhum X10 meyitində aşkar edilmiş xəsarətlər - sol qaşın əzilmiş yarası; alın nahiyyəsinin, sol baldırın yuxarı üçdə birinin ön-iç səthinin qançırları; sağ gözün bayır bucağının, sağ və sol dizin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; alın sümüyünün xətti sınığı; V- Vİ boyun fəqərəsinin qapalı, az yerdəyişən sınığı; sağ bud-çanaq oynağının və sağ diz oynağının çıxığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AGİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum S.N.Zərbəliyevin ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum S.N.Zərbəliyevin meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum S.N.Zərbəliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 noyabr 2024-cü il tarixli, 7416 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs son dəfə hansı tarixdə narkotik vasitə istifadə etməsini təyin etmək mümkün deyildir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 3282 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 may 2025-ci il tarixli, 5035 saylı rəyi ilə müəyyən edilmişdir THC, beyindəki kannabinoid CB1 resepdorlarına bağlanır. Bu dofamin serotonin və digər neyrotransmitterlərin səviyyəsinə təsir edir. Nəticədə MOOD (əhval ruhiyyə) zaman və məkan hissi, qavrayış, yaddaş və hərəkət koordinasiyası dəyişir. Effektləri: Eyporiya, relaksasiya, vaxtın yavaş keçməsi hissi, bəzən panika, paranoya, hallüsinasiyalar. Yaddaş pozuntusu, motor bacarıqlarının zəifləməsi olur. Təsirin müddəti: Tüstü ilə qəbulda təsir 5-10 dəqiqəyə başlayır, təxminən 2-4 saata davam edir. Qida ilə qəbulda təsir 30-90 dəqiqəyə başlayır, təxminən 6-12 saat davam edə bilər. Beyinə və bədənə təsiri: Qısa müddətdə istifadədə koordinasiya, qavrayış və diqqət azalır. Uzun müddətli istifadədə yaddaş zəifləməsi, motivasiya azlığı, bəzi hallarda psixoz riskləri (xüsusilə genetik meyilli şəxslərdə). Həşiş sərxoşluğu (məs: marixuana, həşiş və ya THK məhsulları) sidikdə qalma müddəti-qəbul olunan narkotik vasitənin dozasından, istifadə qaydasından, fərdin individual xüsusiyyətlərindən aşlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X33 Şəxsi Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan 07.11,2024-cü il tarixli 1/10226 nömrəli tərtib edilmiş tibbi müayinə protokolunun təsvir hissəsində Həşiş sərxoşluğuna dəlalət edən əsas kriteriyalar, meyarlar tam ifadə olunmamışdır. Protokolun təsviri hissəsilə nəticə həşiş sərxoşluğu vəziyyəti arasında müəyyən uyğunsuzluq vardır. Bu da X21 hadisə anında narkotik vasitə həşiş sərxoşluğu vəziyyətində olmasını şübhə altına alır. 07.11,2024-cü il tarixli müayinə protokolunda görünür ki, X7 analizində THC (+) marixuana aşkar olunmuşdur. THC (+) marixuana aşkar olunması heçdə X21 həşiş sərxoşluğu vəziyyətində olması demək deyildir. “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, təqsirləndirilən şəxsin uşağı X30 15 mart 2024-cü il tarixdə doğulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 09 noyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. 07 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbirinin uzadılmasına dair vəsatət Bakı şəhər Xəzər rayon prokuroru tərəfindən təmin edilmədiyindən onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarının pozub ehtiyatsızlıqdan bir neçə zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və bir zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinin törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın tam şəkildə hər bir zərər çəkmiş şəxsə, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisinə ödəməsini, zərər çəkmiş şəxslərin və zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmadığını, həmin şəxslərlə barışmasını (CM-nin 59.1.12-ci maddəsi), törətdiyi cinayəti əməlini səmimi etiraf edib peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət qanunvericiliyin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır (CM-nin 45-ci maddəsi). CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəssinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin ¾ artıq ola bilməz (CM-nin 60-cı maddəsi). Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzaının yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edib CM-nin 60-cı maddəsinin müddəalarını nəzərə alaraq azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunaraq CM-nin 60-cı maddəsinin müddəaları nəzərə alınıb azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin təyin olunmuş cəzadan çıxılıb qəti cəzanın təyin olunmasını, CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini, cəzaçəkməsinin başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi, nümayəndəsinin vasitəsi ilə təqsirləndirilən şəxsə qarşı mülki iddia verərək törədilmiş cinayət nəticəsində ailə başçısını itirdiyinə görə saxlanılmasından ötrü hər ay hər il üçün Respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqı miqdarında ömürlük alimentin, habelə himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqının sonrakı mərhələsində zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi cinayət hadisəsi nəticəsində ölmüş X2 iş yerindən 2024-cü ilə dair hesablanmış əmək haqqısı barədə arayışı təqdim edib iddia tələbinin həcmini artıraraq təmsil etdiyi şəxsin törədilmiş cinayət nəticəsində ailə başçısını itirdiyinə görə saxlanılması üçün hər ay X2 dəfə almış olduğu 2829.77 manat məbləğində əmək haqqının 1/3 hissəsi, eləcə də xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2011-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay X2 dəfə almış olduğu 2829.77 manat məbləğində əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Mülki iddiaçının verdiyi iddia üzrə dövlət rüsumunun ödənilməməsini “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) məhkəmə məqbul sayıb mülki iddianı icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Verilmiş mülki iddia ilə bağlı məhkəmə aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər (CPM-nin 183.1-ci maddəsi). Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır (CPM-nin 183.3-cü maddəsi). Cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir (CPM-nin 181.5ci maddəsi). Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər (CPM-nin 181.4-cü maddəsi). Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir (CPM-nin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPM-nin 187-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər (maddə 1121.1.1), eləcə də ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən birinin əmək qabiliyyətindən asılı olmayaraq (maddə 1121.1.3) zərərin əvəzinin ödənilməsi hüququ vardır. Zərərin əvəzi yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək (maddə 1121.3.1), ölənin himayəsində olmuş uşaqlarına qulluq etməklə məşğul olan valideynlərdən birinə - qulluq etdikləri on dörd yaşına çatanadək ödənilir. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir (maddə 1119.1). Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır (maddə 1119.2). Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır (maddə 1119.3). Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər (maddə 1122.1). Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir (maddə 1122.2). Qanunvericiliyin qeyd edilən tələblərindən görünür ki, yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün onlar 18 yaşına çatanadək, eləcə də 14 yaşına çatmayan uşağı - xx.xx.2012-ci il təvəllüdlü X15 qulluq etməklə məşğul olduğuna görə Mədinə Zərbəlizadənin 14 yaşına çatanadək zərər çəkmiş şəxsin hüquqi varisi X5 zərərin əvəzinin ödənilməsi hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən vurduğu zərərin əvəzi olaraq nağd şəklində 30.000 manat məbləğində zərər çəkmiş şəxsin hüquqi varisinə vəsait ödənilmiş, həmçinin hadisə nəticəsində ölmüş X10 adına “Bank of Baku” kredit təşkilatında olan 10.000 manat məbləğində borcunu üzərinə götürüb öz adına rəsmiləşdirmişdir. Qeyd edilən hal zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən etiraf edilərək mübahisələndirilməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X16 2024-cü ilin yanvar ayından həmin ilin noyabr ayı da daxil edilməklə, son 11 aya 30.864.91 (otuz min səkkiz yüz altmış dörd manat doxsan bir qəpik) əmək haqqı hesablanmışdır. Bu məbləğdən 6.144.21 manat vəfat edən işçinin vərəsələrinə verilən birdəfəlik xarakterli ödənc, 283.81 manat isə istifadə olunmamış məzuniyyətə görə kompensasiya təşkil edir. Ailə başçısının ölümü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair qanunvericiliyin müddəaları ilə müəyyən edilir ki, bu miqdar ölən şəxsin orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir, qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər, birədəfəlik ödənc və istifadə olunmamış məzuniyyətə görə kompensasiya zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Qanunvericiliyin tələbi nəzərə alınıb riyazi hesablama aparılmaqla X10 aylıq qazancının 2.221,53 manat (iki min iki yüz iyirmi bir manat əlli üç qəpik) təşkil etməsi müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2025-ci il iyulun 1dən ailə başçısını itirdiyinə görə müavinət 140 manat məbləğində müəyyənləşdirillmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış minimumunun məbləği 2025-ci il üçün uşaqlara 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, zərər çəkmiş şəxsin hüquqi varisinə vurduğu zərərin əvəzi olaraq təqsirləndirilən şəxs tərəfindən nağd şəklində 30.000 (otuz min) manat məbləğində vəsaitin ödənilməsini, X10 adına “Bank of Baku” kredit təşkilatında olan 10.000 (on min) manat məbləğində olan borcunu üzərinə götürüb öz adına rəsmiləşdirməsini nəzərə alaraq hesab edir ki, zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddia qismən təmin edilməli, ölən şəxs X10 yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün onlar 18 yaşına çatanadək hər ay hər bir uşağa nisbətdə ölən şəxsin əvvəlki orta aylıq qazancının (gəlirinin) 11,2 % (faizi), yəni 248,80 (iki yüz qırx səkkiz manat səksən qəpik) manat məbləğində pul vəsaiti, eləcə də X14 ölən şəxs X10 himayəsində olmuş 14 yaşına çatmayan uşağı - xx.xx.2012-ci il təvəllüdlü X15 qulluq etməklə məşğul olduğuna görə Mədinə Zərbəlizadənin 14 yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək hər ay ölən şəxsin əvvəlki orta aylıq qazancının (gəlirinin) 6,4 % (faizi), yəni 142,17 (bir yüz qırx iki manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub X9 ödənilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı, cəmi 4 (dörd) ay müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxsin hüquqi varisinin mülki iddiası qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün, onlar 18 yaşına çatanadək hər ay hər bir uşağa nisbətdə ölən şəxsin əvvəlki orta aylıq qazancının (gəlirinin) 11,2 % (faizi), yəni 248,80 manat (iki yüz qırx səkkiz manat səksən qəpik) məbləğində pul vəsaiti, eləcə də xx.xx.2012-ci il təvəllüdlü X15 qulluq etməklə məşğul olduğuna görə Mədinə Zərbəlizadənin 14 yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək hər ay ölən şəxsin əvvəlki orta aylıq qazancının (gəlirinin) 6,4 % (faizi), yəni 142,17 manat (bir yüz qırx iki manat on yeddi qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və X9 ödənilsin. Maddi sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X25

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar